Məhkəmə qərarları › İş №1(016)-59/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-59/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-59/2023 21.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə – CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 avqust 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Ağsu şəhəri, Xanlar küçəsində yerləşən evinin qarşısında Zərərçəkmiş şəxs ilə arasında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə vurmaqla Zərərçəkmiş şəxs sol qaşüstü nahiyədə cərrahi tikişləri olan yumşaq toxumanın əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evin qarşısında qohumu Şahidlə oturub söhbət etdikləri vaxt Zərərçəkmiş şəxs öz velosipedi ilə yüksək səslə musiqiyə qulaq asaraq onların yanından keçmişdir. O və yanında olan qohumu Sahili səsləyib dayanmasını bildirmişlər. Zərərçəkmiş şəxs geri gəlib onların yanında dayanmış, ona musiqinin səsini azaltmasını bildirmişlər. Zərərçəkmiş şəxs musiqinin səsini almayacağını demiş, sonra qohumu ilə aralarında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs Şahid ünvanına nalayiq söyüş söymüş, ona danışığına fikir verməsini bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs onun da ünvanına nalayiq söyüş söymüş, buna görə onu təpiklə yumruqla vurmuşdur. Həmin vaxtı Şahid onları ayırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs öz velosipedinə minib çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən qayıdıb onların yanına gəlmiş, onu nə üçün vurduğunu soruşmuş, ona söyüş söyüdüyü üçün onu vurduğunu bildirmişdir. Daha sonra ona heç kimə xəbər etməmiyini bildirmişdir. Həmin vaxtı onun qaşından qan axdığı üçün yaşadığı evdən yod və pambıq gətirib onun qaşına qoymuş, ondan bir daha bu barədə heç kimə xəbər verməməyi xahiş etmişdir. Zərərçəkmiş şəxs heç kimə bir söz deməyəcəyini bildirib çıxıb getmiş, sonradan eşitmişlər ki, o, polisə şikayət etmişdir. Baş vermiş hadisə ilə bağlı hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, onu vurduğuna görə əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdən özünə məxsus velosipedlə çıxıb siqaret almaq üçün marketə getmişdir. Ağsu şəhəri, Vidadi küçəsində yerləşən marketdən özünə siqaret və su alıb geri qayıdan vaxt Şahid və Təqsirləndirilən şəxs Rəsulun yaşadığı evin yaxınlığında dayandığını görmüşdür. O, velosiped ilə oradan keçən vaxtı Təqsirləndirilən şəxs və Şahid onun anasının adını çəkmişlər. O, velosipedini saxlayıb nə üçün anasının adını çəkdiyini soruşmuş, həmin vaxt onlar əcəb etdiklərini bildirmişlər. Bu vaxtı aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə gələrək təpiklə və yumruqla onu vurmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs atdığı yumruqlardan biri onun sol göz nahiyyəsinə dəymiş və onun qaşı partlamış, qaşından qan axmağa başlamışdır. Onlar qaşından qan axdığını görüb qaçıb çıxıb getmişlər. O, yaşadığı evə gedib aldığı suyu evə qoyub yenidən Rəsulun yaşadığı məhəlləyə gəlmişdir. Təqsirləndirilən şəxs və Şahid orada olduğunu görmüş və Təqsirləndirilən şəxs nə üçün onu vurduğunu soruşmuşdur. Rəsul ona heç kimə xəbər etməmiyini bildirmiş, onun qaşından qan axdığı üçün Rəsul yaşadıqları evdən yod gətirib onun qaşına qoymuşdur. Onlar bir daha bu barədə heç kimə xəbər verməməyini xahiş etmişlər. Daha sonra qayıdıb o, öz yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə anası gözünün qaraldığını görüb nə baş verdiyini soruşmuş, olanları anasına danışmış, xx.xx.2023-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində qohumu Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında oturub söhbət etdikləri vaxt Zərərçəkmiş şəxs öz velosipedi ilə yüksək səslə musiqiyə qulaq asaraq onların yanından keçmişdir. O və yanında olan qohumu onu səsləyib dayanmasını bildirmişlər. Zərərçəkmiş şəxs geri gəlib onların yanında dayanmış, Təqsirləndirilən şəxs ona musiqinin səsini azaltmasını bildirmişdir. Zərərçəkmiş şəxs musiqinin səsini almayacağını demiş, bu vaxtı onunla aralarında sözlü mübahisə yaranmış, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüş söymüşdür. Sonra Təqsirləndirilən şəxs ona danışığına fikir verməsini bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs Rəsulun da ünvanına nalayiq söyüş söymüş, buna görə Təqsirləndirilən şəxs onu təpiklə yumruqla vurmuşdur. O, həmin vaxt onları ayırmış, bundan sonra Zərərçəkmiş şəxs öz velosipedinə minib çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra Zərərçəkmiş şəxs yenidən qayıdıb onların yanına gəlmiş, Rəsuldan nə üçün onu vurduğunu soruşmuş, Təqsirləndirilən şəxs ona söyüş söyüdüyü üçün onu vurduğunu bildirmişdir. Daha sonra ona heç kimə xəbər etməmiyini bildirmişlər. Həmin vaxtı onun qaşından qan axdığı üçün Təqsirləndirilən şəxs yaşadığı evdən yod və pambıq gətirib onun qaşına qoymuşdur. Ondan bir daha bu barədə heç kimə xəbər verməməyi xahiş etmişlər. Zərərçəkmiş şəxs heç kimə bir söz deməyəcəyini bildirib çıxıb getmişdir. Sonradan eşitmişlər ki, o, Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 Göyçay Rayon Şöbəsinin 17 avqust 2023-cü il tarixli, 154 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilən xəsarətləri: Sol qaşüstü nahiyədə cərrahi tikişləri olan yumşaq toxumanın əzilmiş yarası. Göstərilən xəsarətlər küt alət təsirindən əmələ gəlmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur və ağırlıq dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərdir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 20 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş material üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, əməliyat sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanın əvəzini ödəmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə – CPM) 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, təqsirləndirilən şəxsin səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 43.1.2, 321.2.1 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar