Məhkəmə qərarları › İş №1(016)-40/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-40/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-40/2023 22.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağsu rayonu, Nəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Ağsu rayonu, Nəmirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutmaqla becərmişdir. Belə ki, o, 2023-cü ilin yanvar ayında torpaq sahəsində əkin işləri aparmaqla qazanc əldə etmək vahid niyyəti ilə əhatə olunan qəsdlə Ağsu rayonu Nəmirli bələdiyyəsinin mülkiyyətində olan 2,65 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini qeyd olunan bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan, bələdiyyənin icazəsi olmadan qəsdən qanuni sahibini həmin torpaq sahəsinə daxil olmaqdan və ya torpaq sahəsindən sair formada istifadə etməkdən məhrum edərək, 2023-cü ilin yanvar ayında sözügedən ərazinin 2,65 ha hissəsini əkinə yararlı vəziyyətə gətirməklə, həmin hissədə buğda toxumları əkib, onlara qulluq edib yetişdirməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Ağsu rayon Nəmirli Bələdiyyəsinə məxsus 2,65 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini özbaşına tutmaqla becərmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonu, Nəmirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənd ərazisində özünə məxsus hüquq müəyyənedici sənədlə heç bir torpaq sahəsi yoxdur. Təxminən 2018-ci il tarixdə rayon İcra Hakimiyyəti Başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Nəmirli kəndində vətəndaşlarla görüş keçirərkən Nəmirli kənd ərazisində ona əkin əkmək üçün torpaq sahəsi ayrılması haqqında rayon İcra Hakimiyyəti başçısına şifahi olaraq müraciət etmiş, onun müraciəti əsasında rayon İcra Hakimiyyətinin sabiq başçısı Ənvər Seyidəliyev kəndin sabiq icra nümayəndəsi Şahid3 və bələdiyyə sədri Zərərçəkmiş şəxs göstəriş verərək ona Nəmirli kəndi ərazisindən əkin əkmək üçün 2.0 ha ölçüdə torpaq sahəsi ayrılması barədə göstəriş vermiş, lakin sabiq icra nümayəndəsi və bələdiyyə sədri hazırda Nəmirli kənd Bələdiyyəsinin əkin üçün ehtiyat fondunda torpaq sahəsi olmadığını bildirmiş, buna baxmayaraq sabiq İcra başçısı Ənvər Seyidəliyev onun vətəndaş kimi müraciət etdiyini deyərək hardan olursa-olsun torpaq sahəsi ayrılmalı olduğunu bildirmişdir. Bundan təxminən 1 həftə sonra sabiq icra nümayəndəsi Şahid3 ona telefonla zəng edərək sabiq başçı Ənvər Seyidəliyevin göstərişi ilə Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsindən 2.0 ha ölçüdə torpaq sahəsi ayrılaraq verəcəklərini ona bildirmişdir. Beləliklə də o, sabiq icra nümayəndəsi Şahid3 ilə, eləcə də bələdiyyə sədri Zərərçəkmiş şəxs ilə görüşmüş və həmin şəxslərin iştirakı ilə ona Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsindən 2.0 ha ölçüdə torpaq sahəsi ayrılaraq verilmişdir. Sabiq İcra nümayəndəsi Şahid3, habelə bələdiyyə sədri Zərərçəkmiş şəxs ona ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğunu, həmin torpaq sahəsində əkin əkməməyini, sadəcə olaraq heyvanlarının otlaması üçün istifadə etməsini bildirmiş, buna görə də o, həmin sahədə əkin və şumlama işləri aparmamış, sadəcə olaraq həmin sahədə heyvanlarını otarmış və sahədən bitən otları biçdirərək heyvanlarına vermişdir. 2021-ci il tarixədək o, həmin sahədən örüş sahəsi kimi istifadə etmiş, orada heç bir hasarlama, şumlama və ya əkin işləri görməmişdir. 2021-ci il tarixdən sonra isə ona ayrılan torpaq sahəsi örüş sahəsi olduğundan, heyvanların tapdağı altında qaldığından və orada əkin işləri apara bilmədiyindən o, daha 2.0 ha ölçüdə olan torpaq sahəsindən istifadə etməmişdir. 2023-cü ilin yanvar ayında isə maddi imkanı aşağı olduğundan keçmişdə ona örüş sahəsi kimi istifadə etmək üçün ayrılmış, lakin münbit olmayan 2.0 ha ölçüdə olan örüş torpaq sahəsinin yaxınlıqda olan daha az heyvan otlayan və Nəmirli kənd bələdiyyəsinin mülkiyyətində olan 2.65 hektar ölçüdə olan torpaq sahəsini tutaraq oranı şumlatdırıb, orada buğda əkmiş, lakin bir müddət keçdikdən sonra bələdiyyə sədri Zərərçəkmiş şəxs ona həmin yerin örüş sahəsi olduğunu və kənd sakinlərinin həmin yeri əkdiyi üçün narazılıq etdiyini bildirdiyi üçün o, daha həmin yerdən istifadə etməmiş və kənd sakinlərinin heyvanlarının örüş sahəsi kimi həmin yerdə otlamalarına şərait yaratmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri zamanı Ağsu rayonu Nəmirli bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Ağsu rayon Nəmirli bələdiyyəsinə rayonun Nəmirli, Bənəcik və Kəlağayılı kəndləri daxildir. İşlədiyi dövr ərzində bələdiyyə torpaqlarını müvafiq olaraq müqavilə bağlayıb, kənd sakinlərinə əkin əkmək üçün və digər kənd təsərrüfatı məqsədi ilə işlər görülməsi üçün tərəfindən icazə verilmişdir. Təxminən 2018-ci il tarixdə Nəmirli kənd sakini Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Nəmirli kəndində vətəndaşlarla görüş keçirərkən Nəmirli kənd bələdiyyəsinə məxsus torpaq sahəsindən ona əkin əkmək üçün sahə ayrılması barədə RİH başçısına şifahi olaraq müraciət etmişdir. Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyəti başçısına müraciətindən sonra sabiq başçı Ənvər Seyidəliyev kəndin sabiq icra nümayəndəsi Şahid3 və bələdiyyə sədri olaraq ona tapşırıq verərək müvəqqəti olaraq Təqsirləndirilən şəxs bələdiyyənin mülkiyyətində olan kol-kosluq ərazilərdən əkin əkməsi üçün torpaq sahəsi ayırmalarını tapşırmış, lakin Nəmirli kənd bələdiyyəsinin ehtiyat fondunda əkin üçün nəzərdə tutulmuş torpaq sahəsi olmadığından Təqsirləndirilən şəxs əkin üçün torpaq sahəsi ayrılması məsələsi yubanmağa başlamışdır. Buna görə də Təqsirləndirilən şəxs bir-neçə dəfə RİH başçısının qəbuluna gedərək ona torpaq sahəsi ayırlmadığı barədə şikayətlər etmişdir. Təxminən 2018-ci ilin sonlarında sabiq İcra Nümayəndəsi Şahid3 ona telefonla zəng edərək başçının ona göstəriş verdiyini, Təqsirləndirilən şəxs dəfələrlə başçının qəbuluna şikayətə getdiyini deyərək artıq Təqsirləndirilən şəxs Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsindən müvəqqəti olaraq, təxminən 2.0 ha torpaq sahəsi ayıraraq Təqsirləndirilən şəxs verəcəyini bildirmiş, o, isə Təqsirləndirilən şəxs əkin əkməsi üçün torpaq sahəsi verməyin mümkün olmadığını, örüş sahəsindən heyvandarlığın inkişafı üçün 2.0 ha ölçüdə torpaq sahəsi ayrıla biləcəyini bildirmişdir. Bundan sonra isə sabiq İcra Nümayəndəsi Şahid3 və onun iştirakı ilə Nəmirli kənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsindən 2.0 hektar torpaq sahəsi ayrılaraq müvəqqəti olaraq istifadə etməsi məqsədi ilə Təqsirləndirilən şəxs verilmişdir. Lakin Təqsirləndirilən şəxs torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğu Təqsirləndirilən şəxs bildirilmiş və orada hasarlama, şumlama və əkin işləri aparmaması Təqsirləndirilən şəxs tapşırılmışdır. Beləliklə də 2018ci ilin sonlarından etibarən Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı 2.0 hektar örüş torpaq sahəsində heyvanlarını otarmağa, yəni həmin yeri təyinatı üzrə istifadə etməyə başlamışdır. 2021-ci il tarixdə isə o, Təqsirləndirilən şəxs xəbərdarlıq edərək həmin torpaq sahəsinin ona müvəqqəti olaraq başçının göstərişi ilə mövsümü olaraq verildiyini, artıq həmin sahəni geri qaytarmasını bildirmiş, Təqsirləndirilən şəxs isə bu barədə onunla razılaşmışdır. Buna baxmayaraq, 2023-cü ilin yanvar ayının əvvələrində Təqsirləndirilən şəxs keçmişdə ona müvəqqəti olaraq ayrılmış 2.0 hektar örüş torpaq sahəsinin yaxınlığında olan 2.0 hektardan artıq ölçüdə bələdiyyənin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini şumlatdıraraq orada əkin işləri aparmağa başlamışdır. O, bu barədə məlumat aldıqdan sonra Təqsirləndirilən şəxs xəbərdarlıq edərək şumladığı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olmasını bildirərək etdiyi əmələ görə məsuliyyət daşıyacağını bildirmiş, lakin Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu əsas gətirərək torpağı əkəcəyini demişdir. Bundan bir müddət sonra isə Nəmirli kənd sakini Şahid4 Təqsirləndirilən şəxs qanunsuz olaraq Bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsindən istifadə etməsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, Şahid4 müraciəti əsasında isə həmin xidmətin əməkdaşları əraziyə gələrək Təqsirləndirilən şəxs istifadə etdiyi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə baxış keçirərək akt tərtib etmişlər. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilən torpaq sahəsi hazırda bələdiyyəyə geri qaytarılmış, ona qarşı hər hansı şikayətləri yoxdur. O, təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. Ağsu rayon Nəmirli kənd sakini Şahid4 16 yanvar 2023-cü il tarixdə Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinə müraciət edərək Ağsu rayon Nəmirli kənd Sakini Təqsirləndirilən şəxs Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı təxminən 2.0 ha torpaq sahəsini zəbt etməsini, həmin torpaq sahəsində şumlama və əkin işləri aparmasını bildirmişdir. Şahid4 xidmətə müraciəti əsasında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid2 ilə birlikdə 02 fevral 2023-cü il tarixdə Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə sözügedən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı sözügedən torpaq sahəsinin şumlanması və sahədə taxıl əkilməsi müəyyən olunmuş, daha sonra bu barədə müvafiq qaydada akt tərtib olunmuş, sözügedən torpaq sahəsinin fotoşəkilləri çəkilmişdir. Bu barədə akt tərtib olunduqdan sonra tərtib olunmuş akt məsələyə hüquqi qiymət verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyir. Ağsu rayon Nəmirli kənd sakini Şahid4 16 yanvar 2023-cü il tarixdə Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinə müraciət edərək Ağsu rayon Nəmirli kənd Sakini Təqsirləndirilən şəxs Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı təxminən 2.0 ha torpaq sahəsini zəbt etməsini, həmin torpaq sahəsində şumlama və əkin işləri aparmasını bildirmişdir. Şahid4 xidmətə müraciəti əsasında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi Şahid1 ilə birlikdə 02 fevral 2023-cü il tarixdə Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs ilə birlikdə sözügedən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı sözügedən torpaq sahəsinin şumlanması və sahədə taxıl əkilməsi müəyyən olunmuşdur. Daha sonra bu barədə müvafiq qaydada akt tərtib olunmuş, sözügedən torpaq sahəsinin fotoşəkilləri çəkilmişdir. Bu barədə akt tərtib olunduqdan sonra tərtib olunmuş akt məsələyə hüquqi qiymət verilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Ağsu rayonu Nəmirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun bacısı oğludur, buna baxmayaraq, Təqsirləndirilən şəxsla münasibətləri yaxşı deyildir, lakin aralarında hər hansı bir ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs Ağsu rayonu Nəmirli kəndi ərazisində yerləşən 2.0 hektardan çox torpaq sahəsini özbaşına olaraq tutmuş və həmin yeri şumlatdıraraq 2023-cü ilin yanvar ayında orada buğda əkmişdir. Belə ki, sözügedən torpaq sahəsi Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir. Həmin torpaq sahəsində kənd sakinlərinin heyvanları otlamalıdır, lakin Təqsirləndirilən şəxs sözügedən örüş torpaq sahəsini özbaşına tutaraq oranı şumlatdırıb, buğda əkdiyindən kənd sakinləri örüş sahəsindən məhrum olmuşdur. Təqsirləndirilən şəxs örüş torpaq sahəsini özbaşına tutaraq orada əkin işləri aparmasını 2023-cü ilin yanvar ayında aşkar etmiş, Təqsirləndirilən şəxs örüş sahəsini özbaşına tutmasını aşkar etdikdən sonra isə bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinə yazılı olaraq müraciət etmiş, müraciəti əsasında Əmlak məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Dairəsinin əməkdaşları gəlib, Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutulmuş 2.0 hektardan artıq Ağsu rayon Nəmirli kənd Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinə baxış keçirərək akt tərtib etmişlər. İş üzrə digər Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 1991-ci il tarixdən 2021-ci tarixədək Ağsu rayon İcra Hakimiyyəti Başçısının Padar kənd ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Həmin dairəyə Ağsu rayonunun Padar, Nəmirli, Bənəcik, Kəlağayılı və Külüllü kəndləri daxildir.Təxminən 2018-ci il tarixdə Nəmirli kənd sakini Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri Nəmirli kəndində vətəndaşlarla görüş keçirərkən Nəmirli kənd bələdiyyəsinə məxsus torpaq sahəsindən ona əkin əkmək üçün sahə ayrılması barədə RİH başçısına şifahi olaraq müraciət etmişdir. Təqsirləndirilən şəxs rayon İcra Hakimiyyəti başçısına müraciətindən sonra sabiq başçı Ənvər Seyidəliyev kəndin icra nümayəndəsi kimi ona və bələdiyyə sədri Zərərçəkmiş şəxs tapşırıq verərək müvəqqəti olaraq Təqsirləndirilən şəxs bələdiyyənin mülkiyyətində olan torpaqlardan əkin əkməsi üçün torpaq sahəsi ayırılmasını tapşırmışdır. Lakin Nəmirli kənd bələdiyyəsinin mülkiyyətində əkin üçün torpaq sahəsi olmadığından Təqsirləndirilən şəxs torpaq sahəsi ayrılması məsələsi öz həllini tapmamışdır. Buna görə də Təqsirləndirilən şəxs bir neçə dəfə RİH başçısının qəbuluna gedərək ona torpaq sahəsi ayrılmadığı barədə şikayətlər etməyə başlamışdır. Təxminən 2018-ci ilin sonlarında sabiq İcra başçısı onu qəbuluna dəvət edərək Təqsirləndirilən şəxs yenidən şikayət üçün qəbula gəldiyini, bu səbəbdən Təqsirləndirilən şəxs kənd ərazisində torpaq sahəsi ayrılmalı olduğunu bildirmişdir. O, başçının tapşırığını bələdiyyə sədri Zərərçəkmiş şəxs bildirmiş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs Bələdiyyənin örüş sahəsindən heyvanlarını otarmaq və sahənin otunu biçmək üçün torpaq sahəsi verməyin mümkün olduğunu və Təqsirləndirilən şəxs örüşdən 2.0 ha torpaq sahəsi verilməsinə razı olduğunu demişdir. Bundan sonra Bələdiyyə sədri ilə birlikdə Təqsirləndirilən şəxs kəndin örüş sahəsi olan yerə dəvət edərək bələdiyyənin mülkiyyətində əkin əkmək üçün torpaq sahəsi olmadığını, sadəcə olaraq heyvandarlığın inkişafı məqsədi ilə örüş sahəsindən torpaq verməyin mümkün olduğunu izah edərək Ağsu rayon Nəmirli kənd bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsindən müvəqqəti olaraq istifadə etməsi üçün 2.0 ha ölçüdə torpaq sahəsi ayıraraq vermişdirlər. Torpaq sahəsi Təqsirləndirilən şəxs ayrılaraq verilərkən həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması Təqsirləndirilən şəxs bildirilmiş, həmin yerdə sadəcə olaraq heyvanlarını otarması, habelə həmin yerin otunu biçməsi, orada hasarlama və ya əkin işləri aparmaması deyilmişdir. Təqsirləndirilən şəxs da eşitdiyinə görə torpağın təyinatına uyğun olaraq həmin yeri istifadə etmiş, yəni orda heyvanlarını otarmış və sadəcə olaraq otunu biçmişdir. Təqsirləndirilən şəxs ona ayırdıqları torpaqdan mövsümü olaraq istifadə etdikdən sonra həmin torpaq sahəsini bələdiyyəyə geri qaytarmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 188.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sektorunun baş məsləhətçisi Şahid1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi Şahid2 və Ağsu rayonu Nəmirli bələdiyyəsinin sədri X1 iştirakları ilə tərtib edilmiş 02 fevral 2023-cü il tarixli aktdan görünür ki, Ağsu rayon Nəmirli Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin təxminən 2.0 ha hissəsi şumlanmış və taxıl əkilmişdir. Şumlanan və taxıl əkilmiş torpaq sahəsinin foto şəkilləri çəkilmiş və koordinatları müəyyən edilmişdir. Bələdiyyə sədrinin və kənd sakini Şahid4 verdiyi məlumata əsasən ərazinin Ağsu rayon Nəmirli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən şumlandığı və taxıl əkildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs torpaq sahəsindən istifadəyə dair hüquq müəyyənedici sənədlər tələb edilsə də, o heç bir sənəd təqdim etməmişdir. Müəyyənləşdirilmiş koordinatlar əsasında TEKUİS baza proqramı vasitəsi ilə kameral araşdırma aparılan zaman şumlanan və taxıl əkilən ərazinin Ağsu rayon Nəmirli Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması müəyyən edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu Nəmirli kənd bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınma haqqında” 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayonu Nəmirli bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 mart 2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: arvadı - 1985-ci il təvəllüdlü X4, qızı - 2007-ci il təvəllüdlü X3, qızı - 2008-ci il təvəllüdlü X5, oğlu - 2011-ci il təvəllüdlü X2 ibarətdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə özünü ailədə və məişətdə normal aparmışdır. Qonşularla münasibəti yaxşıdır. Onun kənd camaatı arasında xüsusi hörməti var. Təqsirləndirilən şəxs burda yaşadığı müddət ərzində onun barəsində X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 188.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 22 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq əkilən torpaq sahəsi hazırda bələdiyyəyə geri qaytarılmış, ona qarşı hər hansı şikayətləri yoxdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 188.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 188.3-cü maddəsinə əsasən, bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, qanunsuz olaraq əkilən torpaq sahəsini bələdiyyəyə geri qaytarmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 188.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar