Məhkəmə qərarları › İş №1(016)-26/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-26/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-26/2024 29.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağsu rayonu, Xəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sahibkar, subay, məhkumluğu olmayan, Ağsu rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə – CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 yanvar 2024-cü il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs həmkəndliləri Şahid3 və Şahid2 ilə birlikdə Ağsu rayonu, İlxıçı kənd ərazisində, Ağsu-Kürdəmir yolunun 14-cü km-də, yolun sol kənarında yerləşən, Təqsirləndirilən şəxs məxsus kafesinə getmişlər, kafedə əyləşib yemək yeyərək, spirtli içki qəbul etmişlər. Saat təxminən 23:30 radələrində Zərərçəkmiş şəxs onları öz avtomobili ilə kəndə aparmadığı səbəbindən, Təqsirləndirilən şəxs oğlu Şahid1 nalayiq ifadə ilə söyərək təhqir etdiyindən onlar arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir. Mübahisə zamanı Şahid1 ilə Zərərçəkmiş şəxs əvvəlcə əlbəyaxa olsalar da, sonradan Şahid1 Zərərçəkmiş şəxs kafenin çölünə çıxartmışdır. Kafenin giriş hissəsində olarkən Zərərçəkmiş şəxs Şahid1 ilə mübahisəsini davam etdirmiş, daha sonra başı ilə Şahid1 sifət nahiyəsinə vurmaqla, sonuncuya burun belinin sıyrığı, sol göz yuvasıaltı nahiyədə qançırı, alt dodaq haşiyəsində əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığına zərər vurmayan xəsarətlər yetirmişdir. Həmin vaxt mübahisə yerinə yaxınlaşmaqda olan Təqsirləndirilən şəxs oğlunun Zərərçəkmiş şəxs tərəfindən döyülməsini görüb, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmuş, daha sonra sonuncu yerə yıxıldıqdan sonra onu nalayiq ifadələrlə söyərək təhqir etdiyindən, təpiklə sifət nahiyəsinə vurmaqla, sonuncunun hər iki göz yuvasıaltı nahiyədə qançırı, sol burun dəliyində tənəffüs aktının bir qədər pozulması və yumuşaq toxumaların bir qədər şişkinliyi fonunda burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, ona məxsus Ağsu rayonu, İlxıçı kənd ərazisində, Ağsu-Kürdəmir yolunun 14-cü km-də, yolun kənarında “Elşad” adlı kafe kimi istifadə etdiyi obyekti var. Bundan başqa kafenin yaxınlığında, yanacaq doldurma məntəqəsi kimi istifadə etdiyi, əlavə obyekti var. O, yanacaq doldurma məntəqəsində olarkən, kafeni oğlu Şahid1 işlədir. 13 yanvar 2024-cü il tarixdə saat 23:30 radələrində yanacaq doldurma məntəqəsində olarkən, kafedə səs küy eşidib, kafeyə getmişdir. Kafenin giriş hissəsində olarkən, sonradan tanıdığı Zərərçəkmiş şəxs sərxoş halda oğlu Elşadla mübahisə etdiyini görmüşdür. O, oğlunun və Nicatın yanına yaxınlaşıb, onları sakitləşdirmək istəyərkən, Nicat kəlləsi ilə oğlu Elşadın sifət nahiyəsindən vurmuşdur. Bundan sonra o əsəbləşmiş, oğlu Elşadı vurduğu üçün yumruqla bir dəfə Nicatın sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Nicat zərbənin təsirindən yerə yıxılmışdır. Nicat yerə yıxıldıqdan sonra onu nalayiq söyüşlər söyərək təhqir etməyə başlamış, o da təpiklə sifət nahiyəsinə vuraraq, Nicatı döymüşdür. Bundan sonra oğlu Elşad və həmin vaxt orada olan iki nəfər şəxs onları aralamış, aralandıqdan sonra o, hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Polisə məlumat verdikdən sonra Nicat və yanında gələn Hacıqədirli kənd sakinləri kafeni tərk edərək, çıxıb getmişlər. Həmin vaxt onların arasında mübahisə 10 dəqiqə davam etmiş, mübahisə zamanı həmin yerdə onlardan başqa heç kəs olmamış, səs-küyə kənar şəxslər gəlməmişdir. Mübahisə vaxtı o, oğlu Elşadın Nicatı döyməsini görməmiş, oğlu mətbəxdən bıçaq gətirməmiş, oğlunun əlində bıçaq görməmişdir. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, barəsində şikayət edən Təqsirləndirilən şəxs tanıyır. X3-Kürdəmir yolunun 14-cü km-də kafesi var. Bəzən tanışları ilə birgə həmin kafeyə gedərək, yemək yeyirlər. 13 yanvar 2024-cü il tarixdə saat 20 radələrində həmkəndliləri Şahid2 və Şahid3 ilə birlikdə Fəhrada məxsus kafeyə getmişlər. Kafeyə daxil olduqdan sonra Fəhradın oğlu Elşad onları qarşılamışdır. Sonra onlar kafenin içərisində olan masaların birində əyləşib, sifarişlərini etmişlər. Sifarişləri gəldikdən sonra spirtli içki qəbul edərək, yeməklərini yemiş, yeməklərini yeyən zaman Elşaddan kəndə getmələri üçün taksi çağıra bilib-bilməməsini soruşmuşlar. Elşad onlara narahat olmamalarını, yeməklərini bitirdikdən sonra öz avtomobili ilə onları kəndə aparacağını bildirmişdir. Yemək yedikləri ərəfədə, Elşaddan hesablarını soruşmuş, Eşad hesablarını dedikdən sonra nağd şəkildə 30 manat, qalanını isə o mobil tətbiq vasitəsilə öz kart hesabından ödəmişdir. Saat təxminən 23:30 radələrində yemək yeyərkən Elşaddan təkrar onları aparıb-aparmayacağını soruşduqda, Elşad aparmayacağını bildirmişdir. O, Elşada bir neçə dəfə, onları arxayın etdiyini niyə aparmayacağını desə də, Elşad təkrar-təkrar yaxşı etdiyini, kəndə onları aparmayacağını demişdir. Bundan sonra o Elşada, kəndə onları aparmadığına görə nalayiq ifadə ilə söyüş söymüşdür. Sonra Elşad da onu nalayiq söyüş söyərək təhqir etmiş, əynində olan gödəkcəsindən yapışıb, ayağa qaldırmışdır. Həmin vaxt Elşadla əlbəyaxa olmuş, sonra Elşad onu yerə yıxmışdır. Sonra Elşad təkrar onu nalayiq söyüş söyərək təhqir edib, ondan kafeni tərk etməsini tələb etmişdir. Bundan sonra o ayağa qalxıb, kafeni tərk etmək istəyərkən, kafeyə Elşadın atası Fəhrad gəlmiş, Fəhradla qarşılaşan zaman Fəhrad sifət nahiyəsinə yumruq ilə vurmuşdur. O, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Fəhrad təpiklə sifət nahiyəsinə, yəni burun nahiyəsindən vuraraq, onu döymüşdür. Yerdə yıxılmış vəziyyətdə olarkən, Elşad da təpiklə bədən nahiyəsinə vurmuş, sonra mətbəxə gedərək, əlində bıçaqla geri qayıtmışdır. Elşad əlində bıçaqla üzərinə gələrkən, dostu Samir qarşısına keçib, Elşadı geri qaytarmışdır. Daha sonra həmkəndliləri Mənsur və Samir onu yerdən qaldırmış, sonra dayanacağa gedib, həmin yerdə tanımadıqları avtomobillə yaşadıqları kəndə getmişlər. Həmin vaxt onların arasında mübahisə 20 dəqiqə davam etmiş, mübahisə zamanı həmin yerdə onlardan başqa heç kəs olmamış, səs-küyə kənar şəxslər gəlməmişdir. Şahid1 əynində olan gödəkcəsindən yapışıb onu yerə yıxarkən, gödəkcəsi cırılmış, eyni zamanda həmin vaxt üzərində olan Samsung A12 markalı mobil telefonu yararsız hala düşmüşdür. Elşad qəsdən telefonuna və ya paltarına ziyan yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, atasına məxsus Ağsu-Kürdəmir yolunun 14-cü km-də kafesi var. Həmin kafeni o və atası işlədərək dolanışıqlarını təmin edirlər. 13 yanvar 2024-cü il tarixdə saat 20 radələrində kafedə olarkən, kafeyə əvvəldən tanıdığı Zərərçəkmiş şəxs və iki nəfər başqa şəxslər gəlmişdir. Nicat və yanında olan şəxslər kafenin arxa hissəsində olan, otaqlardan birində əyləşib, yemək sifariş etmişlər. O, həmin şəxslərin sifarişlərini gətirdikdən sonra onlar özləri ilə gətirdikləri spirtli içkidən qəbul edib, yeməklərini yemişlər. Saat 23:00 radələrində Nicat və yanında gələn şəxslər ayağa qalxıb, hesablarını verib, getmək istədiklərini bildirmişlər. Lakin, həmin vaxt Nicat yemək yemək istədiyini, getmək istəmədiyini bildirmişdir. O, Nicata kafeni bağlayıb, getmək istədiyini desə də, Nicat getməyəcəyini deyərək, kafenin zalında əyləşmişdir. O, Nicatın sərxoş olmasını anlayışla qəbul edib, yenidən zalda masa hazırlamışdır. Həmin yerdə Nicat və digər şəxslər təxminən 30 dəqiqə əyləşmişlər. O, Nicatın boş-boşuna əyləşdiyini görüb, yenidən yaxınlaşaraq, kafeni bağlayacağını, çıxıb getmələrini xahiş etmişdir. Lakin, Nicat onun sözlərinə fikir verməyərək, yanında gələn şəxslərlə söyüşlə zarafat etməyə başlamışdır. Həmin vaxt Nicatın söyüşü ona deməsini zənn etdiyindən, o Nicata onu söyəni deyərək, nalayiq ifadə ilə söyüş söymüşdür. Onun söyüşündən sonra Nicat səs küy salmağa başlamış, sonra Nicat ayağa qalxıb, üzərinə gəlmişdir. Həmin vaxt Nicatla əlbəyaxa olmuş, bir-birlərinin əynində olan gödəkcələrindən yapışıb, dartışmışlar. Sonra o, Nicatı kafedən çölə çıxartmışdır. Kafenin giriş hissəsində olarkən atası Fərhad onların yanına gəlmişdir. Atası gələrkən Nicat atasının arxasından keçərək, üzərinə gəlib, kəlləsi ilə onun sifət nahiyəsindən vurmuşdur. Nicatın onu vurduğunu gördükdən sonra atası yaxınlaşaraq, yumruqla Nicatın sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Nicat yerə yıxılmışdır. Yerdə olarkən, Nicat atasını nalayiq söyüşlər söyərək təhqir etməyə başlamışdır. Atası da söyüş söydüyü üçün təpiklə Nicatın burun nahiyəsinə vuraraq, xəsarət yetirmişdir. Hadisədən sonra atası zəng edərək, “102” Xidmətinə məlumat vermişdir. Bundan sonra Nicat özü ayağa qalxaraq, digər şəxslərlə birgə qaçaraq həmin yeri tərk etmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, 13 yanvar 2024-cü il tarixdə saat 20 radələrində yemək yemək üçün həmkəndliləri Şahid3 və Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs məxsus Ağsu-Kürdəmir yolunun 14-cü km-də yerləşən kafesinə getmişdir. Kafeyə daxil olduqdan sonra Fəhradın oğlu Elşad onları qarşılamışdır. Sonra kafenin arxa hissəsində olan otaqların birində əyləşib, sifarişlərini vermişlər. Sifarişləri gəldikdən sonra spirtli içki qəbul edərək, yeməklərini yemişlər. Yeməklərini yeyən zaman Elşaddan kəndə getmələri üçün taksi çağıra bilibbilməməsini soruşmuşlar. Elşad onlara narahat olmamalarını, yeməklərini bitirdikdən sonra öz avtomobili ilə onları kəndə aparacağını bildirmişdir. Yemək yedikləri ərəfədə, Elşaddan hesablarını soruşmuşlar, Eşad hesablarını dedikdən sonra Nicat nağd şəkildə 30 manat, qalanını isə mobil tətbiqi vasitəsilə öz kart hesabından ödəmişdir. Oturduqları otaq soyuq olduğundan, məclislərini davam etdirmək məqsədilə kafenin zalında, sobanın kənarında olan masada əyləşmişlər. Saat təxminən 23:30 radələrində yemək yeyərkən, Elşaddan təkrar onları aparıb-aparmayacağını soruşduqda, Elşad aparmayacağını bildirmişdir. Həmin vaxt Nicat Elşadı kəndə onları aparmayacağına görə nalayiq ifadə ilə (anası söyüşü) söyərək təhqir etmişdir. Sonra Elşad da Nicatı nalayiq söyüş söyərək təhqir etdikdən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elşad Nicatı kafedən çölə çıxartmış, çölə çıxdıqdan sonra Nicat Elşadın sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs kafenin giriş hissəsinə gələrək, Nicatın sifətinə yumruqla vuraraq, xəsarət yetirmişdir. Bundan sonra Nicat yerə yıxılmış, Nicat yerdə olarkən, Fəhrad təpiklə Nicatın sifət nahiyəsinə, daha dəqiq olaraq burun nahiyəsinə vuraraq, xəsarət yetirmişdir. Bundan sonra Elşad kafenin mətbəxinə gedərək, əlində bıçaqla geri qayıtmışdır. Elşad əlində bıçaqla gələrkən, həmkəndlisi Şahid3 qarşısına keçib, Elşadı geri qaytarmışdır. Daha sonra o və Şahid3 Nicatı həmin yerdən qaldıraraq, əvvəlcə dayanacağa, sonra tanımadıqları avtomobillə yaşadıqları kəndə aparmışlar. İş üzrə digər Şahid3 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında Şahid3nın ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 13 yanvar 2024-cü il tarixdə saat 20 radələrində yemək yemək üçün həmkəndliləri Şahid3 və Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs məxsus Ağsu-Kürdəmir yolunun 14-cü km-də yerləşən kafesinə getmişdir. Kafedə onları Fəhradın oğlu Elşad qarşılamışdır. Sonra kafenin arxa hissəsində olan otaqların birində əyləşib, sifarişlərini vermişlər. Sifarişləri gəldikdən sonra spirtli içki qəbul edərək, yeməklərini yemişlər. Yeməklərini yeyən zaman Elşaddan kəndə getmələri üçün taksi çağıra bilib-bilməməsini soruşmuşlar. Elşad onlara narahat olmamalarını, yeməklərini bitirdikdən sonra öz avtomobili ilə onları kəndə aparacağını bildirmişdir. Yemək yedikləri ərəfədə, Elşaddan hesablarını soruşmuşlar. Elşad hesablarını dedikdən sonra o, nağd şəkildə 30 manat, qalanını isə Nicat mobil tətbiqi vasitəsilə öz kart hesabından ödəmişdir. Oturduqları otaq soyuq olduğundan, məclislərini davam etdirmək məqsədilə kafenin zalında, sobanın kənarında olan masada əyləşmişlər. Saat təxminən 23:30 radələrində yemək yeyərkən Elşaddan təkrar onları aparıb-aparmayacağını soruşduqda, Elşad aparmıyacağını bildirmişdir. Həmin vaxt Nicat Elşadı kəndə onları aparmayacağına görə nalayiq ifadə ilə (anası söyüşü) söyərək təhqir etmişdir. Sonra Elşad da Nicatı nalayiq söyüş söyərək təhqir etdikdən sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elşad Nicatı kafedən çölə çıxartmışdır. Çölə çıxdıqdan sonra kafenin giriş hissəsində Nicatla Elşad əlbəyaxa olan zaman Təqsirləndirilən şəxs həmin yerə gələrək, Nicatın sifətinə yumruqla vuraraq, xəsarət yetirmişdir. Bundan sonra Nicat yerə yıxılmış, Nicat yerdə olarkən, Fəhrad təpiklə Nicatın sifət nahiyəsinə, yəni burun nahiyəsinə vuraraq, xəsarət yetirmişdir. Bundan sonra Elşad kafenin mətbəxinə gedərək, əlində bıçaqla geri qayıtmışdır. Elşad əlində bıçaqla gələrkən, o qarşısına keçib, Elşadı geri qaytarmışdır. Daha sonra o və Şahid2 Nicatı yerdə qaldıraraq, əvvəlcə dayanacağa, sonra tanımadıqları avtomobillə yaşadıqları kəndə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 14 yanvar 2024-cü il tarixli, 11 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilən xəsarətləri: hər iki göz yuvasıaltı nahiyədə qanşırla müşahidə edilən sol burun dəliyində tənəffüs aktının bir qədər pozulması və yumşaq toxumaların bir qədər şişkinliyi fonunda burun sümüyünün yerinidəyişməyən sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə əmələ gəlmələri inkar edilmir və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. Başın sağ təpə nahiyəsində sıyrıq küt – bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixə uyğundur və ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, əməliyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşə xitam verilməsini xahiş etdi. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxsin səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 43.1.2, 321.2.1 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar