Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-111/2024 23.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 20 iyul 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqın iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 6,29 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki boz rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxlamış, 20 may 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrii üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək Ağcabədi şəhəri, S.Vurğun küçəsində “Sona” marketin qarşısında saxlanılaraq saat 18 radələrində Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 18:50-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 6,29 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan əvvəllər istifadə edib, hazırda narkotik vasitələrdən istifadə etmir. 20 may 2024-cü il tarixdə saat 18 radələrində Ağcabədi şəhəri, S.Vurğun küçəsində “Sona” marketin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində vəkilin iştirakı ilə video çəkiliş aparmaqla üzərinə baxış keçirilmiş və üzərindən qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Ona qarşı heç bir zorakılıq olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. Himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən qanuni qərar verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilən Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxslə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Ona ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2-ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyataxtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat-müvəkkili, polis mayoru Şahid2 daxil olmuşdur. Qrupa rəhbərliyi o, həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 20 may 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, S.Vurğun küçəsində “Sona” marketin qarşısında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu saat 18 radələrində Ağcabədi rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 01 ədəd alışqanı və siqareti çıxarıb stolun üzərinə qoymuşdur. Əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən təqdim etdiyi kibrit qutusunun içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzidə çəkilmişdir. Götürülmüş qurudulmuş marixuanaya oxşar kütlə kibrit qutusu ilə birlikdə 9,4 (doqquz tam onda dörd) qram olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd kibrit qutusundakı narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X6 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd kibrit qutusundakı kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə olan “nəşə”ni tutulmazdan bir gün əvvəl yaşadığı Ağcabədi şəhəri, X.Şuşinski küçəsində piyada gedən zaman yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, aşkar edilərək götürülmüş narkotik vasitədən başqa yaşadığı evdə və digər yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. Hələlik Təqsirləndirilən şəxs narkotik vasitələri satması ilə bağlı əməliyyat məlumatı olmadığını, o, saxlanılarkən və ya polis şöbəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 may 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və vəkil Müdafiəçi iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda içərisində çəkisi 9,4 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə iclası zamanı 20 may 2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında olan diskə baxış keçirilməsindən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlənin olması müəyyən edilmiş, həmin kütlə aşkar olunduğu vəziyyətdə elektron tərəzidə çəkilmiş, çəkisi 9,4 qram müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 may 2024-cü il tarixli Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və vəkil Müdafiəçi iştirakları ilə keçirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilərək, üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş, əgər varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi istifadə üçün narkotik vasitə saxladığını bildirmiş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxardıb stolun üzərinə qoymuş, həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə aşkar olunduğu qaydada təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə edilərək çəkilmiş və çəkisi 9,4 qram olmuşdur. Bundan sonra götürülmüş kütlə kibrit qutusu ilə birlikdə bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2024-cü il tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 21 may 2024-cü il tarixli, 3-16- 16/2-18/516 saylı məhkəmə-bioloji ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Qeyd: Marixuananın təmiz çəkisi -6,29 qram, tədqiqata sərf olundu – 0,10 qram, qalıq – 6,19 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 1033 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X7 Hüquqi Şəxsinin verdiyi 11 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon X1 Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda deyil. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X9 adlı uşaqları var. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, narkotik tərkibli bitkiləri əkib-əkməməsi, həmin narkotik vasitədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı haradan, kimdən, hansı məqsədlə və necə əldə etməsi, satması və narkotik vasitələrin qanunsuz dövriyyəsində başqa şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib-etməməsi, narkotik tərkibli bitkilər əkməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilərək yoxlanılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü etiraf etməsədə, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 6,19 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (atmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X16 poliklinikasının narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 6,19 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 10 iş saatı üçün 60 (atmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-111/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-111/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver