Məhkəmə qərarları › İş №1(017)-111/2025

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-111/2025

02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-111/2025 02.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Qazax rayonu Aslanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 2ında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 3000 manat pul müqabilində sonuncunun əmisi oğlu X3 xidməti iş yerini dəyişdirə biləcəyinə dair vəd edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə xx.xx.2024-cü il tarixdə saat 16:02də Ağcabədi rayonu, Yuxarı Qiyamaddınlı kəndi ərazisində yerləşən “Qardaşlar” ticarət mərkəzindəki “mpay” ödəmə terminalı vasitəsilə 2000 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-73******5024 saylı kart hesabına köçürülməsinə nail olmuş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16:05-də Ağcabədi rayonu, Yuxarı Qiyamaddınlı kəndi ərazisində yerləşən “Qardaşlar” ticarət mərkəzindəki “mpay” ödəmə terminalı vasitəsilə 100 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-73******5024 saylı kart hesabına köçürülməsinə nail olmuş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16:14-də Ağcabədi rayonu, Arazbar kəndi ərazisində yerləşən “Adiloğlu” marketdəki “eManat” ödəmə terminalı vasitəsilə 900 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-73******5024 saylı kart hesabına köçürülməsinə nail olmuş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vahid niyyətlə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır. O, əvvəllər Ağcabədi rayonunda yerləşən N saylı Hərbi Hissəsində bölük komandiri vəzifəsində işləmişdir. O işlədiyi vaxt Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində kirayə ev tutub yaşamış və Elməddinlə orada tanış olmuşdur. xx.xx.2022-ci il tarixdə o, öz istəyi ilə ehtiyata buraxılmışdır. O, ehtiyata buraxıldıqdan sonra Bakı şəhərində yaşamışdır. 2024-cü ilin əvvəllərində Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng vuraraq, Laçın rayonunda N saylı Hərbi Hissədə xidmət edən əmisi oğlu X2 xidmət yerini Ağcabədi rayonuna yaxın ərazilərə dəyişdirmək istədiyini, bu işdə ona köməklik edə bilibbilməyəcəyini soruşmuş, o da həmin vaxt pul ehtiyac olduğundan Elməddinə cavab olaraq sonuncunun əmisi oğlu Elbəyi Mirzəyevin xidmət yerini Ağcabədi rayonuna yaxın ərazilərə dəyişdirməkdə köməklik edəcəyimi bildirmiş və Elməddindən 3000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs də 2024-cü ilin fevral ayının 19-da 100 manat, 2000 manat və 900 manat olmaqla, ümumilikdə 3000 manat pulu onun Elməddinə təqdim etdiyi, özünə məxsus, Kapital banka aid olan 4169-7388-6418-5024 saylı bank kartına göndərmişdir. O da həmin 3000 manat pulu əldə etdikdən sonra Elməddinə yalandan işi qısa zaman ərzində həll edə biləcəyini demişdir. O, 3000 manat pulu əldə etdikdən sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin sonradan o, Zərərçəkmiş şəxs verdiyi vədi yerinə yetirməmiş və hər dəfə Elməddini arxayın salaraq tez bir zamanda məsələnin həll olunacağını demişdir. O, həmin puldan heçkimə verməmiş və cinayət əməlini təkbaşına törətmişdir. Hal-hazırda da törətdiyi əməldən peşmandır. O, həmin pulun 2900 manatını Elməddinə geri qaytarmış, 3000 manat pulun faizini də qaytaracağına söz vermişdir. Onun Elməddinə qarşı etdiyi dələduzluq əməlini həyata keçirdiyi zaman ona heçkim kömək etməmiş və onun Elməddini aldatmağından heçkimin xəbəri olmamışdır. Hazırda o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində işləmişdir. 2021-ci ilin yanvar ayının 29-da Ağdam-Bərdə dəmiryolunun minalardan təmizləyən zaman mina partlayışı nəticəsində xəsarət alaraq təqaüdə çıxmışdır. O, Təqsirləndirilən şəxs təxminən 15 ilə yaxın müddət ərzində tanıyır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəsində hərbçi işlədiyi zaman onların kənddə kirayə yaşadığı vaxt tanış olmuşdur. Təxminən 4-5 ilə yaxın müddət ərzində Yaşar öz ərizəsi ilə hərbi xidmətini başa vuraraq ehtiyata çıxmışdır. Onun əmisi oğlu X1 rayonunda hərbi qulluqçu işlədiyi, yeni ailə həyatı qurduğu və yaşadığı ünvana tez-tez gəlib-gedə bilmədiyi üçün Elbəyinin valideynləri Elbəyinin xidmət yerini Ağcabədi rayonuna yaxın ərazilərdə yerləşən hərbi hissələrin birinə dəyişdirmək istəyirdilər. O da Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığı üçün bu məsələdə köməyə ehtiyac olduğunu Yaşara demişdir. Yaşar da ona tanış adam olduğunu, həmin şəxsin vasitəsilə əmisi oğlu Elbəyi Mirzəyevin xidmət yerini Ağcabədi rayonunda yerləşən hərbi hissələrdən birinə dəyişdirə biləcəyini demiş və bunun müqabilində 3000 manat pul lazım olduğunu bildirmişdir. O da 3000 manat pulu bankdan kredit kimi götürdükdən sonra 19 fevral 2025-ci il tarixdə saat 16:02-də Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində yerləşən Qardaşlar Ticarət Mərkəzinin daxilindəki “mPay” terminalı vasitəsilə 2000 manat, həmin tarixdə eyni məqsədlə saat 16:05-də 100 manat və sonuncu dəfə saat Ağcabədi rayonu, Arazbar kəndi ərazisində yerləşən Adiloğlu marketin daxilindəki” eManat” terminalı vasitəsilə 900 manat olmaqla ümumilikdə 3000 manat pulu Təqsirləndirilən şəxs ona təqdim etmiş olduğu 4169-7388-****-5024 saylı bank kartına göndərmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi verdiyi vədə əməl edib onun əmisi oğlu Elbəyi Mirzəyevin xidmət yerini dəyişdirə bilməmiş və o, Yaşardan kreditə götürdüyü 3000 manat pulu və həmin pulun faizi olan 1000 manatı geri istəyən zaman Yaşar həmin puldan 2000 manatını geri qaytarsa da, qalan hissəsini, yəni 2000 manatı bugünə kimi geri qaytarmamışdır. O, Yaşardan pulu geri istədiyi zaman Yaşar hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O da bu səbəbdən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağcabədi RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs məxsus kart hesabına köçürdüyü pulların qəbzlərinin fotoşəkillərinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 16:02-də “mpay” ödəmə terminalı vasitəsilə 2000 manat, xx.xx.2024-cü il tarixdə saat 16:05-də “mpay” ödəmə terminalı vasitəsilə 100 manat, xx.xx.2024-cü il tarixdə saat 16:14-də “eManat” ödəmə terminalı vasitəsilə 900 manat pulu, ümumilikdə isə 3000 manat pulu Təqsirləndirilən şəxs şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus olan 4169-73**-****-5024 saylı kart hesabına köçürməsi müəyyən olunmuşdur. İş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiartiya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında ruhi əsəb kabinetdə qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Narkoloji Mərkəzi Xəstəxanasında narkoloji kabebinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə qanuni qərar verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamaqla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini qanunamüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi maddi sübut kimi tanınmış qəbzlərin fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Hazırkı işin materiallarından görünür ki, iş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi maddi sübut kimi tanınmış qəbzlərin fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə 15 iş saatı üçün 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar