Məhkəmə qərarları › İş №1(016)-29/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-29/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-29/2023 04.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X36 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X34 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şabran şəhəri, 20 yanvar küçəsi ev 74-də qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin iyun ayında cibindən 900 manat pul oğurlanmasına görə ərazi üzrə Polis Böləməsinə etdiyi şikayət əsasında həbs olunmuş X7 atası Gürcüstan Respublikasının vətəndaşı Abutukarim Gasanova oğlunu tanışları vasitəsi ilə həbsdən azad etdirəcəyini yalandan vəd vеrib, aldatmaqla, Abutukarim Gasanovun оna оlan inam və еtibarından sui-istifadə еdib, sоnuncudan 05 oktyabr 2022-ci il tarixdə tarixdə Bakı şəhəri “Şamaxinka” adlanan ərazidə, “Alov” zavodun qarşısında 1300 manat məbləğində nağd pulunu almaqla, eləcə də istintaqa məlum olmayan tanışlarına məxsus plastik bank kartı hesablarına 11 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən “Əli” marketin içərisinə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 200 manat, 14 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Rabitəbank”-ın Ağsu rayon filalının inzibati binasının içərisinə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1300 manat, 15 oktyabr 2022-ci il tarixdə yenə də “Rabitəbank”-ın Ağsu rayon filalının inzibati binasının içərisinə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 200 manat, sonuncu dəfə isə 19 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən “Əli” marketin içərisinə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 80 manat və 20 manat оlmaqla, istintaqa məlum olmayan tanışlarının kart hеsabına köçürülmüş cəmi 1800 manat məbləğində pul vəsaitini, ümumilikdə zərərçəkmiş Abutukarim Gasanova məxsus 3100 manat məbləğində pulu, vahid niyyətlə əhatə оlunan qəsdlə еtibardan sui-istifadə еtmə və aldatma yоlu ilə ələ kеçirib dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsinə nəzərdə cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Gürcüstan Respublikasının vətəndaşı X27 rayon sakini X1 tanıyır. Həmin şəxslə 2022-ci ilin yay ayında tanış olmuşdur. Belə ki, 2022-ci ilin iyun ayında Bakı şəhəri Nəsimi rayon ərazisində olarkən, X9 Həsənov və tanışı Pəri Abdullayeva onun cibində olan 900 (doqquz yüz) manat pulunu oğurlayaraq ona maddi ziyan vurmuşdurlar. Baş vermiş oğurluq hadisəsinə görə o, həmin vaxt ərazi üzrə polis bölməsinə şikayət etmiş və şikayəti əsasında cinayət işi başlanılaraq nəticədə Kənan və Pəri həbs olunmuşdur. İstintaq zamanı Kənanın atası Abdulkərim ona dəymiş maddi ziyanı ödədiyindən, o, həmin vaxt ərizə yazaraq, ona dəymiş ziyanın ödənilməsini və həmin şəxslərdən şikayəti və tələbi olmadığını bildirmişdir. Daha sonra cinayət işi Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclasları zamanı Abdulkərim Həsənovla yenidən görüşmüş, məhkəmə baxışları zamanı Abdulkərim Həsənovla görüşərkən Abdulkərim Həsənov ona oğlu Kənanı həbsdən azad etdirmək istədiyini, lakin heç bir tanışı olmadığını, ondan oğlunu həbsdən çıxartmaq üçün tanış adam tapmasını xahiş etmişdir. Həmin vaxt o, Abdulkərimə tanış olduğunu, tanışı ilə danışıb, Kənanı həbsdən azad etdirə biləcəyini demiş və söhbət əsnasında Abdulkərim Həsənova oğlunu 3000 (üç min) manat qarşılığında həbsdən azad etdirə biləcəyini təklif etmişdir. Bundan sonra Abdulkərim ona bu barədə fikirləşdikdən sonra məlumat verəcəyini demişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Abdulkərim ona zəng edərək, Bakı şəhərində Şamaxinka adlanan ərazidə olduğunu bildirmiş, buna görə də o, həmin yerə gələrək “Şamaxinka” adlanan ərazidə yerləşən “Alov” zavodun qarşısında Abdulkərimlə görüşmüş, həmin vaxt Abdulkərim ona 1300 (bir min üç yüz) manat pul vermişdir. O, Abdulkərimdən qalan pulu nə vaxt verəcəyini soruşduqda, o, hələlik pulu olmadığını, bir neçə günə qalan pulu da göndərə biləcəyini demişdir. Bir neçə gün sonra Abdulkərim ona zəng edərək, 200 (iki yüz) manat pulu olduğunu, rayonda olduğunu pulu necə göndərə biləcəyini soruşduqda, o, hazırda adını xatırlamadığı tanışının kart hesabını göndərərək, pulu həmin kart hesabına göndərməsini bildirmişdir. Abdulkərim Həsənov da həmin vaxt 200 (iki yüz) manat, bir neçə gün sonra 1300 (bir min üç yüz) manat, həmin günün sabahısı 200 (iki yüz) manat pulları onun göndərdiyi müxtəlif tanışlarının adına olan kart hesablarına göndərmişdir. Pulu göndərdikdən sonra o, kart hesablarından pulu çıxardaraq, lizingdə olan avtomobilinin borclarını ödəmişdir. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayının ortalarında Abdulkərimə zəng edərək yenidən pul göndərməsini istəmiş, Abdulkərim də göndərdiyi kart hesabına 100 (bir yüz) manat pul göndərmişdir. Həmin vaxtdan sonra da Abdulkərim onunla telefonla danışaraq, mübahisələr etməyə, işinin alınmadığını bildirməyə və pulunu geri istəməyə başlamış, o, isə Abdulkərim Həsənovdan aldığı pulları öz şəxsi işləri üçün xərclədiyindən Abdulkərimin mobil nömrəsini qara siyahıya salaraq, danışıqlarını dayandırmışdır. Abutukarim Gasanovu əvvəllər tanımamış, Abutukarimin oğlu Kənan 2022-ci ilin iyun ayında tanışı ilə birlikdə onun cibindən pul oğurladıqları üçün həbs edilmişdir və istintaq zamanı o, Abutukarim Gasanovla tanış olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. Həmçinin o, X6 Həsənovu həbsdən azad etdirəcəyi vədi ilə aldadıb, 2022-ci ilin oktyabr ayı ərzində hissə-hissə olmaqla ümumilikdə 3100 manat pul almışdır. X3 pul göndərdiyi tanışlarına məxsus bank kartı hesablarının kimlərə məxsus olmasını yaddaşı zəif olduğu üçün xatırlamır, özünə məxsus bank kartı olmadığından tanışlarından bank kartlarını müvəqqəti alaraq istəyərək pulu əldə etdikdən sonra özlərinə geri qaytarmışdır, həmin şəxslərin kim tərəfindən nə üçün karta pul göndərilməsindən məlumatları olmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, xx.xx.1966-cı ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuş, hazırda Gürcüstan Respublikasının vətəndaşıdır, adı X8r, lakin uzun müddətdir ki, Azərbyacanda yaşadığından hər kəs onu X1 tanıyır. X15 onun oğludur. Kənan Həsənov 2 il əvvəl Bakı şəhərinə gedərək, kafelərdə işləmişdir. Təxminən 2022-ci ilin iyun ayında oğlu Kənan, tanışı Pəri adlı qadınla birlikdə Təqsirləndirilən şəxs qarşı oğurluq əməli etdikləri üçün tutulmuşdurlar. Oğlu Kənan və tanışı Pəri Təqsirləndirilən şəxs 600 (altı yüz) manat ziyan vursalar da, Təqsirləndirilən şəxs istintaq zamanı 900 (doqquz yüz) manat pul tələb etdiyindən, həmin məbləği Təqsirləndirilən şəxs ödəmişdir. Lakin, buna baxmayaraq Nəsimi Rayon Məhkəməsi oğlunu 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkəmə iclasları zamanı zərərçəkmiş olan Təqsirləndirilən şəxs ilə söhbət edərkən, Təqsirləndirilən şəxs məhkəmədə tanışı olduğunu, oğlunu azadlığa çıxara biləcəyini bildirmişdir. Həmin vaxt o, Eldənizdən oğlunu azadlığa çıxarmasında ona köməklik etməsini xahiş etmiş, Eldəniz isə məhkəmədə olan tanışı ilə danışıb, ona bir söz deyəcəyini bildirmişdir. Həmin vaxt Eldəniz telefon ilə guya kiminləsə danışıb, ona 4000 manata oğlunu azadlığa çıxara biləcəyini demiş, o, isə Eldənizə qeyd olunan məbləğə imkanı çatmayacağını dedikdə, Eldəniz 3000 (üç min) manata işi həll edə biləcəyini bildirmişdir. Bundan sonra o, Eldənizlə razılaşmış, daha sonra Ağsu şəhərinə gələrək, Rabitə Bankdan 1300 (bir min üç yüz) manat kreditə pul götürərək 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə, “Alov” zavodun qarşısında Eldənizlə görüşüb, 1300 manat pulu Eldəniz Salamnova vermişdir. Həmin vaxt Eldəniz telefonla kiminləsə danışaraq, onun pulu tam gətirmədiyini, 1300 manat pul gətirdiyini demiş, telefonla danışdıqdan sonra ondan 1300 manat pulu alaraq 12 oktyabra kimi pulun qalanını da göndərməsini bildirmişdir. Bundan sonra o, Ağsu şəhərinə geri qayıtmışdır. Ağsu şəhərinə gəldikdən sonra Eldəniz ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə onunla əlaqə saxlayaraq, pulu nə vaxt göndərəcəyini soruşmağa başlamış, bu səbəblə də o, 11 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən “Əli” marketin daxilində olan “Milliön”ödəmə terminalı vasitəsi ilə 200 (iki yüz) manat, 14 oktyabr 2022-ci il tarixdə isə yenidən “Rabitəbank”-ın Ağsu rayon filalından kredit götürərək həmin bankın daxilində olan “eManat” ödəmə terminalı vasitəsi ilə 1300 manat, 15 oktyabr 2022-ci il tarixdə“Rabitə bank”-ın Ağsu rayon filalının binasında olan “eManat” ödəmə terminalı vasitəsi ilə yenidən 200 (iki yüz) manat pulları Eldənizin ona göndərdiyi müxtəlif şəxslərə məxsus bank kartlarına göndərmişdir. Pulu göndərdikdən sonra Eldənizlə danışarkən, o pulları verdiyini, məhkəmədə oğlunun azadlığa çıxarılacağını bildirmişdir. 19 oktyabr 2022ci il tarixdə Eldəniz ona yenidən zəng edərək, 400 manat əlavə pul lazım olduğunu, bəzi şəxslərə“hörmət etmək” lazım olduğunu bildirmişdir. O, Eldənizə pulu olmadığını, pulunun hamısını göndərdiyini dedikdə, Eldəniz 100 manat pul göndərməsini, geri qalanını özü həll edəcəyini demişdir. Bundan sonra o, Ağsu şəhəri Nizami küçəsində “Əli” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Eldənizin ona göndərdiyi bank kart hesabına əvvəlcə 80 (səksən) manat, daha sonra isə 20 (iyirmi) manat pul göndərmişdir. Həmin vaxtdan sonra da Eldənizlə danışarkən, Eldəniz ona narahat olmamasını, oğlunu azadlığa çıxaracağını bildirmişdir. Lakin, 05 noyabr 2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi oğlunu 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxartmışdır. Bundan sonra o, Eldənizin ondan aldığı pulları heç kəsə vermədiyi və onu aldadaraq ümumilikdə 3100 manat pulunu ələ keçirdiyi müəyyən etmişdir. Buna görə də o, Eldənizlə telefon vasitəsi ilə əlaqə saxlamış, ondan aldığı pulu kimə verdiyini, oğlunun 2 il müddətinə həbs edildiyini bildirmiş, Eldəniz yenə də ona narahat olmamasını, məsələni həll edəcəyini demiş, lakin, həmin vaxtdan sonra Eldəniz müxtəlif bəhanələr gətirməyə başlamışdır. O, Eldənizdən pulunu geri qaytarmasını tələb etdikdə Təqsirləndirilən şəxs onunla söz mübahisəsi edərək, pulunu geri qaytarmayacağını, hara istəyirsə şikayət etməsini bildirmişdir. Pulunu geri verməsi üçün o, Eldənizin yaşadığı Dəvəçi şəhəri Surra məhəlləsinə gedərək, atası Ehtibarla görüşmüş, Ehtibar oğlu Eldənizi yanına çağıraraq, ondan aldığı pulu geri qaytarmasını tələb etdikdə, Eldəniz bir daha heç bir səbəb göstərmədən ondan aldığı ümumilikdə 3100 manat pulu geri verməyəcəyini bildirmişdir. Buna görə də o, sonda Təqsirləndirilən şəxs tərəfindən aldanıldığı üçün bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə onun heç bir münasibəti olmamışıdr, oğlu Kənan 2022-ci ilin iyun ayında tanışı ilə birlikdə Eldənizin cibindən pul oğurladıqları üçün həbs edilmişdir. İstintaq zaamanı o, Eldənizlə tanış olmuş, Eldənizlə aralarında əvvələr ədavət və ya düşmənçilikləri olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs ona oğlu Kənanı 3000 manat qarşılığında həbsdən azad edə biləcəyini dediyi üçün o, 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Şamaxinka adlanan ərazidə, “Alov” zavodun qarşısında Eldənizə əlbəəl 1300 (bir min üç yüz) manat, 11 oktyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 15 oktyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 14 oktyabr 2022-ci il tarixdə 1300 (bir min üç yüz) manat, 19 oktyabr 2022-ci il tarixdə əvvəlcə 80 (səksən) daha sonra isə 20 (iyirmi) manat pulları Ağsu şəhərində yerləşən marketdə və bankda quraşdırılmış ödəmə terminalları vasitəsilə Eldənizin ona göndərdiyi kart hesablarına göndərmiş, ümumilikdə 3100 manat pulu Eldənizə versə də, Eldəniz verdiyi vədə əməl etməyərək, onu aldadıb, pulunu ələ keçirmişdir. Bundan başqa onda, Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzləri mövcuddur, istintaqa təqdim etmişdir, lakin sonuncu göndərdiyi 20 manat pulun qəbzini itirmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Abutukarim Gasanov onun həyat yoldaşıdır, Kənan Həsənov isə oğludur. X37 2 il əvvəl Bakı şəhərinə gedərək, kafelərdə işləmişdir. Təxminən 2022-ci ilin iyun ayında oğlu Kənan, tanışı Pəri adlı qadınla birlikdə Təqsirləndirilən şəxs qarşı oğurluq əməli etdikləri üçün tutulmuşdurlar. Oğlu Kənan və tanışı Pəri Təqsirləndirilən şəxs 600 (altı yüz) manat ziyan vursalar da, Təqsirləndirilən şəxs istintaq zamanı 900 (doqquz yüz) manat pul tələb etdiyindən, həmin məbləği Eldəniz Salamova ödəmişdirlər. Lakin, buna baxmayaraq Nəsimi Rayon Məhkəməsi oğlunu 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə iclasları zamanı zərərçəkmiş olan Təqsirləndirilən şəxs ilə əri Abutukarim Gasanov söhbət edərkən Eldəniz ərinə məhkəmədə tanışı olduğunu, oğlunu azadlığa çıxara biləcəyini bildirmiş və ərilə 3000 manat müqabilində oğlunun işini həll edəcəyi barədə razılaşmışdırlar. Bundan sonra əri ilə birlikdə 3000 manatı ödəmək üçün “Rabitə Bank”-ın Ağsu rayon filialından 1300 (bir min üç yüz) manat kreditə pul götürmüşlər və 05 oktyabr 2022-ci il tarixdə əri Bakı şəhəri Şamaxinka adlanan ərazidə, “Alov” zavodun qarşısında Eldənizlə görüşüb, 1300 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Daha sonra əri ilə o, pulun geri qalanını hissə-hissə yəni, 11 oktyabr 2022-ci il tarixdə və 15 oktyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 14 oktyabr 2022-ci il tarixdə 1300 (bir min üç yüz) manat pulları Ağsu şəhərində yerləşən marketlərdən və bankda quraşdırılmış ödəmə terminalları vasitəsilə Eldənizin ərinə təqdim etdiyi kart hesablarına göndərmişdirlər. Pulu göndərdikdən sonra Eldənizlə danışarkən, Eldəniz oğlunun işini həll etdiyini və azadlığıa çıxacağını deyərək onları inandırmışdır. 19 oktyabr 2022-ci il tarixdə Eldəniz yenidən ərinə zəng edərək, 400 manat əlavə pul lazım olduğunu bildirmiş, o və əri isə pullları olmadığından Eldənizə sadəcə olaraq 100 manat pul tapıb, göndərəcəklərini demişlər, Eldəniz də 100 manat pul göndərmələrini, geri qalanını özü həll edəcəyini bildirmişdir. Bundan sonra əri Ağsu şəhəri Nizami küçəsində “Əli” marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Eldənizin ona göndərdiyi kart hesabına əvvəlcə 80 (səksən) manat, daha sonra isə 20 (iyirmi) manat pul göndərmişdir. Həmin vaxtdan sonra da Eldənizlə danışarkən, Eldəniz onlara narahat olmamalarını, oğullarını azadlığa çıxaracağını bildirmişdir. Lakin, 05 noyabr 2022-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi oğlunun 2 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxartmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs onları aldatdığını anlamışdırlar. X31 Təqsirləndirilən şəxs oğlu Kənanı 3000 manat qarşılığında, həbsdən azad edə biləcəyini vədini verdiyi üçün əri 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Şamaxinka adlanan ərazidə, “Alov” zavodun qarşısında Eldənizə əlbəəl 1300(bir min üç yüz) manat, 11 oktyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 15 oktyabr 2022-ci il tarixdə 200 (iki yüz) manat, 14 oktyabr 2022-ci il tarixdə 1300 (bir min üç yüz) manat, 19 oktyabr 2022-ci il tarixdə əvvəlcə 80 (səksən) daha sonra isə 20 (iyirmi) manat pulları Ağsu şəhərində yerləşən marketdə və bankda quraşdırılmış ödəmə terminalları vasitəsilə Eldənizin ərinə göndərdiyi kart hesablarına göndərmişdir. Ümumilikdə 3100 manat pulu Eldənizə versələr də, Eldəniz verdiyi vədə əməl etməyərək, onları aldatmışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş X13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təxminən 2022-ci ilin iyun ayında oğlu Bakı şəhərində olarkən Pəri və Kənan adlı şəxslər oğlunun cibindən 900 manat pul oğurlayaraq, oğurluq cinayəti törətmişdirlər. Oğlu Təqsirləndirilən şəxs polisə müraciəti əsasında həmin şəxslər saxlanılaraq barələrində cinayət işi başlanılıb, həbs olunmuşdular. İşin istintaqı zamanı oğlu zərərçəkmiş olduğundan təqsirləndirilən şəxs Kənan Həsənovun atası Abutukarim Gasanov oğlu ilə tanış olmuş və oğluna dəymiş maddi ziyanı ödəmişdir. İşin məhkəmə baxışı zamanı isə Abutukarim Gasanov oğlunu həbsdən qurtarmaq üçün onun oğlu Eldənizlə məsələhətləşmiş, oğlu ona 3000 manat müqabilində işini həll edə biləcəyi vədini vermişdir. Sonra isə oğlu Təqsirləndirilən şəxs Abutukarimdən hissə-hissə olmaqla ümumilikdə 3100 manat pul almış, lakin vədinə əməl etməmişdir. Onun bütün bu olanlardan məlumatı olmamış, lakin 2022-ci ilin noyabr ayının sonlarında Abutukarim Gasanov onun yaşadığı ünvanına gələrək ona bu olanları demiş, o, isə oğlu Eldənizi yanına çağıraraq oğlundan bu barədə soruşmuş, cavabında isə oğlu Abutukarim Gasanovdan pul almasını etiraf etmiş, lakin həmin vaxt maddi imkanları yaxşı olmadığı üçün Abutukarim Gasanovun pulunu ödəyə bilməmişdirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs kimi tanımaq haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, X11 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqdim olunmuş qəbzlərə baxış keçirilməsi haqqında 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Abutukarim Gasanov 11 oktyabr 2022-ci il tarixdə ad, soyad, ata adı K****S****S****, kart nömrəsi 416973*******6582 yazılmış bank kartı hesabına Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Əli” marketin içərisinə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 200 manat, 14 oktyabr 2022-ci il tarixdə ad, soyad, ata adı D****E****D****, kart nömrəsi 416973*******7120 yazılmış bank kartı hesabına Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Rabitə Bank”-ın Ağsu rayon filalının inzibati binasına quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1300 manat, 15 oktyabr 2022-ci il tarixdə ad, soyad, ata adı D****E****D****, kart nömrəsi 416973*******7120 yazılmış bank kartı hesabına Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Rabitə Bank”-ın Ağsu rayon filalının inzibati binasına quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 200 manat, 19 oktyabr 2022-ci il tarixdə ad, soyad, ata adı Qu****An****Qu****, əməliyyat nömrəsi ********** İBAR8-********** yazılmış bank kartı hesabına Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Əli” marketin içərisinə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 80 manat pul köçürmüşdür. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs Abutukarim Gasanovun təqdim etdiyi 01 ədəd zərfin içərisindəki 04 ədəd qəbzlər ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - 05 fevral 2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Abutukarim Gasanov ilə Təqsirləndirilən şəxs оğlu 05 fevral 2023-cü il tarixdə üzləşdirilmiş və təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin dediklərini təsdiq etmişdir. - Maddi ziyanın ödənilməsi haqqında 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlu Ağsu rayon PŞ-nin İQ-nin müstəntiqi polis kapitanı Yaşar Ədilovun xidməti iş otağında zərərçəkmiş şəxs Abutukarim Gasanova 3100 manat pul təqdim etmiş və Abutukarim Gasanov təqdim edilmiş pulları sayaraq qəbul etmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Tibbi Ərazi Bölmələrini X28 Rayon Mərkəzi Xəstəxanası X32 Arayışından görünür ki, Şabran şəhəri 20 yanvar küçəsi 74 saylı evin sakini 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran RMX-nin “psixonevroloji” kabinetində dispanser qeydiyyatda yoxdur. - Tibbi Ərazi Bölmələrini X28 Rayon Mərkəzi Xəstəxanası X32 Arayışından görünür ki, Şabran şəhəri 20 yanvar küçəsi 74 saylı evin sakini 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran RMX-nin “narkoloji” kabinetində dispanser qeydiyyatda yoxdur. - Sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs оğlunа CM-nin 178.1-ci mаddəsi ilə еlаn еdilmiş ittiham və bаrəsində sеçilmiş “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri dəyişdirilmədən qüvvəsində sаxlаnılmış, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, zərərçəkmiş şəxs X2 və şahidlər X4, X5 ifadələri, həmçinin üzləşdirmə istintaq hərəkətinin protokolu sübut əhəmiyyətinə mаlik оlduğundаn sübut növü kimi qiymətləndirilmiş, istintaq zamanı zərərçəkmiş şəxs Abutukarim Gasanovun təqdim etdiyi 04 ədəd qəbzin 05 fevral 2023-cü il tаrixli qərаrlа cinаyət işi üzrə mаddi sübut kimi tаnınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışması CM-nin 59.1.4-cü, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs nun CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi CPM-in 143- 146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs nun əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Şübhə edilən şəxsin tutulması haqqında 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 11:30-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 fevral 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə görə həmin cinayət məsuliyyətindən azad olunmuşdur (CPM-nin 40.3-cü maddəsinə əsasən). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tərətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 20 fevral 2023-cü il tarixli, 783 saylı Arayışdan görünür ki, xx xxxxxxxx 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şabran şəhəri, 20 Yanvar küçəsi ev 74-də yaşayır və onun ailə tərkibi xx.xx.1964-cü il təvəllüdlü X13 – atası, xx.xx.1966-cı il təvəllüdlü X20 – anası, xx.xx.1991-ci il təvəllüdlü X16 – arvadı, xx.xx.2013cü il təvəllüdlü X17 – oğlu, xx.xx.2016-cı il təvəllüdlü X19 – oğludur. - Şabran rayon İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 17 fevral 2023-cü il tarixli, 760 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində küçədə özünü normal aparmış və birgə yaşayış qaydalarına riayət etmişdir. Ailə üzvlərinə qarşı mehribançılıq göstərmişdir. Təqsirləndirilən şəxs barəsində məhəllə komitəsinə şifahi və yazılı formada şikayətlər daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 05 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 04 fevral 2023-cü il tarixdən 05 fevral 2023-cü il tarixədək olan 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən səkkiz saat ictimai işlər növündə cəzanın müddətinə bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə ictimai işlər cəzası saxlanılmalıdır. CM-nin 47-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq iş materiallarına əlavə edilmiş 01 ədəd zərfin içərisindəki 04 ədəd qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün ictimai işlər cəzasının 08 (səkkiz) saatına bərabər tutulmaqla, ona təyin edilmiş ictimai işlər cəzasından çıxılsın və üzərində qəti olaraq 472 (dörd yüz yetmiş iki) saat ictimai işlər cəzası saxlanılsın. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd zərfin içərisindəki 04 ədəd qəbzlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar