Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-7/2023 19.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Azadova (Atakişiyeva) Vahidə Vahid qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağsu rayonu, Şahbəyli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan, 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla 02 sentyabr 2007-ci il təvəllüdlü X1 və 05 dekabr 2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Azadova (Atakişiyeva) Vahidə Vahid qızına verilməsinə dair Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(016)-555/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 3(016)-338/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 11 avqust 2021-ci il tarixli, 3(016)-323/2021 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 13 aprel 2020-ci il, 15 sentyabr 2021-ci il və 13 aprel 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 16 may 2022-ci il tarixədək 5612,64 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Azadova (Atakişiyeva) Vahidə Vahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Azadova (Atakişiyeva) Vahidə Vahid qızını qonşuları Zemfiranın qohumu kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2006-cı il tarixdə rəsmi şəkildə ailə qurmuşlar. Evliliklərindən 02 sentyabr 2007-ci il təvəllüdlü X4 və 05 dekabr 2010-cu il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Ağsu şəhərində yaşamışlar. Vahidə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər. Vahidə himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağsu Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(016)-555/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ondan 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla X1 və X2 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Azadova (Atakişiyeva) Vahidə Vahid qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Həmin vaxtlar Ağsu rayon MKİS-də işləmiş və fasilələrlə ödəniş etmişdir. İşdən çıxdıqdan sonra imkanının kifayət qədər olmadığından borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə 10 gün müddətinə, sonuncu dəfə 11 avqust 2021-ci il tarixli qərarına əsasən 08 gün inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur və gündəlik 15-20 manat qazanc əldə edir. Təxminən 2 ildən çox müddətdir məşğulluq mərkəzinə müraciət etməmişdir. Təqdimat verilən günə, yəni 16 may 2022-ci il tarixə kimi Azadova (Atakişiyeva) Vahidə Vahid qızına ödənməmiş aliment borcu 5612,64 manat təşkil edir. O, anasına məxsus Ağsu şəhəri, Meleratorlar qəsəbəsində yerləşən evi satıb aliment borcunu ödəmək istəyir. Borcu ödəməmsinin səbəbi kimi maddi imkanının olmamasını göstərməklə, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Azadova (Atakişiyeva) Vahidə Vahid qızı göstərdi ki, Təqsirləndirilən şəxs bibisi Zemfiranın qonşusu kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2006-cı il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 02 sentyabr 2007-ci il təvəllüdlü X4 və 05 dekabr 2010-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Ağsu şəhərində yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Ağsu şəhərində müxtəlif sahələrdə işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvəllər Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, tez-tez dava-dalaş saldığından, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağsu Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(016)-555/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 28 oktyabr 2019-cu il tarixdən hesablanmaqla X1 və X2 yetkinlik yaşlarına çatana kimi hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağsu Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağsu Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağsu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 16 may 2022-ci il tarixə kimi cəmi 5612,64 manat aliment borcu qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur və yetərli qazanc əldə edir. İstəsə hər ay aliment ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Ağsu rayon məhkəməsinin 2(016)-555/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi üzrə verilən icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs 02 sentyabr 2007-ci il təvəllüdlü X1 və 05 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat aliment alınaraq X3 ödənilməlidir. Ağsu rayon icra və probasiya şöbəsində 06 noyabr 2019-cu il tarixdə başlanılmış icraat zamanı tələbin könüllü icrasını təmin etmək məqsədi ilə borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmiş, lakin könüllü müddət ərzində tələb yerinə yetirilməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağsu rayon İcra və probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. 11 avqust 2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs Ağsu rayon İcra və probasiya şöbəsinə gəlmişdir və ondan izahat alınmışdır. Borclu Ağsu Rayon Məhkəməsinin 3(016)-323/2021 saylı 11 avqust 2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir, lakin o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Ağsu Rayon Məhkəməsinin 8(016)-33/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə müxtəlif vaxtlarda cəmi hissə-hissə 1587.36 manat ödəmiş, 5612.64 manat isə borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Azadova (Atakişiyeva) Vahidə Vahid qızı şöbəyə 17 may 2022-ci il tarixdə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, tələbkar V.Atakişiyevanın qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Onun əməlində qərəzlilik elementləri vardır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 Şahid ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Ağsu Rayon Məhkəməsinin 2(016)-555/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Azadova (Atakişiyeva) Vahidə Vahid qızı və Təqsirləndirilən şəxs arasında xx.xx.2006-cı il tarixdə Ağsu rayon VVADQ şöbəsində bağlanılmış 148 saylı nikahın pozulması, onların birgə nikahlarından olan övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X2 iddiaçı Azadova (Atakişiyeva) Vahidə Vahid qızının himayəsinə verilməsi və cavabdeh Təqsirləndirilən şəxs 28 oktyabr 2019-cu il tarixdən başlayaraq 02 sentyabr 2007-ci il təvəllüdlü X1 və 05 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Azadova (Atakişiyeva) Vahidə Vahid qızına ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 06 noyabr 2019-cu il tarixli “İcraata başlamaq haqqında” Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs həmin qərarın surəti göndərilmiş və o, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(016)-555/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Ağsu Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli, 3(016)-338/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Ağsu Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 3(016)-323/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 gün müddətində həbs tənbeh tədbiri tətbiq edilmişdir. Ağsu Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 8(016)-33/2022 nömrəli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, Azadova (Atakişiyeva) Vahidə Vahid qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 avqust 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə aktları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(016)-555/2019 nömrəli qətnaməsi əsasında 06 noyabr 2019-cu il tarixdə icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, Təqsirləndirilən şəxsn borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, lakin o, uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə qərəzli olaraq yayınmışdır. Borcun ödənilməməsinin təqsirləndirilən şəxsin maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində onun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Məhkəmə bu qənaətini onunla da əsaslandırır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqınadək heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. CM-in 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 19 yanvar 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 19 yanvar 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-7/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-7/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver