Məhkəmə qərarları › İş №1(017)-10/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-10/2024

18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-10/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, ev 55-də qeydiyyatda olan, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən saxlanc yeri hesab edilən fotostudiyaya qanunsuz daxil olaraq oradan bir ədəd 280 manat dəyərində samovarı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs 280 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 465,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd polietilen torbada daşıyaraq saxlamış, 03 iyul 2023-cü il tarixdə saat 20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsindəki evin yaxınlığında saxlanılaraq Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan polietilen torbadan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı təmiz çəkisi 465,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 02 iyul 2023-cü il tarixdə saat 5-6 radələrində Ağcabədi şəhəri S.Vurğun küçəsi ilə gedərkən mağazadan (fotostudiya) samovar oğurlamışdır. Həmin oğurluqla bağlı onu saxlayaraq polis şöbəsinə aparmışlar və polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra, ona içərisində marixuana olan bir ədəd polietilen torba vermişlər və video çəkiliş zamanı həmin torbanı polis əməkdaşlarına təqdim edərək içərisində marixuana olmasını və həmin marixuananı “Ağ göl” ərazisindən tapdığını bildirmişdir. Əslində isə onda marixuana olmamış və qorxduğu üçün marixuananın ona məxsus olmasını bildirmişdir. Videoçəkiliş aparılarkən və bundan sonrakı dövrlərdə ona təziq göstərildiyi üçün marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Üzərinə video çəkilişlə baxış keçirilərkən vəkili yanında olmuş, lakin bu barədə vəkilinə heç nə deməmişdir və ona təziq göstərilməsi barədə heç bir orqana müraciət etməmişdir. Oğurladığı samovarı polis əməkdaşlarına təqdim etmiş və zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir və ona köməklik olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, Səməd Vurğun küçəsində fotostudiya işlədir. 02 iyul 2023-cü il tarixdə günün ikinci yarsında fotostudiyadan oğurluq olması barədə ona məlumat vermişlər. Fotostudiyaya gedib baxarkən bir ədəd samovar oğurlanmışdır. 03 iyul 2023-cü il tarixdə polis şöbəsinə dəvət olunarkən ona məlum olmuşdur ki, həmin samovarı Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin samovar polis əməkdaşları tərəfindən aşkar olunmuş və hazırda da polis şöbəsində saxlanılır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsində CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyə başlamışlar. 03 iyul 2023-cü il tarixdə saat 20 radələrində Əsgərov X3 şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əlində olan polietilen torbanı təqdim edərək həmin torbada marixuana olmasını bildirmişdir. Torbaya baxış keçirərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və həmin kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitəni “Ağ göl” ərazisindən tapdığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs oğurluq etməsi ilə bağlı onda heç bir məlumat olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 03 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bir ədəd, üzərində “LEVİS” sözü yazılmış göy rəngli polietilen torba təqdim etmiş, həmin torbaya baxış keçirilərkən içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 04 iyul 2023-cü il tarixli 18/690 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan polietilen torbanın içərisində olan 1 ədəd polietilen torbada təmiz çəkisi 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 9/8495 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və satış məntəqələrində mövcud olan qiymətlərə əsasən, 30 il əvvəl alınmaqla 5 litr tutumlu, latun materialdan işlət vəziyyətdə 01 ədəd samovar 02 iyul 2023cü il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 280,0 manat müəyyən edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 14 oktyabr 2023-cü il tarixli 1697 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X6 Hüquqi Şəxsinin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Əsgərov X3 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Əsgərov X4 Ağır Cinayətlər Məhkəməsinin 12 may 2015-ci il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinə tövsüf edilərək cəzası 4 il 9 aya endirilmiş və 11 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş İ-4332 nömrəli və İ-24266 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X7 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməmişdir. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “baxış keçirilməsi haqqında” protokolla, həmin protokola əlavə edilmiş baxış keçirilərkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən daimi istifadə etməsə də, hərdənbir narkotik vasitə olan “nəşə” kimi tanıdığı qurudulmuş marixuanadan istifadə edir. 02 iyul 2023-cü il tarixdə “Ağ-Göl” ərazisindən balıq tutuan zaman bir ədəd torba diqqətini çəkmişdir. Həmin torbanı götürüb baxarkən içərisində qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Həmin torbanı içərisində olan “nəşə” ilə birlikdə həmin ərazidə gizlətmişdir. 03 iyul 2023-cü il tarixdə həmin gizlətdiyi torbanı götürərək öz şəxsi istifadəsi üçün evə gətirərkən təxminən saat 20 radələrində yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsində 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib onu Ağcabədi rayon Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada müdafiəçinin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmadığı soruşulmuş və o, da əlindəki torbanı təqdim edərək içərisində “nəşə” adlandırdığı qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan torba müdafiəçinin və iştirakçıların iştirakı ilə tərəzisində çəkilmiş, ümumi çəkisi 500,0 qram olması müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş həmin ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək 02 iyul 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi şəhəri S.Vurğun küçəsində yerləşən saxlanc yeri hesab edilən fotostudiyaya qanunsuz daxil olaraq oradan bir ədəd 280 manat dəyərində samovarı gizli olaraq talamaqla oğurlayaraq Zərərçəkmiş şəxs 280 manat məbləğində maddi ziyan vurması və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 465,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd polietilen torbada daşıyaraq saxlaması və 03 iyul 2023-cü il tarixdə saat 20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yaşadığı Ağcabədi şəhəri, E.Sadıqov küçəsindəki evin yaxınlığında saxlanılaraq Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində olan polietilen torbadan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı təmiz çəkisi 465,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə qardaşı X2 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə azadlığın məhdudlaşdırması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 iyul 2023cü il tarixdən 05 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 18 yanvar 2024-cü il tarixdən hesab edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 14 oktyabr 2023-cü il tarixli 1697 saylı rəyini və Ağcabədi rayon X6 Hüquqi Şəxsinin 10 avqust 2023-cü il tarixli məktubunu nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 464,90 qram (ilkin xalis çəkisi 465,0 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və 1 (bir) ədəd samovar sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 81 manat 95 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş bir il iki ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş altı ay azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilib üzərində qəti olaraq səkkiz ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdən 05 iyul 2023-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 18 yanvar 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 464,90 qram (ilkin xalis çəkisi 465,0 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan 1 (bir) ədəd samovar sahibi-zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə 81 (səksən bir) manat 95 (doxsan beş) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar