Məhkəmə qərarları › İş №1(016)-28/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-28/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-28/2024 02.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Ağsu rayon Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, işsiz, Ağsu rayon Cəlayir kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 06 avqust 2023-cü il tarixdə saat 17 radələrində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə özünə məxsus olan VAZ 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək hüququ olmadan idarə edib, Ağsu-Çaparlı-Cəlayir yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində Ağsu rayon Cəlayir kəndi istiqamətində hərəkətdə olan zaman «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu, bu zaman manevrin təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilini saatda 70 kilometr surətlə idarə edib, əks istiqamətli hərəkət zolağına çıxmaqla, onunla eyni istiqamətdə və paralel vəziyyətdə hərəkətdə olan, arxadan gələrək ötmə əməliyyatı edən sürücü Şahid1 idarə etdiyi “Kia Ceed” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması səbəbindən sonuncunun idarə etdiyi avtomobilinin sürüklənərək hər iki avtomobil ilə eyni istiqamətdə, qarşıda hərəkətdə olan “Kamaz 5511” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Kamaz 5511” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sağ qulaq seyvanında üzərində cərrahi tikişləri olan əzilmiş, cırılmış yaralarla müşaiyət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər, eləcə də ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ kürək sümyünün bazu oynağı səthində yerdəyişməyən sınıqla müşaiyət edilən xəsarətlərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsus Vaz 21074 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə öz adına olmaqla taksi fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. 06 avqust 2023-cü il tarixdə gün ərzində Ağsu şəhər ərazisində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olduqdan sonra saat 17 radələrində yaşadığı kəndə geri qayıtmaq üçün idarə etdiyi Vaz 21074 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu-Çaparlı-Padarqışlaq yolunda hərəkət etməyə başlamış, o, Ağsu rayon Daşdəmirbəyli kəndi ərazisində hərəkətdə olan zaman ondan irəlidə Kamaz markalı avtomobil hərəkətdə olmuş, o, hərəkətini davam etdirib, Kamaz markalı avtomobilə təxminən 20-25 metr qaldıqdan sonra ötmə əməliyyatı edib avtomobili keçmək barədə fikirləşmiş, lakin ötmə əməliyyatı etməmişdir. Həmin vaxt o, avtomobilini təxminən 70 km/saat sürətlə idarə etmiş və ondan arxada eyni istiqamətdə hərəkət edən Kia markalı avtomobil onun avtomobilini ötmək üçün əks yola çıxmış, sonra isə onunla paralel vəziyyətə gəlmişdir. Həmin vaxt Kia markalı avtomobilin sürücüsü qəflətən əyləcə basaraq, avtomobili onun istiqamətində idarə edərək, idarə etdiyi avtomobilinin sol ön qanad hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində onun avtomobili fırlanaraq, Ağsu şəhər istiqamətində yolun hərəkət hissəsində dayanmış, Kia markalı avtomobil isə fırlanaraq qarşıda hərəkətdə olan Kamaz markalı avtomobilin sol tərəfində olan yanacaq çəni hissəsi ilə toqquşmuş, nəticədə Kamaz markalı avtomobil aşaraq yolun ortasında dayanmışdır. Bundan sonra avtomobildən yerə düşmüş, hadisə barədə polisə məlumat vermişdirlər, polis gəldikdən sonra isə hadisəni sənədləşdirmişlər. Hadisə zamanı avtomobili o idarə etmiş, avtomobildə ondan başqa heç kəs olmamış, hadisəni törətməzdən əvvəl spirtli içki, o cümlədən narkotik vasitə, psixotrop maddələr qəbul etməmişdir. İlkin izahat verərkən surətini dəqiqləşdirmədən avtomobili 90 km/saat sürətlə idarə etdiyini bildirmiş, lakin o, həqiqətən də avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir, hadisə zamanı hadisə ani olduğu üçün tormozdan istifadə etməmişdir, ötmə əməliyyatına başlamadığı üçün avtomobilin xarici istiqamət işıqlarını yanıdrmamışdır. Ona CM-in 263-1.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək bildirdi ki, idarə etdiyi Kamaz 5511 yük markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili avtomobilin qeydiyyat şəhadətnaməsi ilə qardaşı X5 adınadır. Lakin həmin yük avtomobili ona məxsusdur və yük avtomobilini ehtibarnamə əsasında idarə edir. Həmin yük avtomobili ilə müxtəlif yüklər daşıyaraq dolanışığını təmin edir. 06 avqust 2023-cü il tarixdə səhər saatlarında İsmayıllı rayonunda yaşayan müştərisinə mişar daşları aparmış, idarə etdiyi yük avtomobili ilə İsmayıllı rayonuna çatdıqdan sonra sifarişçiyə mişar daşlarını təhvil vermişdir. Daha sonra həmin gün yük avtomobili ilə çınqıl daşları yükləmək üçün Ağsu rayonuna gəlmiş, Ağsu rayonuna gəldikdən sonra tikinti materialları satılan mağazalardan birindən yük avtomobilinə çınqıl daşları yüklətdirərək Ağsu-Gəgəli- Padarqışlaq yolu ilə Bakı şəhəri, Qaradağ rayonu istiqamətində yola çıxmışdır. Həmin gün saat təxminən 17 radələrində idarə etdiyi Kamaz 5511 yük markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağsu-Gəgəli-Padarqışlaq yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində hərəkətdə olarkən, qəflətən arxadan tormozlama səsi gəldiyi üçün yan güzgüdən arxaya baxmış, həmin anda onunla eyni istiqamətdə, ondan arxada hərəkətdə olan Kia Ceed markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin yolda tormozlama edərək onun avtomobili istiqamətində gəldiyini görmüş, nəticədə Kia Ceed markalı avtomobil idarə etdiyi yük avtomobilinin sol hissəsi ilə, yəni yanacaq çəni hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi yük avtomobili sağa, sonra isə sola gedərək, sağ hissənin üzərinə aşaraq dayanmışdır. Avtomobil aşdıqdan sonra o, xəsarət aldığından, avtomobildən çıxdıqdan sonra hadisə yerinə gəlmiş Təcili Tibbi yardım avtomobili ilə xəstəxanaya getmişdir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır, həmçinin **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edir, qeyd olunan hadisə Ağsu-Gəgəli- Padarqışlaq yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində baş vermişdir, hadisədən öncə avtomobili özü idarə etmişdir, avtomobildə başqa heç kəs olmamış, avtomobilində təxminən 9 ton çınqıl daşları yükü olmuşdur, hadisədən əvvəl spirtli içki, o cümlədən narkotik vasitə, psixotrop maddələr qəbul etməmişdir, hadisə Kia markalı avtomobil ötmə əməliyyatı edərkən Vaz 21074 markalı avtomobillə toqquşması, sonra isə gələrək onun yük avtomobili ilə toqquşması nəticəsində olmuş, hadisə baş verməmişdən qabaq avtomobili 40 km/saat sürətlə idarə etmişdir. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilməmişdir. Ona maddi ziyan dəydiyindən və həmin ziyan təqsiləndirilən şəxs tərəfindən ona ödənilmədiyindən, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. İş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus Kia Ceed minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili avtomobilin qeydiyyat şəhadətnaməsi ilə onun adına olmaqla, öz şəxsi işləri ilə bağlı idarə edir. 06 avqust 2023-cü il tarixdə saat 17 radələrində idarə etdiyi Kia Ceed minik markalı, **-GM- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu şəhər ərazisində şəxsi işlərini gördükdən sonra yaşadığı kəndə geri qayıtmaq üçün avtombilini Ağsu-Gəgəli-Bico avtomobil yolu ilə yaşadığı Ağsu rayon Qiyaslı kəndi istiqamətində idarə etməyə başlamışdır. İdarə etdiyi avtomobili ilə Qiyaslı kəndi istiqamətində hərəkətdə olarkən, yolun Daşdəmirbəyli kəndi ərazisindən keçən hissəsində əks yolda avtomobil gəlmədiyi üçün qarşısında hərəkət edən Vaz 21074 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili və onun qarşısında hərəkət edən Kamaz markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmə əməliyyatı edərək, ötüb keçmək qərarına gəlmişdir. Bundan sonra əks yola (sola dönmə) çıxma xəbərdarlıq işıqlarını yandırmış, sürətini artıraraq Vaz 21074 markalı avtomobili ötməyə başlamış, avtomobili Vaz 21074 markalı avtomobillə paralel vəziyyətə çatan zaman qəflətən Vaz 21074 markalı avtomobil sola hərəkət edərək, onun avtomobilinin sol hissəsi ilə toqquşmuşdur, bundan sonra o, idarəetməni itirmiş, avtomobili fırlanaraq qarşıda hərəkət edən Kamaz markalı yük avtomobilinin sol hissəsində olan, yanacaq çəninə dəymiş, hadisənin təsirindən Kamaz markalı avtomobil aşaraq, yolun ortasında, onun avtomobili isə fırlanaraq yolun əks hissəsində, yolun kənarında dayanmışdır. Bundan sonra avtomobildən yerə düşmüş, hadisə barədə polisə məlumat verilmiş, polis əməkdaşları gəldikdən sonra hadisə sənədləşdirilmişdir. Onun avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük hüququ vardır, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili öz mülkiyyətindədir, qeyd olunan hadisə Ağsu-Gəgəli-Bico yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində baş vermişdir, hadisədən öncə avtomobili özü idarə etmiş, avtomobildə başqa heç kəs olmamışdır, hadisəni törətməzdən əvvəl spirtli içki, o cümlədən narkotik vasitə, psixotrop maddələr qəbul etməmişdir, hadisəni törədən zaman, yəni ötmə əməliyyatı apararkən o, avtomobili saatda təxminən 80 km/saat sürətlə idarə etmiş, hadisə ani olduğu üçün tormozdan istifadə etməmişdir, ötmə əməliyyatı etmək üçün əks yola keçdikdən 10 metr sonra Vaz 21074 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, Vaz 21074 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ötməmişdən əvvəl ara məsafələri təxminən 10 metr olmuşdur, Kamaz markalı və Vaz 21074 markalı avtomobillər arasında olan məsafə təxminən 20-25 metr olmuşdur, Vaz 21074 markalı avtomobillə toqquşduqdan sonra təxminən 20-25 metr avtomobili fırlanaraq Kamazla toqquşmuşdur, Vaz 21074 markalı avtomobilnin ötmə əməliyyatı etməsini görməmişdir, həmin avtomobil xəbərdarlıq işıqlarını yandırmamışdır. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, 06 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X9 ilə birlikdə 111 çağırışlı avtopatrulda Ağsu-Kəndoba-Cəlayir kənd yolunda xidmətdə olmuşlar. Xidmət etdikləri avtopatrul ilə Ağsu rayonu istiqamətində geri qayıdarkən Ağsu-Kəndoba- Cəlayir kənd yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz 5511 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin aşmasını, Şahid1 idarə etdiyi Kia Ceed markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin isə hadisə yerində qəzalı vəziyyətdə dayanmalarını, eləcə də Kamaz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almasını müşahidə etmişlər. Bundan sonra xidmət yoldaşı Rais Baxşıyev baş vermiş yol-nəqliyyat hadisəsi barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, daha sonra isə hadisə yerinə yaxınlaşıb, hadisə yerinin mühafizəsini təşkil edərək hadisə nəticəsində xəsarət almış Kamaz markalı avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışlar. Sonra isə hadisə yerinin mühafizəsini və yolda hərəkət edən digər avtomobillərin gediş-gəlişini təşkil edərək təhqiqatçının hadisə yerinə gəlməsini gözləmişlər. Bir qədər sonra təhqiqatçı hadisə yerinə gəlmiş və hadisə yerinin sxem və foto şəkillərini çəkərək hadisə yerinin müayinəsini aparmışdır, sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. Hadisə, Kia Ceed markalı avtomobilin sürücüsünün Vaz 21074 markalı avtomobilə ötmə əməliyyatı edərkən sonuncu avtomobilin sürücüsünün əks hərəkət zolağına çıxması, nəticədə Kia Ceed markalı avtomobil ilə toqquşaraq sonuncu avtomobilin sürüklənərək qarşıda gedən Kamaz markalı yük avtomobili ilə toqquşması nəticəsində baş vermişdir. İş üzrə şahid X9 ifadəsində göstərmişdir ki, 06 avqust 2023-cü il tarixdə, saat 17 radələrində Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X8 ilə birlikdə 111 çağırışlı avtopatrulda Ağsu-Kəndoba-Cəlayir kənd yolunda xidmətdə olmuşdurlar. Xidmət etdikləri avtopatrul ilə Ağsu rayonu istiqamətində geri qayıdarkən Ağsu-Kəndoba- Cəlayir kənd yolunun Ağsu rayon Daşdəmirbəyli kəndindən keçən hissəsində yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs idarə etdiyi Kamaz 5511 markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin aşmasını, Şahid1 idarə etdiyi Kia Ceed markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21074 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin isə hadisə yerində qəzalı vəziyyətdə dayanmalarını, eləcə də Kamaz markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almasını müşahidə etmişdirlər. Bundan sonra o, baş vermiş yol-nəqliyyat hadisəsi barədə RPŞ-nin növbətçi hissəsinə məlumat vermiş, daha sonra isə hadisə yerinə yaxınlaşıb, hadisə yerinin müafizəsini təşkil edərək hadisə nəticəsində xəsarət almış Kamaz markalı avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya yola salmışdırlar. Sonra isə hadisə yerinin mühafizəsini və yolda hərəkət edən digər avtomobillərin gediş-gəlişini təşkil edərək təhqiqatçının hadisə yerinə gəlməsini gözləmişdirlər. Bir qədər sonra təhqiqatçı hadisə yerinə gələrək hadisə yerinin sxem və foto şəkillərini çəkib, hadisə yerinin müayinəsini aparmış, sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış protokolu tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 06 avqust 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 mart 2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 11 avqust 2023-cü il tarixli, 147 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkarlanmışdır: - sağ kürək sümüyünün bazu oynağı səthində yerdəyişməyən sınıq küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Sağ qulaq seyvanında üzərində cərrahi tikişləri olan əzilmiş cırılmış yaralar küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli, 8/2444 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə təhqiqat tərəfindən təqdim edilmiş məlumatlar ziddiyyətli olduğundan və real hadisə mexanizminə uyğun olmadığından Kia Ceed markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kamaz-5511 markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 noyabr 2023-cü il tarixli, 8/3484 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kia Ceed markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini əlavə hesabat aparmaqla texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid1 avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kamaz-5511 markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Ağabəyli kəndində anadan olmuş, hal-hazırda Ağsu rayonunun Cəlayır kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Əhmədov X1 yaşadığı müddətdə özünü nümunəvi bir şəxs kimi aparmışdır. O, kənddə olan xeyir və şər işlərində yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs tərbiyəli davranışı olmaqla həm də işgüzardır. Onun barəsində X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Ağsu RQİ və TBŞnin 27 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin X2 Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi olması və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. O, təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasını xx.xx.2022-ci ildə çəkib qurtarmışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-in 263.1-ci maddəsi ilə fakta əsasən başlanılaraq istintaqı aparılan ********* nömrəli cinayət işi CM-in 263.1-ci maddəsindən həmin məcəllənin 263- 1.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(016)-07/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Ağsu RQİ və TBŞnin 02 may 2024-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin X2 Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması barədə məlumat yoxdur və Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(016)-07/2021 nömrəli hökmü şöbəyə daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətta şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən Hakim Hüseynov bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da Hakim Hüseynovun məhkəmədə verdiyi ifadəsinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs əməlində iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmadığından və həbsdə saxlanılmadığından, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CM-in 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Ağsu RQİ və TBŞ-nin 02 may 2024-cü il tarixli məktubundan görünür ki, BDYPİnin X2 Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin olması barədə məlumat yoxdur və Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(016)-07/2021 nömrəli hökmü şöbəyə daxil olmamışdır. Göründüyü kimi, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(016)-07/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası onun tərəfindən icra edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 256 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 67.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Ağsu Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(016)-07/2021 nömrəli hökmü üzrə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. CM-in 68.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar