Məhkəmə qərarları › İş №1(016)-36/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-36/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-36/2023 14.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi, ev 56, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 300 qram təmiz çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib yerini dəyişməklə üzərində daşıyıb Ağsu rayonu. Dilman kəndində yerləşən mərhum atası Fəraiq Abdullayevdən qalma evdə saxlamış, xx.xx.2023cü il tarixdə həmin narkotik vasitəni əl çantasına yerləşdirib Dilman kəndinin içərisində hərəkətdə olan zaman saat 17:00 radələrində Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon Dilman kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 18:20-də üzərində şəxsi axtarış aparılarkən, üzərində olan qara rəngli əl çantasının içərisində təmiz çəkisi 300 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lakin taksi fəaliyyəti ilə və arabirdə fərdi əməklə məşğul olur. O, narkotik vasitələrin aludəçisidir və uzun müddətdir ki, narkotik vasitələrin marixuana növündən istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Onun mərhum atası X8 rayonun Dilman kənd sakini olmuşdur. Atası rəhmətə gedən zaman Dilman kənd qəbristanlığında dəfn olunmuşdur. Onun Dilman kəndində ata evi vardır. Lakin hal-hazırda həmin evdə heç kim yaşamır. Yay aylarında o, Dilman kəndinə gedərək həmin evdə bir neçə müddət qalır. Təxminən 2022-ci ilin yay aylarında Ağsu rayonu, Dilman kəndi ərazisində yerləşən qəbristanlığa mərhum atasının məzarını ziyarət etməyə gedərkən, qəbristanlıqda kolların içərisində iki ədəd çətənə kolu aşkar etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin çətənə kollarının üzərində olan yarpaqlarını yığaraq özü ilə götürmüşdür. Çətənə kolunun yarpaqlarını torbaya yığaraq Dilman kəndində mərhum atasından qalma evə aparıb, qurudub, evdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə Dilman kəndində yerləşən, mərhum atasından qalma evə gedərkən, yay aylarında yığdığı, selofan torbada olan narkotik vasitə olan marixuanı özü ilə gətirdiyi əl çantasına yerləşdirmişdir. Bundan sonra, o, Bakı şəhərinə qayıtmaq istəyərkən həmin evdən çölə çıxıb, kənd ərazisində piyada hərəkətdə olan zaman, polis əməkdaşları onu saxlatdıraraq narkotik vasitələrin qəbulu və istifadəsində şübhəli olduğunu bildirib birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o əl çantasında narkotik vasitə olan marixuana olmasını etiraf etmişdir. O, narkotik vasitələrin istifadəçisidir, lakin satışı ilə məşğul olmur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, Ağsu RPŞ-nin CABın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Ağsu rayonu ərazisinə narkotik vasitələr gətirir, narkotik vasitə qəbul edir və üzərində saxlayır. Tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağsu RPŞ-nin İTB-nin polis sahə nəfərləri, polis baş serjantları X4 və X2 ilə birlikdə Ağsu rayonu, Dilman kəndi ərazisində xidmətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənd ərazisində piyada hərəkətdə olduğunu görüb, Təqsirləndirilən şəxs saxlayaraq, narkotik vasitə qəbulunda və saxlanmasında şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra, rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət olunaraq hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa özü könüllü təqdim etsin. Baxış zamanı Təqsirləndirilən şəxs əl çantasında narkotik vasitə olan marixuana olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əl çantasının içərisindəki, sarı rəngli sellofan torbanın içərisində olan narkotik vasitə olan marixuananı çıxararaq təhvil vermiş və bildirmişdir ki, həmin narkotik vasitə olan marixuananı 2022-ci ilin yay aylarında Ağsu rayonu, Dilman kəndinin qəbirstanlığından tapdığı iki ədəd çətənə kolunun yarpaqlarını yığıb qurudaraq əldə etmiş, daha sonra Ağsu rayonu, Dilman kəndində yerləşən mərhum atasından qalma evdə saxlamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan olunmuş başqa əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan marixuana elektron tərəzidə çəkilmiş və narkotik vasitə olan marixuananın çəkisi, sellofan torba ilə birlikdə 350 qram təşkil etməsi müəyyən edilmişdir. Bundan sonra həmin bükülü qablaşdırılmış və RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokollar ucadan oxunmuş, iştirakçılar və o, həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimdən və nə vaxt əldə etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs özünün bildirməsinə görə həmin narkotik vasitəni 2022-ci ilin yay aylarında Ağsu rayon Dilman kəndinin qəbirstanlığından tapdığı iki ədəd çətənə kolunun yarpaqlarını yığıb qurudaraq əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. Lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ilə bağlı hər hansı bir əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 şahid X3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 05 fevral 2023-cü il tarixli, 17/147 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində əl çantasının içərisində, sellofan torbada olan kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 sarı rəngli sellofan torbada, təmiz çəkisi - 300 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00-da saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 13 fevral 2023-cü il tarixli, 232 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyndən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/147 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 232 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş, narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. 68 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1988-ci il tarixdən ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır. Yaşadığı müddət ərzində onun barəsində 68 saylı Mənzil Kommunal İstismar Sahəsinə yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadələri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış, çəkisi 299,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 fevral 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddət 01 (bir) günə bir gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfdə qablaşdırılmış, çəkisi 299,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar