Məhkəmə qərarları › İş №1(017)-103/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-103/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-103/2025 04.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1994-cü il tarixdə yardımlı rayonu Zəngələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, hal-hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, Yardımlı rayonu, Zəngələ kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə vahid niyyətlə Şahid “ASAN” xidmət Mərkəzində Vətəndaşların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini aralarında olan söhbət zamanı sonuncunun qardaşı Zərərçəkmiş şəxs 2500 manat müqabilində düzəldəcəyini yalan vəd edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 22 aprel 2025-ci il tarixdə saat 17:07-də sonuncu yaşadığı Ağcabədi rayonu, Pərioğulları kəndində yerləşən evində olan zaman "xxxx" ASC-ə aid “birbank” mobil tətbiq vasitəsilə özünə məxsus "xxxx" ASC-ə aid 5522-0993-1366-0086 saylı kart hesabına 500 manat, bundan sonra cinayətkar əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 04 may 2025-ci il tarixdə saat 10:11-də sonuncu yaşadığı Ağcabədi rayonu, Pərioğulları kəndində yerləşən evində olan zaman "xxxx" ASC-ə aid “birbank” mobil tətbiq vasitəsilə özünə məxsus 5522-0993-1366- 0086 saylı kart hesabına 500 manat, bundan sonra cinayətkar əməlini davam etdirərək vahid niyyətlə qəsdən, tamah niyyəti ilə özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 03 iyun 2025-ci il tarixdə saat 08:59-da Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Aydın” marketdə yerləşən “Mpay” ödəmə terminalı vasitəsi ilə özünə məxsus Azərbaycan Beynəlxalq Bank” ASC-ə aid 5522-0993-1366-0086 saylı kart hesabına 700 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ələ keçirib verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 1700 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 46.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilmiş, Bakı Apelliyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilərək 02 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hal-hazırda cəzasını çəkir. Hazırkı iş üzrə bildirdi ki, Ağcabədi rayonu Pərioğullar kənd sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Fərhadla o, oxuduğu Sumqayıt Dövlət Universitetində ortaq tanışları vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. O, 2018-2023-cü illər arasında ASAN xidmətdə işləmişdir. O, İmişli ASAN xidmət Mərkəzində “ASAN Kommunal Azərsu”da şöbə müdiri işləmişdir. O, 2025-ci il aprel ayının ortalarında Fərhadla danışan zaman Fərhad qardaşı Azadın işsiz olduğunu bildirmişdir. O, Fərhada əgər istəyərsə Azadı Ağcabədi ASAN xidmətdə vətəndaşların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O, da həmin vakansiyanı görüb Fərhada bunu demişdir. Onun belə deməkdə məqsədi Fərhadın qardaşının sənədlərini həmin vakansiyaya verib onun işə düzəlməyini təmin etmək və Fərhaddan pul almaq olmuşdur. Fərhad ondan bu işin qarşılığında nə qədər pul lazım olduğunu soruşduqda o, Fərhada 2500 manat pul lazım olduğunu demişdir. Fərhad onunla razılaşmış və ona iş düzəldikdən sonra bir baş quzu da pay verəcəyini demişdir. Bundan sonra Fərhad ona qardaşı Azadın şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi biletinin şəkillərini göndərmişdir. Sonra 22 aprel 2025-ci il tarixdə Fərhad ona məxsus "xxxx" ASC-ə məxsus 5522-0993-1366-0086 saylı kart hesabına 500 manat pul göndərmişdir. O, həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, yuxarıda qeyd etdiyi vakansiya bağlandığından Fərhadın qardaşının sənədlərini həmin vakansiya üçün verə bilməmişdir. Daha sonra onun pula ehtiyacı olduğundan Fərhadla əlaqə saxlayıb əlavə 500 manat da pul lazım olduğunu yalandan demişdir. xx.xx.2025-ci il tarixdə Fərhad onun yuxarıda qeyd etdiyi kart hesabına 500 manat pul göndərmişdir. O, həmin pulu da öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Fərhad onunla işlə bağlı maraqlandıqda o, Fərhada yalandan heç bir problem olmadığını, işin tezliklə düzələcəyini demişdir. 2025-ci il iyun ayının əvvəllərində onun pula ehtiyacı olduğu üçün Fərhadla əlaqə saxlayıb 700 manat da pul göndərməyini, işin yaxın vaxtda düzələcəyini, qalan 800 manat pulu isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Fərhad onunla razılaşmış və xx.xx.2025-ci il tarixdə ona məxsus olan həmin kart hesabına 700 manat pul göndərmişdir. O, Fərhadın göndərdiyi 700 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Fərhaddan qardaşı Azadı Ağcabədi ASAN xidmətdə vətəndaşların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd edərək ümumilikdə 1700 manat pul alaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 03 iyun 2025-ci il tarixdə Azad Bakı şəhərinə gəlmişdir. Onunla əlaqə saxladıqda o, Azada yalandan görüşün olacağını, gözləməsini bildirmişdir. Bundan sonra da Azad və Fərhad onunla əlaqə saxlayıb görüşlə və işlə bağlı maraqlandıqda o, onlara görüşün olacağını və yaxın zamanda işin düzəlcəyini bildirmişdir. Lakin O, Azadı hər hansı bir iş görüşməsinə aparmamış və onu işə düzəltmək üçün heç bir hərəkət etməmişdir. Sonra Fərhad ondan pulunu tələb etdikdə o, Fərhada pulu qaytaracağını bildirmişdir. Bundan sonra o, Fərhadın onun barəsində Ağcabədi rayon Polis Şöbəsinə şikayət etdiyini öyrənmişdir. Etdiyi əməldən peşmançılıq çəkdiyini bildirərək Fərhaddan dələduzluq yolu ilə aldığı 1700 manat pulu tezliklə qaytaracağına söz vermişdir. O, Fərhaddan aldığı 1700 manat pulu heç kimə verməmiş və heç kimlə belə bir danışıq aparmamışdır. O, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, həmin cinayət əməlini tək törətmişdir. Hazırda o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Yardımlı rayon Zəngələ kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır. Rəhmanla o, oxuduğu Sumqayıt Dövlət Universitetində ortaq tanışları vasitəsi ilə tanış olmuş və münasibətləri yaranmışdır. O, Rəhmanın ASAN xidmət mərkəzində işlədiyini bilmişdir. O, 2025-ci il aprel ayının ortalarında Rəhmanla danışan zaman ona qardaşı Azadın işsiz olduğunu bildirmişdir. Rəhman ona əgər istəyərsə Azadı Ağcabədi ASAN xidmətdə Vətəndaşların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O, Rəhmandan bu işin qarşılığında nə qədər pul lazım olduğunu soruşduqda Rəhman ona 2500 manat pul lazım olduğunu demişdir. O, Rəhmanla razılaşmış və ona iş düzəldikdən sonra bir baş quzu da pay verəcəyibi demişdir. Bundan sonra o, Rəhmana qardaşı Azadın şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi biletinin şəkillərini göndərmişdir. Daha sonra Rəhman onunla əlaqə saxlayaraq ilkin sənədləşmə üçün pul lazım olduğunu bildirmiş və o, 22 aprel 2025-ci il tarixdə yaşadığı evdə olan zaman Rəhmanın ona göndərdiyi özünə məxsus "xxxx" ASC-ə məxsus 5522-0993-1366-0086 saylı kart hesabına “Birbank” mobil tətbiqi vasitəsi ilə 500 manat pul göndərmişdir. Rəhman həmin pulun çatdığını bildirmişdir. Bir neçə gün sonra Rəhman onunla əlaqə saxlayıb əlavə 500 manat da pul lazım olduğunu demişdir. xx.xx.2025ci il tarixdə yaşadığı evdə olan zaman Rəhmanın yuxarıda qeyd etdiyi kart hesabına “Birbank” mobil tətbiqi vasitəsi ilə 500 manat pul göndərmişdir. Rəhmanla əlaqə saxladıqda pulun gəldiyini bildirmişdir. O, bundan sonra Rəhmanla əlaqə saxlayıb işlə bağlı maraqlandıqda Rəhman ona heç bir problem olmadığını, işin tezliklə düzələcəyini demişdir. 2025-ci il iyun ayının əvvəllərində Rəhman onunla əlaqə saxlayıb 700 manat da pul göndərməyini, işin yaxın vaxtda düzələcəyini, qalan 800 manat pulu isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Həmçinin Rəhman ona qardaşı Azadın Bakı şəhərinə gəlməsini və işlə bağlı görüş olacağını bildirmişdir. O, Rəhmanla razılaşmış və xx.xx.2025-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kəndi ərazisində “Aydın” marketdə yerləşən “Mpay” ödəmə terminalı vasitəsi ilə Rəhmana məxsus olan həmin kart hesabına 700 manat pul göndərmişdir. Rəhman pulun çatdığını bildirmişdir. 03 iyun 2025-ci il tarixdə Azad Bakı şəhərinə getmişdir. Azad Rəhmanla əlaqə saxladıqda Rəhman Azada görüşün olacağını, gözləməsini bildirmişdir. Azad Bakı şəhərində gözləsə də görüşdən və işdən heç bir xəbər olmamışdır. Bundan sonra Azad və o, Rəhmanla əlaqə saxlayıb işlə bağlı maraqlandıqda Rəhman onlara görüşün olacağını və yaxın zamanda işin düzəlcəyini bildirmişdir. X2 hər hansı bir iş görüşməsinə aparmamışdır. Bundan sonra Azad Ağcabədi rayonuna qayıtmış və o, Rəhmanın onu aldatmasını başa düşərək ondan pulunu tələb etmişdir. Rəhman ona pulu qaytaracağını bildirsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Rəhman ondan qardaşı Azadı Ağcabədi ASAN xidmətdə Vətəndaşların qəbulu üzrə mütəxəssis vəzifəsinə işə düzəldəcəyini vəd edərək ümumilikdə 1700 manat pulu ələ keçirmişdir. O, Rəhmanın pulu qaytarmadığını görüb Ağcabədi rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Cinayət işinə əlavə edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi üç ədəd qəbzdən iki ədədi “Kapital Bank ASC”ə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə, bir ədədi isə “Mpay” ödəmə terminalından ödənilmiş pul vəsaitinin qəbzlərdir. Təqdim edilmiş birinci qəbzə baxış keçirilən zaman Kapital Bank ASC”ə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 17:07-də ****5842 saylı kart hesabından ****0086 saylı kart hesabına 500 manat pulun köçürülməsi, ikinci qəbzə baxış keçirilən zaman Kapital Bank ASC”ə məxsus “Birbank” mobil tətbiqi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 10:11-də ****5842 saylı kart hesabından ****0086 saylı kart hesabına 500 manat pulun köçürülməsi və üçüncü karta baxış keçirilən zaman Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində yerləşən “Aydın” marketdəki “Mpay” ödəmə terminalı vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 08:59-da RA**** AĞ**** adlı ad və soyadı olan şəxsin 5***********0086 saylı kart hesabına 700 manat pulun köçürülməsi müəyyən edilmişdir. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Oğuz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 02 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Probarsiya İdarəsinin məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-574/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair xx.xx.2024-cü il tarixli 1(006)-177/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, AR CM-nin 68.1.1-1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 il 06 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər probarsiya idarəsində qeydiyyata alınmış və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-574/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixədək 01 ay 03 gün hissəsi çəkilmiş, çəkilməmiş cəzası 02 il 05 ay 19 gün təşkil edir. İş materiallarında olan Yardımlı rayon poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə qanuni qərar verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamaqla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi maddi sübut kimi tanınmış üç ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Hazırkı işin materiallarından görünür ki, iş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi maddi sübut kimi tanınmış üç ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar