Məhkəmə qərarları › İş №1(016)-38/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-38/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-38/2023 01.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağsu rayonu, Qəşəd kəndində anadan olmuş, işsiz, orta təhsilli, evli, məhkum olunmamış, Ağsu rayonu, Qəşəd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 12,63 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 03 mart 2023-cü il tarixdə saat 08:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri, S.Vurğun küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 09:00 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibindən, sellofana bükülmüş, bir ədəd siqaret qutusunda, təmiz çəkisi 12,63 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə olan, camaat arasında “nəşə” adlanan marixuanadan arabir istifadə edirmiş. 02 mart 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq İsmayıllı rayonuna getmiş, rayon ərazisindəki parkda olarkən yerdə sellofana bükülmüş halda olan bir ədəd, siqaret qutusu olduğunu görmüş, ona maraqlı gəldiyi üçün əyilib sellofanı yerdən götürmüşdür. Daha sonra sellofanın içində olan siqaret qutusunu açıb içinə baxmış və bu zaman siqaret qutusunun içində, narkotik vasitə olan marixuanaya bənzər ot olduğunu görmüşdür. O, həmin otu iyləyən zaman onun narkotik vasitə olan marixuana olduğunu anlamış və siqaret qutusunu marixuana ilə birlikdə sellofan torbaya qoymuşdur. Daha sonra həmin sellofanı cibinə qoymuş və oradan uzaqlaşıb tanımadığı taksi avtomobilinə əyləşib Ağsu şəhərinə gəlmişdir. O, tapdığı narkotik vasitə olan marixuananın bir hissəsini istifadə etmişdir. 03 mart 2023-cü il tarixdə saat təxminən 07 radələrində marketdən alış-veriş etmək üçün Ağsu şəhərinə gəlmişdir. Həmin vaxt özü istifadə edə bilməsi üçün tapdığı narkotik vasitəni üzərində Ağsu şəhərinə gətirmişdir. Həmin tarixdə saat təxminən 08:30 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt üzərində narkotik vasitə olduğundan o, qaçmağa çalışmışdır. Lakin polis əməkdaşları onu tutub saxlamışdır. Polis əməkdaşları onun üzərində qanunsuz əşya olub-olmamasını soruşmuşlar. O, da səmimi olaraq üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmişdir. Polis əməkdaşları onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməsini ondan tələb etmişlər. O, polis əməkdaşları ilə razılaşıb Ağsu rayon polis şöbəsinə gəlmişdir. Daha sonra şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra siyahıdan seçdiyi vəkil oraya dəvət edilmiş, bundan sonra ona hüquqları izah olunmuşdur. Müdafiəçisinin iştirakı ilə üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonra əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibindən, sellofana bükülmüş, bir ədəd siqaret qutusunun içərisində olan qurudulmuş marixuananı çıxararaq təhvil vermişdir. Ona həmin marixuananı haradan əldə etməsi barədə sual verilmişdir. O, marixuananı İsmayıllı rayonunda yerdən tapdığını demişdir. Daha sonra həmin marixuana ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bu zaman həmin qurudulmuş marixuananın siqaret qutusu ilə birlikdə çəkisinin 19.20 qram olması müəyyən edilmişdir. Bundan sonra bu barədə tərtib edilən protokolu imzalamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon X9-Patrul Xidməti Bölüyünün manqa komandiri vəzifəsində işləyən, polis baş serjantı X8 ifadəsində işin mahiyyəti üzrə göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə saat 08:30 radələrində şöbənin PPXB-nin sürücü polis nəfəri, polis serjantı X3 ilə birlikdə Ağsu şəhəri, S.Vurğun küçəsində xidmətdə imiş. Bu zaman onlar piyada hərəkətdə olan bir nəfər şəxsin onları görüb özünü şübhəli aparmasını müəyyən etmişlər. Bu zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs dərhal qaçmağa başlamışdır. Onlar cəld hərəkət edərək Təqsirləndirilən şəxs tutub saxlamışlar. Təqsirləndirilən şəxs nə səbəbə qaçmaq istədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs ilk öncə onlara heç bir səbəb olmadan qaçdığını demiş, onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibindən, sellofana bükülmüş, bir ədəd siqaret qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və İsmayıllı rayonunda yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon X9-Patrul Xidməti Bölüyünün sürücü polis nəfəri vəzifəsində vəzifəsində işləyən, polis serjantı X3 ifadəsində işin mahiyyəti üzrə göstərmişdir ki, o, 03 mart 2023-cü il tarixdə saat 08:30 radələrində şöbənin PPXB-nin manqa komandiri, polis baş serjantı X8 ilə birlikdə Ağsu şəhəri, S.Vurğun küçəsində xidmətdə imiş. Bu zaman piyada hərəkətdə olan bir nəfər şəxsin onları görüb özünü şübhəli aparmasını müəyyən etmişlər. Bu zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Təqsirləndirilən şəxs dərhal qaçmağa başlamış, onlar cəld hərəkət edərək Təqsirləndirilən şəxs tutub saxlamışlar. Təqsirləndirilən şəxs nə səbəbə qaçmaq istədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs ilk öncə onlara heç bir səbəb olmadan qaçdığını demişdir. Onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra polis baş serjantı X11 Osmanovun tərəflərindən saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynində olan tünd yaşıl rəngli gödəkcəsinin sol yan cibindən, sellofana bükülmüş, bir ədəd siqaret qutusunda, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və İsmayıllı rayonunda yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə, saat 08:45-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03 mart 2023-cü il tarixli, 17/233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 1 ədəd siqaret qutusunda, təmiz çəkisi – 12,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, 03 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X5 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd zərfin içərisində olan, sellofana bükülmüş 01 ədəd siqaret qutusunda, 12,58 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Ağsu rayonu Qəşəd kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nizam-intizamlı aparır, kənddə qısa müddətdə böyük hörmət və nüfuza sahib olmuşdur. Ailəlidir, həyat yoldaşı X2 “A.Soltanov” adına tam orta məktəbdə tədris hissə müdürü vəzifəsində işləyir, 3 azyaşlı uşaq atasıdır. 2016-cı il tarixdən İ qrup əlil kimi daimi qeydiyyata alınmışdır. Seçki kompaniyasında yaxından iştirak edir. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökumətin apardığı uğurlu siyasəti dəstəkləyir. Dövlətin sirrini saxlamağı bacarır. Bu günə kimi onun haqqında Qəşəd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan 018396 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Axtarışda olan şəxsin tutulması barəsində” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:50-də tutularaq Ağsu rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Ağsu Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tətbiq edilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 20 aprel 2023-cü il tarixli, 679 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağsu Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmiş, qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığının müddəti iş üzrə yekun məhkəmə aktı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirlərinin həll edilməsinədək müəyyən edilmiş, Təqsirləndirilən şəxs məhkəmədə işə baxıldığı zaman faktiki yaşadığı evdən axşam saat 20:00-dan səhər saat 08:00-dək kənara çıxmasına, evin yerləşdiyi rayonun ərazisini tərk etməsinə, cinayət işi üzrə digər şəxslərlə və onların qohumları ilə əlaqə saxlamasına, yaşadığı ünvanda həmin cinayət işi ilə bağlı olan şəxsləri qəbul etməsinə qadağa qoyulsun, ona, davranışına nəzarət edən orqana müəyyən edilmiş vaxtda zəng etmək, həmin orqanın və ya məhkəmənin çağırışlarına şəxsən və təxirə salınmadan gəlmək vəzifələri həvalə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşaqların olmasını və İ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 03 mart 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət, 18 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X5 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd zərfin içərisində olan, sellofana bükülmüş 01 ədəd siqaret qutusunda, 12,58 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 mart 2023-cü il tarixdən 04 mart 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət, 18 aprel 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X5 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd zərfin içərisində olan, sellofana bükülmüş 01 ədəd siqaret qutusunda, 12,58 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yetdi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar