Məhkəmə qərarları › İş №1(016)-47/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-47/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-47/2024 16.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 34,54 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 27 fevral 2024-cü il tarixdə saat 20:50 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən, “Bolmart” marketin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 22:10dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd sellofan bükümdə, təmiz çəkisi 34,54 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu şəhəri, H.Z.Tağıyev küçəsi, ev 2 ünvanında yaşayır. Narkotik vasitə olan, camaat arasında “nəşə” adlanan marixuanadan arabir istifadə edirmiş. 27 fevral 2024-cü il tarixdə gündüz vaxtı Ağsu şəhəri, H.Z.Tağıyev küçəsində imiş. Həmin vaxt zibilliyin yaxınlığında yerdə bir ədəd sellofan büküm olmasını görmüş və diqqətini cəlb etdiyi üçün bükümü yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu müəyyən etmiş və istifadə etmək məqsədilə həmin bükümü cibinə qoymuşdur. Bundan sonra o, oradan uzaqlaşmışdır. 27 fevral 2024cü il tarixdə saat təxminən 20 radələrində Ağsu şəhərində yerləşən “Bolmart” adlı mağazanın qarşısında piyada hərəkətdə imiş. Bu vaxt Ağsu rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitəni qanunsuz gəzdirməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Ağsu rayon polis şöbəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra ona hüquqları izah olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, cibində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, sonra o, əynində olan gödəkcəsinin sağ yan cibindən içində narkotik vasitə marixuana olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra həmin marixuana ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bundan sonra o, bu barədə tərtib edilən protokolu imzalamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuş, o, daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirmək zərurəti yarandığından əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra o, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən “Bolmart” marketin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb ona yaxınlaşıb saxlamışlar. Onlar özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuş, daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağsu rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 27 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə Ağsu RPŞ-nin CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Şahid1 məxfi mənbədən məlumat daxil olmuş, Şahid1 daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra Ağsu RPŞ-nin CAB-ın rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ilə birlikdə Ağsu şəhəri ərazisində yerləşən “Bolmart” marketin yaxınlığına getmişlər. Onlar Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb yaxınlaşıb saxlamış, özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən, bir ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və yerdən tapdığını demişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. - “Cinayət törətməkdə şübhəli şəxsi tututma haqqında” 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə, saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/213 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm ...” adlar və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 34,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 13 mart 2024-cü il tarixli, 439 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 mart 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının 08 ay 16 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasının 04 ay 03 gün hissəsindən şərti azad edilmişdir. Cəza müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarmır, davranış qaydalarına tam əməl etmir. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 01 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X4 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan bir ədəd sellofan bükümdə, 34,49 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd sellofan bükümdə, 34,49 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 fevral 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd sellofan bükümdə, 34,49 qram çəkidə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 96 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar