Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-66/2024 22.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2-da qeydiyyatda olan, barəsində Ağsu rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni 1,626 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, daşıyaraq yerini dəyişməklə yaşadığı Ağsu şəhərinə gətirib, üzərində saxlamış, 01 may 2024-cü il tarixdə saat 01:10 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb, rayon X10 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 01:40-da üzərində şəxsi axtarış və götürmə aparılarkən, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffav sellofan bükümdə içərisində təmiz çəkisi 1,626 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər qanunsuz olaraq narkotik vasitə saxladığı üçün iki dəfə məhkum olunmuşdur. 08 dekabr 2023-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti olaraq həbsdən azad olunmuş, lakin hazırda məhkumluğu ödənilməmişdir. Həbsdən azad olunduqdan sonra cəmi bir və ya iki dəfə narkotik vasitələrdən istifadə etmiş, son 2-3 aydır ki, narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir və birdəfəlik narkotik vasitələrdən istifadə etməyi tərgitmişdir. Hal-hazırda heç bir yerdə işləmir və subaydır. 30 aprel 2024-cü il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Kürdəmir şəhərinə getmişdir. Kürdəmir şəhərində şəxsi işlərini həll etdikdən sonra həmin gün saat təxminən 15 radələrində Ağsu şəhərinə geri qayıtmaq üçün Ağsu rayonu istiqamətində gedən taksilərin olduğu yerə getmişdir. Həmin yer “Kürdəmir dairəsi” olaraq adlanır. Həmin yerə çatdıqdan sonra Ağsu rayonu istiqamətində gedən taksi gözləyərkən və ətrafda gəzişərkən yerdə bir ədəd şəffav sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə olmasını görmüşdür. Əvvəllər narkotik vasitə olan heroin istifadə etdiyi üçün o, həmin maddəni tanımış və əvvəlcə həmin kütləni yerdən götürmək istəməsə də sonradan nə vaxtsa hansısa məclisdə az-az istifadə edər deyə götürərək əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Bundan bir müddət sonra isə o, taksi taparaq Ağsu rayonuna gəlmişdir. Ağsu rayonuna çatdıqdan sonra üzərində narkotik vasitə olmasını unutmuş və həmin yerdən tapdığı narkotik vasitə şalvarının sağ yan cibində qalmışdır. Həmin gün saat təxminən 21 radələrində o, dostları ilə görüşərək yeyib-içməyə getmişdir. Dostları ilə Ağsu rayonu ərazisində olan kafelərdən birində yeyib-içdikdən sonra 01 may 2024-cü il tarixdə saat təxminən 00:30 radələrində o, dostlarından ayrılmış və piyada yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getməyə başlamışdır. Həmin gün saat təxminən 01 radələrində yaşadığı evin yerləşdiyi M.Ə.Rəsulzadə küçəsi ilə yaşadığı ev istiqamətində gedərkən, yaşadığı küçədə yerləşən “Gəncə təndiri”nin qarşısında polis əməkdaşları onu saxlayaraq qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələrin saxlanılmasında şübhəli olduğunu izah edib, onlarla birlikdə Ağsu RPŞ-nə getməsini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Ağsu RPŞ-nə gəldikdən sonra ona müdafiəçinin köməyindən istifadə etmək hüququ olduğu izah olunaraq, müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində axtarış və götürmə aparılması haqqında qərar qəbul olunaraq üzərində videoçəkilişlə axtarış və götürmə aparılmağa başlanaılmışdır. Üzərində axtarış və götürmə aparılarkən ondan üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan heroin olmasını etiraf etmiş və əynində olan tünd boz rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd şəffav sellofan bükümdə olan narkotik vasitə heroini çıxararaq təhvil vermişdir. Daha sonra təqdim etdiyi kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin sellofan bükümlə birlikdə 1,88 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşıdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, sonda isə axtarış və götürmə aparılması haqqında protokol ucadan oxunaraq həmin protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini heç kəsdən almamış, həmin vaxt yanında heç kim olmamışdır, o, narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu RPŞ-nin İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir. 01 may 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə şöbənin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə götərilmişdir. Bundan sonra vəkil dəvət olunmuş, onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış və bu zaman onun əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, deməsinə görə narkotik vasitə olan olan heroinə bənzər kütləni çıxarıb təqdim etmiş və həmin kütlənin özünə məxsus olduğunu, 30 aprel 2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisindən tapdığını bildirmişdir. Daha sonra həmin heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək sellofanla birlikdə çəkisinin 1,88 qram olması müəyyən edilmişdir. Sonra isə dəqiq tərkibinin və təmiz çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid1 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ağsu şəhəri, S.Rzayev küçəsi, 2/5 saylı evdə ailə üzvlərilə birlikdə yaşayır. Ağsu rayon X2 mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 may 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələri əldə edərək üzərində saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və lazımi sənədləşdirməni aparmışdır. Daha sonra əməliyyat qrupu təşkil edilmiş və 01 may 2024-cü il tarixdə saat 01:10 radələrində Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından Ağsu rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən saxlayaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Ağsu rayon Polis Şöbəsinə getməsini təklif edərək şöbəyə gətirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonra Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən o, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə, deməsinə görə narkotik vasitə olan olan heroinə bənzər kütləni çıxarıb təqdim etmiş və həmin kütlənin özünə məxsus olduğunu, 30 aprel 2024-cü il tarixdə Kürdəmir şəhəri ərazisindən tapdığını bildirmişdir. Daha sonra həmin heroinə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək sellofanla birlikdə çəkisinin 1,88 qram olması müəyyən edilmişdir. Sonra isə dəqiq tərkibinin və təmiz çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 01 may 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Elnur Əzizov tərəfindən Ağsu RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis mayoru Şahid1, Ağsu RPŞnin İTB-nin sahə polis nəfəri, polis baş Serjantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd şəffaf sellofan bükümdə, sellofan ilə birlikdə çəkisi 1,88 qram olan, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı foto şəkillər və istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli 3-16-16-2-17/410 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) zərfin içərisindəki: - 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,626 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 1,626 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,1,576 qram. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69,10 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Əşyaların maddi sübut hesab edilməsi haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində tədqiqatdan sonrakı təmiz çəkisi 1,576 qram təşkil edən narkotik vasitə olan heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X12 24 may 2024-cü il tarixli, 18-1-25/2-491/24 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 03 iyun 2024-cü il tarixli, 973 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görünür. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilmiş, cinayət işinin materiallarına uyğun olmaqla yanaşı, obyektiv rəylər olduğundan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/410 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 973 saylı rəyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD-disk, Təqsirləndirilən şəxs, eləcə də şahidlər Şahid1 və Şahid2 ifadələri sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonrakı qalığının (1,576 qram) 10 may 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 may 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə saat 01:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 may 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 126.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 22 gün vaxtından əvvəl şərti azad edilmi, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2026-cı il tarixdə ödənilməli olduğu halda, məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə qeyd edir ki, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-13/2-3-1186/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Ailə tərkibi atası X3 – 1958-ci il təvəllüdlü, anası X4 – 1964-cü il təvəllüdlü. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, 1987-cü ildə anadan olmuş kişi, azərbaycanlı, M.Ə.Rəsulzadə küçəsi ev 29 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır, verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02 may 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum olunduğundan və onun məhkumluğu ödənilmədiyindən ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 1,576 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 1 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 1,576 qram (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN:**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-66/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-66/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver