Məhkəmə qərarları › İş №1(016)-36/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-36/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-36/2024 28.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdam rayonu, Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Ağsu şəhəri, 141-ci məhəllədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 9,07 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 03 fevral 2024-cü il tarixdə saat 15:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri, N.Tağızadə küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 16:40 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 9,07 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu şəhəri 141-ci məhəllədə yaşayır. Narkotik vasitə olan, camaat arasında “nəşə” adlanan marixuanadan arabir istifadə edir. 03 fevral 2024-cü il tarixdə gündüz vaxtı Ağsu çayının üzərindən keçən piyada körpüsünün yanında dayanıb siqaret çəkirmiş. Bu zaman körpünün pilləkəninin altında, yerdə bir ədəd sellofan büküm görmüş və həmin bükümü yerdən götürmüşdür. Sellofan bükümə yaxından baxan zaman onun içində marixuanaya bənzər maddə olmasını müəyyən etmişdir. O, sellofanı açıb içindəki maddəni iyləyən zaman onun marixuana olduğunu anlamışdır. Bundan sonra istifadə etmək məqsədilə içində marixuana olan sellofan bükümü cibinə qoymuş və oradan uzaqlaşmışdır. 03 fevral 2024-cü il tarixdə saat təxminən 15 radələrində Ağsu şəhəri, N.Tağızadə küçəsində piyada gəzirmiş. Bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmçinin onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməsini ondan tələb etmişlər. O, polis əməkdaşları ilə razılaşıb Ağsu rayon polis şöbəsinə gəlmişdir. Həmin gün şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra özü seçdiyi vəkil oraya dəvət edilmişdir. Bundan sonra ona hüquqları izah olunmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olub-olmaması soruşulduqda üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonra əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən, bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı çıxararaq təhvil vermişdir. Daha sonra həmin marixuana ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bundan sonra bu barədə tərtib edilən protokolu imzalamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvlərilə birlikdə Ağsu şəhəri, Azərbaycan küçəsində yerləşən nömrəsiz evdə kirayədə yaşayır. Hazırda Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və hazırda Ağsu şəhəri, N.Tağızadə küçəsində olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu barədə qərar qəbul edilmişdir. Bundan sonra şöbənin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis mayoru Şahid2 ilə birlikdə Ağsu şəhəri, N.Tağızadə küçəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşıb saxlamışlar. Onlar özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvlərilə birlikdə Ağsu şəhəri, Koroğlu küçəsində yerləşən 3 nömrəli evdə yaşayır. 03 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və hazırda Ağsu şəhəri, N.Tağızadə küçəsində olması barədə Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis polkovnik-leytenantı Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Şahid1 daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən Şahid1 həvalə olunmuş və bu barədə qərar qəbul edilmişdir. Bundan sonra o, Şahid1 ilə birlikdə Ağsu şəhəri, N.Tağızadə küçəsinə getmişdir. Onlar Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşıb saxlamışlar. Onlar özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. 03 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman və ya rayon Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir göstərməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tututma haqqında” 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2024-cü il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 04 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/124 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs., Vəkil Müdafiəçi...” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 9,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında ” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. “Başqa yerə getməmək haqqında” 05 fevral 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 05 fevral 2024-cü il tarixli, 176 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 15 fevral 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Polis şöbəsində cinayət işi başlanılmış, cinayət işi hal-hazırda icraatdadır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır. Ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır, onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhərində qeydiyyatda olmaqla 10 ilə yaxındır ki, Ağsu şəhəri 142-ci məhəllədə yaşayır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilmiş, üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın 06 fevral 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək şöbənin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X3 04 fevral 2024-cü il tarixli, 17/124 saylı ekspert rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 05 fevral 2024-cü il tarixli, 176 nömrəli ekspert rəyi, şahid ifadələri və 03 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadələri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “barəsində başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə 9,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 fevral 2024-cü il tarixdən 05 fevral 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 01 ədəd şəffaf sellofan bükümdə 9,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar