Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-39/2025 05.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz əldə etdiyi bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,733 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində qanunsuz saxlayaraq daşımış, 01 iyun 2025-ci il tarixdə saat 11:48-də Ağsu RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri, S.Quliyev küçəsində saxlanılıb üzəri yoxlanılarkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,733 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan qara rəngli şalvarının sağ yan cibində bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Özü narkotik vasitə istifadəçisidir, buna görədə narkotik vasitə olan heroin qəbul edir. Tutulmamışdan təxminən 3-4 gün qabaq Bakı şəhərinə getmişdir. Bakı şəhərində Alatava qəsəbəsində olarkən yerdə gümüşü kağızın parıldadığını görüb həmin kağızı yerdən götürüb içərisini açanda narkotik vasitə heroin olduğunu görmüşdür. O, ətrafa baxıb onu görən şəxsin olmadığına əmin olduqdan sonra bükümü cibinə qoymuş, xx.xx.2025-ci il tarixdə isə qayıdıb Ağsu şəhərinə gəlmişdir. Həmin narkotik vasitənin bir hissəsini xx.xx.2025-ci il tarixdə istifadə etmiş, digər hissəsini isə özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə həmin narkotik vasitəni və eləcədə narkotik vasitəni həll etmək üçün limon duzunu siqaret qutusunun içərisinə yerləşdirib cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə yaşadığı küçədə olan zaman saat 11:48-də polis əməkdaşları yaşadığı evin qarşısında ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narkotik vasitə olub olmadığını, varsa təqdim etməyini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd prima markalı siqaret qutusunun içərisində olan bir bükümdə narkotik vasitə heroini və ayrı bir bükümdə olan limon duzunu təqdim etmişdir. Sonra narkotik vasitə elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə çəkisi 3,8 qram olmuşdur. Sonra həmin narkotik vasitə qablaşdırılaraq ağ rəngli kağız zərfə yerləşdirilmiş, o və polis tərəfindən imzalanaraq götürülmüşdür. Sonra üstü yoxlanılmış, yoxlama zamanı üzərindən hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra ona sual verilərək narkotik vasitəni haradan, kimdən əldə etməyi, kimlərəsə satmağı barədə soruşularkən o, narkotik vasitəni tutulmamışdan 3-4 gün əvvəl Bakı şəhəri, Alatava Qəsəbəsində yerdən tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Ağsu rayon Polis şöbəsinə gətirmişlər. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. Narkotik vasitə olan heroini heç kəsdən almamışadır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ağsu RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 iyun 2025-ci il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsi, daşıması və saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat tərəfindən dərhal Ağsu RPŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞnin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Ağsu RPŞ-nin PPXB-nin taqım komandiri, polis kapitanı Şahid2 və ondan ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə 01 iyun 2025-ci il tarixdə saat 11:48 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, S.Quliyev küçəsində saxlanılmışdır. Sonra o, Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlamışdır. Həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin PPXB-nin taqım komandiri, polis kapitanı Şahid2 həyata keçirmişdir. Bu zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üzərinin yoxlanılmasına başlanılmışdır. Üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə bənzər kütlə olmasını deyib, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret paketini təqdim etmişdir. Təqdim edilən bir ədəd “Prima” markalı siqaret paketinin içərisinə baxış zamanı bir bükümdə psixotrop maddə metamfetamin olması ehtimal edilən kütlə, digəri isə bir ədəd falqada narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmişdir. “Prima” markalı siqaret paketinin içərisinə baxış zamanı Təqsirləndirilən şəxs bir bükümdə psixotrop maddə metamfetamin olması ehtimal edilən kütlənin limon duzu olmasını bildirmişdir. Təqdim edilən bir ədəd “Prima” markalı siqaret paketinin içərisindən aşkar olunaraq götürülmüş bir ədəd falqada narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və müəyyən edilmişdir ki, falqayla birlikdə çəkisi 3,8 qramdır. Həmçinin təqdim edilən bir ədəd “Prima” markalı siqaret paketinin içərisindən aşkar olunaraq götürülmüş bir bükümdə psixotrop maddə metamfetamin olması ehtimal edilən kütlə elektron tərəzidə çəkilmiş və müəyyən edilmişdir ki, bükümlə birlikdə çəkisi 0,8 qramdır. Bundan sonra aşkar olunmuş bir bükümdə psixotrop maddə metamfetamin olması ehtimal edilən kütlə və bir ədəd falqada narkotik vasitə hesab edilən heroinə bənzər kütlə bir ədəd “Prima” markalı siqaret paketi ilə birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni Bakı şəhərindən əldə etdiyini və şəxsi istifadəsi ilə əlaqədar üzərində saxlamasını bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq sol əlində saxladığı salfetləri, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd alışqanı, sol yan cibindən isə bir ədəd özünə aid şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində axtarış aparılarkən hər hansısa əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş bir ədəd alışqan və salfetlər iş üzrə maddi sübut əhəmiyyətinə malik olmadığı üçün şəxsin özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd özünə aid şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, sonra Təqsirləndirilən şəxs Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə də hər hansı əməliyyat məlumatı yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixdə saat 11:48-də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 02 iyun 2025-ci il tarixli, 17/389 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Narkotik vasitəyə bənzər kütlələr ...2) Təqsirləndirilən şəxs/imza/... ” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda; - gümüşü-ağ rəgli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,733 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - ağ kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 1,359 qram olan limon (sitrat) turşusuna oxşar maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 03 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 4(016)-16/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 01 iyun 2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 12 iyul 2025-ci il tarixli, 956 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs çətin tərbiyə olunandır. Ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, davranış qaydalarına tam əməl etmir və tüfeyli həyat tərzi keçirir. Onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə bir neçə dəfə cinayət xarakterli material daxil olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 iyun 2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-in 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2025-ci ildə cəzasının sonu ilə azad edilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2025-ci il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun əməlində cinayətlərin residivinin müəyyən edilməsinin nəzərə alınması, istintaq zamanı ona elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunmasının nəzərə alınması, polis əməkdaşları tərəfindən saxlanılıb üzərində yoxlanılma aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibinə yerləşdirib qanunsuz daşıdığı təmiz çəkisi 0,733 qram xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə - heroini təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməsi, Məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilən tarixin xx.xx.2025-ci il kimi nəzərə alınması, cinayət işi üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16-17/2-389/2025 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 956 saylı rəyi, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması və əşyaların götürülməsi haqqında protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, həmçinin cinayət işi materiallarına əlavə olunmuş CD-disklərin sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqlarının cinayət işi üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin sadə residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə münasibətdə residiv CM-in 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq, ona cəza CM-in 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 01 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər üçün müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təmiz çəkisi 0,683 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 110 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 iyun 2025-ci il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təmiz çəkisi 0,683 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 110 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-39/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-39/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver