Məhkəmə qərarları › İş №1(016)-45/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-45/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-45/2023 27.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 38-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.2 və 177.2.3-cü maddələr ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, anbara və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 15 mart 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs mülkiyyətində olan Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən 0.12 ha ölçüdə həyətyanı sahəyə darvazanın açıq olmasından istifadə edib, qanunsuz daxil olaraq oradan bir ədəd “Fuma Japan” markalı, 2 lt həcmli 50 manat məbləğində elektrik su qızdırıcısını, eləcə də Rusiya Federasiyası istehsalı olan 89-luq, 6 metr uzunluğunda 72 manat məbləğində dəmir borunu götürüb Zərərçəkmiş şəxs 122 manat məbləğində maddi ziyan vuraraq başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 aprel 2023-cü il tarixdə saat 02 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsində yerləşən Zərərçəkmiş şəxs mülkiyyətində olan ət və ət məhsulları mağazasının pəncərəsinin dəmir torunun vintlərini üzərində gətirdiyi vintaçanla açaraq mağazaya qanunsuz daxil olub oradan 16 kq çəkidə bir ədəd kəsilmiş, soyulmuş və bütöv formada olan 280 manat məbləğində quzunu, eləcə də mağazada olan soyuducunun içərisindən 14,455 kq çəkidə, 250 manat məbləğində quzu quyruğunu götürüb Zərərçəkmiş şəxs 530 manat məbləğində, ümumilikdə isə 652 manat məbləğində maddi ziyan vurmaqla anbara və başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb, təkrarən oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2007-ci il tarixdə ailə həyatı qurmuş və iki azyaşlı övladı vardır, 2017-ci il tarixdə isə arvadından boşanmış, övladları arvadı ilə birlikdə yaşayır. Hazırda ata və anası dünyasını dəyişdiyindən Ağsu şəhəri, H.Aslanov küçəsində tək yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, həmçinin fərdi qaydada da hər hansı bir işlə məşğul olmur. Gəlir əldə etdiyi hər hansı bir qanuni mənbə yoxdur. Zərərçəkmiş şəxs dayısı oğludur, Zərərçəkmiş şəxslə aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır, lakin təxminən bir ildir ki, hazırda xatırlmadığı səbəbə görə Röyal ilə münasibəti yoxdur, bir-birilərini danışdırmırlar. Röyalın Ağsu şəhəri, S.Vurğun küçəsində ət və ət məhsulları mağazası vardır, həmçinin həmin mağazanın arxasında Röyala məxsus həyətyanı boş torpaq sahəsi vardır. Röyal onun qohumu olduğundan həmin həyətyanı sahədə istifadə etmədiyi məişət əşyalarını saxlamasından əvvəlcədən məlumatı olmuşdur. 15 mart 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhəri, S.Vurğun küçəsi ilə piyada şəkildə hərəkətdə olarkən dayısı oğlu Zərərçəkmiş şəxs məxsus həmin küçədə yerləşən həyətyanı sahənin darvazasının açıq olmasını görmüş, o, həmin vaxt ətrafa baxaraq ətrafda kimsənin olmadığından əmin olduqdan sonra Röyala məxsus həyətyanı sahənin darvazasından içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra həyətdən satmaq üçün dəyərli əşya axtarmağa başlamış və həyətdə divarın dibində 89-luq dəmir boru olmasını görmüş, həmin vaxt o, dəmir borunu satar deyə oradan götürərək aparmağa çalışmış, lakin boru uzun və ağır olduğu üçün onu apara bilməmiş, buna görə də başqa vaxt aparar deyə həmin dəmir borunu həyətin hasarının çöl tərəfdən yanından keçən su arxının içərisinə hasarın üzərindən atmışdır. Sonra o, həyətdə olan olan üçmərtəbəli dəmir vitrinin orta gözündə elektrik su qızdırıcısı olmasını görmüş,həmin su qızdırıcısını satar deyə oradan götürmüş və həyətdə başqa dəyərli əşya tapa bilmədiyi üçün su qızdırcıcısı ilə birlikdə həyətdən çıxaraq öz yaşadığı evə getmişdir. Yaşadığı evə gəldikdən sonra Röyala məxsus həyətyanı sahədən götürdüyü su qzıdırıcısını özü üçün evdə istifadə etməyə başlamış, həmçinin sonradan su arxına atdığı dəmir borunu götürmək üçün su arxının olduğu yerə getsə də, arxda su çox olduğu üçün dəmir borunu orada tapa bilməmişdir. 17 mart 2023-cü il tarixdə saat 19 radələrində piyada şəkildə dayısı oğlu Röyala məxsus ət və ət məhsulları mağazasının qaşısından keçərkən vitrində kəsilmiş vəziyyətdə qarmaqdan asılmış bütöv quzu olmasını görmüş, həmin vaxt hava aydınlıq olduğu üçün yoluna davam etmişdir. 18 mart 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən mağazanın qapısını və ya pəncərəsini açmaq üçün istifadə etmək məqsədi ilə vintaçan götürərək Röyalın mağazası istiqamətində geri qayıtmış, Röyalın mağazasının yanına çatdıqda ətrafda kimsənin olmadığından əmin olaraq mağazanın yan tərəfində olan pəncərənin açıq olmasını, sadəcə olaraq pəncərədə dəmir tor olmasını və dəmir torun vintlər vasitəsi ilə pəncərəyə bağlanmasını görmüşdür. O, özü ilə gətirdiyi vintaçan vasitəsi ilə dəmir torun vintlərini açmış və pəncərədən mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra qarmaqdan asılmış bütöv quzunu mağazada olan balta ilə iki hissəyə bölüb, mağazadan götürdüyü iki ədəd ayrı-ayrı sellofan torbalara qoymuş, sonra mağazada olan soyuducunun qapısını açdıqda soyuducuda iki ədəd böyük sellofanda, bir ədəd isə kiçik sellofanda quzu quyruğu olmasını görmüş, bundan sonra kiçik sellofanda olan quzu quyruğunu da digər quyruqlar olan sellofanlardan birinin içərisinə qoyaraq quzunu qoyduğu iki ədəd sellofanlarla birlikdə əlinə götürərək pəncərədən çölə çıxmışdır. Mağazadan çıxdıqdan sonra əlində torbalarla ara küçələrlə yaşadığı ev istiqamətində getməyə başlamış, yaşadığı evə gedərkən quzunu iki yerə bölərək qoyduğu sellofanlar nazik olduğundan yırtılmış və sellofanlarda olan quzunun hissələri yerə dağılaraq palçığa bulaşmışdır, buna görə də o, daha həmin quzunu evə gətirməmiş yaxınlıqda olan zibilliyə itlərin yeməsi üçün atmış, quzu quyurqlarını isə özü ilə gətirərək alıcı tapıb, satar deyə yaşadığı evdə soyuducuya qoymuşdur. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ağsu şəhəri, S.Vurğun küçəsində özünə məxsus ət və ət məhsulları mağazası vardır. Həmin mağazanı özü işlədir. Sözügedən mağazanın arxasında isə özünə məxsus 0.12 ha ölçüdə həyətyanı sahə vardır. Həmin sahədə keçmişdə istifadə etdiyi və hazırda istifadə etmədiyi bəzi məişət əşyalarını, habelə mağazaya yerləşən digər əşyaları saxlayır. Sözügedən 0.12 ha ölçüdə torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmışdır, girişində isə dəmir materiallı darvaza vardır. 15 mart 2023-cü il tarixdə, saat 18 radələrində ət satışı mağazasını və mağazasının arxasında olan 0.12 ha həyətyanı torpaq sahəsinin darvazasını bağlayaraq yaşadığı evə çıxıb getmişdir. Sabahısı gün, yəni 16 mart 2023-cü il tarixdə iş yerinə qayıtdıqdan sonra mağazanın arxasında yerləşən həyətyanı sahəyə daxil olmuş, həyətyanı sahədə olan 3 mərtəbəli dəmir vitrinin orta gözündə saxladığı 60 manat dəyərində olan elektrik su qızdırıcısınının yerində olmadığını aşkarlamış, daha sonra o, həyətyanı sahəni gəzdikdə həyətdə olan 1 metri təxminən 12 manat dəyərində olan rus istehsalı olan 89-luq 6 metr uzunluğunda dəmir borunun da yerində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkarlamışdır. Elektrik su qızdırıcısı və dəmir borunun oğurlanması nəticəsində ona təxminən 132 manat maddi ziyan dəydiyindən, yəni bu məbləğ az olduğundan o, bu barədə polisə şikayət etmək istəməmişdir. 17 aprel 2023-cü il tarixdə saat təxminən 19 radələrində ət və ət məhsulları satışı mağazasını bağlayaraq yaşadığı evə çıxıb getmiş, mağazanı bağlayarkən mağazanın içərisində kəsilərək qarmaqdan asılmış vəziyyətdə və bütöv formada olan bir kq çəkisi 16 manat dəyərində olan 16 kq çəkidə quzu və mağazada yerləşən soyuducunun içərisində 3 ədəd sellofan torbada olan bir kq çəkisi 20 manat dəyərində olan ümumi çəkisi 35 kq quzu quyruğu olmuşdur. Həmçinin mağazanı bağlayarkən mağazanın yan hissəsində olan pəncərəni havalandırma olsun deyə açıq saxlamış, buna baxmayaraq həmin pəncərənin qarşısını içəriyə böcək daxil olmasın deyə dəmir torla bağlamışdır. 18 aprel 2023-cü il tarixdə səhər saatlarında o, ət və ət məhsulları satışı mağazasına gəldikdə və mağazaya daxil olduqda mağazada qarmaqdan asdığı bütöv quzunun yerində olmadığını aşkarlamış, daha sonra o mağazada olan soyuducunu açdıqda soyuducunun içərisinə qoyduğu 3 ədəd sellofan torbada olan quzu quyruğunun da yerində olmadığını və naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkarlamışdır. Sonra o, mağazadan çölə çıxaraq mağazanın ətrafına baxdıqda havalandırma olsun deyə açıq saxladığı, lakin dəmir torla bağladığı pəncərənin vintlərinin açılmasını görmüş və bundan sonra o, naməlum şəxs və ya şəxslərin mağazasının pəncərəsindən içəri daxil olmaqla mağazaya girib oğurluq etmələrini müəyyən etmişdir. Bu artıq ona qarşı olan ikinci oğurluq hadisəsi olduğundan artıq polisə müraciət etmək qərarına gəlmiş, buna görə də 20 aprel 2023cü il tarixdə RPŞ-nə yaxınlaşaraq baş vermiş oğurluq hadisələri barədə polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.088 ( bir min səksən səkkiz) manat məbləğində maddi ziyan dəymişdir, həmçinin həmin su qızdırıcısının marka və firmasına fikir verməmişdir, ona görə də bu barədə heçnə deyə bilməz, lakin su qızıdırıcısını 2 ay əvvəl 60 manata almışdır. Habelə Səxavət onun bibisi oğludur, Səxavət tüfeyli həyat təzi sürdüyü üçün təxminən bir ildir ki, münasibətləri yoxdur, lakin bir qohum kimi aralarında hər hasnı bir ədavət və ya düşmənçilik olmamışdır. O, RPŞ-nə ərizə ilə müraciət edərkən və ilkin ifadə verərəkən yalnış olaraq quzu quyruqlarının çəkisinin 35 kq olaraq qeyd etmişdir, həmin quzu quyruqları sellofan torbalarda ona təqdim olunan zaman müəyyən etmişdir ki, quzu quyruqlarının real çəkisi 14.455 kq olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Bu səbəbdən, təqsirləndirilən şəxsə ədaləti və qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu Zərərçəkmiş şəxs Ağsu şəhəri, S.Vurğun küçəsində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik, Ağsu şəhəri, S.Vurğun küçəsində yolun kənarında isə ət və ət məhsulları mağazası vardır. Oğlu mağazasına yerləşəməyən bəzi əşyalarını mağazaya bitişik olan həmin həyətyanı sahədə saxlayır. O, özü də hərdən həmin həyətyanı sahəyə nəzər yetirmək üçün gedir. 16 mart 2023-cü il tarixdə həmin yerə gedərkən həyətdə olan 6 metr uzunluğunda rus istehsalı olan dəmir borunun, habelə həyətdə olan üçmərtəbəli dəmir vitrinin orta gözündə olan elektrikli su qızdırıcısının yerində olmadığını, yəni oğurlandığını aşkarlamış, bundan sonra o bu barədə oğlu Zərərçəkmiş şəxs məlumat vermiş, lakin dəymiş ziyan az olduğundan həmin vaxt polisə məlumat verməmişdirlər. 18 aprel 2023cü il tarixdə isə oğlu Zərərçəkmiş şəxs ona ət və ət məhsulları mağazasından quzu quyruğu və bütöv vəziyyətədə olan kəsilmiş 16 kq çəkidə quzunun oğurlanmasını bildirmiş, bundan sonra isə o, Röyala artıq polisə məlumat verməsini demiş, oğlu Zərərçəkmiş şəxs də 20 aprel 2023cü il tarixdə oğurluq hadisəsi ilə bağlı Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə, saat 18:00-da tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, 22 aprel 2023-cü il tarixdə, saat 16:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 aprel 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon Polis İdarəsində CM-in 177.2.4-cü maddəsi ilə başlanılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli 9/3051 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda 2 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 122 manat, qərarda göstərilən digər 2 adda malların 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 530 manat müəyyən edilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, davranış qaydalarına tam əməl etmir və bir neçə dəfə məhkum olunmuşdur. Zərərçəkmiş səxsin 27 iyul 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixli qərarla CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edlmiş ittihamın məzmununa dəyişiklik etməklə, ona həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, iş üzrə vurulmuş ziyanın məbləği 652 manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3150 saylı rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin sənədləri və 1 ədəd CD-disk sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Ağsu şəhəri, H.Aslanov küçəsi 38 saylı evdə axtarış və götürmə istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi iki ədəd sellofan torbada olan 14,455 kq çəkidə quzu quyruğunun və “Fuma Japan” markalı, 2 litr həcmli elektrik su qızdırıcısının 21 aprel 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmişə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd sellofan torbada olan 14,455 kq çəkidə quzu quyruğunun və “Fuma Japan” markalı, 2 litr həcmli elektrik su qızdırıcısının sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 11 ay (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd sellofan torbada olan 14,455 kq çəkidə quzu quyruğunun və “Fuma Japan” markalı, 2 litr həcmli elektrik su qızdırıcısının sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar