Məhkəmə qərarları › İş №1(016)-51/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-51/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-51/2024 30.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, evli, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib daşımaqla yaşadığı evdə saxlamış və üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd, 16 kalibrli, TOZ-B modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ Tula silah zavodunda istehsal olunmuş, seriya və nömrəsi silinmiş, hamar qoşa lüləli, yivsiz, odlu ov tüfəngi olub, lakin sonradan konstruktik dəyişikliklərə məruz qalaraq lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, hal-hazırda lüləsinin uzunluğu 285 mm, ümumi uzunluğu 490 mm olan, öz ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və hər iki lüləsi atəş üçün yararlı, odlu silah hesab olunan ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş 16 kalibrli, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadəyə (atəş) yararlı, döyüş sursatı hesab olunan 05 ədəd patronları qanunsuz əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhəri N.Tağızadə küçəsi 63 saylı evə gətirib həmin evdə saxlamış, xx.xx.2024-cü il tarixdə qeyd edilən odlu silah və döyüş sursatını qanunsuz olaraq üzərində gəzdirərkən, həmin tarixdə saat 12:30 radələrində Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamasında şübhələnildiyi üçün Ağsu şəhəri M.Ə.Sabir küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına gətirilib orada saat 13:20 radələrində üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əynində olan qara rəngli şalvarının sağ yan tərəfindən belinə keçirilmiş vəziyyətdə qara rəngli selofan torbanın içərisindən odlu silah hesab olunan ov tüfənginin kəsiyi və döyüş sursatı hesab olunan 05 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər üzərində narkotik vasitə daşıdığından və başqa cinayət əməlləri törətdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Yaşadığı ev Ağsu çayının sahilində yerləşir. Tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilində gəzərkən, həmin yerdə zibil tökülmüş ərazidə bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patronlarını tapmışdır. Həmin silahı və patronları qara rəngli selofana büküb, yaşadığı evə gətirib, evində gizlətmişdir. Evdə ailə uşaqlarının yaşadığından, onların silahı tapıb, istifadə etməsindən qorxduğu üçün silahı başqa yerdə gizlətmək məqsədilə 08 fevral 2024-cü il tarixdə içərisində odlu silah və patronlar olan selofan torbanı, əynində olan şalvarının sağ yan tərəfindən, belinə keçirərək, küçəyə çıxmışdır. Daha sonra həmin tarixdə saat 12:30 radələrində Ağsu şəhəri M.Ə.Sabir küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdıraraq, birlikdə Ağsu rayon polis şöbəsinə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət etmişlər və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olubolmaması soruşulduqda o, üzərində lüləsi kəsilmiş abrez-odlu silah olduğunu etiraf etmişdir. Sonra o, əynində olan şalvarının sağ yan tərəfindən, belinə keçirtdiyi, qara rəngli selofan torbanı çıxardıb, masanın üzərinə qoymuş, selofan torbanı açaraq, bir ədəd lüləsi kəsilmiş odlu silahı və 5 ədəd patronları təhvil vermişdir. Daha sonra silah və patron qablaşdırılmış, iştirak edən şəxslər qablaşdırılmış kisənin üzərini imzalarla təsdiq etmişlər. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar edilmiş odlu silah və patronları tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının kənarından tapmışdır. Silahı tapdıqdan sonra suvenir kimi saxlamaq məqsədilə evimə aparıb, gizlətmişdir. Lakin, sonradan silahı ailə üzvlərinin tapıb istifadə etməsindən qorxduğu üçün yerini dəyişmək məqsədilə götürüb, belinə keçirib, başqa yerdə gizlətmək məqsədilə daşımışdır. O, həmin silahla heç vaxt cinayət törətməmişdir. Həmin silahın onda olması barədə heç kimin məlumatı olmamışdır. O, həmin silahı könüllü formada təqdim etmək istəməmiş, ona maraqlı olduğu üçün həmin silahı saxlamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində üç uşaq olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli və himayəsində üç uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid1 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri Sabir küçəsində piyada hərəkətdə olarkən saxlayaraq, rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkil dəvət olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının, sağ yan tərəfində, belinə keçirilmiş, qara rəngli selofan torbanı təqdim etmiş və bildirmişdir ki, selofan torbanın içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patronlar var. Həmin silahı və patronları tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilindən tapmışdır. Daha sonra selofan torba açılmış, torbanın içərəsində olan bir ədəd, lüləsi kəsilmiş və qundağı kəsilmiş silah və 5 ədəd patronlar aşkar olunmuşdur. Daha sonra həmin silah və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və tərtib olunmuş protokollar iştirakçılara ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolları, həm də möhürlənmiş kisəni imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin silahı və 05 ədəd patronları haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs deməsinə görə həmin silahı və 05 ədəd patronları birlikdə tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilindən zibilliyin kənarından tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 iş üzrə digər şahid X9 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 cinayət işi üzrə ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək göstərilmişdir ki, o, 2022-ci ilin aprel ayından Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs Ağsu şəhəri Sabir küçəsində piyada hərəkətdə olarkən saxlayaraq, rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkil dəvət olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının, sağ yan tərəfində, belinə keçirilmiş, qara rəngli selofan torbanı təqdim etmiş və bildirmişdir ki, selofan torbanın içərisində bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patronlar var. Həmin silahı və patronları tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilindən tapmışdır. Daha sonra selofan torba açılmış, torbanın içərəsində olan bir ədəd, lüləsi kəsilmiş və qundağı kəsilmiş silah və 5 ədəd patronlar aşkar olunmuşdur. Daha sonra həmin silah və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və tərtib olunmuş protokollar iştirakçılara ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolları, həm də möhürlənmiş kisəni imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin silahı və 05 ədəd patronları haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs deməsinə görə həmin silahı və 05 ədəd patronları birlikdə tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilindən zibilliyin kənarından tapmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları könüllü təqdim etməsi təklif olunmuş, o əynində olan qara rəngli şalvarının yan tərəfində, belinə keçirilmiş vəziyyətdə olan qara rəngli sellofan torbanı təqdim edərək, həmin torbada lüləsi kəsilmiş silah olduğunu bildirmiş, daha sonra qara rəngli selofan torba açılmış içərisində bir ədəd üzərində nömrə olmayan, lüləsi kəsilmiş, odlu silah və 5 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin silahı 10-15 gün əvvəl Ağsu çayının kənarından tapdığını, bu gün isə silahın yerini dəyişdirmək üçün üzərində gəzdirərkən, polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Aşkar edilmiş 1 ədəd odlu silah və 5 ədəd patronlar yivli silah, istifadəyə yararlı olub-olmaması və sair xüsusatlarının müəyyən olunması məqsədilə ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmiş və axtarış zamanı istifadə olunan video çəkiliş əks olunan disk və fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli, 24/295 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, keçmiş SSRİ-də Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli yivsiz hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdır və atəş üçün yaralıdırlar. Qeyd: təqdim edilmiş cəmi 05 ədəd 16x70 kalibrli ov patronlardan 02 ədədi eskperimental atəşlər zamanı istifadə olunmuşdur. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, CM-nin 228.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/429 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 16 kalibrli olmaqla “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, keçmiş SSRİ-də “Tula silah zavodunda” istehsal edilmiş, seriya və nömrəsi silinmiş, hamar (yivsiz) qoşa-lüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin səthindəki seriya nömrəsi sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqim edilmiş tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, o cümlədən də tədqiqata təqim edilmiş tüfəngdə də döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan gilizləri zavod üsulu ilə hazırlanmış, daxili atəş komponentləri kustar üsulu ilə doldurulmuş patrondur, istifadəyə (atəşə) yararlıdır. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manatdır. - Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 05 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerində Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, hadisəni yerində təsvir etsin. Bundan sonra o, Ağsu şəhəri ərazisində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ sahilində Ağsu çayının kənarında olan zibilliyin kənarında dayanıb bildirmişdir ki, təxminən tutulmamışdan 10-15 gün əvvəl Ağsu çayının sahilində gəzərkən, həmin yerdə zibil tökülmüş ərazidə bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patronlarını tapmışdır. Həmin silahı və patronları qara rəngli selofana büküb, yaşadığı evə gətirib, evində gizlətmişdir. Evdə ailə uşaqlarının yaşadığından, onların silahı tapıb, istifadə etməsindən qorxduğu üçün silahı başqa yerdə gizlətmək məqsədilə 08 fevral 2024-cü il tarixdə içərisində odlu silah və patronlar olan selofan torbanı, əynində olan şalvarının sağ yan tərəfindən, belinə keçirərək, küçəyə çıxmışdır. Daha sonra həmin tarixdə saat 12:30 radələrində Ağsu şəhəri M.Ə.Sabir küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdıraraq, birlikdə Ağsu rayon polis şöbəsinə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilən fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 18-1-25/2-258/24 nömrəli məktubundan görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 63 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-in narkoloji kabinetində dispanser qeydiyyatda dayanmışdır. E.Burcalıyev ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatda dayanışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Ambulator Məhkəmə Psixatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 938 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən psixi xəstəlik hazırda remissiya (yaxşılaşma) vəziyyətindədir. E.X. Burcaliyev barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixli qərarla CM-nin 228.1ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluq müddəti bitmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 229-cu maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş, iş üzrə DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/295 nömrəli, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli 3-16-16/2-3/429 nömrəli, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 03 ədəd patronlar iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 27 may 2005-ci il tarixli 2 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin qanunsuz əldə etdiyi, başqasına verdiyi, saxladığı, daşıdığı, gəzdirdiyi, hazırladığı, təmir etdiyi, taladığı və ya hədə-qorxu ilə tələb etdiyi silahın (yivsiz odlu silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silaha, onun komplekt hissələrinə, döyüş sursatına, partlayıcı maddələrə və ya qurğulara aid olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə ehtiyac olduqda iş üzrə ekspertizanın keçirilməsi zəruridir. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 63-də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:00-da CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 10 fevral 2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1975-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 63 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu RDİŞ-nin xx.xx.1993-cü il tarixli qərarı ilə 143-cü maddənin 4-cü hissəsinə əsasən həbs edilmiş, xx.xx.1993-cü il tarixli Ağsu Rayon Xalq Məhkəməsinin qərarı ilə CM-nin 54cü maddəsinə əsasən azad edilib, Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə barəsində ciddi nəzarət altında tibbi xarakterli məcburi müalicə tətbiq edilərək ruhi əsəb xəstəxanasına göndərilmiş, Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli qərarı ilə hökm dəyişdirilib, barəsində təyin edilmiş ciddi nəzarət altında tibbi xarakterli məcburi müalicə dayandırılıb, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü ildə cəzası bitmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 15 yanvar 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkmişdir. - X5 xx.xx.2024-cü il tarixli, 3-16-17/37/2-1917/2024 saylı məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün xx.xx.2022-ci il tarixdə Şəki PM-dən Bakı İstintaq Təcridxanasına oradan da xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli, 3-16-17/32/2-1596/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Ağsu Rayon Məhkəməsinin hökmünə əsasən təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimdə çəkərək xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 088/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-201/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 03 (üç) gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Məhkumun cəza müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2019-cu ildə cəzanın sonu ilə azad edilmiş və onun bu hökm üzrə məhkumluğu xx.xx.2021-ci ildə ödənilmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü ildə cəzası bitmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 08 fevral 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-13/2-3-832/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: arvadı – xx.xx.1987-ci il təvəllüdlü X6, oğlu – xx.xx.2006-cı il təvəllüdlü X7, oğlu – xx.xx.2007-ci il təvəllüdlü X1 və qızı – xx.xx.2010-cu il təvəllüdlü X2r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 5-34-13/2-3-832/2024 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs çətin tərbiyə olunandır, ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, bir neçə dəfə həbs olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, cinayəti səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 fevral 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu və ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi və əməlində cinayətlərin residivi olduğundan, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxsin üzərində və yaşadığı evində axtarış və götürmə aparılmasını özündə əks etdirən iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 03 ədəd patronlar CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 09 (doqquz) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 08 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilən maddi sübut – bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 03 ədəd patronlar CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar