Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-31/2024 23.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Şahid3, Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Ağsu rayonu, Ağabəyli kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq soyuq silahı əldə edib, dayışıyaraq saxlamış və üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edərək daşıyıb yaşadığı Ağsu şəhəri, S.Ə.Şirvani küçəsi, 6 saylı evdə saxlamış, qeyd edilən bıçağı üzərində gəzdirərkən 25 yanvar 2024-cü il tarixdə saat 21:30 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Ümid” kafesində olan zaman Ağsu RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarının arxa cibindən konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün istifadə olunması nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan soyuq silah hesab olunan kustar üsulla hazırlanmış, qatlanmayan, tiyə və dəstək hissədən ibarət olan, tiyəsinin orta xəttdən uzunluğu 115 mm, orta hissədə eni 27 mm, maksimal qalınlığı 2,9 mm olan, dəstəyinin uzunluğu 100 mm, orta hissədə eni 26 mm, orta hissədə qalınlığı 17 mm olamaqla ümumi uzunluğu 215 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 ya 2 aydır ki, narkotik vasitə olan marixuanadan istifadə etməyə başlamışdır, lakin marixuanadan mütəmadi olaraq deyil, hərdənbir istifadə etmişdir. Ağsu şəhər sakini X3 tanıyır, həmin şəxs onunla qonşuluqda yaşayır, əvvələr aralarında yaxşı münasibətlər olmuşdur, heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. 22 yanvar 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evə gedərkən yolda tanışı Davud Nuriyevlə evinin qarşısında olarkən təsadüfən rastlaşmışdırlar. Davud Nuriyevlə rastlaşdıqdan sonra bir qədər söhbət edib, Davuddan əvvələr də bir və ya iki dəfə narkotik vasitə olan marixuana aldığından görüş zamanı ona öz şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana təşkil etməsini xahiş etmişdir. Davud Nuriyev isə əvvəlcə ona narkotik vasitə olan marixuana tapa bilməyəcəyini desə də, o, narkotik vasitənin qarşılığında pul verəcəyini dedikdən sonra Davud ona narkotik vasitə olan marixuana tapacağını bildirmişdir. Bundan sonra o, Davud Nuriyevə öz şəxsi istifadəsi üçün iki büküm narkotik vasitə olan marixuana istədiyini, bunun qarşılığında 20 manat pul verəcəyini bildirmişdir. Davud Nuriyev də onunla razılaşmış və orada ondan narkotik vasitə olan marixuana təşkil etməsi üçün 20 manat pul almış və narkotik vasitə olan marixuananı əldə etdiyi zaman ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra sağollaşaraq ayrılmışdırlar. 24 yanvar 2023-cü il tarixdə saat təxminən 20 radələrində yaşadığı evə gedərkən yolda Davud Nuriyevə ona narkotik vasitə təşkil etməsi üçün pul verdiyini xatırlayaraq narkotik vasitəni əldə edib-etməməsini öyrənmək üçün Davud Nuriyevin yaşadığı evin qarşısından keçən zaman qapıdan Davudu çölə çağırmış, Davud onun səsinə çölə çıxsa da, sonradan onu evin həyətinə aparmışdır. Evin həyətinə girdikdən sonra o, Davud Nuriyevdən narkotik vasitə olan marixuana əldə edib-etməməsini soruşmuş, cavabında isə Davud onu həyətdə olan yaşadıqları evin zirzəmisinə apararaq narkotik vasitə olan marixuananı zirzəmidə saxladığını bildirmiş, sonra birlikdə evin zirzəmisinə daxil olaraq Davud Nuriyev zirzəmidə sağ tərəfdə olan qapını açmış, sonra həmin otağa daxil olmuşdurlar. Həmin otağa daxil olduqda o, yerdə bir ədəd çətənə bitkisinin kolu və həmin kolun yanında iki ədəd gümüşü büküm olmasını görmüş, həmin vaxt Davud çətənə bitkisinin yanında olan iki ədəd gümüşü bükümü yerdən götürərək ona vermişdir. Sonra o, həmin iki ədəd bükümü Davuddan götürüb əynində olan gödəkcəsinin sağ yan cibinə qoyaraq oradan çıxıb, yaşadığı evə getmişdir. Həmin gün narkotik vasitədən istifadə etməmişdir. Sabahısı gün, yəni 25 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı evin zirzəmisində saxladığı və təxminən 4-5 ay bundan əvvəl yoldan tapdığı qara dəstəkli bıçağı və Davud Nuriyevdən aldığı iki büküm narkotik vasitə olan marixuananı özü ilə götürərək yaşadığı evdən çıxmış və piyada Ağsu şəhəri, Nizami küçəsinə gəlmişdir. Həmin vaxt o, narkotik vasitə olan iki büküm marixuananı əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibində, bıçağı isə şalvarının arxa cibinə saxlamış, Ağsu şəhəri, Nizami küçəsində bir qədər gəzdikdən sonra çay içmək üçün həmin küçədə yerləşən “Ümid” kafesinə daxil olmuş, kafedə olarkən saat təxminən 21 radələrində polis əməkdaşları ona yaxınlaşaraq birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o, üzərində narkotik vasitə olan marixuana və bıçaq olmasın etiraf etmiş, sonra ondan həmin əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan marixuananı, həmçinin şalvarının arxa cibində saxladığı bir ədəd bıçağı çıxardaraq təhvil vermişdir. Sonra üzərindən aşkar olunmuş iki büküm marixuana və bıçaq qablaşdırılaraq ekspertiza tədqiqatı üçün götürülmüş və protokol tərtib olunmuşdur. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şübhəli şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 25 yanvar 2024-cü il tarixdə saat təxminən 21 radələrində Ağsu rayonu ərazisində olduğu zaman Ağsu RPŞ-dən ona zəng olunaraq yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlanılmasında şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanıldığını və yetkinlik yaşına çatmayan şəxs olduğu üçün qanuni nümayəndəsi qismində iştirak etməsi üçün Polis Şöbəsinə yaxınlaşması bildirilmişdir. Bundan sonra o, Ağsu RPŞ-nə gəlmişdir. Ağsu RPŞ-nə gəldikdən sonra ona hüquqları izah olunaraq oğlu Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Sonra oğlu Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra isə qanuni nümayəndə qismində onun, eləcə də Müdafiəçi iştirakı ilə videoçəkiliş əsasında oğlunun üzərində axtarış və götürmə aparılamağa başlanılmışdır. Axtarış və götürmə zamanı oğlu Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəcəsinin sağ yan cibindən iki ədəd gümüşü kağız bükümdə narkotik vasitə olan marixuana və əynində olan şalvarının arxa cibindən bir ədəd bıçaq aşakar olunaraq götürülmüşdür. Sonra aşkar olunmuş iki büküm narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkilərinin ayrı-ayrılıqda 0.25 qram və 0.28 qram olması müəyyən olunmuşdur. Axtarış və götürmə zamanı oğlu Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuananı Davud Nuriyev adlı şəxsədən almasını, lakin bir ədəd bıçağı isə tapmasını bildirmişdir. Bundan sonra oğlu Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və bir ədəd bıçaq ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və axtarış və götürmə barədə tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 25 yanvar 2024-cü il tarixdə ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Ağsu şəhərində narkotik vasitələri əldə etməsi, qəbul etməsi və üzərində saxlaması ilə bağlı bölməyə məlumat daxil olmuş, tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu barədə qərar qəbul edilmişdir. Sonra xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində o, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Ümid” kafesində olduğunu müəyyən edib, Təqsirləndirilən şəxs saxlayaraq, onun narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra atası Şahid3 qanuni nümayəndə qismində rayon Polis Şöbəsinə dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə foto və video çəkiliş əsasında axtarış və götürmə hərəkətləri aparılmağa başlanılmış, şübhəli şəxsin üzərinə axtarış və götürmə aparılarkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etməsi ondan tələb olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd gümüşü kağız bükümdə deməsinə görə narkotik vasitə marixuana olan kütləni, eləcə də əynində olan şalvarının arxa cibindən bir ədəd kəsici-deşici alət olan bıçaq təqdim etmişdir. Bundan sonra həmin narkotik vasitəni 20 manat pul qarşılığında Ağsu şəhər sakini Davud adlı şəxsdən almasını, bıçağı isə tapmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd gümüşü kağız bükümdə olan deməsinə görə narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək vəkilin iştirakı ilə tərəzidə çəkilmiş və hər birinin ayrı-ayrılıqda gümüşü kağızla birlikdə çəkilərinin 0,25 və 0,28 qram olmaları müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki büküm narkotik vasitə olan marixuanaya bənzər kütlələr, eləcə də təqdim etdiyi bir ədəd bıçaq ekspertizaya təqdim olunması üçün zərflərə qoyularaq qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənərək bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar və o, həmin protokolu imzalar ilə təsdiq etmişdirlər. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq X4 həmin tarixdə, saat 22:40 radələrində Ağsu şəhəri, Xəqani küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Davud Nuriyev isə heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmiş, sonra rayon polis şöbəsində Davud Nuriyev şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Daha sonra isə təhqiqatçı tərəfindən şübhəli şəxs Davud Nuriyevin üzərinə müdafiəçisinin iştirakı ilə foto və video çəkiliş əsasında axtarış və götürmə hərəkətləri aparılmağa başlanılmışdır. Şübhəli şəxsin üzərinə axtarış və götürmə aparılarkən üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə aşkar olunmamışdır. X7 razılığı ilə yaşadığı Ağsu şəhəri, Xəqani küçəsi 6 saylı evdə müdafiəçisinin iştirakı ilə axtarış və götürmə aparılmış, axtarış və götürmə zamanı evin zirzəmisinə daxil olduqda sağ tərəfdə yerləşən otaqda bir ədəd yarpaqsız, çiçəksiz çətənə bitkisinin kolu aşkarlanmışdır. Bundan sonra aşakar olunaraq götürülmüş çətənə bitkisinin kolu sintetik kisəyə qoyularaq ekspertizaya təqdim olunması üçün qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmışdır. Sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar və o, həmin protokolu imzalar ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - “Yetkinlik yaşına çatmayan şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, HK-1/93 saylı material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində atası Şahid3 təyin olunmuşdur. - “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 1(016)-24/2023 saylı, 20 aprel 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 315-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, onun ibtidai istintaq zamanı 12 yanvar 2023-cü il tarixdən 14 yanvar 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, onun üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 17/95 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 26 yanvar 2024-cü il tarixli, 17/96 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 02 ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda hər birinin təmiz çəkisi – 0,13 qram və 0,13 qram, ümumi çəkiləri – 0,26 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 27 yanvar 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, 27 yanvar 2024-cü il tarixdə saat 13:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, iki ədəd gümüşü kağız bükümdə, tədqiqatdan sonrakı ümumi qalıq çəkisi, 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd bıçaq, eləcə də Davud Nuriyevin yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumi qalıq çəkisi 45,68 qram təşkil edən 01 ədəd çətənə bitkisinin hissəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, davranış qaydalarına tam əməl etmir, bir dəfə məhkum olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 127.2.1 və 315-ci maddələri ilə təqsiri bilinrək 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 7(016)-5/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 1(016)-24/2023 saylı, 20 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 3 ay 8 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrumetmə hesabı ilə hesablanmaqla 7 ay 19 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 12 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və cinayəti törədərkən yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 23 may 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. CM-in 99-1.-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan soyuq silah hesab edilən 01 ədəd ov bıçağı xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana və X2 yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumi qalıq çəkisi 45,68 qram təşkil edən 01 ədəd çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 99,70 manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək saxlanıldığı 02 (iki) gün müddətin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvəz edilmiş 07 (yeddi) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 08 (səkkiz) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 23 may 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Ağsu Rayon Polis Şöbəsində saxlanılan soyuq silah hesab edilən 01 ədəd ov bıçağı xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 0,22 qram narkotik vasitə olan qurudulmuş marixuana və X2 yaşadığı evin zirzəmisindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı ümumi qalıq çəkisi 45,68 qram təşkil edən 01 ədəd çətənə bitkisinin hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 99,70 (doxsan doqquz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-31/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-31/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver