Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-101/2024 04.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xeyli miqdarda, yəni təmiz çəkisi 0,268 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib siqaretin gümüşü rəngli kağızında əynində olan boz rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 29 mart 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik maddələrdən istifadə etmiş, lakin hazırda istifadə etmir. 28 mart 2024-cü il tarixdə yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində, avtomobil yolunun kənarından bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin tapmışdır. Həmin bükümü özü istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. 29 mart 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində olarkən mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz istifadəsində və saxlamasında şübhəli olduğunu bildirərək onu Ağcabədi rayon Polis şöbəsinə dəvət etmişlər. Ağcabədi rayon polis şöbəsində hüquq və vəzifələri izah edilmiş, vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirməmişdən əvvəl üzərində hər hansı bir narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını sorşulmuşdur. O, da əynində olan şalvarın cibində saxladığı həmin bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroini polis əməkdaşlarına təqdim etmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 29 mart 2024-cü il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün, yəni 29 mart 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd kağız bükülü təqdim edərək içərisində narkotik maddə olan heroin olmasını bildirmişdir. Həmin bükülünün içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlə aşkar olunduğu qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsinin 30 mart 2024-cü il tarixli, 3-16-16/2-18/350 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə təmiz çəkisi – 0,268 qram olan maddə kustar üsulla hazırlanmış narkotik maddə heroindir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 18 may 2024-cü il tarixli 854 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X3 Hüquqi Şəxsinin 16 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2020-ci il tarixdən Ağcabədi rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə dispanser qeydiyyatındadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 aprel 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək xeyli miqdarda, yəni təmiz çəkisi 0,268 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib siqaretin gümüşü rəngli kağızında əynində olan boz rəngli şalvarın sağ yan cibində daşıyaraq saxlaması və 29 mart 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2016-cı il tarixli hökmü ilə Azərbycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək altı il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş və məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Milli Məclisinin “8 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcələnin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 iyul 2024-cü il tarixdən hesab edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,218 qram (ilkin xalis çəkisi 0,268 qram) kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 6 manat hesab edilməklə 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq bir il yeddi ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli bu gündən, yəni 04 iyul 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,218 qram (ilkin xalis çəkisi 0,268 qram) kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-101/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-101/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver