Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-110/2023 21.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs - (xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, müharibə veteranı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonunun Hindarx qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,508 qram psixotrop maddə olan metamfetamini qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 06 fevral 2023-cü il tarixdə səhər saatlarında Ağcabədi rayon Hindarx qəsəbə sakini Şahid3 həmin qəsəbə ərazisində 10 manata əldə edib 1 ədəd polietilen kəsiyi bükümdə daşımaqla üzərində saxlamış, 19 fevral 2023-cü il tarixdə saat 16:00 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayon Hindarx qəsəbəsində yaşadığı evin qarşısında saxlanılaraq ünvan ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 16:30-dan başlayaraq üzərində şəxsi axtarış aparılan zaman, onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxladığı 1 ədəd polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Təxminən 2-3 ay olar ki, psixotrop maddə olan metafmetamindən istifadə edir. Təxminən 3 ay bundan əvvəl avtomobilini təmir etdirmək üçün Ağcabədi rayon Hindarx qəsəbəsi ərazisində yerləşən avtomobil təmiri sexinə aparmışdır. Həmin yerdə çayxana işlədən Səlimin narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Avtomobili ustanın yanına qoyub Səlim yanında çay içməyə getmişdir. Həmin vaxt Səlim divanda oturub əlində olan falqanın üzərinə ağ rəngli duza oxşar nəsə töküb yandırmış və 1 manatlıq əskinazdan boru düzəldib tüstüsünü qəbul etmişdir. Soruşanda nə edirsən Səlim ona “patıdır çəkirəm” cavabını vermişdir. Səlim bir neçə tüstü qəbul etdikdən sonra ona da çəkməyi təklif etmişdir. Həmin vaxt içkili olduğundan alıb çəkmişdir. Bundan bir neçə gün sonra spirtli içki qəbul etmiş, içkinin təsirindən yenə patı çəkmək istəmişdir. Bu səbəbdən Səlimin yanına getmiş və ona patı yəni psixotrop maddə metamfetamin verməsini xahiş etmişdir. Səlim 10 manat pul alıb siqaret gümüşü kağızına bükülmüş bükümü ona vermişdir. Bükümü açıb baxanda içərisində ağ kristal formada psixotrop maddə metamfetamin olduğunu görmüş, artıq psixotrop maddəni necə qəbul edildiyini bildiyindən bükümü cibinə qoyub çıxıb getmişdir. Yaşadığı evin həyətinə gəlib falqa parçası götürmüş, psixotrop maddəni falqanın üzərinə töküb, bundan sonra kibritlə yandırıb tüstüsünü qəbul etmişdir. Bundan sonra bir neçə dəfə Səlimdən 10 manat qarşılığında psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə 06 fevral 2023-cü il tarixdə səhər saatlarında Səlim işlədiyi çayxanaya getmiş və yenə 10 manat verib polietilen kəsiyində psixotrop maddə metamfetamin almış, aldığı bükümü cibinə qoymuş ki, axşam saatlarında oturub yeyib içdikdən sonra çəkər. 19 fevral 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı küçədə dayanan zaman bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş, onu Ağcabədi rayon Polis şöbəsinə gətirmişlər. Ağcabədi rayon Polis şöbəsində ona hüquqlarını izah edib müdafiəçi tutmaq hüququnu da bildirmişlər. Təqdim olunmuş siyahıdan vəkil X1 hüquqlarını müdafiə etməsini xahiş etmiş, həmin vəkillə onu təmin etmişlər. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə vardırsa da təqdim etməsi təklif olunmuş, əynində olan qara rəngli şalvarın sağ yan cibində sağladığı 1 ədəd polietilen kəsiyinə bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Aşkar edilmiş polietilen kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 fevral 2023-cü il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin istifadəsi və üzərində saxlaması barədə əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığı rəhbərliyə məruzə edildikdən sonra Ağcabədi rayon polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi rayon Hindarx qəsəbəsində yaşadığı evin qarşısında tərəflərindən saxlanılaraq RPŞ-nə gətirilmişdir. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X1 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd polietilen kəsiyinə bükülmüş büküm çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirərkən içərisində kəskin spesifik iyə malik psixotrop maddə metamfetaminə oxşar kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilərkən əlavə olaraq başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləni haradan əldə etməsi, nə məqsədlə üzərində daşıyıb saxlaması barədə sorğu-sual edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddəni tutulmamışdan bir neçə gün əvvəl tanışı Səlimdən 10 manat pul müqabilində aldığını və öz istifadəsi üçün üzərində daşıyaraq saxlamasını bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmaqla möhürlənib götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,508 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,508 qram tədqiqata istifadə olundu 0,05 qram, qalıq 0,458 qramdır. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan və arayışdan görünür ki, hazırkı iş üzrə ekspertiza tədqiqatından sonra qalıq qalan 0,458 qram çəkidə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi rayon Polis şöbəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 854 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metmafetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hindarx qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı (xx.xx.2009, xx.xx.2012 və xx.xx.2016-ci il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından və M/V 056446 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş Ağcabədi rayon MRX Publik hüquqi şəxsin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji kabinetdə qeydiyyatda durur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət nəzərə alınaraq ona təyin olunan azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalıdır. Məhkəmə, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, müharibə veteranı olması kimi şəxsiyyətini xarakterizə edən halları, cəza təyin edilməsində ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu müddət, yəni 2 (iki) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət) bir günə iki gün hesabı ilə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,458 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji kabinetində qeydiyyata alınması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək) həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, qalıq çəkisi 0,458 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-110/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-110/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver