Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-100/2023 13.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunun Şahmallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Şahmallar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,349 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib “Viceroy” markalı siqaret qutusunda 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə əynindəki göy rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 14 fevral 2023-cü il tarixdə saat 15:50 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək Ağcabədi rayonu, Şahmallar kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 16:45-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd siqaretin gümüşü kağızında təmiz çəkisi 0,349 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, öz ailə üzvləri ilə birlikdə yaşayır və fəhləliklə məşğul olur. O, 6-7 ildir ki, narkotik vasitə olan heroindən və metamfetamindən istifadə edir. Təxminən 10 gün bundan əvvəl o, Ağdam rayonunda olarkən yerdə bir ədəd siqaret qutusu görmüş və götürərək içərisinə baxmışdır. İçərisinə baxdıqda orada iki ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə iki ədəd bükülü görmüşdür. Həmin bükümlərə baxdıqda birinin içərisində “patı”, digərinin içərisində isə “kakos” olduğunu görmüşdür. Bundan sonra o, həmin bükülüləri özü istifadə etmək üçün cibinə qoymuşdur. Sonra heroindən və metamfetamindən az miqdarda istifadə etmiş və qalanlarını isə istifadə etmək üçün üzərində saxlamışdır. 14 fevral 2023-cü il tarixdə saat 16 radələrində o, Şahmallar kəndi ərazisində yaşadığı evin yaxınlığında tək piyada gedərkən həmin heroin və metamfetamin bükümləri də əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olmuşdur. Bu vaxt tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi bildirmişlər. Oda etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Onlar polis şöbəsində olarkən ona müdafiəçidən istifadə etmək hüquqları və qanunla müəyyən edilmiş qaydada digər hüquqları izah olunmuşdur. Bundan sonra polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya və narkotik vasitə olub olmadığını soruşmuşlar. Oda əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində heroin və metamfetamin olan bükümləri çıxarıb təqdim etmişdir. Sonra polis əməkdaşları onun üzərinə axtarış keçirmişlər və üzərindən heç nə aşkar edilməmişdir. Sonra üzərindən aşkar olunaraq götürülmüş içərisində heroin və metamfetamin olan bükümləri aşkar olunduğu vəziyyətdə, yəni siqaretin gümüşü kağızı ilə birlikdə əczaçılıq tərəzisində çəkilmiş, heroin 0,40 qram, metamfetamin isə 0,26 qram çəkidə olmuşdur. Bundan sonra üzərindən aşkar edilib götürülmüş iki ədəd bükülü hamısının iştirakı ilə qablaşdırıb möhürlənmişdir. Bütün bunlardan sonra protokol tərtib olunmuş və orada iştirak edənlərin hamısı və o, özü həmin protokola imza etmişlər. Sonradan üzərindən aşkar edilmiş heroin və metamfetaminlə bağlı təyin edilmiş ekspert rəyi ilə tanış olmuş və həmin heroinin təmiz çəkisinin 0,211 qram və metamfetaminin 0,349 qram olduğunu bilmişdir. O, aşkar edilmiş heroin və metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, narkotik maddələr qəbul etsə də heç kəsə narkotik maddələr satmamış və pay verməmişdir. Bir daha qeyd emişdir ki, o, həmin heroin və metamfetamini Ağdam rayonunda olan zaman tapmış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. O, Ağcabədi rayon sakini Qəni və Ağdam rayon sakini Samir adlı şəxsləri tanımadığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu və iki azyaşlı uşağının olmasını bildırib, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonunun Şahmallar kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona Ağcabədi rayonunun Şahmallar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyataxtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 14 fevral 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü Təqsirləndirilən şəxs Ağcabədi rayonu Şahmallar kəndi ərazisində yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu 15:50-də Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışlar. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Viceroy” siqaret qutusu çıxardıb stolun üzərinə qoymuşdur. Həmin siqaret qutusunun içərisinə baxış keçirilən zaman içərisində 02 ədəd siqaret və 02 (iki) ədəd gümüşü kağız büküm olduğu görünmüşdür. Həmin bükümlərdən birincisinin içərisində şəffaf rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə bənzər kütlə, ikinci bükümün içərisində isə qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin metamfetaminə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidən istifadə edilərək çəkilmiş və ümumi çəkisi 0,40 qram olmuşdur. Bundan sonra narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 0,26 qram olmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə heroinə bənzər kütlə zərfdə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X5 Bölməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddəni və narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatının olmadığını, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirlərinin davam etdirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş polis əməkdaşı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və vəkil X1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Viceroy” siqaret qutusunun içərisində 02 ədəd gümüşü rəngli kağız bükümündə çəkisi 0,40 qram psixotrop maddə olan metamfetaminə bənzər kütlə və çəkisi 0,26 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsinin 15 fevral 2023-cü il tarixli, 18/182 saylı məhkəmə-kimyəvi ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız (falqa) bükümdə təmiz çəkisi - 0,211 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir; 01 ədəd gümüşü rəngli kağız (falqa) bükümdə təmiz çəkisi - 0,349 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 0,211 qr. tədqiqata sərf edildi – 0,05 qr. qalıq 0,161 qr. Metamfetaminin təmiz çəkisi 0,349 qr. tədqiqata sərf edildi – 0,05 qr. qalıq 0,299qr. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. İş materiallarnda olan məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli, 648 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin verdiyi tibbi arayışdan görünür ki, Əkbərov X7 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR CM-nin 70.5; 76.2-ci maddələrinə əsasən 05 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş, cəzasını tam çəkib qurtarmışdır. İş materiallarında olan cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi çəkisi 0,161 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, qalıq təmiz çəkisi 0,299 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş 14 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Ağcabədi RİH-nin Şərəfxanlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Şərəfxanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 93 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Şahmallar kənd sakini Təqsirləndirilən şəxs himayəsində 17 iyun 2013-cü il təvəllüdlü və 29 noyabr 2014-cü il təvəllüdlü iki azyaşlı uşağı var. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,211 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 0,349 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə – kimyəvi və məhkəmənarkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə zalında həbs edilməlidir. Təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci madəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, Məhkəmə- narkoloji Ekspertizasının 15 aprel 2023-cü il tarixli rəyinə əsasən “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,161 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,299 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq bir il iki ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesab edilsin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 0,161 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 0,299 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE******************** keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-100/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-100/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver