Məhkəmə qərarları › İş №1(017)-118/2023

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-118/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-118/2023 19.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X2 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs – 15 avqust 1995-ci il tarixd Xocavənd rayonu, Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, hazırda Ağcabədi rayonu, Aşağı Avşar kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs ünvan 2 ünvanda yerləşən “Chado” restoranının qarşısında sonuncunun oğlu X4 Türkiyə Respublikasında təhsil alması üçün tələb olunan ödənişin Şahid2 çatdıracağını aralarında olan söhbət zamanı vəd edib 400 manat pulunu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayının axırlarında X5 Respublikasında təhsil alması üçün tələb olunan ödənişin Şahid2 çatdıracağını aralarında olan söhbət zamanı vəd edib Zərərçəkmiş şəxs sonuncu yaşadığı ünvan 3 ünvanında yerləşən evində onun cinayətkar niyyətindən xəbəri olmayan tanışı Şahid1 vasitəsilə 300 manat pulunu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsi ilə bağlı ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs təxminən iki ildir tanıyır, yaxın münasibətləri var. Təxminən 2022-ci ilin iyul ayında Zərərçəkmiş şəxs ona zəng edib oğlu Qulaməlinin xaricdə təhsil almasına köməklik göstərməyini xahiş etmiş və özü oğlunun təhsili üçün Qafqaz təhsil mərkəzi ilə danışıb, 1000 manat ödəniş edəcəyini və 700 manat borclu qalacağını demişdir. Ona görə həmin vaxt Aytəkinlə birlikdə ona məxsus avtomobillə Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Çado adlı restoranda həmin təhsil mərkəzinin direktoru Şahid2 ilə görüşmüşlər. Aytəkin özü ilkin olaraq 1000 manat Fəridə ödəniş etmiş, sonra isə onlar Ağcabədi rayonuna qayıtmışlar. Aytəkin ona da 160 manat gediş haqqı vermişdir. 2022-ci ilin avqust ayında Aytəkin ona zəng edib Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında görüşmüşlər, Aytəkin orada ona 700 manat pul vermiş və həmin pulu Bakı şəhərində Fəridə verməyi xahiş etmişdir. Aytəkin həmin pulun oğlu Qulaməlinin qalan təhsil haqqı olduğunu bildirmişdir. O, həmin gün Bakı şəhərinə gedərkən yolda özünə məxsus Mercedes markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili xarab olmuş, özünün də pulu az olduğu üçün həmin pulu avtomobilin təmirinə xərcləmişdir. O həmin pulu xərclədiyi üçün Aytəkinin oğlunun təhsil haqqını Fəridə verə bilməmişdir. Sonra Aytəkin həmin pulu vermədiyini bilmiş, ona pulu geri qaytarmasını demiş, onun da imkanı olmadığı üçün pulu qısa vaxtda qaytara bilməmiş, sonradan həmin puldan cəmi 100 manat qaytarmış, qalan 600 manat hissəsinidə məhkəmənin gedişində ödəmişdir. Ona görə ona bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Allahveri qızı ifadəsində göstərdi ki, Ağcabədi rayon mərkəzi xəstəxanasının Təcili Tibbi yardım şöbəsində feldşer işləyir, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin oktyabr ayından tanımış, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2020-ci ilin əvvəllərindən ortalarına kimi olan müddət ərzində Cəsarət ondan hissə-hissə olmaqla 1775 manat borc pul almışdır. O bir neçə dəfə Cəsarətdən borcunu istəsə də Cəsarət ona olan borcu qaytarmamışdır. Onun oğlu X6 Türkiyədə təhsil almaq üçün ona pul ehtiyac olmuş, o da buna görə Cəsarətdən ona olan borcunu qaytarmasını bildirmiş və səbəbini də izah etmişdir. Cəsarət isə ona olan borcu qaytarmaq əvəzində ondan nə qədər pul istədiklərini soruşmuşdur. O da Cəsarətə oğlunun Türkiyə də təhsil almasına köməklik göstərilməsi üçün “Qafqaz Təhsil Mərkəzinin” ondan 3500 manat pul istədiklərini demişdir. Cəsarət isə ona oğlunun daha ucuz qiymətə Türkiyə təhsil almasına köməklik edəcəyinə bildirmiş, o da razılaşmış. Cəsarət həmin şəxslə danışıb ona xəbər edəcəyini demişdir. Aradan bir neçə saat keçdikdən sonra Cəsarət ona zəng etmiş, oğlunun təhsil işini danışdığını demişdir. O da Cəsarətə inanmadığını, həmin şəxslə onun yanında danışmasını bildirmişdir. O Cəsarətlə görüşmüş, Cəsarət onun yanında adının sonradan Fərid olduğunu bildiyi şəxslə danışmışdır. Fəridlə danışan zaman Qulaməliyə orta məktəb atestatı ilə Türkiyə də təhsil almağa köməklik edəcəyini bildirmiş və bu iş üçün 1700 manat pul istəmişdir. O, Cəsarətə ilkin olaraq 1400 manat pul verə biləcəyini, qalan pulu da ayın sonunda əmək haqqı alanda verə biləcəyini demişdir. 2022-ci ilin iyul ayının ortalarında Fəridlə görüşmək üçün Cəsarətlə birlikdə Bakı şəhərinə getmişlər. Onlar 9-cu mikrorayon ərazisində yerləşən “Çado” adlı restoranda görüşmüşlər. Fəridlə yenidən bu barədə danışıb razılaşmışlar. Onlar görüşən zaman Fərid çay sifariş etmək üçün masadan qalxmış, o da çantasında olan 1400 manat pulu çıxarıb Cəsarətə vermiş, Fərid qayıtmış, onlar çay içib qalxdıqdan sonra o əvvəl restorandan çıxmış, Fərid ilə Cəsarət arxadan söhbət edərək gəlmişlər. Onlar bayırda olan zaman Cəsarət pulu çıxarıb Fəridə 1000 manat pul vermişdir. O da bunu görmüş, Cəsarət Fəridə qalan pulu da avqust ayında verəcəyini demişdir. Sonra Fərid sağollaşıb getmiş, o Cəsarətə nə üçün Fəridə 1000 manat pul verməsini soruşmuş, Cəsarət də ona narahat olmamağı, qalan 300 manat pulu düzəltməyi bildirmişdir. 2022-ci ilin iyul ayınını axırlarında Cəsarət ona zəng edib qalan 300 mnat pulu verməyi bildirmiş, o da pulun hazır olduğunu demiş, Cəsarət də ona Orxan adlı taksi sürücüsünü göndərəcəyini, həmin 300 manat pulu Orxana verməyi demiş, o da razılaşmışdır. Aradan bir saat keçdikdən sonra Orxan adlı şəxs onun yaşadığı evə gəlmiş və Cəsarətin göndərdiyini deyib ondan 300 manat pulu götürmüşdür. O da sonra Cəsarətlə danışmış və Orxandan 300 manat pulu götürdüyünü demişdir. Aradan bir ay keçdikdən sonra, yəni 2022-ci ilin avqust ayının axırlarında Fərid ona sms yazaraq qalan 700 manat ödənişin edilməsini bildirmişdir. O isə Fəridə pulu Cəsarətə verdiyini demiş, Fərid isə Cəsarətin ona pul vermədiyini demişdir. O artıq başa düşmüş ki, Cəsarətə əvvəl 400 manatı və sonradan verdiyi 300 manat pulu Cəsarət Fəridə verməmişdir. O Cəsarətə zəng edib nə üçün pulu Fəridə verməməsini, Fəridin pul istəməsini demişdir. Cəsarət isə ona narahat olmamağı, Fəridlə özü danışacağını, qalan 700 manat pulu özünün Fəridə verəcəyini demişdir. Aradan bir müddət keçmiş, lakin Cəsarət Fəridə həmin pulu verməmişdir. çünki Fərid özündən Qulaməlinin təhsil haqqı və yataqxana xərcləri üçün 700 manat vermişdir. O, özü sonradan Fəridə həmin puldan hissə-hissə göndərmiş və 150 manat borcu qalmışdır. Cəsarət də həmin puldan cəmi 100 manatını geri qaytarmış, onu aldadaraq 600 manatı verməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin gedişində ona vurulmuş 600 manat ziyanı tam olaraq ödəmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində qanuni qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında qohumluğu və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs tanımış, həmkəndlisidir, aralarında qohumluğu və ədavəti olmamışdır. O əvvəllər Ağcabədi şəhəri ərazisində özünə məxsus Priora markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik etmişdir. O təxminən 2022ci ilin iyul ayında Ağcabədi şəhəri, Sumu adlanan yerdə Cəsarətlə görüşmüş, Cəsarət ona adının sonradan Aytəkin olduğunu bildiyi şəxsdən pul götürməyi demiş, yəni Aytəkin ona verəcəyi pulu Cəsarətə gətirməyi demişdir. O da razılaşmış, Aytəkinin yaşadığı evə getmiş, Aytəkin ona 300 manat pul vermiş, o da həmin pulu dəmir yolunun üstündə, “Versal” şadlıq evinin reklam lövhəsinin yanında Cəsarətə vermiş, Cəsarət ona iki manat taksi pulu vermiş, o da getmişdir. Sonradan Aytəkin və Cəsarətlə heç bir əlaqəsi olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zaqatala Labstyle klinikasının icraçı direktoru vəzifəsində işləyir, Zərərçəkmiş şəxs bir dəfə görmüşdür. O 2022-ci ilin iyul ayında Bakı şəhərində olarkən Cəsarət adlı şəxs ona zəng edib sinif yoldaşı Elmirin qohumu olduğunu və onunla görüşmək istədiyini demişdir. Sonra o Aytəkin və Cəsarətlə görüşmüşlər. Cəsarət ondan Aytəkinin oğlunun türkiyədə təhsil almasına köməklik etməsini xahiş etmiş, çünki o özü də Türkiyə Respublikasında təhsil almış, buna görə də o prosedur qaydalarını bilmişdir. Cəsarət ona Aytəkinin ərinin olmadığını, oğlunu tək böyütdüyünü və çox imkansız olduğunu demiş, o da Aytəkinə köməklik etmək istəmişdir. O Aytəkinə təhsil haqqı və yataqxana üçün nəzərdə tutulan xərcləri demiş, həmin xərclər üçün 1700 manat pul lazım olmuşdur. Aytəkin isə 1000 manat verə biləcəyini demiş, o da həmin pulun universitetin hesabına köçürüləcəyini demişdir. O Aytəkinə kömək üçün borc olaraq özündən 700 manat pul qoyub türkiyədə yerləşən “9 Eylül” universitetinin hesabına köçürmüşdür. Bir müddət sonra Aytəkin 700 manatın bir hissəini ona qaytarmışdır. Sonradan isə ona məlum olmuş ki, Cəsarət Aytəkindən əlavə pul almış, onun isə bunlardan xəbəri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstədiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir Cinayət işinin materiallarına əlavə edilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Whatsap sosial şəbəkəsində olan mesajlarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs: pulu nə vaxt göndərəsən. Təqsirləndirilən şəxs: 2-3 günə vuracam kartına, söz verirəm. Zərərçəkmiş şəxs: o sözləri çox vermisən, başa düşürsən. Təqsirləndirilən şəxs: hə, başa düşürəm. Zərərçəkmiş şəxs: 700 manat Fəridə verəssən, hər dəfə yazmalıdır, Aldın, ora verəcəyim pulu verdə. Təqsirləndirilən şəxs: Bakıya gəldim, sələmə 100 manat götürüb, 40 manat toya yazdırmışam, 60 manat cibimdə qalıb. Zərərçəkmiş şəxs: öz işinə görə hardan olsa tapırsan, mənə hava su kimi lazımdır. Təqsirləndirilən şəxs: balamın canına axşama qədər qaytaracam. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin № 1(001)- 45/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR-nın CMnin 178.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının №1(103)-750/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs ARnın CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində olan hökm dəyişdirilərək cəza təyin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi Rayon Mərkəzi X7 şəxsin tibbi arayışından görünür ki, Eminov X1 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayonunun İHB-nın Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirmiş və qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilmədiyi üçün bəraət hökmü çıxarılmasını xahiş edir. Dəymiş zərəri qarşı tərəfə ödənilib və zərərçəkmiş şəxslə barışmışdır. AZ-İV793067 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X8 adlı azyaşlı övladı var. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Ona görə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanuni əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamaqla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar