Məhkəmə qərarları › İş №1(017)-106/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-106/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-106/2024 02.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Ağcabədi rayonu Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, “Vətən müharibəsi” iştirakçısı, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilməmiş, Ağcabədi rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqın iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,095 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd qızılı rəngli falqa kəsiyi bükümdə əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində daşıyaraq saxlamış, 26 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrii üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək saat 12 radələrində Ağcabədi rayonu Şərəfxanlı kənd tam orta məktəbinin yaxınlığında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞnin inzibati binasına gətirilib həmin gün saat 14:00-dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın arxa sağ cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd qızılı rəngli falqa kəsiyi bükümdə, təmiz çəkisi 1,095 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o rəsmi olaraq heç bir yerdə işləmir, 44 günlük “Vətən Müharibəsi” iştirakçısıdır. Müharibədən sonra isə aldığı travma ilə əlaqədar olaraq hərdən bir narkotik vasitə olan heroin istifadə edir. Tutulmazdan təxminən 4 gün əvvəl Hindarx qəsəbəsində stadionun yanından keçən zaman yolun kənarında yerdə qızılı rəngli falqa büküm diqqətini çəkmiş, və həmin bükümü götürüb içinə baxanda içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin falqa bükümü öz şəxsi istifadəsi üçün cibinə qoyub üzərində saxlamışdır. 26 mart 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu Şərəfxanlı kənd tam orta məktəbinin yaxınlığında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi rayon Polis Şöbəsinə gəlməyə dəvət etmişlər. Oda etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarının dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X2 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Sonra Ağcabədi rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya olub-olmadığı soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd qızılı rəngli falqa bükümü çıxarıb təqdim etmişdir. O, həmin bükümün içərisində olan kütlənin heroin olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə heroin olan falqa büküm müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,88 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd falqa bükümdə təmiz çəkisi 1,095 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. O, əldə edib saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan heroini istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinində xəbərləri olmamışdır. Polis əməkdaşları onu Ağcabədi rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Hazırda törətdiyi cinayət əməlindən çox peşman olmasını və “Vətən müharibəsi iştirakçısı” olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayonu Kürdlər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxsla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. Ona Ağcabədi rayonu Kürdlər kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 26 mart 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edildi. Həmin günü saat 12 radələrində Sultanov X6 rayonu, Şərəfxanlı kənd ərazisində kənd tam orta məktəbinin yaxınlığında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qızılı kağız bükümü stolun üzərinə qoymuşdur. Həmin kağız bükümün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibinən 19 manat pul əskinası, bir ədəd "xxxx" ASC-yə aid plastik bank kartı və sol yan cibindən “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə kağız büküm ilə birlikdə 0,88 (sıfır tam yüzdə səksən səkkiz) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd kağız bükümdəki narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X7 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd falqa kağız bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan “kakos”u tutulmazdan dörd gün əvvəl Hindarx qəsəbəsində stadionun yanından keçən zaman yolun kənarında yerdən otların arasından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, aşkar edilərək götürülmüş narkotik vasitədən başqa yaşadığı evdə və digər yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Hələlik Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmadığını, Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 mart 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü, Ağcabədi rayonu Kürdlər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin NMQ-nun əməliyyat baş müvəkkili, polis mayoru Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 mart 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin NMQ-nun əməliyyat baş müvəkkili, polis mayoru Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 və vəkil X1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd falqa kəsiyi bükümündə çəkisi 0,88 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 26 mart 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Ağcabədi RPŞ-nin NMQ-nun əməliyyat baş müvəkkili, polis mayoru Şahid1, İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 və vəkil X1 iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd falqa bükümü çıxardıb stolun üzərinə qoymuş, həmin falqa bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə edilərək çəkilmiş və çəkisi 0,88 qram olmuşdur. Bundan sonra götürülmüş kütlə kağız büküm ilə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 27 mart 2024-cü il tarixli, 3-16-16/2-18/338 saylı məhkəmə-kimyəvi ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 1 ədəd falqa kağız bükümdə təmiz çəkisi – 1,095 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Qeyd: Heroinin təmiz çəkisi – 1,095 qram, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 1,045 qr. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli, 913 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İstintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, narkotik tərkibli bitkiləri əkib-əkməməsi, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Sultanov X6 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası başa çatmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X9 Şəxs” in verdiyi xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Sultanov X6 RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda dayanmır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Baş Naziri tərəfindən verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Kürdlər kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,045 qram olan narkotik vasitə olan heroin, həmçinin cinayət işinə əlavə edilmiş 26 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanuna 21 noyabr 2023-cü il tarixli dəyişikliklərdə göstərilən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahıya əsasən 0,15 qramdan artıq çəkidə heroin xeyli miqdar, 2,0 qramdan artıq çəkidə heroin külli miqdar və 800,0 qramdan artıq xüsusi ilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı narkotik vasitə heroinin təmiz çəkisi 1,095 qram xeyli miqdarda təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, ilkin araşdırma materiallarında Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilən zamanı aşkar edilib götürülmüş narkotik vasitə olan heroin falqa büküm ilə birlikdə ümumi çəkisi 0,88 (sıfır tam yüzdə səksən səkkiz) qram kimi qeyd edilmiş narkotik vasitənin təmiz çəkisi məhkəmə-kimyəvi ekspertin rəyində göstərilən kimi 1,095 qram saxlanılsın. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsindən görünür ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Sultanov X6 rayon Məhkəməsinin Ağcabədi rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, yəni Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyinə görə onun sözügedən cinayət əməlini törətməsi cinayətin residivini yaratmaması nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, “Vətən müharibəsi iştirakçısı” olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşirən hallar kimi nəzərə alır. Barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlukə törətməyən, az ağır və ya ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 02 iyul 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2- ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxanası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 1,045 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2024-cü il tarixdən 28 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq altı ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 02 iyul 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 1,045 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (- Az.MEM.VÖİN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE********************) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 15 iş saatı üçün 90 (doxsan manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar