Məhkəmə qərarları › İş №1(016)-51/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-51/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-51/2025 17.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Ağsu şəhəri 3-cü məhəllə, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz olaraq əldə etdiyi bir ədəd “Plombir” markalı siqaret qutusunda təmiz çəkisi 17,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əynində olan göy rəngli cins şalvarın sol yan cibinə yerləşdirib üzərində satış məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar qanunsuz saxlayaraq daşımış, 18 avqust 2025-ci il tarixdə saat 13:19-da Ağsu rayon Polis şöbəsinin NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbiristanlığının ərazisində saxlanılıb üzəri yoxlanılarkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı bir ədəd “Plombir” markalı siqaret qutusunda təmiz çəkisi 17,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarın sol yan cibində aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir, lakin hazırda hər hansı narkotik vasitə və ya psixotrop maddədən istifadə etmir. 2025-ci ilin avqust ayının əvvəllərində dəqiq xatırlamadığı gündə mərhum qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” adlanan qəbristanlığa gəlmişdir. Bu vaxt orada başqa kənar şəxs yox imiş. O, qəbristanlığın ərazisində bir qədər piyada hərəkət etdikdən sonra qəbristanlığın ərazisində yerdə bir siqaret qutusu onun diqqətini cəlb etmiş, bundan sonra o, həmin yerə yaxınlaşaraq orada olan siqaret qutusunu yerdən götürdükdə onun “Plombir” markalı siqaretin qutusu olmasını görmüşdür. Həmin “Plombir” markalı siqaret qutusunu açan zaman onun içərisində narkotik vasitə marixuana olmasını görmüşdür. Bundan sonra o, sonradan onun içərisində olan marixuanadan istifadə etmək məqsədilə içərisində narkotik vasitə marixuana olan “Plombir” markalı siqaret qutusunu əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuş, təxminən 10-15 gün ərzində, yəni 18 avqust 2025-ci il tarixədək olan müddət ərzində ona məxsus olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı narkotik vasitə marixuanadan istifadə etməmişdir. 18 avqust 2025-ci il tarixdə saat təxminən saat 13 radələrində mərhum qohumlarının məzarlarını ziyarət etmək üçün Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” adlanan qəbristanlığa gəlmişdir. Bu vaxt dörd nəfər polis geyim formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxt polis əməkdaşları baş verənləri videoçəkilişlə qeyd edirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitənin saxlanılmasında şübhəli olmağını bildirmiş və üzərində qanunsuz saxlanılan əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə varsa onu təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən özünə məxsus olan bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra əynində olan göy rəngli rəngli cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə marixuana olan “Plombir” markalı siqaretin qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusu onun və orada olan digər şəxslərin iştirakı ilə açılan zaman onun içərsindəki narkotik vasitə marixuana görünmüşdür. Bundan sonra polis əməkdaşı ona üzərində başqa hər hansı əşyanın olub-olmamasını, üzərinin yoxlanılacağını bildirmişdir. Bu vaxt o, özünə məxsus əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun razılığı ilə üzəri yoxlanılmış, həmin vaxt üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olmaması məlum olmuşdur. Bundan sonra onun təqdim etdiyi həmin siqaret qutusu içərisində olan narkotik vasitə marixuana ilə birlikdə elektron tərəzidə çəkilən zaman onun çəkisinin 26,4 qram olmasını görmüşdür. Bundan sonra siqaret qutusu içərisində olan narkotik vasitə marixuana ilə birlikdə qablaşdırılmış, daha sonra o, polis əməkdaşları ilə birlikdə Ağsu Rayon Polis Şöbəsinə gəlmişdir. Ağsu Rayon Polis Şöbəsində protokol tərtib olunmuş və o da protokolla tanış olduqdan sonra düzgün tərtib olunduğu üçün digər iştirakçılarla birgə oraya imza etmişdir. Polis şöbəsinin inzibati binasında olarkən ona hüquq və vəzifələri izah edilmiş, onun müdafiə hüququnu təmin edərək dövlət hesabına onu müdafiəçi ilə təmin etmişlər, ona qarşı heç bir qanunsuz hərəkət edilməmiş, heç bir narazılığı olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi ilə əlaqədar olaraq üzərində saxlamış, narkotik vasitə olan qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda DİN-in Ağsu RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 avqust 2025-ci il tarixdə Ağsu şəhəri 3-cü məhəllə ev 12-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat dərhal onun tərəfindən Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə edilmişdir. Təxirə salınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, eyni zamanda tədbirin keçirilməsi üçün onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri isə Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ibarət olmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə Şahid3 və Şahid2 ilə birlikdə 18 avqust 2025-ci il tarixdə saat 13 radələrində xidməti avtomobillə Ağsu RPŞ-nin inzibati binasının həyətindən çıxıb Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” adlanan qəbirstanlığın yaxınlığına yollanmışlar. Bir az sonra həmin yerə çatmışlar. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs həmin ərazidə piyada hərəkətdə olacağı məlum olduğu üçün həmin yerə gedib orada yaxınlıqda bir qədər gözlədikdən sonra saat 13:19-da Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb dərhal Şahid3 və Şahid2 ilə birlikdə ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib video çəkiliş altında əməliyyat-axtarış tədbirinin keçirilməsinə başlamışlar. Həmin vaxt əməliyyat tədbirinin video çəkilişini Ağsu RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı X3 həyata keçirirmiş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, üzərində yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi onun tərəfindən təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Plombir” markalı siqaretin qutusunu çıxarıb təqdim etmişdir. Təqdim edilən bir ədəd “Plombir” markalı siqaret qutusunun içərisinə baxış zamanı narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərində başqa hər hansısa əşya və ya predmetin olması ilə bağlı verilən suala cavab olaraq üzərində hər hansısa əşya və ya predmetin olmamasını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılarkən dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Plombir” markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun siqaret qutusu ilə birlikdə çəkisinin 26,4 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd “Plombir” markalı siqaret qutusuyla birlikdə bir ədəd ağ rəngli zərfin içərisinə yerləşdirilərək qablaşdırılmış və üzərinə 94 nömrəli möhür vurulmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxanaya bənzər kütləni Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbiristanlığında tapdığını, şəxsi istifadəsi ilə əlaqədar götürüb üzərində saxladığını, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni satmaq niyyətinin olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərini yoxlama Ağsu şəhəri ərazisində yerləşən “Şeyx Dursun” qəbirstanlığında başa çatdırılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı Ağsu RPŞ-nə gətirilmiş, burada müvafiq sənədləşmə aparılmışdır. Sənədləşməylə bağlı Təqsirləndirilən şəxs və digər iştirakçılar imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilərək götürülməsi ilə bağlı şəxsin özü və barəsində toplanmış müvafiq material narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə bir ədəd disklə birlikdə müvafiq prosessual qərar qəbul edilməsindən ötrü RPŞ-nin TB-nə təhvil verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə digər Şahid2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu rayonu Polis şöbəsinin İstintaq Qrupuna göndərilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 avqust 2025-ci il tarixdə, saat 13:19-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 19 avqust 2025-ci il tarixli, 17/640 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfin içərisindəki üzərində “Narkotik vasitəyə bənzər kütlə.” yazısı, adlar və imzalar yazılmış digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd karton qutuda, təmiz çəkisi – 17,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 19 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 23 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır. Verilən tapşırıqları yerinə yetirir. Ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə nə yazılı nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. - “Maddi sübut kimi tanıma haqqında” 25 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 17,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və saxlanılması üçün Ağsu rayon Polis şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 sentyabr 2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 400 manat məbləğində cərimə cəzası təyin edilmiş, xx.xx.2021-ci il ildə cəriməni tam olaraq ödəmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 10 sentyabr 2025-ci il tarixli, 1433 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 19 avqust 2025-ci il tarixdə CM-in 234.1ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, onun barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Plombir” markalı siqaret qutusunda təmiz çəkisi 17,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı istintaq zamanı haradan, kimdən və hansı yolla əldə etməsinin müəyyən edilməsi, gələcəkdə bununla bağlı şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə ********* nömrəli cinayət işindən materialın ayrılaraq araşdırılması üçün icraata qəbul edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Plombir” markalı siqaret qutusunda təmiz çəkisi 17,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın ekspertiza tədqiqatı zamanı “CAS MWP-300” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertiza tədqiqatında istifadə edilən elektron tərəzi daha dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda ekspertiza tədqiqatında əks olunmuş çəkinin qeyd olunmasının nəzərə alınması, polis əməkdaşları tərəfindən saxlanılıb üzərində yoxlama aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibinə yerləşdirib qanunsuz daşıdığı bir ədəd “Plombir” markalı siqaret qutusunda təmiz çəkisi 17,62 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı təqdim etdiyi üçün onun bu hərəkəti könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs götürülərək bir ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 17,57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın Ağsu Rayon Polis Şöbəsinin saxlancına verilməsinin nəzərə alınması, iş üzrə şübhəli şəxsin üzərinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd “Redmi” markalı mobil telefona 19 avqust 2025-ci il tarixdə baxış keçirildikdən sonra həmin “Redmi” markalı mobil telefonun iş üzrə maddi sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, cinayət işinin materiallarında olan “ağ rəngli kağız qutu” sözləri “Plombir” markalı siqaret qutusu kimi qəbul edilməsi, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından məhkəmə-bioloji ekspertizanın 19 avqust 2025-ci il tarixli, 17/640 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 10 sentyabr 2025-ci il tarixli, 1433 nömrəli rəyi, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin üzərlərinin yoxlanılması və əşyaların götürülməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş bir ədəd disk, Ağsu Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 11 sentyabr 2025-ci il tarixli raportu, Təqsirləndirilən şəxs, iş üzrə şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələrinin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. - İ-35836 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s nömrəli Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, şahid ifadəsi, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 avqust 2025-ci il tarixdən 19 avqust 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 17,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 110 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 avqust 2025-ci il tarixdən 19 avqust 2025-ci il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra təmiz çəkisi 17,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 110 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar