Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-30/2023 19.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Zərərçəkmiş şəxsin nümayəndəsi X9, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1952-ci il tarixdə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu rayon Mənzil İstismar Sahəsində baş mühasib vəzifəsində işləmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 179.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 01 yanvar 2018-ci il tarixdən 13 iyul 2020-ci il tarixədək Ağsu rayon Mənzil İstismar Sahəsində baş mühasib vəzifəsində işləyərkən inzibati işçilərin və özünün əvəzsiz qazanc əldə etməsi vahid niyyəti ilə Mənzil İstismar sahəsinin işçilərinin əmək haqqılarının düzgün hesablanması kimi səlahiyyətləri olmasından istifadə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 noyabr 2005-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin” vahid tarif-ixtisas sorğu kitabçalarının tələblərinə zidd olaraq işçilərin əməyinin aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirməyib 2018-ci ildə Mənzil İstismar Sahəsinin rəisi vəzifəsini 14-cü dərəcə ilə tarifləşdirməli olduğu halda 17-ci dərəcə ilə tarifləşdirərək X1 1.446,70 manat, baş mühəndis vəzifəsini 13-cü dərəcə ilə tarifləşdirməli olduğu halda 16-cı dərəcə ilə tarifləşdirərək X6 729,96 manat, baş mühasib vəzifəsini 13-cü dərəcə ilə tarifləşdirməli olduğu halda 16-cı dərəcə ilə tarifləşdirərək özünə 729,96 manat, komputerçi-kargüzar vəzifəsini 6-cı dərəcə ilə tarifləşdirməli olduğu halda 14-cü dərəcə ilə tarifləşdirərək X7 654,48 manat, qeydiyyatçı-icraçı vəzifəsini 2-ci dərəcə ilə tarifləşdirməli olduğu halda 14-cü dərəcə ilə tarifləşdirərək X3 336,72 manat, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci “Gəlir vergisinin dərəcəsi” maddəsinin tələblərinə zidd olaraq, yəni işçilərə məzuniyyət hesablanarkən gəlir vergisi düzgün tətbiq etməyib Mənzil İstismar Sahəsinin sabiq rəisi X1 2019-cu ildə 168,00 manat, baş mühəndis X6 2018-ci ildə 21,23 manat, 2019-cu ildə 74,44 manat olmaqla, cəmi 95,67 manat, özünə 2019-cu ildə 132,02 manat, elektrik briqadiri X5 2019-cu ildə 63,07 manat, sabiq komputerçi-kargüzar X7 2018-ci ildə 16,70 manat, 2019cu ildə 42,00 manat olmaqla, cəmi 58,70 manat, fəhlə X3 2019-cu ildə 42,00 manat, 2018-ci ildə növbəti əmək məzuniyyətindən qayıtdıqdan sonra işə başladığı ay üzrə səhv hesablama apararaq iş günlərini düzgün hesablamayıb özünə 182,15 manat olmaqla, ümumilikdə yuxarıda adları qeyd olunan 6 nəfər işçilərin “Kapital bank”ın Ağsu rayon filialında olan hesablarına Mənzil İstismar Sahəsinə məxsus olan, ona etibar edilmiş cəmi 4.639,43 manat məbləğində pul vəsaitinin köçürülüb, cinayətdən xəbərsiz həmin şəxslər tərəfindən qeyd edilən hesablardan çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, öz qulluq mövqeyindən istifadə edərək həmin məbləğdə ona etibar edilmiş pul vəsaitinin vahid niyyətlə 3.595,30 manatını israf etmə və 1.044,13 manatını isə mənimsəmə yolu ilə talamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilib zərərçəkmiş şəxslə barışdığını, ona dəyən ziyanı ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin özünü CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib zərərçəkmiş şəxslə barışdığını, dəyən ziyanı ödədiyini və eyni zamanda, dəymiş ziyanın 25 faizi miqdarında pulu dövlət büdcəsinə ödədiyini söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi X11 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onun tərəfindən büdcəyə dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, onlara dəyən ziyanı tam ödəyərək sonuncuların ona qarşı tələbi olmadığından, həmçinin cinayət nəticəsində dəyən ziyanın 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxsin nümayəndəsi X9 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, tərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2023-cü il tarixli, 24538 nömrəli, xx.xx.2023-cü il tarixli, 3477 nömrəli, xx.xx.2023-cü il tarixli, 1340 nömrəli, xx.xx.2023-cü il tarixli, 15084 nömrəli və xx.xx.2023-cü il tarixli, 22995 nömrəli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs 4.639,43 manat məbləğində dəymiş ziyanı və həmin məbləğin 25 faizini, yəni 1.160 manat məbləğində pul vəsaitini X2 ödəmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: CM-in 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 179.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-30/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-30/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver