Məhkəmə qərarları › İş №1(016)-42/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-42/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-42/2023 06.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Xüsusi ittihamçı Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin nümayəndəsi X3, Barəsində şikayət verilən şəxslər X4 və X5 iştirakları ilə, X4 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin nümayəndəsi X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və X2 barələrində yalan olduğunu biləbilə onların şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə CM-in 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulan əməli törətdiklərinə görə onların həmin maddələrə uyğun cəzalandırılmasını, vurduqları mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin X8 və X1 alınaraq Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin hesabına ödənilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, hazırki şikayətə əlavə edilmiş DYD-R optik diskdə əks olunanlardan göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxslər X8 və X4 “Şimal Region” kütləvi informasiya kanalı vasitəsi ilə internet informasiya ehtiyatında çıxış edərək Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin sədri X3 bələdiyyə ərazisində yerləşən kəndin içməli su üçün istifadə edilmiş metal boruları satmaq niyyəti ilə çıxararaq oğurladığını bildirmişlər. X8 və X4 çıxışlarını onunla əsaslandırmışlar ki, Ləngəbiz bələdiyyəsinin sədri X7 guya tam saf, çürüyü olmayan, üst izolyasiyası salamat olan metal boruları satmaq məqsədi ilə kəsib, ərazidən daşıyaraq çıxartmış, həmin boruların əvəzinə, suyun zəhərlənməsinə səbəb olan “plastmas” boruları quraşdırmışdır. Bundan başqa, X8 və X4 çıxışlarında, çıxarılmış su xəttinin metal borularının 1985-1987-ci illər dövründə quraşdırıldığını, həmin boruların 100 il istismar müddətinin, olduğunu, quraşdırımış yeni boruların 50-60 qəpik dəyərində olduğunu bildiriblər. Halbuki, həmin şəxslər mübahisələndirdikləri texniki qurğularla bağlı elmi biliklərə malik deyilllər, onlar qərəzlilik məqsədi ilə texniki uydurmalardan istifadə etmişlər. Video görüntüdə erroziyanın təsiri altında metal boruların üst izolysiya qatının borudan ayrıldığı aşkar göründüyü halda, X8 və X4 böhtan xarakterli çıxışlarında izolyasiyasnın üstündə olduğu əsaslarından istifadə etmişlər. 1985-1987-ci illər dövründə quraşdırılmış, 40 il müddətində istismarda olan metal su borusunun erroziyaya uğramaması mümkün deyildir. 40 il müddət ərzində suyun təsiri altında metal boruların həm daxili səthində, həm də xarici səthində erroziya səbəbindən metal itkisi nəticəsində divarlarının nazikləşməsi boruların istismara yararsız olmasına səbəb olur. Erroziya nəticəsində boruların daxili səthindən qopan hissələr boruların daxilində toplaşmaqla daxili diametrini azaldır, bu da öz növbəsində axan suyun həcmini azaldaraq kənddə su qıtlığını yaradır. X8 və X4 tərəfindən, çıxarılmış borulara 100 il istismar müddəti təyin etməsi ağlabatan mühakimə deyildir. Digər tərəfdən, yeni quraşdırılmış, 08 atmosfer təzyiqə hesablanmış, 01 metrinin qiyməti 2.5 manat, diametri 62.5 mm olan plastik boruların dəyərinin 50-60 qəpik məbləğində qiymətləndirilməsi yenə də, Ağsu rayonu Ləngəbiz bələdiyyəsinin və bələdiyyə sədri X3 şərəf və ləyaqətini ləkələmək üçün istifadə edilmiş uydurmalardır. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının digər rayonlarında olduğu kimi Ağsu rayon ərazisində də erroziyaya uğramaqla istismara yararsız olmuş qara metaldan olan içməli su boruları müasir standartlara uyğun plastik borularla əvəz edilir. Digər tərəfdən, hazırkı şikayətə əlavə edilmiş, Ağsu rayonu Ləngəbiz bələdiyyəsinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 01 fevral 2023-cü il tarixli, № 02 saylı məktubundan göründüyü kimi, həmin boruların dəyişdirilməsi, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun rəhbərliyi ilə 06 may 2022-ci il tarixdə keçirilmiş qəbulunda Rövşən Bağırovun verdiyi tapşırıq əsasında olmuşdur. Məhkəmə iclasında xüsusi ittihamçı Ağsu rayonu Ləngəbiz Bələdiyyəsinin nümayəndəsi X7 şikayətdə göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barələrində şikayət verilən şəxslər X4 və X8 izahat verərək göstərdilər ki, X7 bələdiyyə ərazisində yerləşən kəndin içməli su üçün yararlı olan metal borularını çıxardıb əvəzinə “plastmas” boruları quraşdırmışdır. Halbuki, onun dəyişdirilməsinə ehtiyac yox idi. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, xüsusi ittihamçı X4 və X6 qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etsə də ərizəyə CPM-in 293.3.3-cü maddəsinə əsasən əməlin məhz X4 və X8 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi barədə sübutlar, CPM-in 293.3.4-cü maddəsi üzrə şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi barədə məlumatları əlavə etməmişdir. Bundan əlavə, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer göstərilməmişdir. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında Ağsu rayonu Ləngəbiz Bələdiyyəsi tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 302 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X4 və X5 CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında Ağsu rayonu Ləngəbiz Bələdiyyəsi tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar