Məhkəmə qərarları › İş №1(016)-37/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-37/2025

03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-37/2025 03.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı , Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Lerik rayonu, Soru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Soru kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi 06 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,5 qram, 4,21 qram, 4,11 qram, 3,7 qram, 4,01 qram və 4,42 qram, ümumi təmiz çəkisi 24,95 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 25 aprel 2025-ci il tarixdə saat 19:50-də Ağsu rayon Polis şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri 3-cü məhəllədə saxlanılıb üzəri yoxlanılarkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 06 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri 4,5 qram, 4,21 qram, 4,11 qram, 3,7 qram, 4,01 qram və 4,42 qram, ümumi təmiz çəkisi 24,95 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sağ yan cibində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 6 aydır ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 23 aprel 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramına tanımadığı mobil nömrədən zəng gəlmişdir. O, telefonu açdıqda zəng edən şəxs özünü ona İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxs kimi təqdim etmişdir. Danışıq zamanı “Baba” adlı şəxs ona narkotik vasitələrin satışı ilə məşğul olmağını, əgər istəyirsə ona da narkotik vasitə sata biləcəyini bildirmişdir. Bundan sonra o, həmin şəxsə narkotik vasitə olan marixuanadan istifadə etməyini bildirmişdir. “Baba” adlı şəxs ona 6 kibrit qutusu marixuana sata biləcəyini, bunun qarşılığında ona 200 manat pul göndərməyini bildirmişdir. Bundan sonra o, Sulutəpə qəsəbəsində olan marketlərdən birinə gedib ödəmə terminalı vasitəsilə “Baba” adlı şəxsin ona dediyi nömrəsini xatırlamadığı “M10” hesabına 200 manat pul göndərmişdir. Bir qədər keçdikdən sonra “Baba” adlı şəxs ona pulun onun hesabına çatmağını demiş, ona “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə məkan məlumatları və bir ədəd fotoşəkil göndərmiş və ona çatacaq 6 qutu marixuananın həmin məkanda olmasını bildirmişdir. O, həmin məkan məlumatlarına daxil olmuş və “Baba” adlı şəxsin qeyd etdiyi yerin Bakı şəhəri Mehdiabad qəsəbəsində yerləşməsini görmüşdür. 24 aprel 2025-ci il tarixdə saat 12 radələrində o, Bakı şəhəri Mehdiabad qəsəbəsində “Baba” adlı şəxsin ona məkan məlumatlarında göstərdiyi yerə getmişdir. Bu vaxt o, orada yolun kənarında “Baba” adlı şəxsin ona göndərdiyi fotoşəkildə olan daşın altında yerləşən sellofan torbanı götürmüşdür. Sellofanı açıb baxan zaman onun içərisində 06 ədəd qutu olmasını, qutuları bir-bir açıb baxan zaman isə onun içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Bundan sonra o, içərisində narkotik vasitə marixuana olan 06 ədəd kibrit qutularını əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, sonradan onun içərisində olan marixuanadan istifadə edər. Bundan sonra olan bir gün ərzində, yəni 25 aprel 2025-ci il tarixədək olan müddət ərzində ona məxsus olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı narkotik vasitə marixuanadan istifadə etməmişdir. 25 aprel 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yolun kənarında dayanmış ** CA *** dövlət qeydiyyat nişanlı, “Vaz21074 minik” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 yaxınlaşmış və onlar söhbət etməyə başlamışlar. Bu vaxt o, Elxana onu Ağsu rayonuna tanışlarının yanına aparmağını bildirmişdir. Elxan ona Ağsu rayonunda onun qohumlarının olmasını, buna görə də onu 50 manat qarşılığında Ağsu rayonuna apara biləcəyini demişdir. Bundan sonra bir qədər Sulutəpə qəsəbəsində vaxt keçirdikdən sonra o, Elxanın idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074 minik” markalı avtomobil ilə Ağsu rayonuna yola düşmüşdür. 25 aprel 2025-ci il tarixdə saat 19 radələrində onlar Ağsu rayonuna çatmışlar. Bundan sonra onlar şam etmək üçün birlikdə Ağsu şəhəri 3-cü məhəllə adlanan yerə gəlmişlər və avtomobildən düşərək piyada hərəkət etməyə başlamışlar. Bu vaxt 3 nəfər polis geyim formasında olan şəxs və 1 nəfər də mülki geyimdə olan şəxs onlara yaxınlaşmışlar. Bu vaxt mülki geyimdə olan şəxs də polis əməkdaşı olmasını demiş və özlərini təqdim etmişlər. Bu vaxt polis əməkdaşları baş verənləri videoçəkilişlə qeyd edirmişlər. Polis əməkdaşları onun və Elxanın üzərində narkotik vasitənin saxlanılmasında şübhəli olmalarını bildirmişlər və üzərlərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixtrop maddə varsa onu təqdim etmələrini bildirmişlər. Bundan sonra o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan 06 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin 06 ədəd kibrit qutuları açılan zaman onların hər birinin içərisində narkotik vasitə marixuana olması məlum olmuşdur. Həmin 06 ədəd kibrit qutuları elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Bunun ardınca polis əməkdaşı ona üzərində başqa hər hansısa əşya və ya predmetin olub-olmamasını bildirmiş və o da üzərində hər hansısa əşya və ya predmetin olmamasını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzəri yoxlanılarkən dövriyyəsi qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmiş, lakin üzəri yoxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon da polis əməkdaşı tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları Elxanın üzərində yoxlama aparmışlar, lakin yoxlama zamanı Elxanın üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərib olunmuş və o da protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birgə oraya imza etmişdir. Polis əməkdaşları onu saxlayarkən, həmçinin polis şöbəsinin inzibati binasında olarkən ona hüquq və vəzifələrini izah etmişlər, onun müdafiə hüququnu təmin edərək dövlət hesabına müdafiəçi ilə təmin etmiş, ona qarşı heç bir qanunsuz hərəkət etməmişlər. Narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır, Şahid1 onun üzərində içərisində narkotik vasitə qurudulmuş marixuana olan 06 ədəd kibrit qutunun olması barədə heç bir məlumatı olmamaışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074 minik” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin edir. Təqsirləndirilən şəxs “Tural” adlı şəxs kimi tanıyır, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi sakini kimi tanıyır, sonuncu ilə münasibətləri yaxşıdır. 25 aprel 2025-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yolun kənarında idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074 minik” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün dayanmışdır. Bu vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşmış və onlar söhbət etməyə başlamışlar. Bu vaxt Savad ona Ağsu rayonuna tanışlarının yanına gedəcəyini, onu Ağsu rayonuna aparmağını bildirmişdir. O, Savada Ağsu rayonunda qohumlarının olmasını, buna görə də onu 50 manat qarşılığında Ağsu rayonuna apara biləcəyini demişdir. Bundan sonra bir qədər Sulutəpə qəsəbəsində vaxt keçirdikdən sonra Savad ilə o idarə etdiyi ** CA *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074 minik” markalı avtomobil ilə Ağsu rayonuna yola düşmüşlər. 25 aprel 2025-ci il tarixdə saat 19 radələrində onlar Ağsu rayonuna çatmışlar. Bundan sonra onlar yemək yemək üçün birlikdə Ağsu şəhəri 3-cü məhəllə adlanan yerə gəlmiş və avtomobildən düşərək piyada hərəkət etməyə başlamışlar. Bu vaxt 3 nəfər polis geyim formasında olan şəxs və 1 nəfər də mülki geyimdə olan şəxs onlara yaxınlaşmış, mülki geyimdə olan şəxs də polis əməkdaşı olmasını demiş və özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları baş verənləri videoçəkilişlə qeyd edirmişlər. Polis əməkdaşları onun və Savadın üzərində narkotik vasitənin saxlanılmasında şübhəli olmalarını bildirmiş və üzərlərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixtrop maddə varsa onu təqdim etmələrini bildirmişlər. Bundan sonra Savad əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 06 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin 06 ədəd kibrit qutuları açılan zaman onların hər birinin içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması məlum olmuşdur. Həmin 06 ədəd kibrit qutuları elektron tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onun üzərində yoxlama aparmışlar, yoxlama zamanı onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş və o da protokol düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birgə oraya imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda DİN-in Ağsu RPŞ-nin CAB-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra daxil olmuş məlumat dərhal onun tərəfindən Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin KMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Ağsu RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı Şahid3 və Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 ibarət olmuşdur. Bundan sonra isə Şahid4, Şahid3 və Şahid5 birlikdə 25 aprel 2025-ci il tarixdə saat 19 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri 3-cü məhəlləyə yollanmışlar. Bir az sonra həmin yerə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs və Şahid1 həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib yaxınlıqda orada bir qədər gözlədikdən sonra saat 19:50 radələrində Təqsirləndirilən şəxs və Şahid1 piyada hərəkətdə olduğunu görüb dərhal Şahid4, Şahid3 və Şahid5 ilə birlikdə onlara yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmalarını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlamışlar. Həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Şahid5 həyata keçirmiş. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi tərəfindən təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə bənzər kütlənin olmasını deyib əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən altı ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim edilən altı ədəd kibrit qutularının içərisinə baxış zamanı onların hər birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Həmin altı ədəd kibrit qutuları içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə tərəfindən elektron tərəzidə çəkilmişdir. Bundan sonra aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan altı ədəd kibrit qutusu bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək tərəfindən qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuşdur. Bundan başqa qablaşdırma zamanı bütün iştirakçılar zərfin üzərinə imza etmişlər. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxanaya bənzər kütləni İran İslam Respublikasının vətəndaşından 200 manat qarşılığında almasını şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni satmaq niyyətinin olmadığını bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq üzərində hər hansısa əşya və ya predmet olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzəri tərəfindən yoxlanılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon da tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra tərəfindən Şahid1 hüquq və vəzifələri izah edilmişdir. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Şahid1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində heç bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olmamasını bildirmişdir. Bundan sonra Şahid1 üzəri tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Şahid1 taksi sürücüsü kimi Təqsirləndirilən şəxs Ağsu şəhərinə gətirməsini, onun üzərində narkotik vasitə olması barədə məlumatının olmamasını və Təqsirləndirilən şəxs də ona üzərində narkotik vasitənin olması barədə məlumat verməməsini, özünün narkotik vasitələrdən istifadə etməməsini bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs və Şahid1 üzərini yoxlama hərəkəti Ağsu şəhəri 3-cü məhəllədə başa çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilmişdir. Orada müvafiq sənədləşmə aparılmışdır. Sənədləşməylə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü, barəsində toplanmış müvafiq material narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və bir ədəd disk müvafiq prosessual qərar qəbul edilməsindən ötrü Rayon Polis Şöbəsinin Təhqiqat Qrupuna təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə digər Şahid3 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi Şahid2 məhkəmə iclasında verdiyi ifadəsi ilə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26 aprel 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2025-ci il tarixdə, saat 19:50-də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 26 aprel 2025-ci il tarixli, 17/305 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “İştirak etdilər: Üzərindən narkotik vasitə aşkar edilən şəxs. 1.Təqsirləndirilən şəxs. 2.Təzəgül Əmirov. 3.Şahid3. 4.Qətirli Məhəmməd. 5.Şahid1.” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 06 (altı) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 4,50 qr., 4.21 qr., 4,11 qr., 3,70 qr., 4.01 qr. və 4,42 qr., ümumi çəkiləri - 24,95 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 (altı) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 27 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 27 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Maddi sübut kimi tanıma haqqında” 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 24,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün Ağsu rayon Polis şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır. - Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 08 may 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı - 1993-cü il təvəllüdlü X5, qızı – 2016-cı il təvəllüdlü X4, oğlu – 2019-cu il təvəllüdlü X1 ibarətdir. - Lerik Rayon İcra Hakimiyyəti başçısının Əliabad kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1993-cü il tarixində Lerik rayonunun Soru kəndində anadan olmuşdur. Binəqədi rayon Sulutəpə qəsəbəsində 1-ci sinfinə getmiş və təhsilini 5-ci sinifədək davam etmişdir. Təhsili ibtidaidir. 2012-ci ilin iyul ayında hərbi xidmətə getmiş və 2014-cü ilin yanvar ayında xidmətdən qayıtmışdır. Hal-hazırda Bakı şəhər Binəqədi rayon Sulutəpə qəsəbəsində yaşayır. Fərdi əməklə məşğuldur. O, nümunəvi ailədə doğulmuşdur. Ərazidə yaşadığı dövrdə intizamlı olmuş, davranışı ilə digərlərindən seçilmişdir. Yaşadığı ərazidə insanların rəğbətini qazanmış, ictimai işlərdə yaxından iştirak etmişdir. Özü və ailəsi vətənpərvər ruhda böyümüş və tərbiyə almışlar. Dövlət və dövlətçiliyimizə həmişə sadiq olan vətəndaş olmuşlar. Ailəlidir, 2 övladı var. İctimaiyyətdə və məişətdə böyük hörmətə malikdir. Təqsirləndirilən şəxs müsbət xasiyyətnamə ilə xarakterizə olunur. - “Lerik Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 08 may 2025-ci il tarixli, 18-1- 59/2-116/25 nömrəli məktubdan görünür ki, Lerik rayonunun Soru kəndində yaşayan Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji xəstəliyinə görə Lerik Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş və dispanser qeydiyyatında durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 may 2025-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 11 iyun 2025-ci il tarixli, 934 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 15 iyun 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 27 aprel 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, onun barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, üzərindən aşkar olunaraq götürülmüş 06 (altı) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 24,95 qram xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən material ayrılaraq araşdırılması üçün icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs və Şahid1 əməllərində CM-in 234.4.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs ifadəsində Bakı şəhərində “M10” vasitəsilə “Baba” adlı İran İslam respublikasının vətəndaşına 200 manat pul göndərib narkotik vasitəni əldə etməsi xüsusatı ilə əlaqədar əməlində CM-in 234.4.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə barəsində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, üzərindən aşkar olunaraq götürülmüş 06 (altı) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 24,95 qram xeyli miqdarda bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ekspertiza tədqiqatı zamanı “CAS MWP 300” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərində yoxlanılma aparılarkən əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibinə yerləşdirib qanunsuz daşıdığı 06 (altı) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 24,95 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı təqdim etdiyi üçün onun bu hərəkətinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 24,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın Ağsu rayon Polis şöbəsinin saxlancına verilməsinin nəzərə alınması, iş üzrə şübhəli şəxsin üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona 27 aprel 2025-ci il tarixdə baxış keçirildikdən sonra həmin “Samsung” markalı mobil telefonun iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün sonuncunun özünə qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından məhkəmə-bioloji ekspertizanın 26 aprel 2025-ci il tarixli, 17/305 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 11 iyun 2025-ci il tarixli, 934 nömrəli rəyi, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üzərlərinin yoxlanılması və əşyaların götürülməsi haqqında” 25 aprel 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş bir ədəd disk, Ağsu Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Aqşin Mirzəxanlının 14 iyun 2025-ci il tarixli raportu, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələrinin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadəsi, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 aprel 2025-ci il tarixdən 27 aprel 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 24,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 aprel 2025-ci il tarixdən 27 aprel 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Lerik rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Lerik rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 24,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar