Məhkəmə qərarları › İş №1(016)-43/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-43/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-43/2023 23.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkilləri Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olmaqla, Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Belə ki, o, 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanış olduğu, faktiki ər-arvad münasibətində olmaqla birgə yaşadığı, Ağsu şəhər sakini X10 ilə birlikdə 10 sentyabr 2022-ci il tarixdə X13 şəhəri S.Rzayev küçəsi, ev 5 ünvanında yerləşən evinə gəlmiş, 14 sentyabr 2022-ci il tarixdə sonuncunun digər bir şəxsə satmaqdan ötrü yaşadığı həmin evdə qanunsuz saxladığı 3 bükümdə, ümumi çəkisi 0.686 qram olan psixotrop maddə metamfetamini Ağsu şəhər sakini X1, həmin psixotrop maddələrin qarşılığında Vidadi Qədimovdan 30 manat pul almasını görüb söhbət zamanı adları qeyd edilən şəxslərin həmin psixotrop maddənin Əli adlı şəxsə satışını həyata keçirdikləri ona məlum olsa da, Sadiq Yolçuyevin cinayət məsuliyyətinə cəlb edilməməsi məqsədilə, hüquq-mühafizə orqanlarına bu barədə məlumat vermək üçün kifayət qədər vaxtı və imkanı olduğu halda bunu etməyərək, ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikasının CMnin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməlinin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 307.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə Qubadlı rayon Çələbi kənd sakini X8 ilə ailə qurmuş, 2014-cü ildə Natiq Mahmudov adlı övladı dünyaya gəlmiş, 2015-ci ildə Murad Mahmudov ilə boşanmış, halhazırda oğlu Natiq onun və anasının himayəsində yaşayır. X10 ilə 2022-ci ilin yanvar ayında Bakı şəhərində tanış olmuş, daha sonra Sadiq ilə münasibətləri daha da yaxınlaşmış, bundan sonra Sadiq Yolçiyev ilə qeyri-rəsmi olaraq ər-arvad kimi birlikdə Bakı şəhərində Sulutəpə qəsəbəsində kirayə mənzildə yaşamış, daha sonra 10 sentyabr 2022ci il tarixdə Sadiq Yolçiyev ona kirayə pulunu ödəməyə imkanının olmadığını bildirərək, Ağsu rayonuna getməyi təklif etmiş, o da razılaşaraq Sadiq Yolçiyev ilə birlikdə Ağsu şəhərinə Sadiqin evinə gəlmiş, həmin vaxtdan da Sadiqə məxsus evdə yaşamağa başlamışlar. xx.xx.2022-ci il tarixdə evdə olduqları zaman Bakı şəhərinə qaytımağa pulları olmadığı üçün adını sonradan bildiyi Vidadi adlı şəxsdən pul almaq məqsədilə çağırmışdır. Vidadi onların yaşadıqları evə gələrək Sadiqdən psixotrop maddə olan metamfetamin istəmiş, həmin psixotrop maddəni Əli adlı şəxsə satacağını bildirmiş, Sadiq Yolçiyev evdə ondan xəbərsiz gizlətdiyi 3 bükümdə psixotrop maddəni Vidadiyə vermiş, Vidadi isə həmin psixotrop maddələrin qarşılığında Sadiqə 30 manat pul vermişdir. Bundan sonra Vidadi Sadiqə həmin psixotrop maddəni Əli adlı şəxsə satmaq üçün birlikdə ünvan 3inə getməyi təklif etmiş, Sadiq də təklifi qəbul edərək Vidadi ilə birlikdə evdən çıxıb getmiş, o, nə qədər gözləsə də Sadiq Yolçiyev gecə evə qayıtmamış, səhər tezdən evdə olduğu vaxt Sadiq Yolçiyev polis əməkdaşları ilə birlikdə evə gəlmiş, həmin vaxt polis əməkdaşları və vəkilin iştirakı ilə evdə axtarış keçirilmiş, axtarış zamanı Sadiq Yolçiyevin ondan xəbərsiz gizlətmiş olduğu psixotrop maddələr aşkar olunmuş, həmin psixotrop maddələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Sadiq Yolçiyevin əvvəllər narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmasından məlumatı olmamış, lakin Sadiq Yolçiyevin narkotik vasitələr və psixotrop maddələri istifadə etməsini, xx.xx.2022-ci il tarixdə Vidadi ilə birlikdə həmin psixotrop maddəni Əli adlı şəxsə satmaq üçün getməyini bilmiş, Sadiq Yolçiyevin cinayət məsuliyyətinə cəlb olunmasından qorxduğu üçün polisə məlumat verməmişdir. Şahidlər Sadiq Yolçiyev və Vidadi Qədimov məhkəmə iclasında ifadə verdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, Ağsu rayon polis şöbəsində müvəqqəti saxlanma yerində olan zaman iş üzrə şahidlər Sadiq Yolçiyev və Vidadi Qədimov ona təziq edərək həm onların, həm də özünün cəzasının yüngülləşməsi üçün ifadəsini dəyişməsini, onlar arasında olan narkotik vasitənin alqı-satqısına, o cümlədən Əli adlı şəxsə satmaq üçün getmələrinə şahid olmadığını məhkəmədə bildirməsini tələb etmişlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təqzib edərək göstərmişdir ki, narkotik vasitənin nə istifadəsi, nə də satışı ilə məşğul deyil, Əli adlı şəxslə arasında heç bir narkotik vasitə alveri olmamışdır. Buna görə də onun üzərində Nərminə heç bir narkotik vasitə görməmiş və ya onun kiməsə narkotik vasitə satmağına şahid deyildir. Çünki əslində belə bir hadisə baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təqzib edərək göstərmişdir ki, narkotik vasitənin nə istifadəsi, nə də satışı ilə məşğul deyil, nə Sadiq Yolçuyev ilə, nə də Əli adlı şəxslə onun arasında narkotik vasitə alış-verişi olmamışdır, həmçinin Sadiqlə Əli adlı şəxsin arasında narkotik vasitə alverinin olmasını görməmişdir. Buna görə də onun üzərində Nərminə heç bir narkotik vasitə görməmiş və ya onun kiməsə narkotik vasitə satmağına şahid deyildir. Çünki əslində belə bir hadisə baş verməmişdir. Sadiq ondan borc pul istəmiş, həmin pulu vermək üçün Sadiq qaldığı evə getmiş, Sadiqə pul verib söhbət edən zaman Nərminə onların yanında olmamış, digər otaqda olmuşdur. Ona görə onun dedikləri düzgün deyil. Eyni zamanda barəsində çıxarılan hökm üzrə də özünü təqsirli bilmir, xanıma təzyiq göstərilməməsi üçün ibtidai istintaqda fərqli ifadə vermişdir. Apellyasiya şikayətini isə Cəzaçəkmə müəssisəsinə getdikdən sonra verəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu şəhər sakinləri X3 və X4 narkotik vasitələr əldə etməsi, qəbul etməsi, üzərində saxlamaları və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan onun tərəfindən rəhbərliyə raportla məruzə olunmuş, təxirəsalınmaz əməliyyat tədbirləri çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Ağsu rayonu CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 3i ərazisində Vidadi Qədimov və Sadiq Yolçuyev saxlanılaraq Ağsu rayon polis şöbəsinə gəlməyə dəvət olunmuş, Vidadi Qədimov polis şöbəsində üzərində 3 ədəd bükümdə narkotik vasitə olmasını etiraf edərək könüllü olaraq təqdim etmiş, Sadiq Yolçuyev isə üzərində hər hansı narkotik vasitə və digər qanunla qadağan olunmuş predmet olmadığını bildirmiş, bundan sonra Sadiq Yolçuyevə evində axtarış aparılması təklif olunmuş, sonuncu heç bir narazılığı olmadığını bildirmiş, daha sonra Sadiq Yolçuyevin yaşadığı ünvan 2 ünvanında yerləşən evinə axtarış aparmaq üçün Sadiq Yolçuyev və onun vəkili ilə birlikdə getmiş, həmin zaman evdə Sadiq Yolçuyevin münasibətdə olduğu Təqsirləndirilən şəxs olmuş, Təqsirləndirilən şəxs Sadiq Yolçuyevlə Bakıda tanış olduğunu, Ağsu şəhərinə yeni gəldiyini bildirmiş, videoçəkiliş vasitəsilə evə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs məxsus idman çantasının içərisində olan gödəkçənin sol cibində bir ədəd kağız bükümdə olan metamfetamin aşkar edilmiş, daha sonra bu barədə protokol tərtib olunaraq götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs Sadiq X6 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini satmasını, əvəzində 30 manat pul almasını, həmçinin Sadiq Yolçuyevin və Vidadi Qədimovun həmin psixotrop maddəni Əli adlı şəxsə satmaq üçün getməklərini bilsə də, Sadiq Yolçuyevin tutulmasından qorxduğu üçün hüquq-mühafizə orqanlarına məlumat vermədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin ayrılması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Ağsu rayon polis şöbəsinin İQ-nin baş müstəntiqi, polis kapitanı Rəhim Əhmədovun icraatında olan ********* saylı cinayət işindən CM-nin 307.1-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və iş istintaq aidiyyatı üzrə Ağsu rayon prokurorluğuna göndərilmişdir. - İlkin cinayət işinin istintaqı zamanı şübhəli şəxs X11 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Vidadi Qədimovun 14 sentyabr 2022-ci il tarixdə Sadiq Yolçiyevin yaşadığı evə gəldiyini, Sadiq Yolçiyevdən 30 manat pul qarşılığında psixotrop maddə olan metamfetamin aldığını, həmin psixotrop maddəni Əli adlı şəxsə satmaq istədiyini görmüş, daha sonra Sadiqə Əli adlı şəxsin yaşadığı ünvana getməyi və həmin psixotrop maddəni Əliyə satmağı təklif etmiş, Sadiq də razılaşaraq Əli adlı şəxsin ünvan 3ində yerləşən evinə getmələrini bilməsini Vidadi Qədimovun üzünə qarşı deməklə, sonuncunu ifşa etmişdir. Sonuncu da qeyd edilənləri bir daha təsdiq edərək etiraf etmişdir - İlkin cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs X10 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılan xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sadiq Yolçiyevin 14 sentyabr 2022-ci il tarixdə 30 manat pul qarşılığında 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini Vidadi Qədimova verməsini, daha sonra Vidadi ilə birlikdə Əli adlı şəxsin yaşadığı ünvana gedərək, həmin psixotrop maddəni Əliyə satmaq üçün sonuncunun ünvan 3ində yerləşən evinə getmələrini bilməsini Sadiq Yolçiyevin üzünə qarşı deməklə, sonuncunu ifşa etmişdir. Sonuncu da qeyd edilənləri bir daha təsdiq edərək etiraf etmişdir. - Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X11 CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X10 isə eyni maddə ilə təqsirləndirilərək 06 il müddətə azadlıqdan məhrum edilmişdirlər və hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 24 yanvar 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 307.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Ağsu rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Ramazan Məmmədovun icraatına qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası“ X12 daxil olmuş xx.xx.2023-cü il tarixli, 6643 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adı göstərilən xəstəxanada müalicədə olmamışdır. - “Sübutların qiymətləndirilməsi” 11 may 2023-cü il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllədə qeydiyyatda olan Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərar barədə qanunla müəyyən edilmiş şəxslərə məlumat verilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 11 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 307.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 307.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ağır cinayət (CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan əməl) törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə şahidlər X5 və X3 narkotik vasitəni Əli adlı şəxsə satmaq üçün getmələrini və bu hadisədən Təqsirləndirilən şəxs məlumatlı olmasını məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə təkzib etmələrini özünü müdafiə xarakteri kimi, həmçinin qeyri-səmimi qiymətləndirməklə iş üzrə onların ibtidai istintaqda zamanı verdiyi ifadələri əsas götürür. Belə ki, onlar ibtidai istintaq zamanı törədilmiş cinayəti etiraf etmiş, bundan başqa şahidlər X5 və X3 Əli adlı şəxsə narkotik vasitə satmağa getmələri və bu hadisədən Təqsirləndirilən şəxs məlumatlı olması təqsirləndirilən şəxsin, şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında, həmçinin ibtidai istintaq zamanı verdiyi eyni məzmunlu ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Bundan başqa onların qeyri səmimiliyi təqsirləndirilən şəxsin ifadəsini dəyişməsi ilə bağlı ona Ağsu rayon polis şöbəsində müvəqqəti saxlanma yerində olan zaman təzyiq göstərmələrinə dair təqsirləndirilən şəxsin dedikləri ilə bir daha təsdiqini tapmışdır. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 307.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə — min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Ağsu rayon polis şöbəsindən xx.xx.2023-cü il tarixli, 313642-6679/2023 nömrəli məktubla daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirləndirilən şəxs xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(016)-43/2023 saylı qərarından görünür ki, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan ediləsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmışdır. - Ağsu rayon polis şöbəsinin 01 noyabr 2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllədə qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq Ağsu RPŞ-nin MSYnə təhvil verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli, 522 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə həyət evində qeydiyyatdadır. - Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı 3 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli, 43 saylı Xasiyyətnamədən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə həyət evində qeydiyyatdadır və onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət ərizəsi daxil olmamışdır. - Elektron Məhkəmə İnformasiya Sistemindən edilmiş elektron sorğuya cavabden görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq – xx.xx.2013-cü il təvəllüdlü X9 vardır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 307.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdirdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasibdir və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 oktyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, lakin Ağsu Rayon Məhkləməsinin 24 avqust 2023-cü il tarixli qərarına əsasən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmış və o, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində tutularaq Ağsu RPŞ-nin MSY-nə təhvil verilmişdir. Bununla da hazıradək onun həbsdə saxlama müddəti ümumilikdə 23 gün təşkil etmişdir. CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda, məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə 01 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 23 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 avqust 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. CPM-in: 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 noyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu və saxlanıldığı ümumilikdə 23 (iyirmi üç) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 500 (beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar