Məhkəmə qərarları › İş №1(017)-112/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-112/2023

01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-112/2023 01.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində anadan olmuş, Azərdaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı var, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 6,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxt və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda qablaşdırıb əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoyub daşıyaraq saxlamış, 16 mart 2023-cü il tarixdə saat 19.30 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 20:20 dəqiqədən başlayaraq onun üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibində qəsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda daşıyaraq saxladığı təmiz çəkisi 6,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, həqiqətən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, nəşə bildiyi narkotik vasitə olan qurudulmuş marixuanadan son 4-5 ay ərzində istifadə etmişdir. Həmin qurudulmuş marixuanaları tanımadığı şəxslərdən alıb istifadə edir. 14 mart 2023-cü il tarixdə günorta saat 14 radələrində yaşadığı Ağcabədi rayonunun Yeni Qaradolaq kəndi ərazində kanalın üstü ilə heyvanlarını otarmışdır. Bir qədər gəzdikdən sonra kanalın kənarında bir ədəd kibrit qutusunun olmasını görmüşdür. Həmin kibrit qutusu onun diqqətini çəkmiş və əyilib götürmüşdür. Həmin kibrit qutusunun içinə baxdıqda içində qurudulmuş marixuanaya bənzər ot kimi kütlələr olmasını görmüşdür. O, həmin kütlələrin nəşə olmasını bilmiş, onu heç kəsin götürmədiyindən əmin olub, həmin kibrit qutusunun içində narkotik maddə olan nəşə ilə birlikdə gödəkçənin xatırlamadığı cibinə qoymuşdur. O, həmin kibrit qutusunda olan nəşədən özü istifadə etmək istəmişdir. O, həmin narkotik maddə olan qurudulmuş marixuananı evə gətirmiş və lakin istifadə etməyə imkanı olmamışdır. 16 mart 2023-cü il tarixdə axşam saat 19 radələrində o, yaşadığı kənddə küçəyə gəzməyə çıxmışdır. Həm də təklik bir yerdə 2 gün öncə tapdığı nəşədən istifadə etməyi planlamışdır. Lakin kənddə küçə ilə bir qədər gəzdikdən sonra tanımadığı mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Həmin polis əməkdaşları ona narkotik maddədən istifadə etməyində şübhəli olmağını demişlər. Oda öz razılığı ilə onlarla birlikdə Ağcabədi rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati binasında olarkən ona müdafiəçi təyin olundu. Müdafiəçi kimi vəkil X1 və o, dəvət edilmişdir. Ona bütün hüquqları izah olunmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona üzərində olan narkotik vasitəni əgər varsa təqdim etməyi təklif olunmuşdur. Oda əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir.Həmin kibrit qutusunun içində nəşə deyə bildiyi narkotik maddə vardı. Polis əməkdaşları tərəfindən həmin bükümün içinə baxıldıqda, içində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olması məlum olmuşdur. Bundan sonra onun üzərinə razılığı ilə şəxsi axtarış keçirilmiş və heç bir narkotik maddə və ya psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunduğu qaydada polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 8,46 qram olması məlum olmuşdur. Həmin narkotik maddə aşkar olunduğu qaydada, yəni bir ədəd kibrit qutusunda ağ rəngli kağız zərfdə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Daha sonra o, təyin edilmiş məhkəmə-bioloji ekspertizasının cavab rəyində üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisinin 6.13 qram olmasını bilmiş və həmin ekspert rəyi ilə razıdır. Sonda protokol tərtib olunmuş və imzalanmışdır. O, həmin narkotik vasitədən heç kimə satmamış və pay verməmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini kiminsə bilməyi haqqında heç bir məlumatı yoxdur. Hazırda törətdiyi əmələ görə çox peşman olduğunu və himayəsində iki azyaşlı uşağı olmasını bildırib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 mart 2023-cü il tarixdə Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı rəhbərliyə məruzə etdikdən sonra, ondan və polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət əməliyyat qruppu yaradılmışdır. Əməliyyat qruppu olaraq Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamış və həmin gün Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Məlumat üzrə araşdırmanın aparılması Ağcabədi rayon polis şöbəsinin TB-nin tədqiqatçısı, polis mayoru X7 həvalə edilmiş, onun tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Şöhrət Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onun təhqiqatçı Şöhrət Əhmədovun və Ağcabədi RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmiş və onun üzərində şəxsi axtarış aparılmasında hüquqlarını müdafiə edən Ağcabədi rayon Vəkil bürosunun vəkili X4 iştirak etmişdir. Polis əməkdaşlarının və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibində «SPİÇKİ» yazısı yazılmış bir ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış keçirilən zaman içərisində kəskin iyə malik yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdur. Həmin kibrit qutusu aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş və çəkisi 8.46 qram olmuşdur. Bundan sonra həmin bir ədəd kibrit qutusu kağız zərfdə qablaşdırılmış və DİN-nin 143 saylı möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi məqsədi ilə götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 16 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 20.20-dən başlayaraq saat 20.30dək olan müddət ərzində video çəkilişlə Ağcabədi RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçisi X2 iştirakı ilə və vəzifələri izah edilib, üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçənin sol yan cibində üstündə «SPİÇKİ» yazılmış kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusunu açıb içərisinə baxdıqda içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Həmin kütlə aşkar olunduğu qaydada elektron tərəzidən istifadə etməklə çəkilmiş, çəkisi 8.46 qram təşkil etmişdir. Həmin bir ədəd siqaret qutusu ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzərinə 143 saylı möhür vurularaq götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X10 Bölməsinin 17 mart 2023-cü il tarixli, 18/315 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki təmiz çəkisi 6,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aşkar edilmiş marixuananın ümumi çəkisi 6,13 qram, cəmi tədqiqata istifadə olundu – 0,02 qram, qalıq 6,11 qramdır. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıq üzrə keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün saxlaması müəyyən olunmuşdur. Onun üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni və ya narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarnda olan X9 19 may 2023-cü il tarixli, 869 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabioniddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ağcabədi rayon X11 Hüquqi şəxsi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli, 547 saylı məktubundan görünür ki, Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi RİHB Yeni Qaradolaq kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 14 yanvar 2018-ci il tarixdə və X13 21 dekabr 2020-ci il tarixdə anadan olmuşlar. Məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 6,13 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlaması, özünün etiraf etməsi, şahid ifadələri, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla onun islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi xəstəxanas»ının Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 6,11 qram narkotik vasitə olan marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına -AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq bir il iki ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək (narkomaniyadan məcburi mualicə olunması ilə bağlı hal nəzərə alınmaqla), narkomaniyadan müalicə kursu keçmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs “Ağcabədi rayon Mərkəzi Xəstəxanası»nın Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut olan – tədqiqatdan sonra qalıq qalan 6,11 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar