Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-62/2024 30.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Xüsusi ittihamçı Seyidov Babaseyid Bəşir oğlunun, Barəsində şikayət verilən şəxslər X1 və X2 iştirakları ilə, Xüsusi ittiham qaydasında Seyidov Babaseyid Bəşir oğlunun şikayətinə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Seyidov Babaseyid Bəşir oğlu xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X1 və X4 05 sentyabr 2022-ci il tarixdə “Şimal Region” youtube informasiya kanalında “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı 30 dəqiqəlik videomaterialda çıxış edərək onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışlar (https://youtube.com/watch?v=XHm7d-rEQe8). Belə ki, X1 və X4 05 sentyabr 2022-ci il tarixdə “Şimal Region” adlı internet kanalı ilə internet informasiya ehtiyatında çıxış edərək, “Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri vəzifəsində işləyən Seyidov Babaseyid Bəşir oğlunun həmin bələdiyyə ərazisində yerləşən kəndin içməli su üçün istifadə edilmiş metal boruları qızının əri X5 tərəfindən satılması üçün ona hədiyyə vermək məqsədi ilə çıxarıb oğurlayaraq ərazidən apardığını” bildirmişlər. X1 və X4 həmçinin bildirmişlər ki, guya “bələdiyyə sədri Babaseyid Seyidov özbaşınalıq edir, tam saf, çürüyü olmayan, üst mühafizə qatı salamat olan metal boruları satılması məqsədilə qızının əri X3 hədiyyə etmək üçün kəsib çıxardaraq ərazidən daşıyır, həmin boruların əvəzinə isə suyun zəhərlənməsinə səbəb olan “kauçuk” boruları quraşdırır”. Bundan əlavə, X1 və X4 çıxışlarında “çıxarılmış su xəttinin metal borularının 1985- 1987-ci illər dövründə quraşdırıldığını, həmin boruların 100 il istismar müddətinin olduğunu, quraşdırılmış yeni boruların 50-60 qəpik dəyərində olduğunu” bildirmişlər. Halbuki, həmin şəxslər mübahisələndirdikləri texniki qurğularla bağlı elmi biliklərə malik deyillər, onlar qərəzli olaraq bu barədə texniki uydurmalardan istifadə etmişlər. Bundan əlavə, X1 və X4 çıxışlarında bildirirlər ki, “bələdiyyə sədri özbaşınalıq edir, kefi nə istəyir onu edir, bələdiyyənin büdcəsinə yığılan 36.000 manat pulu dağıdır”. Bundan əlavə, X1 və X4 çıxışlarında bildirirlər ki, guya “bələdiyyə sədri Seyidov Babaseyid pul alaraq kəndin otlaq yerlərini verib başqa kəndin adamlarına”. Həmin videogörüntüdə korroziyanın təsiri altında metal boruların üst izolyasiya qatının borudan ayrıldığı aşkar göründüyü halda X1 və X4 böhtan xarakterli çıxışlarında izolyasiyasının boruların üstündə olduğunu bildirirlər. 1985-1987-ci illər dövründə quraşdırılmış, 40 il müddətində istismarda olan metal su borusunun korroziyaya uğramaması mümkün deyildir. 40 il müddət ərzində suyun təsiri altında metal boruların həm daxili səthində, həm də xarici səthində korroziya səbəbindən metal itkisi nəticəsində divarlarının nazikləşməsi boruların istismara yararsız olmasına səbəb olur. Korroziya nəticəsində boruların daxili səthindən qopan hissələr boruların daxilində toplaşmaqla daxili diametrini azaldır, bu da öz növbəsində axan suyun həcmini azaldaraq kənddə su qıtlığını yaradır. X1 və X4 tərəfindən çıxarılmış borulara 100 il istismar müddəti təyin etməsi ağlabatan mühakimə deyildir. Boruların istismar müddətini yalnız istehsalçı təyin edə bilər, buna biliklərə malik olmayan X1 və X4 yox. Digər tərəfdən həmin şəxslər tərəfindən yeni quraşdırılmış, 08 atmosfer təzyiqə hesablanmış, 01 metrinin qiyməti 2.5 manat, diametri 62.5 mm olan plastik boruların dəyərinin 50-60 qəpik məbləğində qiymətləndirilməsi Ağsu rayon Ləngəbiz bələdiyyəsinin və bələdiyyə sədri Seyidov Babaseyid Bəşir oğlunun şərəf və ləyaqətini ləkələmək üçün istifadə edilmiş uydurmalardır. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının digər rayonlarında olduğu kimi Ağsu rayon ərazisində də korroziyaya uğramaqla istismara yararsız olmuş qara metaldan olan içməli su borularını müasir standartlara uyğun plastik borularla əvəz edilir. Ləngəbiz kəndinin də əhalisi son zamanlar içməli su xətlərinin yararsız olmasından şikayətlənirdilər və rayon icra başçısı ilə xx.xx.2022-ci il tarixdə kənddə keçirilmiş görüş zamanı da sakinlər tərəfindən su xəttinin yararsız olması və xətlərin yenilənməsi məsələsi qaldırılmışdır. Həmin görüşdə icra başçısının verdiyi tapşırıq əsasında bələdiyyə tərəfindən kəndin içməli su xəttinin dəyişdirilməsi ilə bağlı işlərə başlanılmışdır. Bu məqsədlə 18 avqust 2022-ci il tarixdə Ləngəbiz kənd bələdiyyəsi ilə fiziki şəxs X7 arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İcraçı su xəttinin dəmir boruları İcraçının vəsaiti hesabına əvəz-əvəz olaraq 63.5 mm-lik polietilen boru ilə dəyişdirilməsini, polietilen boruların insan həyatı üçün təhlükəsiz olması barədə “Uyğunluq sertifikatı” təqdim edilməsi, boruların 35-40 sm dərinlikdə qazılaraq basdırılması və su anbara tam sərbəst axıdıldıqdan sonra polietilen boruların əvəzinə verilmiş dəmir boruları İcraçının özü tərəfindən çıxarılıb aparılması nəzərdə tutulmuşdur. İş başa çatdıqdan sonra da təhvil-təslim aktı qəbul edilmiş və həmin aktdan da görünür ki, dağdan gələn içməli su yeni polietilen borular vasitəsilə tam sərbəst, təmiz və keyfiyyətli halda su anbarına axıdılır, təmirdən əvvəlki günlərdən fərqli olaraq halhazırda su anbarına sutkalıq yığılan suyun həcmində artım olduğu müşahidə olunur və təmir zamanı köhnə çürümüş, yararsız dəmir borular icraçı tərəfindən götürülmüşdür. Həmin təhvil-təslim aktı kənd əhalisi tərəfindən də imzalanmışdır. Bütün bunlar onu göstərir ki, X1 və X2 “Şimal Region” youtube informasiya kanalında 05 sentyabr 2022-ci il tarixdə “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı 30 dəqiqəlik videomaterialda yaydıqları məlumatlar Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri vəzifəsində işləyən Seyidov Babaseyid Bəşir oğlunun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlardır. Bundan başqa, videomaterialda həmin şəxslər Seyidov Babaseyid Bəşir oğlunu korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham edərək ona böhtan atmışlar. X1 və X2 Seyidov Babaseyid Bəşir oğlu barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaqda məqsədləri Seyidov Babaseyid Bəşir oğlunun cəmiyyət, kənd camaatı arasında, dövlət orqanları qarşısında şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. Bundan əlavə, “Şimal Region” youtube informasiya kanalında xx.xx.2022-ci il tarixdə yayılmış “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı videomateriala 118 bəyənmə gəlmiş və 38 rəy yazılmışdır. Həmin rəylərdən də görünür ki, bəzi şəxslər X1 və X4 tərəfindən söylənilən yalan məlumatlara inanaraq, bələdiyyə və onun barəsində mənfi fikirlər yazmışlar. X1 və X4 tərəfindən yayılan böhtan və yalan məlumatlar onun cəmiyyət, kənd camaatı arasında, dövlət orqanları qarşısındakı nüfuzuna, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmişdir. Bütün bunların nəticəsində o, lüzumsuz olaraq, müvafiq orqanlara izahatlar yazmış, müəyyən iztirablar, sarsıntılar keçirtmişdir. Bununla da X1 və X4 tərəfindən yayılan böhtan və yalan məlumatlar görə ona ümumilikdə 50.000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Xüsusi ittihamçı məhkəmə iclasında şikayəti müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasını və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilən şəxs X1 çıxış edərək bildirdi ki, bu adam 4 ildir ki, bələdiyyə sədri işləyir. Kənd camaatından indiyə kimi 160-180 min manat pul yığıb. Bir sənəd göstərsin ki, yığdığı pulla kənd üçün, camaat üçün nəsə iş görüb. Camaat bezib bu adamın əlindən. Onun özünün ittiham edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilən şəxs X4 çıxış edərək bildirdi ki, o, 1973-cü ildən həmin kənddə yaşayır. Babaseyid Seyidovla da əvvəl qonşu olub. Bu adam camaata zülm edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, Seyidov Babaseyid Bəşir oğlu şikayətində şikayətin verildiyi yeri göstərməmişdir. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında Seyidov Babaseyid Bəşir oğlu tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 302 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 və X4 barələrində xüsusi ittiham qaydasında Seyidov Babaseyid Bəşir oğlu tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-62/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-62/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver