Məhkəmə qərarları › İş №1(017)-117/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-117/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-117/2023 28.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Ağcabədi rayonunun Qiyamədinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,67 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlamış, 01 mart 2023-cü il tarixdə saat 16 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5-6 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2023-cü ilin fevral ayının axırlarında Ağcabədi rayonunda yerləşən “Mal bazarı”na getmişdir. Bazar ətrafında olarkən bir ədəd kibrit qutusu tapmış, həmin kibrit qutusunu açıb baxarkən içərisində narotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Həmin narkotik vasitəni özü istifadə etmək üçün əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub saxlamışdır. 01 mart 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində olarkən tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və üzərində narkotik vasitə olmağına şübhələr olduğunu deyib ona rayon polis şöbəsinə getməyi demişlər. O, da etiraz etməmiş və birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub-olmadığını soruşmuş, o da əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları üzərinə axtarış keçirmişlər və üzərindən başqa heç nə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və narkotik vasitə zərfə qoyulub möhürlənərək protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin PPXT-nın polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 01 mart 2023-cü il tarixdə Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin gün, yəni 01 mart 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu iştirakçıların və müdafiəçinin iştirakı ilə açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və müayinə aparılmış, üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bütün bunlardan sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və marixuananı Ağcabədi rayonunda yerləşən “Mal bazarı”ndan tapıb özü istifadə etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, şahidlər Şahid1 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 02 mart 2023-cü il tarixli, 18/262 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,67 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Narkoloji Dispanserin 19 may 2023-cü il tarixli, 889 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 08 may 2023-cü il tarixli məktubundan görünür ki, Əliyev X5 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispanser qeydiyyatına alınmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Ağcabədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(017)-78/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsləri ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş edilmiş Ağcabədi Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(017)-151/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 1(017)-78/2021 saylı hökmü ilə təyin edilmiş və Ağcabədi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 7(017)- 39/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və çəkilməmiş qalan 07 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilib qəti cəza olaraq 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,67 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxlaması və 01 mart 2023-cü il tarixdə saat 16 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində saxlanılaraq Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanununa və həmin qanunla təsdiq edilmiş 1-ci siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qramdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 5 qramdan artıq olduğundan onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini və həmin cəzanın çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlmədiyindən Ağcabədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs həbs olunana kimi dayandırılmışdır. 06 sentyabr 2023-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinə daxil olmuş Ağcabədi Rayon Polis Şöbəsinin 30 avqust 2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs 30 avqust 2023cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Ağcabədi RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 avqust 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 19 may 2023-cü il tarixli, 889 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,65 qram (ilkin xalis çəkisi 5,67 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 avqust 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 5,65 qram (ilkin xalis çəkisi 5,67 qram) narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar