Məhkəmə qərarları › İş №1(016)-63/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-63/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-63/2024 13.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 11 noyabr 2023-cü il tarixdə saat 12 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Fordtransit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməsi olmadan idarə edib, Ağsu şəhəri, M.P.Vaqif küçəsində arxa-arxaya hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən, nəqliyyat vasitəsini geriyə hərəkət etdirərəkən, bu manevrın təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı olduğu, lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilini arxa-arxaya təhlükəli manevrla və hərəkətin digər iştirakçılarına maneə yaradacaq şəkildə idarə edərək həmin küçədə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili ilə vurması səbəbindən sonuncuya sol bud sümüyünün boynunun qapalı yerdəyişən sınığı xəsarəti ilə müşaiyət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlərin yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, sexdə işləyir. İnsanların əmlak avadanlıqlarını təmir edib təhvil verir. 2023-cü ildə iyun ayında Ləman bankın yanında olarkən Zərərçəkmiş şəxs ilə qarşılaşmış və Zərərçəkmiş şəxs ona bildirmişdir ki, sexdə onun stulları var və təmir olunmasını istəyir. O da bildirmişdir ki, onlarda stullar yığılır və sayı çoxaldıqdan sonra təmir edirlər. Hal-hazırda düzəlməsi mümkün deyil. Zərərçəkmiş şəxs isə onu təhdid edərək əgər stullarını düzəldib təhvil verməsələr, özünü onun maşınının altına atacağı ilə təhdid etmişdir. 11 noyabr 2023-cü ildə əvvəl sinif yoldaşı olmuş Şahid1 ilə birlikdə onların evinə mebel aparmışlar. Şahid1 avtomobildən düşmüş və o da yükü boşaltmaq üçün avtomobilini onların həyətinə salmaq üçün hərəkət etmişdir. Avtomobilin arxa-arxaya daha yaxşı keçəcəyini düşünərək eyni sürətlə avtomobili arxaarxaya sürməyə başlamış, daha sonra Fəridə xanımın yıxıldığını görmüşdür. Həmin dəqiqə maşını saxlayaraq ona kömək etməyə getmiş, 102-ə zəng vurmaq istəmiş, lakin icazə verməmişdir. Axırda bacısını çağırmışlar, bacısı ilə yeznəsi gəlmiş, onun da anası, atası, qardaşı və qonşular hamısı hadisə yerinə gəlmişlər. Daha sonra Fəridə xanımı Ağsu Rayon Mərkəzi xəstəxanasına aparmışlar, həkim onu rentgen etmiş və heç bir problem olmadığını demiş, sadəcə 20-30 manatlıq resept yazmışdır. Gətirib Fəridə xanımı öz evinə qoymuşdur. Səhəri gün ona zəng etmişdir ki, ona sınıqçı lazımdır. O, sınıqçını Qaraqaşlı kəndindən bunların evinə gətirmişdir. Sınıqçı baxmış və heç bir sınıq-çıxıq olmadığını, lakin damarın damarın üzərinə çıxdığını, ciddi problem olmadığını demişdir. Daha sonra ona polis zəng etmiş və demişdir ki, şəxsin şikayətçi olmadığı ilə bağlı ərizə lazımdır. Fəridə xanım özü şikayətinin olmadığını ərizə ilə təsdiq etdi. İndi polis ərizəni ona vermir. Onun səhvi onda olmuşdur ki, ərizənin şəkilini çəkməmişdir. Hadisə baş verəndən 5-6 gün sonra bacısı Fəridə xanımı həkimə aparmış və onun sınığı olduğu məlum olmuşdur. Fəridə xanımın onsuzda bədənində sınıqlar əvvəldən var idi. İndi niyə hamısını onun üstünə atmağa çalışırlar ki...? Fəridə xanımın daha əvvəldən qolunda və bəzi bədən nahiyələrində mil var idi. Onun heç bir günahı yoxdur. Fəridə xanım əvvəllər də axsayırdı. O, hadisə baş verən gün sərxoş olmamışdır. Göstərilənlərə əsasən, ona bəraət verilməsini xahiş etdi. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağsu şəhəri, C.Cabbarlı küçəsi, ev 7-də tək yaşayır. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. 11 noyabr 2023-cü il tarixdə, saat təxminən 12 radələrində yaşadığı evdən çıxaraq Ağsu şəhəri, M.P.Vaqif küçəsi ilə qohmunun evinə ziyarət etmək üçün gedirmiş. Həmin küçə ilə piyada hərəkət edərkən yolda “Ford transit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin həmin küçədə yaşayan qonşusu Şahid1 evinin qarşısında dayandığını görmüş, hərəkətini davam etdirərək avtomobilin qarşısından keçərək yoluna davam etmək istəmiş, lakin həmin vaxt sürücü Təqsirləndirilən şəxs avtomobilini arxa-arxaya idarə etdiyindən, yəni arxaya baxdığından onun qarşıdan gəlməyini görmədiyi üçün avtomobili arxa-arxaya idarə edərkən avtomobilin sol ön hissəsi ilə, yəni qabaq buferi ilə onun sol bud nahiyəsindən vurmuşdur, həmin vaxt o, zərbənin təsirindən yerə yıxılmış, lakin sürücü Təqsirləndirilən şəxs arxaya baxdığından onu vurduğunu görməmişdir, sonra o, ayağa qalxmaq istədikdə Təqsirləndirilən şəxs avtomobilini arxaya hərəkət etdirərək onu təkrar avtomobilin bufer hissəsi ilə vurmuş, buna görə də təkrar yerə yıxılmışdır. O, yerdə olarkən isə Təqsirləndirilən şəxs avtomobilini yenidən arxa-arxaya idarə edərək onu 3-cü dəfə yerdə olarkən vurmuşdur. Avtomobil onu üçüncü dəfə vurduqdan sonra sürücü Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobili ilə vurduğunu görüb, avtomobildən yerə düşərək yanına yaxınlaşmış, həmin vaxt orada olan Şahid1 də onun yanına gəlmişdir. Sonra Təqsirləndirilən şəxs və Şahid1 birlikdə onun qolundan tutaraq kənara gətirmiş, küçədən keçən qaz boru xəttinin üzərində əyləşdirmişdir. Sonra Təqsirləndirilən şəxs onu xəstəxanaya aparmaq istədiyini bildirmiş, lakin o, həmin vaxt bir qədər həyəcanlı olduğundan Təqsirləndirilən şəxs bir qədər gözləməsini özünə gəlmək istədiyini bildirmişdir. Bir qədər sonra həmin yerə Təqsirləndirilən şəxs qardaşı Pərviz və anası da gəlmişlər. Sonra onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada olan zaman rentgen və həkim müayinəsindən keçdikdən sonra ilkin müayinə zamanı sol bud nahiyəsində sınıq aşkarlanmadığından və Təqsirləndirilən şəxs sonrakı müalicə xərclərini qarşılayacağını bildirdiyindən o, xəstəxanaya müraciət edərkən yıxıldığını bildirmişdir, eləcə də Təqsirləndirilən şəxs barəsində polisə şikayət etməmişdir. Sonra xəstəxanadan çıxaraq evinə gəlmişdir. Bir müddət müalicə aldıqdan sonra sol bud nahiyəsində ağrıların artmasını hiss etmiş, lakin ağrılarının keçəcəyini düşünərək müalicəni davam etdirmişdir. Buna baxmayaraq, ağrıları getdikcə artığından və onu avtomobili ilə vuran Təqsirləndirilən şəxs müalicə xərclərini qarşılamadığından 27 noyabr 2023-cü il tarixdə Ağsu rayon Mərkəzi Xəstəxanasına müraciət etmək qərarına gəlmişdir. Həmin gün xəstəxanaya müraciət edərək KT müayinəsindən keçərkən sol bud nahiyəsində sınıq olması müəyyən olunmuş, buna görə də xəstəxanaya müraciət edərkən həqiqətləri, yəni Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobili ilə vurmasını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilməmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən gün sərxoş olmamışdır. Ona maddi ziyan dəydiyindən və həmin ziyan təqsiləndirilən şəxs tərəfindən ödənilmədiyindən, Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. İş üzrə Şahid3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, “Ford Transit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə ilə oğlu Şahid2 məxsusdur. Lakin həmin yük avtomobilini hərdənbir digər oğlu Təqsirləndirilən şəxs da idarə edir. Bəhruzun həmin yük avtomobilini idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi olsa da etibarnaməsi yoxdur. 11 noyabr 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olarkən oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin yaxınlığında, yəni Ağsu şəhəri M.P.Vaqif küçəsində idarə etdiyi “Ford Transit” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə arxa-arxaya hərəkət edərkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs vurmasını eşidərək hadisə yerinə getmiş, hadisə yerinə çatdıqda qonşu Şahid1 ilə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yolun kənarı ilə gedən qaz boru xəttinin üzərində oturtduqlarını və Fəridəyə köməklik göstərdiklərini görmüşdür. Hadisə yerinə çatdıqdan sonra Fəridəyə köməklik göstərərək oğlu Təqsirləndirilən şəxsla birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs xəstəxanaya aprardıqdan sonra Fəridə əvvəlcə xəstəxanaya yıxılması barədə məlumat verərək oğlu Bəhruzun barəsində şikayətçi olmadığını bildirmişdir. Buna görə də onlar Zərərçəkmiş şəxs müalicəsi üçün xeyli xərc çəkmişlər, yəni ona müalicə aldığı müddət ərzində həkim tərəfindən yazılmış dərmanları almışlar və digər müalicə xərclərini qarşılamışlar. Buna baxmayaraq bir müddət sonra Zərərçəkmiş şəxs onlardan xeyli miqdarda pul tələb etmiş, lakin həmin pulu ödəməyə maddi imkanları çatmadığından Zərərçəkmiş şəxs oğlu Bəhruz barəsində şikayət etmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, 11 noyabr 2023-cü il tarixdə “Ford Transit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini qardaşı Təqsirləndirilən şəxs idarə etmişdir. Həmin gün saat təxminən 12 radələrində iş yerində olarkən qardaşı Təqsirləndirilən şəxs ona telefonla zəng edərək qonşuluqda yaşayan Fəridə adlı qadını avtomobili axra-arxaya idarə edərkən vurduğunu bildirmiş, buna görə də o, hadisə yerinə getmişdir. O hadisə yerinə çatdıqda anası Şahid3 da artıq orada olduğunu və qardaşı Bəhruzla birlikdə Zərərçəkmiş şəxs avtomobilə əyləşdirərək xəstəxanaya apardıqlarını görmüşdür. Lakin o xəstəxanaya getməmişdir. Hadisə baş vedikdən sonra Zərərçəkmiş şəxs əvvəlcə xəstəxanaya yıxılması barədə məlumat verərək qardaşı barədə şikayətçi olmadığını bildirmişdir, buna görə də o və qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müalicəsi üçün xeyli xərc çəkmişlər, yəni Fəridənin müalicə aldığı müddət ərzində həkim tərəfindən yazılmış dərmanları və digər müalicə xərclərini qarşılamışlar. Buna baxmayaraq, bir müddət sonra Zərərçəkmiş şəxs onlardan xeyli miqdarda pul tələb etmiş, lakin həmin pulu ödəməyə maddi imkanları çatmadığından Zərərçəkmiş şəxs qardaşı Bəhruz barəsində şikayət etmişdir. İş üzrə Şahid1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, münasibətləri yaxşıdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 11 noyabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi Ford Transit markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağsu şəhəri ərazisindən, yəni qohumunun evindən mebel götürərək özünün yaşadığı evə gətirməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Həmin gün səhər saatlarında Bəhruzun idarə etdiyi yük avtomobili ilə qohumunun evinə gedərək mebeli Bəhruzun idarə etdiyi yük avtomobilinə yükləmişlər. Sonra Bəhruzun idarə etdiyi yük avtomobili ilə geriyə, yəni onun yaşadığı Ağsu şəhəri, M.P.Vaqif küçəsinə gəlmişlər. Evinin qarşısına çatdıqdan sonra o, qapını açmaq və həyətdə saxladığı iti bağlamaq üçün Bəhruzun idarə etdiyi yük avtomobilindən yerə düşmüş və evinə daxil olmuşdur. Evə daxil olaraq həyətdə saxladığı iti bağladıqdan sonra o, küçədən səs-küy gəlməsini eşitmiş, buna görə də evinin qarşısına çıxmışdır. Evinin qarşısına çıxdıqda qonşuluqda yaşayan Fəridə adlı qadının yerə yıxıldığını görmüşdür. Həmin yerə yaxınlaşdıqda Zərərçəkmiş şəxs əvvəlcə avtomobilin təkərinin ayağına dəydiyini ona görə yıxıldığını, sonra isə avtomobilin geriyə hərəkət edərkən onu vurduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla birlikdə Fəridəni yerdən götürüb kənarda əyləşdirmişlər, bir qədər sonra isə Bəhruz zəng edərək anasını oraya çağırmış, Bəhruzun anası hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təqsirini etiraf edir və Zərərçəkmiş şəxs dəymiş ziyanı hissə-hissə ödüyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3772 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford transit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 49 saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol bud sümüyünün boynunun qapalı yerdəyişən sınığı küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1985-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır, ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır. Bir övladı var, onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi qaydada şikayət daxil olmamışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqına” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixli qərarla, CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, onun əməlində CM-in 264-cü və 263-1.1ci maddələrində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, 27 noyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 8/3772 saylı rəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3-Təcrübi və X5 rayon şöbəsinin 26 fevral 2024-cü il tarixli, 49 saylı rəyi, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sənədlərin sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. - Ağsu Regional Qİ və TBŞ-nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına BC 859938 nömrəli xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək etibarlılıq müddəti olan “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququndan məhrum edilənlərin kartotekasında qeydiyyatdan keçməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, T704/2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün boynunun qapalı yerdəyişən sınığı ilə müşayət olunan budun yuxarı 1/3-nin əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər küt-bərk əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, dərəcəsinə görə səhhətin uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmadığından və həbsdə saxlanılmadığından, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar