Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-69/2023 30.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarının pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 28 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsində BC 852922 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında, ayıq halda idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən, 1.1—1.3 xətlərini kəsib keçməməli olduğu halda qeyd edilən tələbə əməl etməyərək, qarşısında hərəkətdə olan, Şahid3 idarə etdiyi “X16” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.1 üfüqi nişanlanma xəttini kəsib əks istiqamətli hərəkət zolağına keçməklə ötərək qeyd edilən maddənin tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qarşıdan gələn Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs avtomobilində sərnişin qismində əyləşmiş Şahid2 sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən, döş qəfəsinin ön sol yuxarı tış hissəsində, sol budun yuxarı 1/3-nin, hər iki budun aşağı 1/3-nin ön-yan səthlərində və hər iki diz oynağının və hər iki baldırın yuxarı 1/3-nin ön-yan səthlərində qançırlar ilə müşayiət edilən xəsarətlərin, zərərçəkmiş Zərərçəkmiş şəxs ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sol bud sümüyünün travmatik çıxığı, sirkə kasasının arxa divarının qapalı, yerdəyişən natamam bitişməsi və sağ ayağın İ-İİ-İİİ daraq sümükləri əsasının qeyri-düzgün bitişmiş sınıqları, sol baldır əzələlərinin hipotrofik, axil refleklərin zəifləməsi, solda hipertenziya, sol bud çanaq oynağında yaxınlaşdırıcı və uzaqlaşdırmanın kontrakturası fonunda ağrılı olması ilə müşayiət edilən xəsarətlərin yetirilməsinə səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 29 ünvanında yaşayır. “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil tanışı X1 mülkiyyətindədir. Etibarnamə əsasında həmin avtomobili idarə edirmiş və sürücülük hüququ vardır. Zərərçəkmiş şəxs 28 iyun 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. Şahid3 əvvəlcədən tanıyırmış. 28 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilini Ağsu rayon dolaylarında idarə edirmiş və Ağsu şəhəri istiqamətində hərəkətdə imiş. Onun avtomobilinin qarşısında Şahid3 idarə etdiyi “X16” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil gedirmiş. Bu zaman o, əks hərəkət zolağına keçməklə ötmə əməliyyatı etmiş, qarşıda döngə olduğundan qarşıdan gələn avtomobili görməmiş və öz hərəkət zolağında olan “VAZ 21074 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bu zaman zərbənin təsirindən avtomobili nisbətən arxada olan avtomobilin, yəni “X16” markalı avtomobilin sol tərəfinə çırpılmışdır. O, idarəetməni itirib avtomobili yolun hərəkət hissəsinin sağ kənarına aşırmışdır. Həmçinin “X16” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sağ kənarına aşmışdır. Bundan sonra dərhal avtomobilin sol qapısından çölə çıxmış, dərhal “VAZ 21074 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş, həmin avtomobilin əzildiyini, içində bir nəfər sürücü və bir nəfər sərnişin olduğunu görmüşdür. O, dərhal təcili tibbi yardıma zəng vurmuş və Zərərçəkmiş şəxs avtomobilindən çıxarılmasına köməklik etmişdir. Daha sonra o, avtomobilə mindirilərək Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə baş verən zaman heç bir avtomobillə ötüşməmişdir. O, avtomobilini hadisə vaxtı təxminən saatda 60-70 km surətlə idarə edirmiş. Hadisə baş verdikdən sonra orada qalaraq hadisə yerinə polis əməkdaşlarının və təcili-tibbi yardım avtomobilinin gəlməsini gözləmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, “VAZ 21074” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edirmiş. Sürücülük hüququ vardır. Təqsirləndirilən şəxs sözügedən yol-nəqliyyat hadisəsindən sonra tanımışdır. 28 iyun 2023-cü il tarixdə saat 21 radələrində “VAZ 21074” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu rayon dolaylarında Bakı şəhəri istiqamətində hərəkətdə imiş. Yolun döngə hissəsinə çatan zaman qarşıdan iki avtomobilin ona tərəf gəldiyini görmüşdür. Həmin avtomobillər bir-birləri ilə ötüşürmüşlər. O, hadisədən yayınmaq üçün avtomobilini yolun sağ kənarına doğru sürmüş, lakin “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil sürətlə ona tərəf gəldiyindən onun avtomobili ilə toqquşmuşdur. Zərbənin təsirindən onun avtomobili yolun sağ kənarındakı bordürə çırpılaraq dayanmış, bundan sonra sıxışıb qalmış və daha sonra oraya gələn vətəndaşların köməyi ilə avtomobildən çıxarılmışdır. Daha sonra o, təcili tibbi yardım avtomobilinə əyləşdirilərək xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair özü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Qaraqaşlı kəndində yaşayır. "xxxx" MMC-yə məxsus məhsulların ərazi üzrə marketlərdə yerləşən məhsullarını vitrinlərdə səliqəyə salaraq dolanışığını təmin edir. Göyçay rayonu, Hacalı kənd sakini Zərərçəkmiş şəxs da həmin şirkətdə işləyir. O, Zərərçəkmiş şəxslə birlikdə Ağsu dolaylarında yerləşən bir neçə restorana işlədikləri şirkətin məhsullarını satırmış. 28 iyun 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxslə birlikdə Ağsu rayon dolaylarında yerləşən restoranlardan şirkətə olan borclarını yığmaq üçün Zərərçəkmiş şəxs məxsus **-BL-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21074” markalı avtomobillə dolayları qalxmağa başlamışlar. Zərərçəkmiş şəxs avtomobilini idarə edən zaman yolun döngə hissəsində sonradan adını öyrəndiyi, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərlərinə gələrək onlarla toqquşmuşdur. O, toqquşmanın təsirindən özündən getmiş və gözünü açarkən artıq Ağsu rayon mərkəzi xəstəxanasında idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, “X16” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məlum hadisə baş verəndən sonra tanımışdır. 28 iyun 2023-cü il tarixdə saat təxminən 21 radələrində Ağsu rayon dolaylarında Ağsu şəhəri istiqamətində avtomobili ilə hərəkətdə imiş. Avtomobilində dostu Şahid1 sərnişin qismində əyləşibmiş. Onun avtomobilinin arxasıyca Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə imiş. Qarşıdan, yəni yolun əks hərəkət istiqamətində isə “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlirmiş. Bu zaman Təqsirləndirilən şəxs onun avtomobilini ötməyə başlamışdır. O, ötmə əməliyyatı edən zaman döngə olduğu üçün qarşıdan gələn avtomobili görməmiş, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil Zərərçəkmiş şəxs avtomobili ilə toqquşmuşdur. Toqquşma onun avtomobilinin paralelində baş vermişdir. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onun avtomobilinin sol tərəfinə çırpılmış və onun avtomobili yoldan çıxaraq kənara aşmışdır. O, dərhal avtomobilinin pəncərəsindən çölə çıxmış, ondan sonra da dostu Şahid1 avtomobildən çıxmışdır. Daha sonra o, yola baxan zaman “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında əzilmiş halda dayandığını və “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə yolun yolun orta hissəsində dayandığını görmüşdür. O, “VAZ 21074” markalı avtomobilə yaxınlaşmış və Zərərçəkmiş şəxs avtomobildən çıxmasına kömək etmişdir. Bundan sonra oraya təcili tibbi yardım avtomobili gəlmiş və onları xəstəxanaya aparmışlar. Yol-nəqliyyat hadiəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs yolun döngə hissəsində ötmə əməliyyatı etməsi olmuşdur. Şahid1 məhkəməyə teleqram vuraraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 28 iyun 2023-cü il tarixdə saat 21 radələrində tanışı Şahid3 idarə etdiyi “Dacia Logan” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayon dolaylarında Ağsu şəhəri istiqamətində hərəkətdə imişlər. Bu zaman sonradan adını öyrəndiyi, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun döngə hissəsində ötmə əməliyyatı edərək onları keçmək istəyərkən qarşıdan gələn “Vaz 2107” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsinə “Opel Astra” markalı avtomobil onun olduğu avtomobilə çırpılmışdır. Toqquşma nəticəsində Şahid3 idarə etdiyi avtomobil yolun sağ kənarında olan kolluq əraziyə aşaraq həmin yerdə dayanmışdır. Avtomobil dayandıqdan sonra Şahid3 ilə bərabər avtomobildən çölə çıxmışlar. Daha sonra “Vaz 2107” markalı avtomobilin sürücüsü, Zərərçəkmiş şəxs və sərnişin Şahid2 həmin yerdə toplaşmış şəxslərin köməkliyi ilə avtomobildən çıxarmışlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə 23290033 nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmiş, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Qİİ Kürdəmir Asan Xidmət Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BC seriyalı 852922 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, BC kateqoriyalı sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur. - BB seriyalı 309607 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-HX-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı nəqliyyat vasitəsinin sahibi X3r. - ƏN Vİ seriyalı 520169 nömrəli etibarnamədən görünür ki, X6 mülkiyyətində olan **- HX-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilinin idarə edilməsini 8 il 6 ay 22 gün müddətinə Təqsirləndirilən şəxs etibar etmişdir. - xx.xx.2023-cü il tarixli, 472 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmamışdır. - xx.xx.2023-cü il tarixli, 474 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmamışdır. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 09:20-dən saat 09:55-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitələrinin toqquşma yerinin Bakı- Şamaxı-Yevlax yolunun 151-ci km-də Ağsu rayon dolayları olması, yolun maksimal surət həddinin 50 km/saat olması, yolun orta hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün xətt olması, yolun hərəkət hissəsinin 07 metr enində asfaltbeton örtükdən ibarət olmaqla, quru, hamar olması, yolda çala-çuxur olmaması, hadisə yerində şin və ya tormoz izlərinin olmaması, hadisədən əvvəl “X16” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel Astra” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ağsu şəhəri istiqamətində hərəkət olması, “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı şəhəri istiqamətində hərəkətdə olması, “Opel Astra” markalı, **- HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sol hissəsinə çıxdığı andan “VAZ 21074” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu ana kimi 14 metr məsafə qət etməsi və hadisə zamanı avtomobillərin texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 X15in xx.xx.2023-cü il tarixli, 137 nömrəli rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bud sümüyünün travmatik çıxığı, sirkə kasasının arxa divarının qapalı, yerdəyişən natamam bitişməsi və sağ ayağın İ-İİ-İİİ daraq sümükləri əsasının sınıqları küt – bərk əşyanın (əşyaların) təsirindən törənmiçdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə, avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və ağırlıq dərəcələrinə görə müalicələri tam başa çatdıqdan sonra yazılıb bildiriləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2043 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən **-HX-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs halhazırda Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 29 ünvanında yaşayır. Ailə tərkibi: 1994-cü il təvəllüdlü – X5, 2013-cü il təvəllüdlü X7 və 2017-ci il təvəllüdlü X4r. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət edir, Təqsirləndirilən şəxs haqqında Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağsu şəhəri, H.Aslanov küçəsi, ev 29 ünvanında qeydiyyatda olan və yaşayan 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 X15in xx.xx.2023-cü il tarixli, 137/06/03 nömrəli canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, MTE və PA Birliyi PHŞ-nin Zərərçəkmiş şəxs adına tərtib etdiyi xx.xx.2023-cü il tarixli 137 saylı rəyində qeyd olunanlara, onun təkrari məhkəmə-tibbi ekspertizasına, həkim mütəxəssislərin müayinələrinə, onun adına tərtib edilmiştibbi sənədlərdə yazılanlara əsasən, əlavə qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud sümüyünün travmatik çıxığı, sirkə kasasının arxa divarının qapalı, yerdəyişən natamam bitişməsi və sağ ayağın İ-İİ-İİİ daraq sümükləri əsasının qeyri-düzgün bitişmiş sınıqları, sol baldır əzələlərinin hipotrofik, axil refleklərin zəifləməsi, solda hipertenziya, sol bud çanaq oynağında yaxınlaşdırıcı və uzaqlaşdırmanın kontrakturası fonunda ağrılı olması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR ZƏRƏR vurmaya aiddirlər. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid3 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 yol-nəqliyyat hadisəsi zamanı dərəcələri təyin edilməyən xəsarət alması faktına görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, 28 iyun 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/2043 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8-Təcrübi və X10 rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 96 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli, 97 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli, 98 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli, 112 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli, 137/06 nömrəli rəyləri sübut kimi qiymətləndirilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM): 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-69/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-69/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver