Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-3/2024 14.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o,istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6,06 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 27 noyabr 2023-cü il tarixdə saat 19:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhər ərazisindən keçən hissəsinin kənarında yerləşən, “Bolmart” adlı marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 20:45 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,06 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsus olan “VAZ 21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 27 noyabr 2023-cü il tarixdə saat təxminən 19 radələrində “VAZ 21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən, “Bolmart” adlı marketin yaxınlığında hərəkətdə olmuşdur. Bu vaxt polis əməkdaşları avatomobilini saxlamış, ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O, Ağsu rayon polis şöbəsinə gəlmişdir. Narkotik vasitəni onu üzərinə polis əməkdaşları qoymuşdur. Onu polis əməkdaşları qorxutmuş, o da məcbur olub özünü təqsirli olduğunu izahatında bildirmişdir. Halbuki, o, 23 noyabr 2023-cü il tarixdə Kürdəmir şəhərində olmamışdır. Göstərilənlərə əsasən, ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağsu RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2023cü il tarixdə saat 19 radələrində Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və hazırda Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən, “Bolmart” adlı marketin yaxınlığında olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra şöbənin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə “Bolmart” adlı marketin yaxınlığına getmişdir. Orada Təqsirləndirilən şəxs həmin yerdə “VAZ 21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmasını görüb onun avtomobilini saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb, üzərində narkotik vasitə saxlamaqda şübhəli oldğunu bildirib onu rayon polis şöbəsinə gəlməyə dəvət etmiş, Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən, bir ədəd kibrit qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və bir neçə gün əvvəl Kürdəmir şəhərində yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə idarə etdiyi “VAZ-21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda və arxa saxlanc yerində videoçəkiliş vasitəsilə axtarış və götürmə hərəkətləri aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. İş üzrə digər Şahid2 ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 19-da yaşayır. Ağsu RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və hazırda Bakı-Şamaxı-Yevlax avtomagistralının Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən, “Bolmart” adlı marketin yaxınlığında olması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Şahid1 daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumat raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən Şahid1 həvalə olunmuş və bu barədə qərar qəbul edilmişdir. Bundan sonra şöbənin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə “Bolmart” adlı marketin yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs həmin yerdə “VAZ 21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olmasını görüb, avtomobilini saxlamış, Təqsirləndirilən şəxs yaxınlaşıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən, bir ədəd kibrit qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və bir neçə gün əvvəl Kürdəmir şəhərində yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunaraq iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə idarə etdiyi “VAZ-21074” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda və arxa saxlanc yerində videoçəkiliş vasitəsilə axtarış və götürmə hərəkətləri aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Cinayət törətməkdə şübhəli şəxsi tututma haqqında” 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 28 noyabr 2023-cü il tarixli, 17/819 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusuna doldurulmuş marixuanaya bənzər bitki kütləsi...” adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30-da saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. “Başqa yerə getməmək haqqında” 29 noyabr 2023-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 15 dekabr 2023-cü il tarixli, 2049 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ailəli olub, ayrılıb, bir övladı var. Hal-hazırda Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 21 saylı evdə yaşayır. Yaşadığı küçənin sakinləri arasında özünü nizam-intizamlı aparmışdır. Onun haqqında yaşadığı müddət ərzində Ağsu Rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi, üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin 04 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı qalığının saxlanması üçün Ağsu RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X3 28 noyabr 2023-cü il tarixli, 17/819 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli, 2049 nömrəli ekspert rəyləri, habelə təqsirləndirilən şəxsin etriafedici ifadəsi və şahid ifadələrinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(016)-3/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 23 noyabr 2023-cü il tarixdən 27 noyabr 2023-cü il tarixədək olan müddət ərzində anten dairəsi barədə məlumatların məhkəməyə təqdim edilməsi həmin nömrənin aid olduğu "xxxx" MMC-yə həvalə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş, həmin maddə ilə ona ittiham elan edilərkən müdafiəçisi iştirak etmiş və özü heç bir etiraz bildirməmiş, iş materialları ilə müdafiəçisinin iştirakı ilə tanış olmuş və müvafiq protokolları imzalamışdır. Həmçinin dindirmə zamanı müdafiəçisi iştirak etmişdir. Göründüyü kimi ibtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən istintaqın sonunadək Təqsirləndirilən şəxs istintaq sənədlərini imzalamış və heç bir etiraz bildirməmişdir. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən Təqsirləndirilən şəxs bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarıdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi kimi 23 noyabr 2023-cü il tarixdə Kürdəmir şəhərində olmamışdır. Lakin onun 23 noyabr 2023-cü il tarixdə Kürdəmir şəhərində olmaması onun təqsirsiz olması demək deyildir. Belə ki, o, 23 noyabr 2023-cü il tarixdə Kürdəmir şəhərində deyil, Ağsu şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, narkotik vasitəni başqa yerlərdən də əldə edə bilər. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd kibrit qutusunda, tədqiqatdan sonrakı təmiz çəkisi 6,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 27 noyabr 2023-cü il tarixdən 29 noyabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd kibrit qutusunda, tədqiqatdan sonrakı təmiz çəkisi 6,01 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-3/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-3/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver