Məhkəmə qərarları › İş №1(016)-30/2024

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-30/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-30/2024 26.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Xüsusi ittihamçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Müdafiəçi, Barəsində şikayət verilən şəxs X1 iştirakları ilə, Xüsusi ittiham qaydasında "xxxx" MMC-nin şikayətinə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mesa Group MMC xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC X2 xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi əsasında EPİRAY LASERCONN DUAL markalı, insan bədənində olan tüklərin təmizlənməsi üçün istifadə olunan lazer cihazını satmışdır. S.Bəkirzadə cihazı dörd ay istifadə etdikdən sonra cihazdan istifadə edə bilməməsi, cihazın tükü yandırmaması ilə bağlı xx.xx.2023-cü il tarixində şirkətin servis xidmətinə müraciət etmiş, şirkətin servis xidməti cavabdeh S.Bəkirzadənin müraciəti əsasında xx.xx.2023-cü il tarixində cavabdehin iştirakı ilə cihaza baxış keçirmişdir. Cihazda hər hansı bir qüsur aşkarlanmamış və cihazın işlək vəziyyətdə olması barədə servis aktı tərtib edilmiş, S. Bəkirzadə özü şəxsən aktı imzalamış və cihazda hər hansı qüsur olmadığını təsdiq etmişdir. Şirkət tərəfindən ikinci dəfə xx.xx.2024-cü il tarixində cavabdeh S.Bəkirzadəyə əyani olaraq cihazdan istifadə qaydaları izah edilmişdir. Daha sonra məlum olmuşdur ki, S.Bəkirzadə hər hansı bir bəhanə ilə cihazı geri qaytarmaq istəyir, buna görə də müxtəlif bəhanələr gətirir. Əsl niyyəti aldığı cihazı geri qaytarmaqdır. Cihazın qaytarılması ilə bağlı şirkətə müraciət edəndə şirkətin əməkdaşları ona cihazı geri qaytara bilməyəcəyini bildirmiş, geri qaytardığı təqdirdə isə cihazın amartizasiya xərcləri, vergi xərcləri, servis xərcləri və təlim xərcləri çıxılacağı bildirilmişdir. Əslində isə şirkət cihazı geri qaytamayacağını bildirmişdir. Çünki, cihazda hər hansı problem olmadığı cavabdehin öz imzası ilə təsdiq edilmişdir. Daha sonra cavabdeh S.Bəkirzadə müxtəlif sosial şəbəkələrdə (instagram, facebook, youtube və qafqazinfo.az, patrul.az, expressxeber.az kmi saytlarında həqiqətə uyğun olmayan, şirkətin işgüzar nüfuzuna xələl gətirən, yalan, böhtan xarakterli müsahibələr vermiş, şirkəti fırıldaqçı, dələduz adlandırmışdır. Bununla bağlı şirkət tərəfindən cavabdeh S.Bəkirzadəyə rəsmi xəbərdarlıq edilmiş və şirkət haqqında yayımladığı yalan məlumatları təkzib etməyini tələb etmişdir. S.Bəkirzadə şirkət tərəfindən ona göndərilən xəbərdarlığa məhəl qoymayaraq öz qanunsuz və şirkətin işgüzar nüfuzuna xələ gətirən məlumatları yaymaqda israrla davam etmişdir. S.Bəkirzadə sosial şəbəkədə insanlara şirkətdən heç bir məhsul almamağı təklif etmiş və şirkətə boykt elan etməyə təşviq etmişdir. Bu səbəbdən, şirkətdən müxtəlif növ cihaz almaq niyətində olan insanlar cihazı almaqdan imtina etmişdir, bunu təsdiq edən sübutlar ərizəyə əlavə edilmişdir. Bundan başqa, S.Bəkirzadənin yaydığı böhtan xarakterli məlumatlar sayəsində müxtəlif insanların yazdığı təhqiredici ifadələri özündə əks etdirən çıxarışlar ərizəyə əlavə edilmişdir. Xüsusi ittihamçı məhkəmə iclasında şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasını və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilən şəxs çıxış edərək bildirdi ki, həmin ifadələri o, yazmışdır. O, cihazı 16.000 manat ilkin ödəniş etməklə almış, lakin cihazda nasazlıq olduğundan qaytarmaq istəmiş, şirkət onu get-gələ salmış, cihazı qaytarmaqdan imtina etmişdir. Bunun nəticəsində ona da ziyan dəymiş, müştərilərini itirmişdir. Bu səbəbdən də o, xəbər saytlarında həmin ifadələri yazaraq, digər şəxslərin də bu şirkətə aldanmasının qarşısını almaq istəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, "xxxx" MMC şikayətində şikayətin verildiyi yeri göstərməmişdir. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında "xxxx" MMC tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 302 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 barəsində xüsusi ittiham qaydasında "xxxx" MMC tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar