Məhkəmə qərarları › İş №1(016)-69/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-69/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-69/2024 19.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil X5 iştirakları ilə, xx xxxx 1976-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 02 may 2024-cü il tarixdə saat 17:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri Nizami küçəsində saxlanılıb rayon X11 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 17:55-də üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə 1,376 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında tək yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. O, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmiş və bununla bağlı müalicə almamışdır. Əvvəllər üzərimdə narkotik vasitə daşıdığından, həmçinin yaşadığı evdə qanunsuz olaraq silah saxladığı üçün məhkum olunmuşdur. O, bir müdətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 02 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Ağsu şəhəri M.A.Əliyev küçəsində yerləşən evin yaxınlığında yerdə bir ədəd sellofan büküm onun diqqətini cəlb etdiyi üçün həmin bükümü yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt bükümün içərisində narkotik vasitə olan heroin olduğunu görmüş və bu səbəbdən həmin bükümü cibinə qoymuşdur ki, sonra istifadə edər. 02 may 2024-cü il tarixdə 17:00 radələrində Ağsu şəhəri Nizami küçəsində piyada hərəkətdə olarkən Ağsu rayon polis şöbəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötəri onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin təhqiqat qrupunda olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Bir qədər keçdikdən sonra vəkil Müdafiəçi gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif etdikdə, o üzərində olan 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm onun və iştirakçıların iştirakı ilə açıldıqda heroinə bənzər kütlə olması məlum olmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra protokollara imza etmişdir. Ağsu rayon polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitəni heç kəsdən almamışdır. Həmin narkotik vasitəni 02 may 2024-cü il tarixdə səhər saatlarında Ağsu şəhəri M.A.Əliyev küçəsində yerdən tapmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının X3 şəhid olmasını, özünün Ağ ciyər xəstəsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X6 Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, qardaşının X3 şəhid olmasını, özünün Ağ ciyər xəstəsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 may 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi, saxlaması barədə ona məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs güdməyə başlamışlar. Həmin gün saat 17:00 radələrində Təqsirləndirilən şəxs Ağsu şəhəri Nizami küçəsində piyada hərəkətdə olmasını görüb, onu saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkil dəvət olunmuşdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş və bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, həmin narkotik vasitəni 02 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Ağsu şəhəri M.A.Əliyev küçəsində olarkən yerdən tapmış, sonra istifadə etmək üçün əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra içərisində narkotik vasitə olan büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün möhürlənmiş zərfdə qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 03 may 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun üzərinə baxış zamanı əynində olan olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə 1,47 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür və o, bildirmişdir ki, həmin narkotik vasitəni 02 may 2024-cü il tarixdə yaşadığı evin yaxınlığından yerdən tapmışdır. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Axtarış zamanı foto şəkillər və istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən verilmiş 03 may 2024-cü il tarixli 3-16-16-2-17/415 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun təqdim etdiyi kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,376 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. ( İ siyahı) Qeyd: a) heroinin təmiz çəkisi – 1,376 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,326 qram. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 71,94 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X12 24 iyun 2024-cü il tarixli, 18-1-25/2-593/24 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Ş.Mürşüdlü narkomaniya xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 21 iyun 2024-cü il tarixli, 1101 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 25 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/415 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1101 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilsin qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 83-cü qrafasına əsasən təmiz halda 0,15-dən 2 qramadək heroin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1,376 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs Bəxtiyar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 may 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 may 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən CM-nin 102 M 1 HİS-i maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Ali Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə hökm dəyişdirilib, CM 40 maddəsi tətbiq edilərək cəzası 5 ilə endirilmiş, xx.xx.2000-ci ildə CM 76 maddəsinə əsasən 07 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur, Ağsu Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və Qobustan Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə 01 il 02 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur, Ağsu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-cı il tarixli qərarı ilə hökm dəyişdirilib, CM 67.1 maddəsi ilə ACDİÜ AR MƏHK. 24.03.06-cı il tarixli hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırki hökmə qismən birləşdirilərək qəti cəza 02 il 01 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən vətəndaş azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MM-in xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 26 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə qeyd edir ki, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 iyun 2024-cü il tarixli, 5-34-13/2-3-1235/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatdadır. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, 1976-cı ildə anadan olmuş kişi, azərbaycanlı, ünvan 6 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmağı bacarır, ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır, Təqsirləndirilən şəxs bir neçə dəfə həbs olunsa da barəsində Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 03 may 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum olunduğundan və onun məhkumluğu ödənilmədiyindən ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 1,376 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 (on) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 02 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 1.376 qram (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN:**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X5 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar