Məhkəmə qərarları › İş №1(016)-32/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-32/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-32/2025 10.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış və həmin narkotik vasitənin bir hissəsini bəxşiş şəklində satmışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə əlaqədar qanunsuz əldə etdiyi bir ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 8,44 qram olan xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynində olan sarı və qara rəngli gödəkçənin sol yan cibinə yerləşdirib üzərində satış məqsədilə əlaqədar qanunsuz saxlayaraq daşımaqla 18 mart 2025-ci il tarixdə saat 04 radələrində Ağsu şəhəri ərazisində yerləşən “Gözəl Ağsu” adlı şadlıq sarayının həyətində qonaqların günlük istirahətləri üçün hazırlanmış otaqların birində tanışı Şahid5 ilə görüşüb üzərində qanunsuz olaraq saxlayıb daşıdığı narkotik vasitə qurudulmuş marixuanın 0,23 qram hissəsini bir ədəd salfet kağızı bükümünə qablaşdırıb bəxşiş şəklində qanunsuz olaraq Şahid5 satmış, qalan xeyli miqdarda bir ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 7,58 qram olan narkotik vasitə qurudulmuş marixuananı yenidən əynində olan sarı və qara rəngli gödəkçənin sol yan cibinə yerləşdirib qanunsuz saxlamaqla daşımış, 18 mart 2025-ci il tarixdə saat 05:17-də Ağsu RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağsu şəhəri ərazisində yerləşən “Gözəl Ağsu” adlı şadlıq sarayının həyətində saxlanılıb üzəri yoxlanılarkən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd “Winston” markalı siqaret qutusunda təmiz çəkisi 7,58 qram olan xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan sarı və qara rəngli gödəkçənin sol yan cibində aşkar olunaraq götürülmüş, həmin tarixdə Ağsu RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamında “Gözəl Ağsu” adlı şadlıq sarayının həyətində qonaqların günlük istirahətləri üçün hazırlanmış otaqların birində Şahid5 saxlanılıb üzəri yoxlanılarkən əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibində sonuncuya bəxşiş şəklində satdığı Şahid5 tərəfindən ayrı-ayrılıqda qablaşdırılmış bir ədəd salfet kağızı bükümündə 0,16 qram və bir ədəd salfet kağızı bükümündə, 0,07 qram, ümumilikdə 0,23 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü narkotik vasitə saxlamaqda təqsirli bilir, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Rzayev küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 5-6 aydır ki, narkotik vasitələrin marixuana növündən istifadə edir. O, narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən almışdır. Belə ki, o, həmin şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, həmin şəxslə telefonunda olan “Whatsap” proqramı vasitəsilə əlaqə saxlayır və həmin şəxsin ona bildirdiyi kart hesabına pul köçürdükdən sonra həmin şəxs narkotik vasitənin olduğu yeri ona konum vasitəsilə göndərir. Bundan sonra o, həmin yerə gedib narkotik vasitəni oradan götürür. O, həmin şəxslə əlaqə saxladıqdan sonra həmin şəxs çox vaxt narkotik vasitənin Bakı şəhərində müxtəlif yerlərdə olduğunu bildirir. O da Bakı şəhərinə gedib həmin narkotik vasitəni əldə edir. 17 mart 2025-ci il tarixdə ona narkotik vasitə lazım olduğu üçün həmin şəxslə yenidən əlaqə saxlamışdır. Həmin şəxsdə ona narkotik vasitənin Bakı şəhəri Xətai rayonu ərazisində olduğunu bildirib narkotik vasitənin olduğu yerin konumunu göndərmişdir. O da həmin gün Bakı şəhərinə narkotik vasitənin konumunun olduğu yerə getmiş və oradan siqaretin ağ rəngli qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı götürmüşdür. Bundan sonra Ağsu rayonuna gəlməyə başlamışdır. O, Ağsu rayonuna gələn zaman tanışı Şahid5 zəng edib yol pulunun olmadığını bildirib yol pulu vermək üçün Rüfətdən pul istəmişdir. Rüfət isə ona Ağsu rayonuna gələndən sonra pul verəcəyini bildirmişdir. Bundan sonra o, Ağsu rayonuna gəlib gecə saat təxminən 3-4 radələrində Gözəl Ağsu adlı kafeyə getmişdir. O, Gözəl Ağsu adlı kafeyə getdikdən sonra orada Rüfətlə görüşmüş və oteldə olan boş otaqların birinə keçmişlər. Həmin vaxt Rüfətin tanışı İlkin də orada olmuşdur. Onlar otağa keçdikdən sonra biraz söhbət etmişlər. Sonra isə o, siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixunanı çıxarıb stolun üstünə qoymuşdur. Rüfət onda olan narkotik vasitədən istifadə etmək üçün biraz istəmişdir. O da həmin narkotik vasitədən bir büküm ayırıb Rüfətə vermişdir. Rüfət də həmin bükümü iki hissəyə bölüb birinin içərisinə siqaretin tütününü qarışdırmışdır. Sonra isə həmin bükümlərin hər ikisini də əynində olan gödəkçəsinin sol iç cibinə qoymuş, bundan sonra isə o, artıq gec olduğunu bildirib evə getmək istəmişdir. Sonra o, otaqdan çıxıb evə gedən zaman saat 05:17 dəqiqədə “Gözəl Ağsu” şadlıq sarayının həyətində olarkən 4 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan sarı rəngli gödəkcənin sol yan cibindən 01 ədəd siqaret qutusunda, narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd Redmi Note 10 markalı mobil telefon, sol cibindən isə bir ədəd Leobanka məxsus bank kartı aşkar olunmuşdur. Sonra narkotik vasitə elektron tərəzidə çəkilmiş və siqaret qutusu ilə birlikdə çəkisi 12,7 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis tərəfindən imzalanaraq götürülmüşdür. Bundan başqa üzərində olan, mobil telefon və bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra ona sual verilərək narkotik vasitəni haradan, kimdən əldə etməyi, onun kimlərəsə satmağı barədə soruşularkən, o, narkotik vasitəni 17 mart 2025-ci il tarixdə Bakı şəhərində tanımadığı İran vətəndaşından aldığını, Ağsu şəhərinə gəldikdən sonra “Gözəl Ağsu” restoranının hotelində yaşayan dostu Şahid5 onda olan narkotik vasitədən 1 bükümdə istifadə etməsi üçün pay kimi verdiyini bildirmişdir. Bundan sonra birlikdə hoteldə yaşayan Şahid5 otağına getmişlər, polis əməkdaşları Şahid5 üzərində narkotik vasitə varsa təqdim etməsini təklif etdikdən sonra Şahid5, üzərində olan 2 bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra Şahid5 və həmin otaqda olan Şahid6 üzərlərində olan mobil telefonları götürülərək, qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onları Ağsu rayon polis şöbəsinə aparmışlar. Ağsu rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır, eyni zamanda polis əməkdaşları onu saxlayan anadək narkotik vasitədən istifadə etməsə də, bir miqdarını dostu Şahid5 pay vermişdir. O, həmin narkotik vasitəni Şahid5 istifadə etmək üçün pay vermişdir. Rüfət ona pul verməmişdir. Şahid6 narkotik vasitə verməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 mart 2025ci il tarixdə gecə saatlarında Ağsu şəhər sakini Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra həmin şəxslərin qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid2, Şahid3, Ağsu RPŞ-nin KTQ-nin baş inspektoru polis kapitanı X5 və ondan ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Ağsu RPŞ-nin KTQ-nin baş inspektoru kapitanı X5 ilə birlikdə 18 mart 2025-ci il tarixdə gecə saat 04 radələrində xidməti avtomobillə Ağsu RPŞnin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri ərazisində yerləşən “Gözəl Ağsu” adlı kafeyə yollanmışlar. Bir az sonra həmin yerə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 həmin ərazidə olacağı məlum olduğu üçün həmin yerə gedib “Gözəl Ağsu” adlı kafenin həyətində bir qədər gözlədikdən sonra saat 05:17-də Təqsirləndirilən şəxs kafedən çıxmaq istəyərkən piyada hərəkətdə olduğunu görmüşlər. Dərhal əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 birlikdə sürətli şəkildə Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlamışlar. Sonra o, yaxınlaşıb xidməti vəsiqəsini təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlamışlar. Həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin KTQ-nin baş inspektoru polis kapitanı X5 həyata keçirirmiş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə bənzər kütlə olmasını deyib, əynində olan sarı və qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd “Winston” markalı siqaret paketini təqdim etmişdir. Təqdim edilən bir ədəd “Winston” markalı siqaret paketinin içərisinə baxış zamanı yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni konum əsasında İran İslam Respublikasının vətəndaşından Bakı şəhəri ərazisində əldə etdiyini, satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi ilə bağlı üzərində saxladığını, Ağsu şəhəri ərazisində yerləşən “Gözəl Ağsu” adlı şadlıq sarayına dostu ilə görüşmək üçün gəldiyini, dostunun “Gözəl Ağsu” adlı şadlıq sarayın otel hissəsində olduğunu, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə marixuanaya bənzər kütlədən bir qədərini pay olaraq Gözəl Ağsu” adlı şadlıq sarayında olan Rüfət adlı dostuna verdiyini bildirmişdir. Aşkar olunaraq götürülmüş bir ədəd “Winston” markalı siqaret paketinin içərisində yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müəyyən edilmişdir ki, siqaret paketi ilə birlikdə çəkisi 12,7 qramdır. Bundan sonra aşkar olunmuş yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə bir ədəd “Winston” markalı siqaret paketi ilə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində hər hansısa əşya və ya predmet yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən əynində olan sarı və qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinbdən bir ədəd mobil telefon və bir ədəd plastik bank kartı aşkar olunmuşdur. Aşkar olunmuş bir ədəd alışqan iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Aşkar olunaraq götürülmüş bir ədəd mobil telefon və bir ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınmaqla bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan marixuananın bir qismini verdiyi dostu Şahid5 “Gözəl Ağsu” adlı şadlıq sarayında olduğu otağı göstərdiyi üçün iştirakçılarla birikdə cinayət əməlinin ifşa edilməsi və iş üzrə intensivliyin və müvafiq ardıcıllığın pozulmaması üçün video çəkiliş əsasında həmin yerə gedilərək baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs göstərdiyi yerə daxil olduqda oranın yatmaq, istirahət etmək və qalmaq üçün istifadə olunan otaq olması, həmin otaqda iki nəfər şəxsin olması müəyyən edilmişdir. Həmin şəxslərdən birincisi Şahid5 olmasını, İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşamasını, ikinci şəxs isə Şahid6 olduğunu, Ağsu rayonu, Maşadqanlı kəndində yaşamasını bildirmişdir. Şahid5 içərisində yatmaq və ya qalmaq üçün şərait olan otaqda qalmadığını, sadəcə olaraq həmin otağa daxil olduğunu, “Gözəl Ağsu” adlı şadlıq sarayında çalışdığını, Şahid6 isə siqaret almaq üçün dostunun yanına gəlməsini və söhbət etdiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın bir qədərini pay olaraq dostu Rüfətə verdiyini bildirmişdir. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitəyə bənzər kütlə olmasını deyib, əynində olan qara rəngli gödəkçəsinin sol iç yan cibindən iki ədəd bükülmüş vəziyyətdə olan salfeti, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd alışqanı və bir ədəd düz halda salfeti təqdim etmişdir. Təqdim edilən iki ədəd salfet bükümünün içərisinə baxış zamanı yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Aşkar olunaraq götürülmüş iki ədəd salfet bükümün içərsində yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və müəyyən edilmişdir ki, iki ədəd salfet bükümlə birlikdə çəkisi 2,3 qramdır. Bundan sonra aşkar olunmuş yaşıl rəngli, kəskin iyə malik qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə iki ədəd salfet bükümlə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuşdur. Şifahi sorğu zamanı Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı dostu Orxandan götürdüyünü, Orxanın ona narkotik vasitəni bəxşiş olaraq verdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, istifadəçi olduğunu, 18 ildir narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bunun ardınca Şahid5 üzərində təqdim etdiklərindən başqa olan əşyaları təqdim edəcəyini bildirib bir ədəd mobil telefonu, kafeyə aid olan 35 manat pulu, kafenin və olduğu otağın açarlarını, bir ədəd dırnaqtutanı, diş təmizləmək üçün çöpləri, qəpiklərdən ibarət pul əskinaslarını təqdim etmişdir. Bundan sonra Şahid5 üzərində yoxlama aparılarkən üzərində narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olmadığı, eyni zamanda hər hansısa əşya və ya predmet olmadığı müəyyən edilmişdir. Şahid5 təqdim etdiyi kağız əskinaslardan ibarət pullar 35 manat, qəpik pullar isə 2 manat 60 qəpik təşkil etmişdir. Şahid5 üzərindən aşkar olunmuş bir ədəd mobil telefondan başqa digər əşyalar və pullar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Şahid5 təqdim etdiyi bir ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi halı nəzərə alınmaqla sonuncuya qaytarılmayaraq bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Bundan sonra Şahid6 yaxınlaşıb özünü təqdim edərək dostundan siqaret almaq üçün baxış keçirildiyi otağa gəldiyini, pulu olmadığı üçün dostu Rüfətin yanına gəlib Rüfətdən siqaret götürmək istədiyini bildirmişdir. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Şahid6 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Şahid6 üzərində saxladığı bir ədəd qol saatını, bir ədəd mobil telefonu, bir ədəd darağı və bir ədəd üzüyü təqdim etmişdir. Bunun ardınca Şahid6 üzərində tərəfindən yoxlama aparılarkən üzərində narkotik vasitə, dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, həmçinin hər hansısa əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı narkotik vasitə qəbul etmədiyini, Orxanın Rüfətə narkotik vasitəni verməsini işıq sönülü olsa belə gördüyünü bildirmişdir. Şahid6 təqdim etdiyi bir ədəd qol saatı, bir bir ədəd daraq və bir ədəd üzük iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şəxsin özünə qaytarılmışdır. Şahid6 təqdim etdiyi bir ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb edə biləcəyi halı nəzərə alınmaqla sonuncuya qaytarılmayaraq bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs deməsinə görə həmin narkotik vasitəni Bakı şəhərində tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Əməliyyat məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olur. Şahid5 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı Şahid5 18 mart 2025-ci il tarixdə Ağsu şəhərində yerləşən Gözəl Ağsu adlı kafedə Təqsirləndirilən şəxs əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid2 və X5 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, İsmayıllı rayon Qubaxəlilli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxslə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 17 mart 2025-ci il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində olduğunu və bir neçə saat sonra Ağsu rayonuna Gözəl Ağsu adlı kafeyə gələcəyini, Ağsu rayonuna gəlmək üçün yol pulunun olmadığını və ona yol puluna köməklik etməyi bildirmişdir. O isə pulunun olmadığını demiş və onlar danışığı yekunlaşdırmışlar. 18 mart 2025-ci il tarixdə saat təxminən 2-3 radələrində tanışı Şahid6 ona zəng edərək siqaretinin qurtardığını bildirib ondan siqaret istəmiş, o da X10 adlı kafeyə gəlməsini bildirmişdir. İlkin də Gözəl Ağsu adlı kafeyə gəlmişdir. Biraz sonra isə Təqsirləndirilən şəxs Gözəl Ağsu adlı kafeyə gəlmişdir. Təqsirləndirilən şəxs kafeyə gəldikdən sonra kafedə olan boş otaqların birində oturmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən bir ədəd siqaret qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuana çıxarmış, o da həmin narkotik vasitəni görüb Orxana həmin narkotik vasitədən istifadə etməyi üçün ona da verməsini bildirmişdir. Çünki o, özüdə təxminən 15-16 ildir ki, narkotik vasitədən istifadə edir. Orxan da həmin narkotik vasitədən ona bir büküm vermişdir. Sonra o, Orxanın ona verdiyi bir büküm narkotik vasitəni iki hissəyə bölmüş, sonra həmin bükümlərin birinə siqaretin tütününü qarışdırmış, digər bükümə isə heç bir şey etməmişdir. Sonra isə həmin bükümləri əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Biraz sonra isə Təqsirləndirilən şəxs gedəcəyini bildirib onların olduğu otaqdan çölə çıxmış, Orxan otaqdan çölə çıxdıqdan bir neçə dəqiqə sonra o, otaqda Şahid6 ilə birlikdə olarkən, 4 nəfər mülki geyimdə olan polis əməkdaşları, dostu Təqsirləndirilən şəxs ilə birlikdə otağa daxil olub, özlərini təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olubolmadığını, varsa təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 02 ədəd salfetlərə bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd Redmi Note 11 markalı mobil telefon aşkar olunmuşdur. Sonra narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2,3 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, o və polis əməkdaşları tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra ona sual verilərək narkotik vasitəni haradan, kimdən əldə etməyi, onun kimlərəsə satmağı barədə soruşularkən, o, 18 mart 2025-ci il tarixdə saat təxminən 2-3 radələrində dostu Təqsirləndirilən şəxs restorana gəldiyini, birlikdə olarkən, Təqsirləndirilən şəxs istifadə etməyi üçün ona narkotik varsa verməsini, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə olan qurudulmuş marixuanadan bir miqdarını ona verdiyini, daha sonra otelin otağında Orxanın ona verdiyi narkotik vasitənin bir miqdarını istifadə etmək üçün salfetin içərisində tütünlə qatışdırdığını, digərini isə başqa salfetə bükdüyünü, sonra hər iki bükümü əynində olan gödəkcənin sol iç cibinə qoyduğunu bildirmişdir. Bundan sonra həmin otaqda, onunla birlikdə olan Şahid6 üzərində narkotik vasitə və ya şübhəli əşya olub-olmaması soruşulmuş, İlkin üzərində şübhəli heç bir əşya olmadığını bildirmişdir. Sonra İlkinin üstü yoxlanılmışdır. Yoxlama zamanı İlkinin əynində olan şalvarının cibindən bir ədəd Samsung A10 markalı mobil telefon aşkar olunaraq, götürülmüşdür. Daha sonra onları polis əməkdaşları Ağsu rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Şahid5 tanıyır. 17 mart 2025-ci il tarixdə axşam radələrində tanışı Şahid5 ilə birlikdə Ağsu şəhəri, Nizami küçəsində yerləşən kafedə pivə içmişlər. Sonra Rüfət ondan aralanıb Gözəl Ağsu adlı kafeyə getmişdir. 18 mart 2025-ci il tarixdə saat təxminən 2-3 radələrində Rüfətə zəng edib siqaretinin olmadığını bildirib, Gözəl Ağsu adlı kafeyə gəlsə ona siqaret veribverməyəcəyini soruşmuşdur. Rüfət də Gözəl Ağsu adlı kafeyə gəlməyini və ona siqaret verəcəyini bildirmiş, bundan sonra o, həmin kafeyə getmişdir. O, Rüfətlə birlikdə kafedə olan boş otaqların birinə keçmiş, biraz sonra həmin yerə digər tanışı Təqsirləndirilən şəxs gəlmiş, Orxan gəldikdən sonra Rüfətlə söhbət etməyə başlamışdır. Biraz sonra Orxan cibindən bir ədəd siqaret qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb stolun üstünə qoymuş, həmin vaxt Rüfət istifadə etmək üçün Orxandan narkotik vasitə istəmiş, Orxanda həmin narkotik vasitədən bir büküm ayırıb Rüfətə vermişdir. Sonra Rüfət həmin bükümü 2 yerə bölüb birinin tərkibinə siqaretin tütününü qatmışdır. Sonra isə həmin bükümləri ikisini də əynində olan gödəkçənin sol iç cibinə qoymuşdur. Biraz sonra isə Orxan gedəcəyini bildirib otaqdan çölə çıxmış, Orxan getdikdən sonra o, Rüfətlə birlikdə qalmışdır. Bir neçə dəqiqə sonra isə 4 nəfər mülki geyimdə polis əməkdaşları, Təqsirləndirilən şəxs ilə birlikdə otağa daxil olub, özlərini təqdim etmişlər. Əvvəlcə Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Rüfət əynində olan qara rəngli gödəkcənin sol iç cibindən 02 ədəd salfetlərə bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmiş, sonra Rüfətin üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan qara rəngli şalvarın cibindən bir ədəd Redmi Note 11 markalı mobil telefon aşkar olunmuşdur. Sonra narkotik vasitə elektron tərəzidə çəkilmiş və salfetlərlə birlikdə çəkisi 2,3 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılaraq, götürülmüşdür. Daha sonra Rüfətə sual verilərək narkotik vasitəni haradan, kimdən əldə etməsi, soruşularkən, Rüfət narkotik vasitəni Təqsirləndirilən şəxs pay verdiyini bildirmişdir. Bundan sonra ondan üzərində narkotik vasitə və ya şübhəli əşya olub-olmaması soruşulmuş, o da üzərində şübhəli heç bir əşya olmadığını bildirmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd Samsung A10 markalı mobil telefon aşkar olunaraq götürülmüş, daha sonra polis əməkdaşları onları Ağsu rayon polis şöbəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs narkotik vasitə istəməmiş və Orxan ona narkotik vasitə verməmişdir. Orxan narkotik vasitə olan qurudulmuş marixunanı Rüfətə istifadə etməsi üçün pay vermişdir. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Təqsirləndirilən şəxs və Şahid5 onun yanında hər hansı narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutulma haqqında” 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2025-ci il tarixdə saat 07:45-də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 18 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 7,58 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan: - 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi – 0,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - digər 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi – 0,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümdə təmiz çəkisi - 0,20 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd siqaret qutusunda və 02 (iki) ədəd salfet kağızı bükümlərində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - “Cinayət əməlinin tövsif edilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmışdır. - “Üzləşdirmə aparılması haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:25-dən 10:33-dək Şahid5 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirilmədə Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi iştirak etmişdir. Üzləşdirmə zamanı Şahid5 18 mart 2025-ci il tarixdə, saat təxminən 2-3 radələrində Gözəl Ağsu adlı kafeyə gəldiyini, kafeyə gəldikdən sonra kafedə olan boş otaların birində oturduqlarını, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana çıxardığını, o da həmin narkotik vasitəni görüb, Orxana həmin narkotik vasitədən istifadə etməyi üçün ona da verməsini bildirdiyini, çünki o, özüdə təxminən 15-16 ildir ki, narkotik vasitədən istifadə etdiyini, Orxanın da həmin narkotik vasitədən ona bir büküm verdiyini, sonra o, Orxanın ona verdiyi bir büküm narkotik vasitəni iki hissəyə böldüyünü, sonra həmin bükümlərin birinə siqaretin tütününü qarışdırdığını, digər bükümə isə heç bir şey etmədiyini, sonra isə həmin bükümləri əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyduğunu bildirmiş, Təqsirləndirilən şəxs Şahid5 dedikləri ilə razılaşdığını, həmin narkotik vasitəni Rüfətə bəxşiş olaraq verdiyini, pul müqabilində satmadığını bildirmişdir. - “Üzləşdirmə aparılması haqqında” 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:35-dən 10:40-dək Şahid6 ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirilmədə Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçisi iştirak etmişdir. Üzləşdirmə zamanı X3 birlikdə kafedə olan boş otaqların birinə keçdiyini, biraz sonra həmin yerə digər tanışı Təqsirləndirilən şəxs gəldiyini, Orxan gəldikdən sonra Rüfətlə söhbət etməyə başladığını, biraz sonra Orxanın cibindən bir ədəd siqaret qutusuna doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuana çıxarıb stolun üstünə qoyduğunu, həmin vaxt Rüfətin istifadə etmək üçün Orxandan narkotik vasitə istədiyini, Orxanın da həmin narkotik vasitədən bir büküm ayırıb Rüfətə verdiyini, sonra Rüfətin həmin bükümü 2 yerə bölüb birinin tərkibinə siqaretin tütününü qatdığını, sonra isə həmin bükümlərin ikisini də əynində olan gödəkçənin sol iç cibinə qoyduğunu bildirmiş, Təqsirləndirilən şəxs İlkin İsgəndərzadənin dedikləri ilə razılaşdığını, başqa əlavəsinin olmadığını bildirmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək həbs edilmiş, cinayət işi hal-hazırda icraatdadır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Onun barəsində Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 15 may 2025-ci tarixli, 721 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 22 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixli qərarla CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid6 barələrində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilməsi, Şahid5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Ağsu rayon polis şöbəsinin İTB-yə göndərilməsi, cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16-17/2- 255/2025 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 721 saylı rəyi, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, üzləşdirmə protokolları həmçinin cinayət işi materiallarına əlavə olunmuş CD-disklərin sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs və Şahid5 üzərlərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları, Təqsirləndirilən şəxs məxsus bir ədəd Redmi Note 10 markalı mobil telefonun cinayət işi üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi, cinayət işi materiallarında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması ilə bağlı tərtib edilmiş vəsatət və təqdimatda texniki səhv olaraq Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılması yazılsa da Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən 234.2-ci maddəsinə tövsif edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılması üçün icraata qəbul edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi CPMin 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, üzləşdirmə protokolları və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə narkotik vasitə olan qurudulmuş marixuananı Şahid5 bəxşiş kimi verdiyinə, pul müqabilində satmadığına istinad edərək özünü ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədiyini göstərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.”. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı Şahid5 bəxşiş kimi verməklə onun tərəfindən narkotik vasitənin qanunsuz olaraq əldə edilməsini təmin etdiyindən, Təqsirləndirilən şəxs əməli narkotik vasitənin satılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Beləliklə, Təqsirləndirilən şəxs ittihamda ona istinad olunan cinayət əməlini törətməsi istintaq zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin şahid ifadələri və sair istintaq hərəkətlərinin protokolları və toplanılmış digər sənədlərlə tam sübuta yetirilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 18 mart 2025-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 7,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd “Redmi Note 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 18 mart 2025-ci il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 7,75 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd “Redmi Note 10” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar