Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-35/2024 04.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 yanvar 2024-cü il tarixdə tamkart kredit kartında olan pulun nağdlaşdırılmasını ondan xahiş etmiş qohumu, Ağsu şəhər sakini Zərərçəkmiş şəxs dializ xəstəsi olduğu üçün sərbəst hərəkət etməsinin məhdud olmasından istifadə edib sonuncunun istifadə etdiyi "xxxx" ASC-yə məxsus olan 5490- 2641-0531-1797 nömrəli tamkart kredit kartının 4 rəqəmli şifrəsini və kartda olan pulun məbləğini öyrəndikdən sonra Zərərçəkmiş şəxs məxsus kartın sonuncuya məxsus Mercedes markalı avtomobildə qalması görüntüsünü yaradaraq kartı qanunsuz olaraq ələ keçirib həmin tarixdə saat 14 radələrində kartdan 200 manat məbləğində pulu Ağsu şəhəri ərazisində yerləşən Elit Marketin yaxınlığındakı "xxxx" ASC-yə məxsus bankomatdan cinayətdən xəbərsiz şəxsiyyəti istintaqa məlum olmayan şəxsin köməkliyi ilə nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq etmişdir. Həmin hərəkətləri Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər soyğunçuluq cinayəti törətdiyinə görə eləcə də narkotik tərkibli bitkiləri kultivasiya etdiyinə görə məhkum olunmuşdur. Hal-hazırda Ağsu Rayon Məhkəməsinin hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün üzərində elektron nəzarət vasitəsi vardır. Ağsu şəhəri, S.Rzayev küçəsində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qohumudur. Onun Zərərçəkmiş şəxslə qohumluq əlaqələri olduğu üçün mütəmadi olaraq yaşadığı evə gedib gəlir. Zərərçəkmiş şəxs yaşlı olduğuna görə çox vaxt çölə bayıra çıxa bilmir. Buna görə də ona mobil telefonla zəng edərək öz şəxsi ehtiyaclarını həll etmək üçün xahiş edir. 25 yanvar 2024-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək onlara getməyi xahiş etmişdir. O da bundan sonra Akifin yaşadığı evə getmiş, Akif bildirmişdir ki, onunla birlikdə gedib kart hesabından pul çıxartsın. Daha sonra Akifin Mercedes-Benz markalı avtomobili ilə Ağsu şəhərində yerləşən “Elit market”-in qarşısına getmişlər. Akif cibindən Beynəlxalq Bank-a məxsus 5490-2641-0531-1797 saylı plastik tamkartını çıxardaraq ona vermiş və kartın 4 rəqəmli şifrəsini deyərək kartdan 100 manat məbləğində pul çıxarmağını xahiş etmişdir. O da həmin plastik kartı “Elit market”-in qarşısında quraşdırılmış bankomata salaraq kartdan 100 manat məbləğində pulu çıxardıb Akifə vermişdir. Lakin Akifin ona verdiyi Beynəlxalq Bank-a məxsus 5490-2641-0531-1797 saylı plastik tamkartını cibinə qoyaraq Akifə geri qaytarmamışdır. Akif isə kartı avtomobilə qoyduğunu başa düşmüşdür. Daha sonra onlar yenidən Akifin yaşadığı evə gedib çörək yedikdən sonra o, öz evinə gedib iynə vurduracağını deyərək Akifin evindən çıxmışdır. 25 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Akifin yaşadığı evdən çıxdıqdan sonra Akifə məxsus olan plastik kartdan 200 manat pul çəkmək məqsədilə “Elit market”-in yanında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gəlmişdir. O, bankomatın qarşısına gəldikdən sonra plastik kartı bankomata daxil etmişdir. Lakin həyacanlı olduğundan bankomatın düymələrindən düzgün istifadə edə bilmədiyi üçün 200 manat pulu nağdlaşdıra bilməmişdir. Bir neçə dəqiqə bankomatın qarşısında gözlədikdən sonra yaxınlıqda tanımadığı bir nəfər şəxsin olduğunu görmüş və həmin şəxsdən ona pulu nağdlaşdırmaqda köməklik etməsini xahiş edərək kartın 4 rəqəmli şifrəsini bildirmişdir. Həmin şəxs də kartın ona məxsus olduğunu fikirləşib kartı yenidən bankomata daxil edərək kartdan 200 manat məbləğində pulu nağdlaşdırmışdır. Bundan sonra kartı və pulu götürüb çıxıb getmişdir. Pulu çıxartdıqdan sonra Akifə zəng edərək yaşadığı evə gələcəyini demiş və birbaşa Zərərçəkmiş şəxs yaşadığı evə gemişdir. O, Akifin evinə getdikdən sonra Akif avtomobilinin açarını ona verərək avtomobilin içinə baxmağını, avtomobilin salonundakı günlükdən 15 manat pulu və tamkartı verməyini bildirmişdir. O da avtomobilin salonundakı günlükdən götürdüyü 15 manat pulu və üzərində olan plastik kartı bir yerdə Akifə vermişdir. Bir sözlə Akif plastik kartının avtomobildə qalmasını hesab etmişdir. Bundan bir neçə saat sonra Akif yenidən ona Elit marketin qarşısına getməyi bildirmişdir. Onlar birlikdə Elit marketin qarşısına getmişlər. Həmin vaxt Akif kartı orada olan qohumu Nizamiyə verib kartdan 100 manat pul çəkməsini bildirmişdir. Nizami də gedib Akifin kartından 100 manat pul çəkib gətirib Akifə vermiş və kartında 296 manat pul qaldığını bildirmişdir. Bundan sonra Akif kartından 200 manat pulunun çəkilməsini bilib onun yanında Beynəlxalq Bankın Baş ofisinə zəng etmişdir. Bundan sonra isə bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. O, hazırda dializ xəstəsi olduğu üçün ev işlərini görməkdə eləcə də ev üçün lazım olan əşyaları almaqda çətinlik çəkir. Bu cür işlərdə Təqsirləndirilən şəxs ona köməklik göstərir. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs zəng edərək onlara gəlməsini bildirmiş, bundan sonra Tağı onlara gəlmişdir. O, Təqsirləndirilən şəxs Beynəlxalq Banka məxsus tamkart kredit kartından pul çəkmək üçün Ağsu şəhəri ərazisində yerləşən Elit Marketin yaxınlığına getməyi bildirmiş, Tağı ona məxsus olan avtomobili idarə etməyə başlamışdır. Çünki o, avtomobil idarə etməkdə çətinlik çəkir. Onlar Tağı ilə birlikdə Elit marketin yanına getmişlər. Ora çatdıqdan sonra o, tamkart kredit kartını Tağıya verib kartın 4 rəqəmli şifrəsini bildirərək kartdan 100 manat pul çəkməsini və gətirib ona verməsini demişdir. Tağı da ondan kartı aldıqdan sonra bankomata yaxınlaşmışdır. O isə avtomobildə qalıb Tağını gözləməyə başlamışdır. Bir neçə dəqiqə sonra Tağı qayıdıb gəlmiş və ona 100 manat pul vermişdir. Lakin kartı ona qaytarmamış, o da Tağının kartı avtomobilə qoyduğunu zənn edib Tağıdan kartı istəməmişdir. Sonra Tağı ilə birlikdə onlara getmişlər. Günorta radələrində çörək yedikdən sonra Tağı işi olduğunu, iynə vurduracağını bildirib çıxıb getmişdir. Tağı getdikdən biraz sonra onun telefonuna kart hesabından 200 manat pulun çəkilməsi ilə bağlı mesaj gəlmişdir. O, kartından pul çəkilməsindən şübhələnsə də kartın avtomobildə olduğunu zənn etmişdir. Saat 15 radələrində Tağı yenidən qayıdıb onlara gəlmişdir. Həmin vaxt həyətdə usta işləyirmiş. Tağı da guya həmin işə baxmağa gəlmişdir. Həmin vaxt o, avtomobilin açarını Tağıya verib avtomobilin salonunda olan günlüyün içərisində 15 manat pul və kartının olduğunu bildirib Tağıdan həmin kartı və pulu gətirib ona verməsini bildirmişdir. Çünki o, elə bilirmiş ki, kart onun avtomobilində qalmışdır. Tağı da avtomobilin açarını ondan alıb getmişdir. Sonra isə kartı və 15 manat pulu gətirib ona vermişdir. Bundan bir neçə saat sonra o, Tağıya onu yenidən bankomata aparmasını bildirmişdir. Çünki kartından 200 manat pulun çəkilməsi şübhəsi onu narahat etmişdir. Tağı da onu yenidən Ağsu şəhəri ərazisində yerləşən Elit marketin yanındakı bankomata aparmışdır. Onlar bankomata çatdıqdan sonra o, qohumu Nizaminin orada olduğunu görüb kartı bilərəkdən qohumu Nizamiyə verib gedib kartdan 100 manat pul çəkməsini bildirmişdir. Nizami də bankomata yaxınlaşıb kartdan 100 manat pul çəkib gətirib ona vermiş və kartda 296 manat pulun qaldığını bildirmişdir. O, kartında olan və çəkilən pulları hesabladıqdan sonra kartından əlavə 200 manat pulun çəkilməsini əminliklə öyrənmişdir. O, bu barədə Tağıya bildirsə də, Tağı ona heç bir söz deməmiş və ona məxsus kartdan pul çəkmədiyini bildirmişdir. Sonra o, bu barədə Beynəlxalq Bankın baş ofisinə zəng edərək məlumat vermişdir. Onlar da həmin gün saat 14:03-də kartdan 203 manat pulun çəkilməsini bildirmişlər. O da bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Kartda ümumilikdə 700 manat pul olmuşdur. Zərərçəkmiş şəxs hüquqi varisi Şahid1 16 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək əri Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə rəhmətə getdiyini bildirmiş və onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsini qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(016)-35/2024 nömrəli qərarı ilə Şahid1 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Ağsu rayonu, Gəgəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qohumudur. 25 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən Elit Marketin yanında dayanmışdır. Bu zaman qohumu Zərərçəkmiş şəxs öz avtomobili ilə onların olduğu yerə gəlmiş, lakin avtomobili Təqsirləndirilən şəxs idarə edirmiş. Zərərçəkmiş şəxs bankomatın yanına gəldikdən sonra onu yanına çağırmış, o da Akifin yanına getmişdir. Zərərçəkmiş şəxs ona bir ədəd plastik kart verərək həmin kartı Beynəlxalq Bankın bankomatına daxil etməyi və kartdan 100 manat pul çəkməyi, həmçinin kartda qalan pulun da məbləğini öyrənməyi bildirmişdir. O da Zərərçəkmiş şəxs kartı alıb bankomata yaxınlaşmışdır. Kartı bankomata saldıqdan sonra kartda 398 manat pul olduğunu görmüşdür. O, kartdan 100 manat pul nağdlaşdırmış, kartda 296 manat pul qalmışdır. Çünki 2 manat da komisiya haqqı tutulmuşdur. Bundan sonra o, 100 manat pulu və kartı Zərərçəkmiş şəxs verib kartda 296 manat pulun qalmasını bildirmişdir. Zərərçəkmiş şəxs də kartından 200 manat pulun əskik olduğunu demişdir. O bu məsələyə özü də təəccüblü qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs Beynəlxalq Bankın baş ofisinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşmışdır. O da öz işlərinin dalınca getmişdir. Sonradan öyrənmişdir ki, kartdan 200 manat pulu Zərərçəkmiş şəxs yanında olan şəxs, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq oğurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 26 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 26 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli, 4(016)-10/2024 nömrəli qərarından görünür ki, xx.xx.1971-ci il tarixdə Ağsu rayonu, Ağalarbəyli kəndində anadan olmuş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 1(016)-68/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Ağsu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(016)-4/2024 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzasının çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi barədə Ağsu rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimat rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2024-cü il tarixli 7(016)-38/2024 nömrəli, qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş protest təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 1(016)-4/2024 nömrəli qərarı ləğv edilmiş, təqdimat qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 07 gün hissəsinin CM-in 52-1.5ci maddəsinə əsasən 01 il 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 05 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 fevral 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı ildə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzadan azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2024-cü il tarixli qərarla CM-in 177.2.3- 1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş 3 ədəd CD-disk və digər sənədlərin sübut növü kimi tanınması, Zərərçəkmiş şəxs istifadəsində olan, lakin həyat yoldaşı Şahid1 adına qeydiyyata alınmış "xxxx" ASC-yə məxsus 5490-2641-0531-1797 saylı tamkart kredit kartının maddi sübut kimi tanınması və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısını Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Onun barəsində Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə hər hansı şikayət daxil olmamışdır. - AZ-İİ seriyalı 405775 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Şahid1 16 may 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək əri Zərərçəkmiş şəxs xx.xx.2024-cü ildə rəhmətə getdiyini bildirmiş və onun zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi və mənəvi ziyanın tam ödənilməsini qeyd edərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. - Ağsu Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 1(016)-35/2024 nömrəli qərarından görünür ki, Şahid1 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 04 iyul 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış – 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs istifadəsində olmuş, lakin həyat yoldaşı Şahid1 adına qeydiyyata alınmış "xxxx" ASC-yə məxsus **********311797 nömrəli tamkart kredit kartının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 67.1-ci maddəsinə əsasən, Ağsu Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(016)-68/2024 nömrəli hökmu ilə təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2024-cü il tarixli 7(107)-38/2024 nömrəli qərarı ilə əvəz edilmiş 01 (bir) il 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 04 (dörd) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli 04 iyul 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – 03 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs istifadəsində olmuş, lakin həyat yoldaşı Şahid1 adına qeydiyyata alınmış "xxxx" ASC-yə məxsus **********311797 nömrəli tamkart kredit kartının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-35/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-35/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver