Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-44/2024 02.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, işsiz, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1974-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 2 ünvanda yaşayan, barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuş və barələrində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəməyədək istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 09 yanvar 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,93 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb, üzərində saxlamış, 10 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq rayon X18 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 18:40 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd göy rəngli sellofan torbanın içərisində olan dörd ədəd kibrit qutularında, hər biri ayrıayrılıqda təmiz çəkiləri 0,41 qram, 3,67 qram, 5,01 qram və 4,84 qram olmaqla ümimilikdə təmiz çəkisi 13,93 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 477,5 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla, yaşadığı ünvan 4 ünvanında yerləşən evinə gətirib saxlamış, qanunsuz olaraq əldə edib, daşımaqla saxladığı həmin narkotik vasitədən 09 yanvar 2024-cü il tarixdə saat 01 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ağsu şəhər sakini, tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə apardığı danışıqla sonuncuya 210 manat müqabilində narkotik vasitə olan marixuana satmağa razılaşdıqdan sonra şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 13,93 qram təmiz çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, 10 yanvar 2024-cü il tarixdə, saat 19:30-da Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlanılıb rayon X18 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 20:00-da üzərində axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin tarixdə saat 20:30-da yaşadığı ünvan 6 ünvanında yerləşən evində aparılan axtarış və götürmə zamanı evin həyətində olan mişar daşlarının arasından 40 ədəd kibrit qutularında ümumi təmiz çəkisi 144,60 qram olan, habelə iki ədəd sellofan torbalarda olmaqla hər biri ayrı-ayrılıqda təmiz çəkiləri 49,72 qram və 264,18 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Dövlət ittihamçısı bildirmişdir ki, cinayət işinin baxılması Ağsu Rayon Məhkəməsinə aiddir. İşin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar yoxdur. İbtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinin pozulmasına, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 303.3cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməmişdir. İttiham aktı prosessual qanunun tələblərinə uyğun tərtib edilmişdir. Sübut kimi yol verilməz materialların xaric edilməsi barədə və digər məsələlər üzrə vəsatəti və ərizəsi, işdə toplanan sübutlardan başqa əlavə sübutu yoxdur. Təqsirləndirilən şəxslər haqqında qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. İşin mahiyyəti üzrə məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 vəsatət verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı iştirakı ilə verilən ifadəsində iş üzrə şahidlər - polis əməkdaşları tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını, buna görə də etirafedici ifadəsinin alındığını və döyülən vaxt yanında müdafiəçinin olmadığını bildirmişdir. İş materialları ilə tanış olan zaman Təqsirləndirilən şəxs2 dediklərinin həqiqəti əks etdirdiyini görmək olar. Belə ki, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxs Vahid Aliyevin raportundan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında xx.xx.2024-cü il tarixdə, saat 19:30-da saxlanılaraq Ağsu rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 10 dəqiqə sonra sübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, həmin şəxsə vəkillərin siyahısı təqdim edilir. Onun vəkillərin siyahısından seçdiyi vəkil Şirvan Regional Vəkil Bürosunun vəkilidir. Həmin vaxt yəni, 19:30-da qəbul edilən qərar, yəni müdafiəçi təyin edilməsi ilə bağlı qərarın hazırlanması, Şirvan Regional Vəkil Bürosuna göndərilməsi, Şirvan şəhərində həmin qərarın qeydiyyata alınması, vəkilin təyin olunması və vəkilin Şirvan şəhərindən Ağsu şəhərinə gəlməsi, təqsirləndirilən şəxslə konfidensial şəkildə görüşməsi və hüquqlarını izah etməsi 10 dəqiqə ərzində mümkün deyil. Təqsirləndirilən şəxsin ifadəsi həqiqəti əks etdirir. Məhkəmənin sorğusu əsasında Şirvan Regional Vəkil Bürosunun verdiyi cavabdan görünür ki, X5 işdə müdafiəçi qismində iştirak etmək hüququ yoxdur. Bu özü də möhürün kimin tərəfindən vurulduğunu şübhə altına alır. Bundan əlavə, müdafiəçi təyin edilməsi ilə bağlı qərar Şirvan Regional Vəkil Bürosuna deyil, Ağsu rayon Polis şöbəsində müdafiəçiyə təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, işin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, tutulan gün ikinci mərtəbədə mayor Şahid1 başda olmaqla şalvarını çıxarıb şəklini çəkdilər. Sonra sahə rəisi Aydın ona evindən narkotik vasitələr, avtomat çıxaracaqlarını dedi və bir nəfər polkovnik leytenant adı yadımda deyil, ayağını başına qoydu və dedi ki, ağzını açın onun ağzını mundarlıyacam. Müdafiəçisi Müdafiəçi1 dedikləri ilə razıdır. İşin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 bildirmişdir ki, iş üzrə şahidlərin əksəriyyəti də Ağsu rayon Polis şöbəsinin vəzifəli şəxsləridir. Təqsirləndirilən şəxs1 ilə mübahisə edən Ağsu rayon Polis şöbəsinin əməkdaşı olan – Kamal adlı şəxslə ədavəti var. X17 Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs verilmiş, həbs verildikdən sonra həmin şəxs Təqsirləndirilən şəxs1 xəsarət yetirmiş və sonra Eldar bu barədə 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda həmin polis əməkdaşlarının təqsirləndirilən şəxsə təsir etmək imkanları var. İşin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmənin hazırlıq iclasında işin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən, cinayət işi materialına baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. X11 məhkəmə iclasında bildirmişdir ki, o, Ağsu rayonunda təhqiqatçı işlədiyi dövrdə, rayonda bir nəfər vəkil - X12 fəaliyyət göstərirdi. Əgər zərurət yaranardısa, tutulan şəxslərinin sayının çoxluğunu nəzərə alaraq kənar rayonlardan vəkil dəvət olunurdu. Əvvəllər də onlar elə Şirvan Regional Vəkil Bürosusun vəkili X6 müdafiəçi kimi şöbəyə dəvət etmişlər. O da həmin gün Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində dəvət olunmuşdu. Verilən suallara cavab olaraq X11 bildirmişdir ki, “Müdafiəçi təyin etmə haqqında” qərarı müdafiəçinin özünə vermişdir ki, büroya təqdim etsin. Həmin vaxt Qədir Qədirova rəis müavini İlkin müəllimin telefonu ilə zəng etmiş, o, Kürdəmir rayonu ərazisində olduğunu demişdir. Vəkil Qədir Qədirov orderi polis şöbəsində tərtib etmişdir. X14 məhkəmə iclasında bildirmişdir ki, vəkil azlığı ilə bağlı xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonuna ezam olunmuşdur. X23 rəis müavini İlkin müəllimin telefonu ilə zəng etmiş, o da Küdəmir rayonunda olduğunu demişdir. Onu Təqsirləndirilən şəxs2 vəkili kimi dəvət etmiş və o da qəbul etmişdir. İstintaq zamanı X12 və o, bütün istintaq hərəkətlərində iştirak etmişlər. Verilən suallara cavab olaraq X14 bildirmişdir ki, “Müdafiəçi təyin etmə haqqında” qərarı Vəkil Bürosuna təqdim etmək yadından çıxmışdır. Bütün istintaq hərəkətlərində orda olmuş, heç bir hüquq pozuntusu baş verməmişdir. Vəkil orderində Büronun rəhbərinin imzası yoxdur, amma möhürü var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 11 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış, icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. - xx.xx.2024-cü il tarixli, 40 nömrəli raportdan görünür ki, Təqsirləndirilən şəxs2yaşadığı evin qarşısında Ağsu şəhəri, Sabir küçəsində, saat 19:30 radələrində saxlanılaraq Ağsu rayon Polis şöbəsinə gətirilmişdir. - “Müdafiəçi dəvət edilməsi barədə” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Şirvan Regional Vəkil Bürosunun vəkili X5 müdafiəçi qismində dəvət olunması qərara alınmışdır. - “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 10 yanvar 2024-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 12 yanvar 2024-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(016)-5/2024 nömrəli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(016)-44/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 may 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(016)-4/2024 nömrəli qərarından görünür ki, vəsatət və onun əsasında verilmiş təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(016)-44/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 may 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. - Məhkəmənin sorğusu əsasında Şirvan Regional Vəkil Bürosu tərəfindən göndərilən 24 aprel 2024-cü il tarixli məktubdan görünür ki, HK-1/40 saylı material üzrə Ağsu rayon Polis şöbəsin “Müdafiəçi təyin edilmə haqqında” qərarı Büroya daxil olmamışdır. - İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vəkil X14 xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunda olan zaman Ağsu rayon Polis şöbəsinin təhqiqtçısı Sübhan Tağıyev digər şəxsə məxsus telefon vasitəsilə ona zəng edərək Təqsirləndirilən şəxs2 müdafiə etmək üçün şöbəyə dəvət etmiş, o da öz növbəsində Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edəcəyini bildirmişdir. Sübhan Tağıyev xx.xx.2024-cü il tarixdə “Müdafiəçi təyin edilmə haqqında” qərar qəbul etmiş, həmin qərarı icra olunması üçün Şirvan Regional Vəkil Bürosuna deyil, vəkil X7 verərək Büroya təqdim etməsini xahiş etmişdir. Bundan sonra, X1 Laçın Tofiq oğlunun hüquqlarını müdafiə etmək üçün Ağsu rayon Polis şöbəsində order tərtib etmiş, orderdə Büronun möhürü olsa da, order Büronun rəhbəri tərəfindən imzalanmamışdır. Məhkəmə qeyd edir ki, Müdafiəçi1 vəsatət verərək işin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatətində göstərmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiə hüquqları pozulmuşdur. Müdafiəçi vəsatətində ona istinad etmişdir ki, “Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında xx.xx.2024-cü il tarixdə, saat 19:30-da saxlanılaraq Ağsu rayon Polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2 10 dəqiqə sonra sübhəli şəxs qismində tutulmuşdur. Vəkil X3 Regional Vəkil Bürosunun vəkilidir. Onun 10 dəqiqə ərzində müdafiəçi təyin edilməsi ilə bağlı qərarın hazırlanması, Şirvan Regional Vəkil Bürosuna göndərilməsi, Şirvan şəhərində həmin qərarın qeydiyyata alınması, vəkilin təyin olunması və vəkilin Şirvan şəhərindən Ağsu rayon Polis şöbəsinə gəlməsi, təqsirləndirilən şəxslə konfidensial şəkildə görüşməsi və hüquqlarını izah etməsi mümkün deyil. Bundan əlavə, müdafiəçi təyin edilməsi ilə bağlı qərar Şirvan Regional Vəkil Bürosuna deyil, Ağsu rayon Polis şöbəsində müdafiəçiyə təqdim edilmişdir.”. Məhkəmə, müdafiəçinin “vəkil X5 Şirvan şəhərindən Ağsu rayon Polis şöbəsinə 10 dəqiqə ərzində gəlməsinin mümkün olmaması ilə əlaqədar” dəlili ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixdə, yəni müdafiəçi kimi dəvət olunmaq üçün zəng edilən zaman vəkil X2 rayonu ərazisində olmuşdur. Onun Kürdəmir rayonundan Ağsu rayon Polis şöbəsinə 10 dəqiqə ərzində gəlməsi istisna edilmir. Belə ki, Kürdəmir və Ağsu rayonlarının bir-biri ilə qonşu rayonlar olmasını nəzərə alsaq, vəkil X14 10 dəqiqə ərzində Kürdəmir rayonundan Ağsu rayon Polis şöbəsinə gəlməsi mümkün ola bilən haldır. Məhkəmə müdafiəçinin ““Müdafiəçi təyin edilmə haqqında” qərarın Şirvan Regional Vəkil Bürosuna deyil, Ağsu rayon Polis şöbəsində müdafiəçiyə təqdim edilməsi ilə əlaqədar” dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından, məhkəmə iclasında dindirilən Sübhan Tağıyev və Qədir Qədirovun izahatlarından görünür ki, “Müdafiəçi təyin edilmə haqqında” qərar Şirvan Regional Vəkil Bürosuna deyil, şəxsən vəkil X7 təqdim edilmişdir. X10 həmin qərarı Şirvan Regional Vəkil Bürosuna göndərməli olduğu halda, müdafiəçiyə təqdim etməsi prosessual pozuntu olsa da, həmin hal Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi ilə təmin edilmiş, müdafiəçi X5 iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Həmçinin, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən, o, müdafiə hüququnun pozulması və fiziki təsirlərə məruz qalması barədə hər hansı fikir bildirməmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, daha sonra Təqsirləndirilən şəxs2 vəkil Müdafiəçi1 ilə müqavilə bağlayaraq, hüquqlarını müdafiə etməyi ona həvalə etmiş, növbəti istintaq hərəktləri vəkil Müdafiəçi1 iştirakı ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. CPM-in 49.2-ci maddəsinə əsasən, müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Normaların məzmunundan göründüyü kimi, cinayət təqibi o halda bir icraatda birləşdirilə bilər ki, ya bir neçə şəxs bir cinayəti birlikdə törətməli, ya da bir şəxs bir neçə cinayət törətməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilir. Göründüyü kimi, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilirlər. Ağsu rayon X13 Qrupunun müstəntiqi X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxslərə qarşı ittihamı bir cinayət işində birləşdirmişdir. Odur ki, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna qaytarılmalı, təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrı cinayət işində ittiham elan olunmalıdır. Cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması CPM-in 303.3.6 maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. CPM-in 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə, məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. CPM-in 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması müəyyən edildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı olmasını, təqsirləndirilən şəxslərin hər birinə qarşı ayrı-ayrı cinayət işində ittiham elan edilməli olmasını və təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin 10 may 2024-cü il tarixdə bitməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 iyun 2024-cü il tarixədək uzadılmalıdır. CPM-in 306.2 və 306.2.1-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, cinayət işinin materiallarını tədqiq edərək və proses iştirakçılarını dinləyərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-in 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna qaytarılmalıdır. Eyni zamanda, məhkəməyədək icraat zamanı yol vermiş prosessual pozuntulara görə təhqiqatçı X11 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 303.3.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına CPM-in 303.3.6-cı maddəsinə əsasən xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 10 iyun 2024-cü il tarixədək uzadılsın. Qərardan apelyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-44/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-44/2024
02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver