Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-44/2025 09.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X8 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 147.1 və 147.2-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət vermiş X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, X4 09 iyul 2025-ci il tarixdə “Şimal Region” youtube informasiya kanalında “Ağsu sakini prezidentə müraciət etdi! icra Başçısı Rövşən Bağırov əhalini sizin üstünüzə qaldırır. İcra başçısı və komandasının adı korrupsiyada hallanır.” başlıqlı 8:25 dəqiqəlik videomaterialda çıxış edərək onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır (https://youtube.com/watch?v=SwsCxo37f1 E). Belə ki, X4 09 iyul 2025-ci il tarixdə “Şimal Region” adlı youtube informasiya kanalı olan internet informasiya ehtiyatında yayılmış 8:25 dəqiqəlik videomaterialda çıxış edərək, onun barəsində “Bu qanunsuz titkiliyə sənəd verən Ağsu rayon İcra Hakimiyyətinin memarı Mirəli Qurbanovdur, eskiz layihə verib bu qanunsuz tikiliyə” və “Ağsu Rayon İcra Hakimiyyətinin memarı Mirəli Qurbanov bu ərazini təsdiqləmədi ki, mən çıxarış alım və məhkəmədə bəraət alım, qərəzlidir, Başçının tapşırığı əsasında olan bir işdir, lakin bu qanunsuz tikiliyə sənəd vermişdir.” bildirmişdir. Həmin videogörüntüdən görünür ki, X4 heç bir sənədə istinad etmədən, heç bir dəlil-sübut olmadan, qərəzli olaraq, onun və Ağsu Rayon icra Hakimiyyətinin başçısı Rövşən Bağırov başda olmaqla bütün dövlət və bələdiyyə qurumları barəsində böhtan, yalan, iftira dolu məlumatlar yaymışdır. Belə ki, həmin videogörüntüdəki yarımçıq tikilinin ona və Ağsu Rayon İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur, onun tərəfindən həmin tikiliyə dair heç bir sənəd, eskiz-layihə verilməmişdir. Bütün bunların hamısını Əflakə Məmmədova çox gözəl bilir, lakin qərəzli olaraq, müxtəlif böhtan, uydurma faktlarla dolu videomateriallar hazırlayaraq internet informasiya ehtiyatında, sosial şəbəkələrdə yayır. Əlavə olaraq, bildirmişdir ki, X4 artıq belə hərəkətləri özünə peşə seçmiş, dövlət qurumları və ayrı-ayrı şəxslər barəsində dəfələrlə böhtan, iftira dolu məlumatlar yaymaqla məşğul olur. Bütün bunlar onu göstərir ki, X2 “Şimal Region” youtube informasiya kanalında 09 iyul 2025-ci il tarixdə “Ağsu sakini prezidentə müraciət etdi! İcra Başçısı Rövşən Bağırov əhalini sizin üstünüzə qaldırır. İcra başçısı və komandasının adı korrupsiyada hallanır.” başlıqlı 8:25 dəqiqəlik videomaterialda yaydığı məlumatlar onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlardır. Bundan başqa, videomaterialda X4 onu korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham edərək ona böhtan atmışdır. Bundan əlavə, “Şimal Region” youtube informasiya kanalında 09 iyul 2025-ci il tarixdə yayılmış “Ağsu sakini prezidentə müraciət etdi! İcra başçısı Rövşən Bağırov əhalini sizin üstünüzə qaldırır. İcra başçısı və komandasının adı korrupsiyada hallanır.” başlıqlı videomateriala 458 baxış sayı olmuş və 6 bəyənmə gəlmişdir. X2 onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaqda məqsədi onu cəmiyyətdə, işlədiyi qurumda, dövlət orqanları qarşısında şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmək və bu cür qanunsuz hərəkətlərlə müxtəlif dövlət orqanlarının, dövlət məmurlarının qərarlarına, işinə təsir etməklə, özünün qanunsuz hərəkətlərini ört-basdır etməkdir. X4 tərəfindən yayılan böhtan dolu məlumatlar nəticəsində o lüzumsuz olaraq, müvafiq orqanlara, işlədiyi qurumun rəhbərliyinə izahatlar yazmağa məcbur olmuş, müəyyən iztirablar, sarsıntılar keçirtmişdir. Bununla da X4 tərəfindən yayılan böhtan və yalan məlumatlara görə ona ümumilikdə 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyan vurulmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən şikayət vermiş X5 şikayəti müdafiə etdiyini və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X4 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-in 74.1-ci maddəsində cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılması, 74.2.1-ci maddəsində uzanan cinayətin başa çatdığı yerin onun törədildiyi yer hesab olunması, 74.2.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yerin davam edən cinayətin başa çatdığı yer hesab olunması, 74.3-cü maddəsində xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olması müəyyən olunmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş X5 CPM-in 74-cü maddəsi ilə müəyyən olunmuş məhkəmə aiddiyyəti qaydalarını pozaraq böhtan və ya təhqir xarakterli sonuncu məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Ağsu Rayon Məhkəməsinə müraiət etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, Ağsu rayonunun Abasxanlı kəndində yaşayan X1 informasiya vasitəsi sayılan “Şimal Region” kütləvi informasiya kanalında (https://youtube.com/watch?v=SwsCxo37f1E - linki altında) yerləşdirilən videodakı çıxışlarında yalan olduğunu bilə-bilə Mirəli Qurbanova böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yayaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı göstərilmişdir. Göstərildiyi kimi, həmin məlumatlar “Şimal Region” kütləvi informasiya kanalında yayılmışdır ki, onun hüquqi ünvanının məlum olmaması, yaxud da onun xaricdə qeydiyyata alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sonuncu məlumatların yayıldığı, yəni törədilməsi ehtimal olunan cinayət əməlinin başa çatdığı internet portalının hüquqi ünvanı və ya bü ünvanın məlum olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ünvanına birbaşa hansı böhtan xarakterli sözlərdən istifadə edilməsi, bunu təsdiq edən sübutlar xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilməmişdir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, yəni xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və işə məhz Ağsu Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri, həmçinin xüsusi ittiham qaydasında şikayət verilməsinə əsas olan sübutları təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: imza var Babək Qasımov Əsli ilə düzdür: Hakim: Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-44/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-44/2025
09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver