Məhkəmə qərarları › İş №1(016)-9/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-9/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-9/2023 13.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndələri və vəkilləri X1 və X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 və onun vəkili fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağsu rayonu Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu Gəgəli kənd bələdiyyəsinin sədri, Ağsu rayonu Gəgəli kəndində qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraata məhkəmənin inzibati binasında, açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xusüsi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X11 “FACEBOOK” sosial platformasında özünün şəxsən işlətdiyi, istifadəçi adı “Farizkhalilli” olan şəxsi profili ilə Ağsu rayonu X16 Mərkəzinin (Ağsu DAİM) sədri X6 rüşvət, hədə-qorxu, sənəd saxtakarlığı cinayətlərinin törədilməsində ittiham etmişdir. Belə ki, X11 xx.xx.2022-ci il tarixdə, saat 22:37-də “Facebook” sosial şəbəkəsində “Farizkhalilli” olan şəxsi profili ilə paylaşdığı statusda “Bu gün Ağsu rayonunun mafıyabaşı İlqar Hüseynov (bu söz mənim sözüm deyil, mafıya üzvlərinin özlərinin ictimai yerlərdə işlətdikləri sözdür) Gəgəli kəndində şou düzəltmişdi. Başa düşdüm və iclası tərk elədim ” mətnini qeyd etmişdir. Bu paylaşıma 39 bəyənmə gəlmiş, daha sonra həmin paylaşımın rəy bölməsində “Səməd Məlikzadə” adlı profil sahibi ondan “İlqar Hüseynov kimdir?” deyə soruşmuş, Fariz Xəlilli "hazırda Ağsu X16 Mərkəzinin rəhbəridir. Rüşvət, hədə-qorxu, fırıldaqçılıq, sənəd saxtakarlığı ilə rayonda başçıdan tutmuş hamını əldə etməyə çalışan və əksərən nail olan biridir” deyə cavab vermişdir. Bu rəyə isə 8 bəyənmə gəlmişdir. Bu hadisədən əvvəl də ictimai yerlərdə və Gəgəli facebook səhifəsində X19 Hüseynov barəsində belə fikirlər səsləndirmişdir. Fariz Xəlillinin işlətdiyi bu profil özünə məxsusdur. Onun bütün fəaliyyəti X7 məxsus “https://www.facebook.com/farizkhalilli” linkli profilində öz əksini tapıb. Paylaşım edən vaxtı X5 FACEBOOK sosial şəbəkəsində 678 nəfər izləyicisi, 3000-dən çox dostu olmuşdur. Qeyd olunan paylaşımla Fariz Xəlilli həqiqətə uyğun olmayan, qərəz və yalanlardan ibarət böhtan xarakterli, uydurma, şəxsiyyətin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları dərc edərək böhtana, yəni yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış olmuşdur. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət sayılır. Həmin maddənin dispozisiyasında ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham etməklə böhtan atma həmin maddənin ağırlaşdırıcı halı kimi qeyd olunur. Odur ki, X6 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini,ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə, barəsində böhtan xarakterli məlumatlar yaymış X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 özü, həmçinin nümayəndələri və vəkilləri X8 və X10 tərəfindən imza edilmiş ərizə təqdim edərək aralarında olan barışıq səbəbindən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi X11 özü və müdafiəçisi Müdafiəçi tərəfindən imza edilmiş ərizə təqdim edərək İlqar Hüseynovla barışdıqlarını və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığından cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 38.4-cü maddəsinə əsasən Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. 321.2.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə müşavirə otağında ayrıca sənəd şəklində tərtib edilən və hakim tərəfindən imzalanan qərar çıxarılır. Qeyd olunanlara əsasən və CPM-in 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar