Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-46/2024 16.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Ağsu şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni 0,647 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq yerini dəyişməklə yaşadığı Ağsu rayonuna gətirib, üzərində saxlamış, 08 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağsu şəhəri, Vidadi küçəsində saxlanılıb, rayon X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 22:40-da üzərində şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli şalvarının sol yan cibindən, iki ədəd üstə-üstə kağızlara qoyularaq bükülmüş bükümdə içərisində təmiz çəkisi xeyli miqdarda, yəni 0,647 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu rayon Qaraqaşlı kəndində ailəsi ilə birlikdə yaşayır. Əvvəllər bir neçə dəfə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Üzərindən aşakar edilərək götürülmüş metamfetamini təxminən 4-5 gün əvvəl, yəni 04 fevral 2024-cü il tarixdə yaşadığı Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində piyada şəkildə gəzərkən təsadüfən yerdən tapmışdır. O, həmin kütləni yerdən taparkən əvvəllər də metamfetamin istifadə etdiyi üçün psixotrop maddə olmasını tanıyaraq gələcəkdə istifadə etmək məqsədi ilə, yerdən götürərək həmin vaxt əynində olan şalvarının cibinə qoyub, saxlamışdır. Həmin vaxtdan etibarən yerdən tapdığı psixotrop maddə olan metamfetamini istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, lakin kefi istəmədiyi üçün tapdığı psixotrop maddədən istifadə etməmişdir. 08 fevral 2024-cü il tarixdə saat təxminən 20 radələrində yerdən tapdığı psixotrop maddə olan metamfetamini əyninə geyindiyi şalvarının sol yan cibinə qoyaraq Ağsu şəhəri, Vidadi küçəsində, “Oba” marketin qarşısında piyada gəzərkən, həmin küçədə polis əməkdaşları onu saxlatdıraraq qanunsuz olaraq narkotik və ya psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu izah edib onlarla birlikdə Ağsu RPŞ-nə getməsini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmiş, Ağsu RPŞ-nə gəldikdən sonra ona müdafiəçinin köməyindən istifadə etmək hüququ izah olunaraq, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində axtarış və götürmə aparılması haqqında qərar qəbul olunaraq üzərində axtarış və götürmə aparılmağa başlanılmış, üzərində axtarış və götürmə aparılarkən ondan üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, üzərində psixotrop maddə olan metamfetamin olmasını etiraf etmiş və əynində olan göy rəngli şalvarının sol yan cibindən iki ədəd kağızlara bükülmüş vəziyyətdə olan, psixotrop maddə metamfetamini çıxararaq təhvil vermişdir. Daha sonra həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonda isə axtarış və götürmə aparılması haqqında protokol ucadan oxunaraq həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmur, lakin hərdənbir psixotrop maddə olan metamfetamin istifadə etmişdir, başqa hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2022ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2024-cü il tarixdə Ağsu rayon sakini, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid1 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri, Vidadi küçəsində, “Oba” marketin qarşısında piyada hərəkətdə olarkən, saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən, iki ədəd kağızlara bükülmüş, bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmiş və həmin kütləni bir neçə gün əvvəl yaşadığı Ağsu rayon Qaraqaşlı kənd ərazisində yerdən tapdığını, sonra tapdığı kütlənin əynində olan şalvarının cibinə qoyaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2024-cü il tarixdə Ağsu rayon sakini, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri, Vidadi küçəsində, “Oba” marketin qarşısında piyada hərəkətdə olarkən, saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən, iki ədəd kağızlara bükülmüş, bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmiş və həmin kütləni bir neçə gün əvvəl yaşadığı Ağsu rayon Qaraqaşlı kənd ərazisindən yerdən tapdığını, sonra tapdığı kütlənin əynində olan şalvarının cibinə qoyaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim olunması məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tututma haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 09 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/131 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki, qızılı-ağ rəngli kağıza bükülmüş 01 ədəd pul qəbzi kağızı bükümdə, təmiz çəkisi – 0,647 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:45-də saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmiş, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 fevral 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Polis şöbəsində cinayət işi başlanılmış, cinayət işi hal-hazırda icraatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 12 mart 2024-cü il tarixli, 433 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra Ağsu rayonu, Qaraqaşlı kəndində fərdi təsərrüfatla məşğul olmuş, kənddə yaşadığı dövrdə özünü nümunəvi aparmış, kənd gənclərinin və ağsaqqallarının hörmətini qazanmış, rayon tədbirlərində yaxından iştirak etmişdir. Bu günə qədər onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 27 mart 2024-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, onun üzərindən aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanmasının rədd edilməsi, cinayət işinin materiallarına uyğun olmaqla yanaşı, obyektiv rəylər olduğundan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/131 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 433 nömrəli ekspert rəyi, üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd CD-disk, şahid ifadələrinin cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, onun üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalığının (0,597 qram) xx.xx.2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsinin nəzərə alınması və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadələri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Psixotrop vasitələr” adlı İİ Siyahının 118-ci qrafasına əsasən, 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 0,597 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 08 fevral 2024-cü il tarixdən 10 fevral 2024-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içərisində olan 0,597 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-46/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-46/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver