Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-61/2024 04.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, işsiz, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşayan, barəsində Ağsu Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə üç ay müddətində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 164,21 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində daşıyıb Ağsu şəhərinə gətirərək yaşadığı, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evin yataq otağında olan divanın altında saxlamış, 14 mart 2024-cü il tarixdə saat 18:40 radələrində Ağsurayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayonu, Ərəbmehdibəy kəndində saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin gün saat 19:30 radələrində üzərində şəxsi axtarış və götürmə aparılarkən əyninə geydiyi göy rəngli şalvarının sağ yan cibindən, bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,57 qram olan, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin gün saat 21:15 radələrində yaşadığı Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evdə axtarış və götürmə aparılması zamanı evin yataq otağında olan divanın altından bir ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 158,64 qram olan, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşayır. Narkotik vasitə olan, camaat arasında “nəşə” adlanan marixuanadan mütəmadi olaraq istifadə edir. 10 mart 2024-cü il tarixdə gündüz vaxtı yaşadığı Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində imiş. Həmin vaxt küçədə yerdə bir ədəd sellofan torba olmasını görmüş və onun diqqətini cəlb etdiyi üçün yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt onun içərisində narkotik vasitə olan marixuana olduğunu müəyyən etmiş və istifadə etmək məqsədilə həmin torbanı yaşadığı evə gətirmişdir. O, həmin torbanı yaşadığı evin yataq otağındakı divanın alt hissəsində gizlətmişdir. 14 mart 2024-cü il tarixdə özü istifadə etmək məqsədilə tapdığı torbada olan qurudulmuş marixuanadan bir hissəsini kibrit qutusuna doldurub cibinə qoymuş, bundan sonra yaşadığı evdən küçəyə çıxmışdır. 14 mart 2024-cü il tarixdə saat təxminən 18 radələrində Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində piyada hərəkətdə olarkən Ağsu rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, da buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra ona hüquqları izah olunmuş, daha sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edilmiş, o, üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra ondan başqa yerdə narkotik vasitə saxlayıb-saxlmadığı soruşulmuş, o, səmimi olaraq yaşadığı evdə də qurudulmuş marixuana saxladığını bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları və müdafiəçisi ilə birlikdə yaşadığı Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən evə getmişlər. Orada videoçəkiliş ilə müdafiəçisinin iştirakı ilə yaşadığı evin yataq otağında olan divanın altından bir ədəd sellofan torbada, narkotik vasitə qurudulmuş marixuananı götürərək polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2024-cü il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və həmin vaxt Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və lazımi sənədləşdirməni aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından şöbənin Ağsu rayon Polis Şöbəsinin PPXB-nin bölük komandirinin müavini Şahid2 ilə birlikdə Ağsu rayonu, Ərəbmehdibəy kəndinə getmişlər. Onlar həmin gün saat təxminən 18:40 radələrində Təqsirləndirilən şəxs piyada hərəkətdə olmasını görüb onu saxlamış, özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əyninə geydiyi göy rəngli şalvarının cibindən, bir ədəd kibrit qutusunda olan, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və 10 mart 2024-cü il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisindən yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olmasını etiraf etmiş, bundan sonra Təqsirləndirilən şəxs Ağsu rayonu Ərəbmehdibəy kəndində yaşadığı evə getmişlər. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs evində axtarış və götürmə aparılması zamanı evin yataq otağında olan divanın altından bir ədəd sellofan torbada narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Daha sonra həmin marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə saat 19:20də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 15 mart 2024-cü il tarixli, 3-16-16-2-17/272 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə...” yazısı, adlar və imzalar yazılmış, 01 ədəd zərfin içindəki, 01 ədəd kibrit qutusunda, təmiz çəkisi - 5,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilən zaman təqdim etdiyi kütlə...” yazısı, adlar və imzalar yazılmış, 01 ədəd zərfin içindəki, 01 ədəd şəffaf sellofan torbada, təmiz çəkisi - 158,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmışdır. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X8 3 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd zərfin içində olan, bir ədəd kibrit qutusunda, 5,52 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılması zamanı evin yataq otağında olan divanın altından aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X8 3 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd sellofan torbada, 158,59 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-in 226-1-ci maddəsi ilə təqsirləndirilərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, X5 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “Z” bəndi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli, 1(016)-44/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 il azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 07 dekabr 2023- cü il tarixədək həbsdə saxlanıldığı 07 ay 27 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 05 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 03 il 08 ay 06 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-156/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(016)-44/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CMin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı qərar üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın üzrərində qəti olaraq 01 (bir) il 10 (on) ay 03 (üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması, Ağsu Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 1(016)-44/2023 nömrəli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanlması qərara alınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X6 Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəli olub boşanmış və övladı yoxdur. O, dəfələrlə oğurluq edib, məhkum olunmuşdur. Heç bir yerdə işləmir, lakin kənddə keçirilən toy və yas mərasimlərində fəal iştirak edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 16 aprel 2024-cü tarixli, 639 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixli qərarla CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanmasının rədd edilməsi, məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli, 3-16-16-2-17/272 nömrəli ekspert rəyinin əsas götürülməsi, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı vəzifəsində işləyən, polis baş leytenantı X4 Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparması zamanı istifadə etdiyi elektron tərəzinin aşkar olunmuş narkotik vasitənin çəkisini təxmini olaraq müəyyən etməsi və Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitənin təmiz çəkisinin ekspert rəyinə əsasən 158,64 qram hesablanmasının nəzərə alınması, ilkin təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın 16 mart 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək şöbənin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, ona məxsus bir ədəd “Redmi” markalı mobil telefonun qonşusu X2 qaytarılmasının nəzərə alınması, təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluğu olan hesab edilməsi, məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli, 3-16-16-2-17/272 saylı ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının 16 aprel 2024-cü il tarixli, 639 nömrəli ekspert rəyi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, 14 mart 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və 14 mart 2024-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokolun cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 109.1-ci qrafasına əsasən, 5 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan CM-in 93.1.2-ci maddəsinə əsasən, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri təyin olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd kibrit qutusunda, 5.52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd zərfin içində olan, 1 sellofan torbada, 158,59 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(107)-156/2024 nömrəli qərarı ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın, üzrərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 03 (üç) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 14 mart 2024-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 1 ədəd zərfin içində olan, 1 ədəd kibrit qutusunda, 5.52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd zərfin içində olan, 1 sellofan torbada, 158,59 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-61/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-61/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver