Məhkəmə qərarları › İş №1(016)-67/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-67/2025

30.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-67/2025 30.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə cinayət əməlini törətmişdir. Belə ki, o, ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanliq etmişdir. Belə ki, o, 04 fevral 2025-ci il tarixdə saat təxminən 19 radələrində Zərərçəkmiş şəxs ofisiant olaraq işlədiyi Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Titanik” adlı kafeyə gəlib aralarındakı borc pul məsələsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxsla mübahisə edib ucadan nalayiq ifadələr işətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs üzərinə hücum etməklə əvvəlcə yaxasından yapışıb köynəyini cırıb, daha sonra yumruqla ağız nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, sonuncuya yuxarı dodağın sağ yarısında əllədikdə şişkinlik və bir qədər ağrı fonunda selikli qişada hematoma ilə nəticələnən əzilmiş yara, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərəvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildi və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. Müdafiəçi məhkəmə iclasında çıxış edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-Tibbi Ekspertiza və X1” X2 05 fevral 2025-ci il tarixli, 23 saylı ekspert rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – yuxarı dodağın sağ yarısında əllədikdə şişkinlik və bir qədər ağrı fonunda selikli qişada hematoma ilə nəticələnən əzilmiş yara küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025ci il tarixində əmələ gəlmələri inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 noyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarmış və ictimaiyyət arasında nüfuza malikdir. Ailəlidir, 3 övladı var. Onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 17 oktyabr 2025-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqında” 21 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 13 noyabr 2025-ci il tarixli qərarla CM-in 221.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yera getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvəsində saxlanılması, ifadəsində göstərdiyi xüsusatların özünü müdafiə xarakterli olduğundan toplanmış sübutlarla təsdiq edilmədiyindən, özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilməsi, onun əməlinin CM-in 128-ci maddəsi ilə ittiham elan edilməməsinin nəzərə alınması, Şahid1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs 30 manat pulunun Zərərçəkmiş şəxs tələb edilməsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 23 saylı rəyi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolu və ifadənin yerində yoxlanılması haqqında protokolun sübut növü kimi tanınması, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli uzunqol köynəyin cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanması üçün Ağsu RPŞ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 15 yanvar 2026-cı il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Ona vurulmuş maddi və mənəvi zərər tam olaraq ödənilmişdir. - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilir. Barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 39.1 və 39.1.12-ci maddələrinə əsasən, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.14-cü bəndinə əsasən, bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5 və 5.1-ci bəndlərinə əsasən, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs (əməli) həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı qüvvəyə mindiyi günədək 60 yaşına çatmışdır və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.14, 5 və 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 176 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs məxsus 1 ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 saat hüquqi yardıma görə 176 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar