Məhkəmə qərarları › İş №1(016)-59/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-59/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-59/2024 22.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxx 1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu rayon Ərəbmehdibəy kəndində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,595 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu rayonu ərazisinə gətirərək üzərində saxlamış, 14 mart 2024-cü il tarixdə saat 17:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu rayon Ərəbmehdibəy kəndində saxlanılıb rayon X7 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 20:10-da üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi qara rəngli şalvarının arxa sağ cibindən, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,595 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CMin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu rayonu, Ərəbmehdibəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda işləmir. Heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 14 mart 2024-cü il tarixdə günorta radələrində Ağsu rayon Ərəbmehdibəy kəndində yerləşən evinin yaxınlığında küçədə gəzərkən yerdə bir ədəd büküm görüb həmin bükümü götürmüş, bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Sonra həmin bükümü şalvarının arxa sağ cibinə qoymuş, həmin gün Ərəbmehdibəy kəndinin içərisində olarkən tanışları Mehran və Cavidlə rastlaşmışdır. Mehran və Cavid “Opel Astra” markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhərinə getdiklərini bildirmişlər. Onun da Ağsu şəhərində işləri olduğu üçün onu da Ağsu şəhərinə aparmalarını xahiş etmişdir. Mehran və Cavid də onunla razılaşmışlar. Həmin vaxt həmkəndlisi Şahid4 da onların olduğu yerə gəlmiş, onlarla salamlaşdıqdan sonra Ağsu şəhərinə getdiklərini öyrənib onu da Ağsu şəhərinə aparmalarını xahiş etmişdir. Bundan sonra onlar Cavidə məxsus avtomobilə əyləşib Ağsu şəhərinə getməyə başlamışlar. Saat 17 radələrində Ağsu rayon Ərəbmehdibəy kəndinin giriş hissəsində Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin təhqiqat qrupunda olarkən, ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil Qədir Qədirov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif etdikdə, o, əynində olan qara rəngli şalvarının sağ arxa cibindən 01 ədəd, siqaretin kağızına bükülmüş, bir bükümdə olan psixotrop maddə olan metamfetamini (patı) təqdim etmişdir. Daha sonra üzərindən aşkar edilmiş kütlə zərfə qoyulmuş, sonra qablaşdırılmış zərfi, tərtib edilmiş protokolu, bütün iştirakçılar kimi tanış olduqdan sonra imzalamışdır. Həmin kütləni heç kəsdən almamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O, narkotik vasitə və eləcədə pisixotrop maddələrdən istifadə edir. Onun üzərində psixotrop maddə olan metamfetaminin olmasından Şahid4, Şahid6 və Şahid5 xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində nakotik vasitə və psixotrop maddə olmamışdır. Polis şöbəsinə gətirilmiş, orada polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlindikdən sonra üzərində psixotrop maddə olan metamfetaminin olmasını boynuna almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakinləri Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz qəbul etməsi, saxlaması və Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisində olmaları barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə 14 mart 2024-cü il tarixdə saat 17 radələrində şöbənin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Ağsu RPŞ-nin PPXB-nin komandir müavini Şahid3 ilə birlikdə Şahid4 və Təqsirləndirilən şəxs Ağsu rayon sakinləri Şahid5 və Şahid6la birlikdə Cavidə məxsus Opel Astra markalı, **- FT-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Ağsu rayon Ərəbmehdibəy kəndi ərazisində saxlayaraq Şahid4 və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və saxlanılmasında şübhəli olduqlarını bildirib onları rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Şahid4 və Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbəyə çatdıqdan sonra Şahid4 və Təqsirləndirilən şəxs RPŞ-nə gətirmələri barədə raportlarla Şöbənin rəhbərliyinə məruzə etmişlər. Sonra Təqsirləndirilən şəxs barəsində olan raportun icrası RPŞ-nin TQnun təhqiqatçısı polis mayoru, Mehman Abdullayevə həvalə olunduğundan Təqsirləndirilən şəxs təhqiqatçı Mehman Abdullayevin xidməti otağına aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa könüllü təqdim etməsi izah edilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şlavarının sağ arxa cibindən 01 ədəd siqaretin kağızına bükülmüş bükümdə deməsinə görə psixotrop maddə olan metamfetamini təqdim etmiş və həmin psixotrop maddə olan metamfetamini 14 mart 2024cü il tarixdə günorta radələrində Ağsu rayon Ərəbmehdibəy kəndində yaşadığı evin yaxınlığında küçədə gəzrəkən yerdən taparaq əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 0,9 qram olması müəyyən edilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş psixotrop maddə ekspertiza tədqiqatının aparılması məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, tərtib olunmuş protokol o və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs psixotrop maddə istifadəçisidir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ağsu rayon Ərəbmehdibəy kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxsla əvvəllər normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 14 mart 2024-cü il tarixdə Kürdəmir rayonundan gəlmişdik. Maşına mindik. Daha sonra polis əməkdaşları gəldi. Üstümüzdən telefon, maşından isə şpris və limon duzu çıxmışdı. Ona və Təqsirləndirilən şəxs demişlər əgər üzərinizdən psixotrop vasitənin çıxmasını etiraf etməsələr, evinizdən külli miqdarda nakotik maddə və psixotrop vasitə çıxaracaqlar. Buna görə də, etiraf etməyə məcbur olublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 14 mart 2024-cü il tarixdə Şahid5 birlikdə işi ilə əlaqədar idarə etdiyi avtomobil ilə Ağsu rayonu Ərəbmehdibəy kəndinə getmişlər. Həmin gün Ağsu şəhərinə qayıdan zaman Ərəbmehdibəy kəndindinin içərisində Mehranın tanışı Təqsirləndirilən şəxs görmüşlər və maşını onun yanında saxlamışdır. Şamil ilə görüşdükdən sonra Şamil də Ağsu şəhərinə getdiyini və onu da aparmağını bildirdi. Onlar da Şamil ilə razılaşmışdır. Onlar avtomobilə əyləşmək istəyərkən həmin yerə Şahid4 gəldi. İlqar da onlarla Ağsu şəhərinə getmək istədiyini bildirdi. Bundan sonra İlqar və Şamil onun idarə etdiyi avtomobilə əyləşdirlər. Avtomobilə əyləşdikdən sonra onlar Ağsu şəhərinə tərəf hərəkət etməyə başladılar. Hərəktdə olarkən saat təxminən 17 radələrində Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisində polis əməkdaşları onları saxlamışlar. Sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib avtomobildə olan Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduqlarını bildirib rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər. Həmin vaxt İlqar və Şamil etiraz etmədən avtomobildən düşərək polis əməkdaşları ilə birlikdə çıxıb getmişlər. Sonra polis əməkdaşları Şahid6 və onu da şahid qismində izahat vermək üçün Polis Şöbəsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 20:00da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 15 mart 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “1./imza/ Təqsirləndirilən şəxs 2./imza/ Şahid2 3./imza Şahid1” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ kağız bükümdə, təmiz çəkisi 0,595 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsinin 41-ci bəndi ilə təqsirləndirilərək 03 il şərti sınaq müddəti olmaqla, 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilərək 800 manat cərimə cəzasına məhkum edilmişdir. İşdən görünür ki, cərimə cəzası ödənilmişdir. - Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(016)-44/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 17 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 il 06 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-156/2024 nömrəli qərarı ilə Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(016)-44/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanlmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X4 Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif cinayət əməllərinə görə bir neçə dəfə məhkumluq həyatı yaşamışdır, lakin bütün bunlara baxmayaraq ailə və məişətdə özünü nizam-intizamlı aparır, gənclər və ağsaqqallar arasında böyük hörmət qazanıb. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökumətin apardığı uğurlu siyasəti dəstəkləyir. Bu günə kimi onun haqqında X4 Ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 16 aprel 2024-cü tarixli, 633 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun əməlində CM-in 234.1-1-ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, barəsində həmin maddələr ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid4 barələrində CMin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və onların əməlləri CM-nin 61.1.3-cü maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilməmiş, Şahid5 və Şahid6 barələrində CM-in 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/271 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 633 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metmafetaminin tədqiqatdan sonrakı qalıqlarının iş üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilmiş, həmin maddə ilə ona ittiham elan edilərkən müdafiəçisi iştirak etmiş və özü heç bir etiraz bildirməmiş, iş materialları ilə müdafiəçisinin iştirakı ilə tanış olmuş və müvafiq protokolları imzalamışdır. Həmçinin dindirmə zamanı müdafiəçisi iştirak etmişdir. Göründüyü kimi, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən istintaqın sonunadək Təqsirləndirilən şəxs istintaq sənədlərini imzalamış və heç bir etiraz bildirməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində nakotik vasitə və psixotrop maddə olmaması, polis şöbəsinə gətirilən zaman, orada polis əməkdaşları tərəfindən ona hədə-qorxu gəlindikdən sonra üzərində psixotrop maddə olan metamfetaminin olmasını boynuna alması ilə bağlı dedikləri özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman ona hər hansı təsirin olmasına, üzərində psixotrop maddənin olmamasına, üzərində psixotrop maddənin olmasını polis əməkdaşlarının hədəqorxu gəlməsindən sonra boynuna almasına dair söz deməmiş, bununla bağlı vəsatət və ya ərizə verməmiş, eyni zamanda məhkəmə tərəfindən verilən suala cavab olaraq təqsirini etiraf etmiş, barəsində “həbs” qətimkan tədbiri seçilməməsini xahiş etmişdir. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətta şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən Təqsirləndirilən şəxs bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da onun məhkəmədə verdiyi ifadəsinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Psixotrop maddələr” adlı İİ Siyahının 118-ci qrafasına əsasən, 0.15 qram metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 0.545 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(016)-44/2023 nömrəli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplama yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 13 (on üç) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 0.545 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar