Məhkəmə qərarları › İş №1(016)-76/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-76/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-76/2023 28.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağsu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,205 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib, yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 29 sentyabr 2023-cü il tarixdə saat 12:30-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri Vidadi küçəsində saxlanılıb rayon X5 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 13:20-də üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi qara rəngli şalvarının sol yan cibindən, bir ədəd 1 m-lik şprisin içərisində maye halında həcmi 0,1 ml olan, quru halında isə təmiz çəkisi 0,044 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əyninə geydiyi qara rəngli şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bir ədəd bükümdə 0,161 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yaşayır. Hazırda heç bir yerdə işləmir. Narkotik vasitələrin aludəçisidir və tez-tez narkotik vasitələrdən istifadə edir. Uzun müddət narkotik vasitələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Əvvəllər üzərində narkotik vasitə daşıdığından, həmçinin oğurluq cinayət əməlləri törətdiyi üçün məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində gözlərini müayinə etdirmək üçün Kürdəmir rayon mərkəzi xəstəxanasına getmişdir. Nahar fasiləsi olduğu üçün həkimlər otağında olmadığına görə o, xəstəxanadan çıxıb Kürdəmir şəhərində yerləşən körpünün yanına getmişdir. Orada yerləşən mağazadan çörək almaq üçün mağazaya yaxınlaşan zaman yerdə nəyinsə parıldadığını görmüşdür. O, yerdən həmin parıldayan kağızı götürəndə görmüşdür ki, siqaretin gümüşü kağızına bükülmüş bükümdür. O, həmin bükümü yerdən götürmüşdür. Bükümü açıb baxarkən heroin adlanan kütlənin olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümü əynində olan şalvarının sol cibinə qoyub Ağsu rayonuna gəlmək üçün taksiyə minib Ağsu şəhərinə gəlmişdir. Narkotik vasitə olan heroini heç kəsdən almamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, narkotik vasitələrin aludəçisidir, ona görə narkotik vasitə istifadə edir. Həmin günü narkotik vasitənin bir hissəsini həll edib şiprisə doldurmuş, qalan hissəsini isə cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam həmin şiprisdə hazırladığı məhlunun yarısını istifadə etmiş, qalan hissəsini isə şiprisdə saxlamışdır. 29 sentyabr 2023-cü il tarixdə səhər evdən çıxarkən şiprisdə olan məhlulu və heroinin qalan hissəsini cibinə qoymuşdur. Saat 12:30 radələrində Ağsu şəhəri Vidadi küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli şalvarının sol cibindən bir ədəd şiprisdə olan məhlulu və şalvarının sağ yan cibində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroini cibindən çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Ağsu rayon sakini Təqsirləndirilən şəxs Ağsu rayonu ərazisində narkotik vasitə və psixotrop maddələr əldə etməsi, daşıması, üzərində saxlaması barədə məxfi mənbədən məlumat daxil olmuşdur. Tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra həmin şəxsin tutulması məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. 29 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri Vidadi küçəsində piyada hərəkətdə olarkən saxlayıb rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini və sol yan cibindən 1 ədəd şprisin içərisində maye halında heroindən hazırlanmış məhlulu təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni 2 gün əvvəl Kürdəmir şəhərində körpünün altında yerdən tapmış, bir hissəsini maye halına çevirib şprisə doldurmuş, qalan hissəsini də narkotik vasitə aludəçisi olduğu üçün özü ilə götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və içərisində narkotik vasitə heroin məhlulu olan şpris qablaşdırılaraq RPŞ-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılara ucadan oxunmuşdur. Tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən, 1 ədəd şprisdə həll olunmuş heroin məhlulu və sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni 2 gün bundan qabaq Kürdəmir rayonunda körpünün altında yerdən tapmışdır. Həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə büküm ilə birlikdə çəkisinin 0,3 qram təşkil etməsi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin, həmçinin 1 ədəd şprisin içərisində olan məhlulun tərkibi və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Axtarış zamanı foto şəkillər və istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 17/723 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki : - 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - 01 (bir) ədəd 1 ml-lik şprisin içərisində həcmi 0,1 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhluludur. Heroin məhlulunda heroinin quru maddəsinin təmiz çəkisi 0,044 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir. ( İ siyahı) Qeyd: a) heroinin təmiz çəkisi – 0,161 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,111 qram. b) heroinin məhlulunun həcmi – 0,1 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,05 qram. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69,10 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X6 10 noyabr 2023-cü il tarixli, 18-1-25/2-822/23 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 05 dekabr 2023-cü il tarixli, 1981 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik maddələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2023-cü il tarixli qərarla CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/723 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1981 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları, eləcə də içərisində narkotik vasitə heroin olan bir ədəd 1 m-lik şpris iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞnin maddi sübutlar saxlama otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 sentyabr 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə saat 12:15-də şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 30 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3, 234.1, 67.1, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, məhkumluğu ödənilmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə qeyd edir ki, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi var, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 30 noyabr 2023-cü il tarixli, 5-34-13/2-3-2959/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli, 5-34-13/2-3- 2959/2023 saylı xasiyyətnamədən görünür ki, 1964-cü ildə anadan olmuş kişi, azərbaycanlı, ünvan 5 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs ictimayyət arasında özünü aparmağı bacarır, nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət edir, onun barəsində Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 30 sentyabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum olunduğundan və onun məhkumluğu ödənilmədiyindən ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,111 qram narkotik vasitə heroin, içərisində təmiz çəkisi – 0,05 qram narkotik vasitə heroin məhlulu olan bir ədəd 01 m-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 08 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 0,111 qram (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə heroin; 0,05 qram (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə heroin məhlulu olan bir ədəd 01 m-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN:**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar