Məhkəmə qərarları › İş №1(016)-28/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-28/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-28/2023 04.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Gəncə təndiri” adlanan iaşə obyektində çörək bişirən, subay, məhkumluğu olmayan, Ağsu şəhəri, 5-ci məhəllədə qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəzəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan, 08 aprel 2013-cü il tarixdən hesablanmaqla 27 may 2007-ci il təvəllüdlü X1 və 12 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(005)-1759/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağsu Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli, 3(016)-106/2016 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə, 09 iyul 2020-ci il tarixli, 3(016)-270/2020 saylı qərarı ilə 15 gün müddətinə, sonuncu dəfə 01 mart 2022-ci il tarixli, 3(016)-106/2022 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 22 iyul 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 30 avqust 2022-ci il tarixinə kimi 15150,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs bacısı Tünzalənin qonşusu kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2006-cı il tarixdə el adəti ilə ailə qurmuşlar. Evliliklərindən 27 may 2007-ci il təvəllüdlü X3 və 12 dekabr 2008-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Abşeron rayonu, Masazır qəsəbəsində yaşamışlar. Yeganə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Yeganə himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Nərimanov Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(005)-1759/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən ondan 08 aprel 2013-cü il tarixdən hesablanmaqla 27 may 2007-ci il təvəllüdlü X1 və 12 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödənişlər etsə də, madd imkanı kifayət qədər olmadığından və səhlənkarlıq etdiyindən alimenti tam ödəməmişdir. Borcunu uzun müddət keçməsinə baxmayaraq, tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağsu Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli qərarına əsasən 25 gün müddətinə, 09 iyul 2020-ci il tarixli qərarına əsasən 15 gün müddətinə, 01 mart 2022-ci il tarixli qərarına əsasən 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda “Gəncə Təndiri” adlanan iaşə obyektində çörək bişirən kimi fəaliyyət göstərir. Qəbələ şəhərində “Gəncə Təndiri”-nin yeni filialı açılmış və orada müvəqqəti olaraq işləyir. Aylıq 450 manat qazanc əldə edir. Daim işlədiyindən Məşğulluq mərkəzinə müraciət etməmişdir. Zərərçəkmiş şəxs təqdimat verilən günə, yəni 30 avqust 2022-ci il tarixə ödənməmiş aliment borcu 15150,00 manat təşkil etmişdir. Hazırda həmin borcdan 1.000 manat ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərində tanımış və münasibətləri yaranmışdır. Təxminən 2006-cı il tarixdə el adəti ilə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 27 may 2007-ci il təvəllüdlü X3 və 12 dekabr 2008-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Pərvizin valideynləri ilə birlikdə Bakı şəhərində yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Bakı şəhərində ustalıq fəaliyyəti ilə məşğul olmuş və yetərli qazanc əldə etmişdir. Əvvələr Pərviz ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, tez-tez əsassız söz-söhbətlər yaratdığından, tüfeyli həyat tərzi keçirdiyindən, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Nərimanov Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(005)-1759/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2013-cü il tarixdən hesablanmaqla 27 may 2007-ci il təvəllüdlü X1 və 12 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağsu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Nərimanov Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağsu Rayon Məhkəmənin 18 mart 2016-cı il tarixli inzibati qərarına əsasən 25 gün müddətinə, 09 iyul 2020-ci il tarixli qərarına əsasən 15 gün müddətinə, 01 mart 2022-ci il tarixli qərarına əsasən 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 30 avqust 2022-ci il tarixə ödənməmiş aliment borcu 15150,00 manat təşkil etmişdir. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs hazırda Bakı şəhərində müxtəlif işləridə çalışır. Bildiyinə görə Bakı şəhərində icarə əsasında avtoyuma mərkəzi işlədir və yetərli qazanc əldə edir. Təqsirləndirilən şəxs istəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur, budan əlavə öz övladları ilə maraqlanmır, mənəvi dəstək durmur. Təqsirləndirilən şəxs hazırda aliment borcunda ona 1.000 manat ödəniş etmişdir. Ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(016)-1759/2013 saylı, 27 sentyabr 2015-ci il tarixli icra sənədinə əsasən 27 may 2007-ci il təvəllüdlü X1 və 12 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 08 aprel 2013-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 200 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Göstərilən icra sənədi 14 iyul 2015-ci ildə Ağsu rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq olaraq icraata başlamaq haqqında qərar və bildiriş tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Tələbin məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin icrası ilə bağlı Ağsu rayon icra və probasiya şöbəsinə rəsmi qaydada çağırılsa da o, üzrlü səbəb təqdim etmədən çağırışa gəlməmişdir. Borclu Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Ağsu rayon icra və probasiya şöbəsinə gətirilmişdir. Şöbədə tələbin icrası ilə bağlı onunla söhbətlər aparılmış və izahatı alınmışdır. İcra sənədi üzrə yaranmış borcu icra etmədiyi və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi üçün borclu Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 3(016)-106/2022 saylı, 01 mart 2022-ci il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir, lakin borclu öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs bu günədək 7.050 manat ödəmiş, 30 avqust 2022-ci il tarixə 15150,00 manat borcu vardır. Tələbkar Zərərçəkmiş şəxs Ağsu rayon icra və probasiya şöbəsinə 14 iyul 2022-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. 22 iyul 2022-ci il tarixdə sonuncu dəfə məsuliyyət elan olunmaqla borclu Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edilmiş və yeni müddət təyin edilmişdir. Ancaq tələb yenə icra olunmamışdır. Ağsu Rayon Məhkəməsinin 8(016)-216/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə qərarını icrası üzrə tələbin yerinə yetirilməsi və icrasını məcburiliyi dəfələrlə borclu Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o öz hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çəxarmamış və tələbkar Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 Şahid ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1759/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə Zərərçəkmiş şəxs 27 may 2007-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində doğulmuş Nihad və 12 dekabr 2008-ci il tarixdə Abşeron rayonunun Masazır qəsəbəsində doğulmuş Nicat adlı uşaqların atasının xx.xx.1987-ci il tarixdə Ağsu rayonunun Cəlayır kəndində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, 27 may 2007-ci il tarixdə doğulmuş Nihad və 12 dekabr 2008-ci il tarixdə doğulmuş Nicatın yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin hər ay cavabdeh Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 14 iyul 2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs həmin qərarın surəti göndərilmiş və o, Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli, 2(005)-1759/2013 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Ağsu Rayon Məhkəməsinin 18 mart 2016-ci il tarixli, 3(016)-62/2016 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 25 gün müddətində inzibati qaydada həbs edilmişdir. Ağsu Rayon Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 3(016)-270/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Ağsu Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 3(016)-106/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Ağsu Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 8(016)-216/2022 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 03 may 2011-ci il tarixli hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 noyabr 2011-ci il tarixli qərarı ilə CM-in 76.3.1-ci maddəsinə əsasən 05 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barəsində” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü il tarixdə, saat 20:45-də Qəbələ şəhərində tutularaq Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin X7 təqdim edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. “Müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. İş materiallarında olan 04 may 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aliment borcundan 1.000 manat məbləğində pulu zərərçəkmiş şəxsə ödəmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə aktları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1759/2013 saylı, 27 sentyabr 2013-cü il tarixli qətnaməsi əsasında 14 iyul 2015-ci il tarixdə icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, lakin o, uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməməsinin təqsirləndirilən şəxsin maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində onun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmə bu qənaətini onunla da əsaslandırılır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqınadək heç bir ödəniş etməmişdir. Bu, onun məhkəmə qətnaməsinin icrasına biganə yanaşdığını və qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. CM-in 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin aliment borcundan 1.000 manat məbləğində pulu zərərçəkmiş şəxsə ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 04 may 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 fevral 2023-cü il tarixdən 20 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 04 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar