Məhkəmə qərarları › İş №1(016)-48/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-48/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-48/2023 21.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Yevlax rayonu, Hacıselli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işsiz, orta təhsilli, məhkum olunmamış, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi “Mersedes Benz 403” markalı, BA004KU dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 mart 2023cü il tarixdə, saat 13 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 10-cu kilometrliyində Şamaxı rayon istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtobusun idarə etməməsindən ayırmamalı, hərəkət zamanı təhlükəsizliyi təmin etməyən hərəkətlər etməməli, əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə alaraq avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli və 1.1 üfüqi nişanlanma xəttini kəsərək qarşı sol hərəkət zolağına çıxmamalı, avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələblərə riayət etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə, İsmayıllı rayon istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mack GU-813E” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşması nəticəsində sürücü Zərərçəkmiş şəxs1 alının yarası, sağ Vİ, sol Vİ, X, Xİ, Xİİ qabırğaların və L1 fəqərənin sol yan çıxıntısının yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət və “Mersedes Benz 403” markalı, BA004KU dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 İİ dərəcəli travmatik şokla müşayiət edilən L3 fəqərənin çıxıntısının qasıq oturan və oma sümüklərinin qapalı, cüzi yerdəyişmiş sınıqları, döş qəfəsinin, qarın divarının qapalı travması kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Beləliklə də Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. “Mersedes Benz 403” markalı avtomobili təxminən 2 ildən çoxdur ki, Aftandil adlı adamdan almışdır. Lakin avtomobil Gürcüstan qeydiyyatı olduğundan və sərhədlər bağlı olduğundan avtomobili Azərbaycan Respublikasında qeydiyyatdan keçirmək mümkün olmamışdır. Sürücülük vəsiqəsi yoxdur. Atasına məxsus avtobus ilə Mingəçevir-Sədərək arası sərnişin daşımaqla pul qazanır. Avtomobili daima sürücü Röyal Həsənov idarə edir. Bundan başqa, X4 futbolçularını və işçilərini futbol oyunlarına aparır və bunun qarşılığında pul alır. xx.xx.2022-ci il tarixdə X11 İctimai Birliyi ilə atası Elxan Qafarov arasında müqavilə bağlanmış və həmin müqavilənin müddəti xx.xx.2023-cü il tarixədəkdir. Bu müqavilə əsasında futbol klubunun oyunlarında onları nəqliyyat vasitəsi ilə təmin edir. 07 mart 2023-cü il tarixdə saat 14 radələrində X4 Şamaxı rayonunda X15 ilə oyunu olmuşdur. Bu məqsədlə Mingəçevir şəhərindən futbolçular ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində ona məxsus avtobus ilə birlikdə çıxmışdır. Əvvəllər həmişə avtobusu sürücü Röyal idarə edirmiş, lakin bu gün Röyalın atasının xəstələnməsinə görə və başqa sürücü olmadığına görə avtobusu özü idarə etmək qərarına gəlmişdir. Mingəçevir şəhərindən futbolçular ilə birlikdə saat 10 radələrindən çıxdıqdan sonra Göyçay rayonunu keçməklə İsmayıllı rayonuna daxil olmuş, avtobusda təxminən 20-25 nəfər futbolçu, məşqçilər olmuşdur. Həmin vaxt avtomobili idarə etmiş, idman direktoru Zərərçəkmiş şəxs2 sürücünün arxasında olan oturacaqda əyləşmişdir. Onlar İsmayıllı şəhərini keçdikdən sonra Şamaxı rayonuna getməkdən ötrü hərəkət etməyə davam etmişdir. İsmayıllı rayonu Basqal kəndini keçdikdən sonra hərəkətdə olan zaman hava dumanlı və yüngül yağışlı olmuşdur. Basqal kəndini keçdikdən sonra avtobusu 50-60 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman yolun sərt döngəli olan hissəsinə çatmışdır. Avtobusun qabariti uzun olduğundan sərt döngəni dönə bilməcəyini düşünüb qarşı zolağa keçməklə sərt döngəni keçmək istəmişdir. Hava dumanlı olduğuna görə sərt döngəyə daxil olan zaman qarşıdan yük avtomobilinin gəlməsini görməmişdir. Döngəyə daxil olub qarşı hərəkət zolağına keçməklə hərəkətinə davam etməyə başlamışdır. Hərəkətdə olan zaman qəflətən qarşısında “Mack” markalı yük avtomobilinin hərəkətdə olmasını görmüşdür. Qəza olmasın deyə öz hərəkət zolağına qayıtmaqdan ötrü avtomobilin sükanını sağ tərəfə döndərmiş, “Mack” markalı avtomobili gördükdə arasında məsafə artıq olmuş və qəzanın qarşısını ala bilməmişdir. Bundan sonra isə idarə etdiyi avtobusun sol ön tərəfi yük avtomobilinin sol ön tərəfindən dəymişdir. Qəzadan sonra isə hər iki avtomobil bir qədər aşağı tərəfə istiqamətlənərək sürüşmüşdür. Avtomobillər dayandıqdan sonra avtobusdan düşdükdə Zərərçəkmiş şəxs2 avtobus ilə yük avtomobilinin arasında qalmasını görmüş və ona kömək etmişdir. Daha sonra isə yük avtomobilinin sürücüsünə kömək etmiş və həmin sürücünü də yük avtomobilindən çıxarmışdır. Daha sonra isə hadisə yerinə polis əməkdaşları və həkimlər gəlmişlər. Hadisə zamanı heç bir maddə və spirtli içkinin təsiri altında olmamışdır. O, hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəyən maddi ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, onun sürücülük vəsiqəsi var, məhdudiyyəti yoxdur. Yol nəqliyyat hadisəsindən əvvəl Muğanlı İsmayıllı yolunun təmiri ilə bağlı həmin yol ərazisində işləmiş, “Mack” markalı yük avtomobili ilə qazılmış torpaqları daşımışdır. Hazırda isə qəzadan sonra işləmir. 2023-cü il mart ayının 1-dən Muğanlı İsmayıllı yolunda işləməyə başlamışdır. İşlədiyi şirkət ilə Kəlbəcər rayonunda yol tikintisində eyni işdə işləmişdir. Yəni verilən yük avtomobili ilə torpaq daşıyıb müəyyən olunmuş yerlərə boşaltmışdır. Kəlbəcərdə qar yağdığı üçün şirkət tərəfindən bura göndərilmiş və işləməyə başlamışdır. “Mack” markalı, “GU-813E” yük markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. Digər yollardakı kimi burada yolda qazılmış torpaqları deyilən yerlərə boşaltmışdır. 07 mart 2023-cü il tarixdə də həmşəki kimi işləmişdir. Gündəlik işdə olduğu vaxt nahar vaxtı olmuşdur. Buna görə də naharı şirkətdən gətirilmiş maşından götürmək üçün getmişdir. Həmin vaxt avtomobili boş, yəni yüksüz olmuşdur. Naharı gedib götürdükdən sonra işlədiyi, yəni torpaq götürdüyü yerə gətirməkdən ötrü geri qayıtmış, həmin vaxt avtomobildə tək olmuş, İsmayıllı şəhəri istiqamətində hərəkətdə olmuşdur. Avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etmişdir. Hava çiskinli və dumanlı olmuş, hərəkətdə olan zaman sərt döngəli yol olmuşdur. Sadəcə qəzanın necə baş verməsini, qəzadan sonra baş verənləri xatırlamır. Özünə gəldikdə İsmayıllı RMX-da olmuş, orada bir neçə gün qaldıqdan sonra evə buraxılmış, evə getdikdən sonra isə ailəsi qəza olmasını bildirmişdir. Həmin vaxta kimi səhhətinə görə qəza ilə bağlı heçnə deyilməmiş və heçnə xatırlamır. Qəza zamanı heç bir maddənin və spirtli içkinin təsiri altında olmamışdır. İş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 315.2-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 315.2-ci maddəsinə əsasən, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, X5 təxminən 1 ildir ki, idman direktoru vəzifəsində işləyir. Hazırda xəsarət aldığına görə işə çıxmır. xx.xx.2023-cü il tarixdə X15 ilə oyunu var imiş. Həmin gün səhər 10 radələrində X4 üzvləri olmaqla 20-25 nəfər ilə birlikdə avtobus ilə Şamaxı rayonuna yola çıxmışdır. Həmin avtobusu Anar idarə edirmiş. Həmin gün səhər 10 radələrində Mingəçevir şəhərindən çıxıb Şamaxı rayon istiqamətində hərəkət etmişlər. Göyçay rayonuna keçdikdən sonra İsmayıllı şəhərini keçib Şamaxı rayonu istiqamətində hərəkət etmişlər. Bundan sonra isə onlar İsmayıllı Şamaxı rayonlar arasında olan dolambaclı yolda hərəkət etmişlər. Həmin vaxt hava dumanlı, yüngül yağışlı olmuşdur. Hərəkətdə olan zaman onlar sərt döngəyə daxil olan zaman sürücü Anar sürət həddini düzgün seçmədiyi üçün qarşı zolağa çıxıb döngəni keçmək istəmiş, həmin vaxt hava dumanlı olduğu üçün qarşıdan Kamazın gəldiyini görməmişdir. Anar sərt döngədə olan zaman avtobusun ön və digər hissəsinin yarısı qarşı hərəkət zolağında olmuşdur. Hava dumanlı olduğu üçün Anar qarşıdan Kamazın gəldiyini görməmişdir. Bir anda Anar Kamazı gördükdə onun ilə arasında 10-12 metr məsafə olmuşdur. Anar qarşıdan Kamazın gəldiyini görüb öz zolağına qayıtmaq istəmiş, lakin sürəti və hava yağışlı olmasına görə öz zolağına yarımçıq qayıtmışdır. Bu vaxt onların avtobusu Kamaz ilə onun hərəkət zolağında toqquşmuşdur. Təhlükə anında ayağa qalxdığı üçün yıxılmış və hər iki avtomobilin arasında qalmışdır. Bundan sonra isə avtomobillər bir qədər geriyə gedib dayanmışdır. Bundan sonra isə özünə gəldikdə Şamaxı RMX-da olmuşdur. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, hazırda X11 X10 heyətinin sədri vəzifəsində çalışır. Həmin vəzifədə 2022-ci ilin dekabr ayından çalışır. Əvvəl sədr müavini vəzifəsində işləmiş, lakin köhnə sədr X2 işdən çıxmasına görə həmin vaxtdan idarə heyətinin sədridir. Futbol klubu olaraq müxtəlif rayonlara futbol oynamağa gedir. Futbol oyunları ilə bağlı nəqliyyat vasitəsinin təmini ilə bağlı fiziki şəxs X9 ilə müqavilə bağlamışlar. Həmin müqavilə Rövşən Əhmədovun dövründə bağlansa da hazırda da qüvvədədir. Həmin müqavilənin şərtlərinə əsasən Elxan Qafarov səfər oyunlarında nəqliyyat vasitəsini təmin edir. Səfər oyunlarına 2022-ci ildən “Mersedes Benz 403” markalı, BA-004-KU dövlət qeydiyyat nişanlı avtobus ilə gedirlər. Sürücü kimi Röyal, Elxan və Anar da səfər oyunlarına aparmışdır, lakin əsas rəhbər Elxandır. 07 mart 2023-cü il tarixdə saat 15-də Şamaxı rayonunda həmin rayonun futbol klubu ilə səfər oynu olmuşdur. Bununla bağlı ümumi komanda heyəti ilə birlikdə 22-24 nəfər şəxsi heyəti Şamaxı rayonuna getməli olmuşdur. Əvvəlcədən səfər oyunları ilə bağlı müqaviləsi əsasında Elxana məlumat vermişdir. Elxan da qeyd etdiyi avtobusla oğlu Anarı sürücü olaraq xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində göndərmişdir. Səhər 10 radələrində Mingəçevir şəhərindən çıxıb 13 radələrində Şamaxı rayonunda olmalı olmuşdur. Futbolçular və inzibati heyət ilə birlikdə saat 10 radələrində Mingəçevir şəhərindən Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz 403” markalı, BA-004-KU dövlət qeydiyyat nişanlı avtobus ilə yola çıxmışdır. Yola çıxdıqdan sonra Göyçay rayonunu keçməklə İsmayıllı rayonuna gəlmişdir. İsmayıllı şəhərini çıxıb Şamaxı istiqamətində hərəkətinə davam etmişdir. Həmin vaxt avtobusun ön sərnişin oturacağında əyləşmiş, hava dumanlı və yüngül yağışlı olmuş, hərəkətdə olan zaman qarşısında sərt döngə olmuşdur. Anar sərt döngəyə görə avtobusu döndərə bilməcəyini görüb qarşı hərəkət zolağına avtobusu çıxartmaqla dönməyə başlamışdır. Həmin vaxt qarşı hərəkət zolağına təxminən 1 metr məsafə çıxmışlar. Anar hava dumanlı olduğuna görə isə qarşıdan avtomobilin gəlib gəlməməsini görməmişdir. Anar qarşı hərəkət zolağına keçib sərt döngəni keçmək istəyən zaman qəflətən qarşı hərəkət zolağında “Mach” markalı yük avtomobilinin olmasını görmüşdür. Bu vaxt həmin avtomobil ilə aralarında məsafə çox az olmuşdur. Anar avtobusu öz yoluna, yəni sağ tərəfə istiqamətləndirməyə çalışsa da qəzanın qarşısını ala bilməmiş və avtobusun sol tərəfi ilə Kamazın sol tərəfi qarşı hərəkət zolağında toqquşmuşdur. Bundan sonra isə yol maili olduğuna görə yük avtomobili və avtobusla birlikdə arxaya gedib dayanmış, avtobusdan düşmüşdür. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları və təcili yardım avtomobilləri gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 113 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşağıdakı xəsarətlər aşkarlanmışdır: - alnın yarası, sağ Vİ, sol Vİ, X, Xİ, Xİİ qabırğaların və L1 fəqərənin sol yan çıxıntısının yerdəyişməyən sınığı bərk küt əşya (alət) təsirindən örənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X12 xx.xx.2023-cü il tarixli, 211 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşağıdakı xəsarətlər aşkarlanmışdır: - İİ dərəcə travmatik şokla müşayiət edilən L3 fəqərənin çıxıntısının qasıq-oturaq və oma sümüklərinin qapalı, cüzi yerdəyişmiş sınıqları, döş qəfəsinin, qarın divarının qapalı travması bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz 403” markalı, BA004KU dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin, 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs “Mercedes Benz 403” markalı, BA004KU dövlət qeydiyyat nişanlı avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1988-ci ildə anadan olmuş, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kənd sakinləri arasında özünü nizam-intizamlı aparmışdır. Kəndin ictimai işlərində fəal iştirak edir, vətəndaş haqqında nümayəndəliyə yazılı və ya şifahi şikayət daxil olmamışdır. - Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Gələcəkdə də ona dair heç bir iddia və tələbi olmayacaqdır. - Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Gələcəkdə də ona dair heç bir iddia və tələbi olmayacaqdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 263.1-ci maddəsi ilə fakta əsasən başlanılaraq istintaqı aparılan ********* nömrəli cinayət işi CM-in 263.1-ci maddəsindən həmin məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 263-1.2, 264-cü maddələrinin tərkib əlamətləri olmadığından, onun barəsində həmin maddələr ilə cinayət işi başlanması rədd olunmuş və sonuncunun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilmiş, X1 əməlində CM-in 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından. barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş və sonuncunun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilmiş, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, baxış protokolu, hadisə yerinin sxemi, ekspertiza rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmaqla, ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmış, “Mercedes Benz 403” markalı, BA-004-KU dövlət qeydiyyat nişanlı avtobus və “Mack GU-813E” yük markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmadığından və həbsdə saxlanılmadığından, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 403” markalı, BA-004-KU dövlət qeydiyyat nişanlı avtobus və “Mack GU-813E” yük markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz 403” markalı, BA-004-KU dövlət qeydiyyat nişanlı avtobus və “Mack GU-813E” yük markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar