Məhkəmə qərarları › İş №1(016)-25/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-25/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-25/2024 08.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 17,51 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb, yaşadığı Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 27 noyabr 2023-cü il tarixdə saat 22:30-da Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri, Vidadi küçəsində saxlanılıb rayon X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 23:00-da üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi qara rəngli gödəkcəsinin sağ iç cibindən sellofana bükülmüş bir ədəd bükümdə 17,51 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Bədənində olan ağrıları sakitləşdirmək üçün narkotik vasitələrin marixuana (nəşə) növündən istifadə edir. Tutulmazdan təxminən 10-15 gün əvvəl şəxsi işi ilə bağlı Bakı şəhərinə getmişdir. İşlərini bitirib, Ağsu şəhərinə geri qayıtmaq üçün Şamaxinka ərazisinə gəlib, taksi gözləyərkən, həmin ərazidə yerdə, içərisində yaşıl kütlə olan sellofan torba görmüşdür. Həmin torbanı götürüb içərisinə baxarkən, torbanın içərisində olan kütlənin əvvəllərdə istifadə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana olmasını aşkar etmişdir. Bundan sonra həmin sellofan torbanı cibinə qoyub, Ağsu şəhərinə gətirmişdir. Həmin narkotik vasitənin bir miqdarını istifadə etsə də, geri qalanı üzərində qalmışdır. 27 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Ağsu şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdıraraq birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən bir ədəd sellofan torbada olan narkotik vasitə olan marixuananı çıxararaq təhvil vermişdir. O, həmin narkotik vasitəni heç kəsdən almamışdır, özü narkotik vasitədən istifadə etdiyindən tapdığı narkotik vasitəni üzərində gəzdirmişdir, o, narkotik vasitədən sadəcə olaraq istifadə etmiş, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, tapdığı həmin narkotik vasitəni siqaret əvəzinə istifadə etmişdir. O, narkotik vasitələrin istifadəçisidir, lakin satışı ilə məşğul olmur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin aprel ayından Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın rəisi, polis polkovnik-leytenantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olarkən, saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra, rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofanın içərisində olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək həmin kütləni 10-15 gün əvvəl Bakı şəhərindən, Şamaxinka adlanan ərazidən yerdən tapdığını, tapdığı kütlənin bir miqdarını istifadə etdiyini, bir qədərini isə üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, sonra isə tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. İş üzrə digər Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdən etibarən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi vəzifəsində işləyir. 27 noyabr 2023-cü il tarixdə saat 22:30 radələrində Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri, Vidadi küçəsində piyada hərəkətdə olarkən, saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibindən bir ədəd sellofanın içərisində olan, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş və həmin kütləni 10-15 gün əvvəl Bakı şəhərindən, Şamaxinka adlanan ərazidən yerdən tapdığını, tapdığı kütlənin bir miqdarını istifadə etdiyini, bir qədərini isə üzərində saxladığını bildirmişdir. Daha sonra narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmiş, sonra isə tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Cinayət törətməkdə şübhəli şəxsi tututma haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 noyabr 2023-cü il tarixli, 17/820 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 17,51 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00-da saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 18 dekabr 2023-cü il tarixli, 2055 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailəli olub, bir övladı var. Hal-hazırda Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23/4 saylı evdə yaşayır. Yaşadığı küçənin sakinləri arasında özünü nizam-intizamlı aparmışdır. Onun haqqında yaşadığı müddət ərzində Ağsu Rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi, üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin 04 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı qalığının saxlanması üçün Ağsu RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X4 28 noyabr 2023-cü il tarixli, 17/820 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 2055 nömrəli ekspert rəyləri, habelə təqsirləndirilən şəxsin etriafedici ifadəsi və şahid ifadələrinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadələri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə, tədqiqatdan sonrakı təmiz çəkisi 17,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə, tədqiqatdan sonrakı təmiz çəkisi 17,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar